Logo
news content
User
Kateqoriyalar

Analitika

75 illik iztirab: Yaxın Şərqin Fələstin üzü - REPORTAJ-FOTO-VİDEO
old.old.pressklub.az-ın əməkdaşı qaynar nöqtələrdən yazır

Seymur Kazımov

İkinci yazı

Birinci yazını buradan oxuyun

“Qəzzada doğulan uşaqlardan, “böyüyəndə hansı peşə sahibi olacaqsan” soruşmurlar. Çünki onlar böyümürlər”. Bu sözlər İordan çayının qərb sahilində yerləşən, fələstinlilərin yaşadığı Nablus şəhərinin sakininə aiddir. Nəvəsini qucağına götürür, öpür, oxşayır. Sonra əlavə edir ki, onlar da (HƏMAS-ı nəzərdə tutur) doğru iş görmədilər, günahsız körpələri də öldürdülər. “Uşaqlar çox məsumdur”.

Biz onu arxayın etmişik ki, adını çəkməyəcəyik, fotosunu da dərc etməyəcəyik.

Nablus səfərinin təfərrüatlarına sonra qayıdacağıq, çünki ondan bir neçə gün öncə muxtariyyətin mərkəzinə getmişdik. 

Ramallah

Yerusəlimdən Ramallaha yola düşürük. Məsafə o qədər də çox deyil, hesablamalarımıza görə 1 saatdan da az müddətdə orada olacağıq. Fələstin ərazisinə daxil olmaq üçün İsrail dövlətinə məxsus yoxlanış məntəqlərindən keçmək lazımdır. Sizin oraya daxil olub-olmayacağınıza məhz onlar qərar verirlər, fələstinlilərin bu prosesdə iştirakı nəzərdə tutulmayıb. 

Artıq Qərb Sahilindəyik. Son 50 ildə İsrail Qərb Sahilində qəsəbələr salıb və buraya 500-700 min nəfərin köçürüldüyü deyilir. BMT bu köçürmələri qanunsuz hesab edir. Biz isə yolboyu dağların ətəklərində salınmış o evləri görürük. 

Qərb Sahili, ya da İordan çayının qərb sahili Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur. Rəsmən Fələstin ərazisindəyik və diqqətimizi ivrit, ərəb və ingiliscə yazılmış qırmızı lövhə cəlb edir: “Bu yol Fələstin muxtariyyətinin nəzarətindədir. İsrail vətəndaşlarına buraya daxil olmaq qadağandır”.

Budur, artıq qarşımıza Fələstinə məxsusluğu ilə seçilən avtomobil nömrələri çıxır. Bizim nəqliyyat vasitəsinin nömrəsi İsrailə məxsus olsa da, onun həm də Fələstin ərazisində idarə olunması üçün fərqləndirici “Middle East” nişanı var. Buna görə də, Fələstinin müxtəlif şəhərlərində olduğumuz müddətdə problemlə rastlaşmırıq. 

Ramallaha gedən yolda bir zamanların məşhur Berlin divarlarını xatırladan iri, nəhəng ayırıcı divarlar ucalır. Divarları İsrail dövləti inşa edib. Sonra uzun, ucsuz-bucaqsız yollar, dağ ətəkləri və ətəklərdə salınmış yaşayış məntəqələri... Sonra yenə divarlar. Əsasən divarların arası ilə getdikcə insan sıxılır, əzab çəkir. Hələ üzərlərindəki tikanlı məftilləri gördükcə bütün emosiyaların donur. Necə deyərlər, faciə uzandıqca komediyaya çevrilir.

Şəhərə çatmaq üçün xeyli yol qət etməliyik, çünki ən yaxın Nəzarət Buraxılış Məntəqələri bağlıdır və onların qarşısında söz soruşmaq üçün kimsə yoxdur. Yol kənarında keşik çəkən İsrail hərbçiləri bizi saxlayıb, sənədlərimizi yoxlayır. Səfər edəcəyimiz məntəqəyə getmək üçün ən yaxın məsafəni soruşuruq. Cavab belə olur ki, qapılar bağlıdır, başqa yolla gedin. Dedikləri başqa yolları naviqatorumuzda işarələyirlər. Biz də təklif edilmiş marşrutla hərəkət edirik. 

Artıq Ramallahda, Yasir Ərəfatın məqbərəsinin qarşısındayıq. Fələstinli əsgərlər həyətdə çəkiliş aparmağa icazə verir. Fələstinli hərbçilərlə İsraillə Azərbaycan dövlətinin yaxşı münasibətindən, Qarabağ məsələsindən danışıb, sağollaşırıq. Ramallahın içərilərinə doğru hərəkət edirik. Tipik Şərq şəhəri, bir o qədər də müasir. Dünyanın ən məşhur, bahalı paltar və maşın brendlərinin dükanlarına rast gəlmək mümkündür. Müharibə şəraiti olmasına baxmayaraq, şəhərdə həyat adi axarı ilə davam edir. 

1967-ci ildə 6 günlük müharibədə İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi. Fələstinlilər buraları tərk edib, müxtəlif dövlətlərə sığınmağa məcbur oldular. 

2006-ci ildə Qəzza Zolağında keçirilmiş seçkilərdə HƏMAS qalib gəlir. Bölgə hazırda tamamilə onun nəzarətindədir. Ramallah isə Fələstin Muxariyyətinin inzibati mərkəzidir. İordan çayının qərb sahili dünyəvi FƏT tərəfindən idarə olunur. Buna baxmayaraq, burada da HƏMAS-ı dəstəkləyən qüvvələr var. HƏMAS Qərb Sahilində insanları bir çağırışı ilə küçələrə çıxara bilir. HƏMAS ilə FAT-ı fərqləndirən əsas cəhətlərdən biri dinə yanaşmadır. Münaqişənin həllində isə HƏMAS sülh variantını inkar edir.  

Ramallahda ünsiyyətdə olduğumuz şəxslər Qəzza Zolağındakı vəziyyətdən narahatdırlar. Çünki əksəriyyətinin qohumları, tanışları orada yaşayır. Eyni zamanda, burada İsrail dövləti əleyhinə etirazlar keçirilir. Ramallahda yerli polis qüvvələri ictimai asayişi qoruyur. Amma ara-sıra şəhərə İsrail əsgərləri daxil olur və onlarla əhali arasında qarşıdurmalar yaşanır. 

Şəhərdə olduğumuz müddətdə İsrailin Qəzza Zolağını bombalamasına etiraz olaraq yürüş keçirilirdi. Burada əhalinin bütün yaş qrupları, xristian ərəblər və müsəlmanlar da iştirak edir. İştirakçılardan biri Azərbaycandan olduğumu bilir və mənə “ölkəniz nə üçün 75 ildir baş verənlərə susur, sən nə üçün indi gəlmisən” kimi suallar verir. Başqa bir nəfər İsraillə Azərbaycanın müsbət əlaqələrinə toxunur. Mən də öz növbəmdə Azərbaycanın Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu qeyd edirəm, bundan əlavə, məhz elə Ramallahda 2022-ci ildə Təmsilçilik Ofisimizin açıldığını deyirəm. Son olaraq, Fələstinli qaçqınlara dəstək məqsədilə Azərbaycanın BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə ayırması məlumatını verirəm. Qarşımızda dostları, qohumları, hətta ailə üzvləri Qəzza Zolağında olanlar var ki, onlardan bəzilərinin taleyindən xəbər yoxdur. Yanımda bir nəfər mobil telefonu ilə Qəzzadakı yaxınına zəng etdiyini deyir. Amma zəng çatmır.

Bu barədə əlavə məlumat, fotolar və video

Gənc bir qadın yaxınlaşır. İngiliscə bilmir və mənə ərəb dilində nəyisə izah etməyə çalışır. Anlamadığımı görür və mobil telefonunda google tərcümə proqramını açır. O öz telefonu, mən də öz telefonumun tərcümə proqramından yararlanırıq. Bir neçə dəqiqəlik yazışmadan sonra məlum olur ki, xanım məni cümə günü Ramallaha dəvət edir. Onun sözlərinə görə, hər cümə Yerusəlimdə olduğu kimi, burada da müsəlmanlarla İsrail gücləri arasında qarşıdurmalar yaşanır. Tərcüməni mənə oxudur və cavabımı gözləmədən gedir. 

Nablus

Bura Qərb Sahilinin fələstinlilər yaşayan şəhərlərindən biridir. Şəhərin Nəsriyyə yaşayış məntəqəsində insanlarla söhbət edirik. Bizə məlum olur ki, səfərimizdən bir neçə saat öncə İsrail polisi evlərə basqın edib, bir neçə insanı saxlayıb və onların aqibətindən xəbər yoxdur. Nablus tez-tez İsrail işğalına qarşı etiraz edən şəhərlərdən biridir. Yuxarıda yazdığımız “qanunsuz məskunlaşma”dan həm də Nablusun yaşayış məntəqələrinin sakinləri əziyyət çəkir. İddia edirlər ki, köçürülmüş əhali onların kəndlərinə hücum edir və şiddət göstərirlər, buna görə İsrail polisi onları cəzalandırmır. Nablusa yola düşməzdən öncə araşdırmışdıq ki, burada silahlı qruplaşmalar var. Yerli əhali ilə söhbətimiz zamanı məlum olur ki,  bu qruplar yalnız əraziyə müdaxilə olunarsa, ortaya çıxırlar. 

Bu barədə əlavə məlumat, fotolar və video

Nablus, sonra ona yaxın Cenin şəhərinin ərazilərində xeyli uşağın məktəbə gedib-gəldiyini görürük. Günortadır. Qızların vahid məktəb forması var, oğlanlar isə sərbəst geyinib. 

Nablusa bir də qayıdacağıq... Geriyə dönəndə. Bu dəfə fərqli atmosferə. 

Cenin

HƏMAS rəsmiləri son eskalasiyanın səbəbi kimi iki hadisəni göstərirlər: bu ilin aprelində İsrail polis və hərbçilərinin əl-Əsqaya hücumu və iyul ayında Cenin şəhərində baş vermiş toqquşmalar. Digər tərəfdən də, HƏMAS 7 oktyabr hücumuna 2 il əvvəldən hazırlaşdıqlarını deyir.

Cenin Fələstinin üçüncü böyük şəhəridir. Bu şəhərdə eyniadlı qaçqın düşərgəsi də var. Düşərgə 1953-cü ildən fəaliyyət göstərir və bu gün də orada 15 min nəfər fələstinli məskunlaşıb. Düşərgənin ərazisi o qədər böyükdür ki, onun haradan başladığı və bitdiyi artıq məlum deyil. Səfər yoldaşımız türkiyəli jurnalist Burak Ersemiz 20 il öncə Qəzzada və Cenində uzun müddət çalışıb. Həm onun xatirələri, həm də əldə etdiyimiz əlavə bilgilər bu düşərgəni bizim üçün daha maraqlı edir.  

Biz Cenin düşərgəsinə səfər etməzdən 2 gün onca oradakı məscidlərdən birinin raketlə vurulması nəticəsində qəza namazı qılan 2 nəfər həlak oldu, 2 nəfər isə yaralandı. Qaçqınlar deyir ki, camaat namazı olsaydı, ölənlərin sayı daha çox ola bilərdi. 

Cenin şəhərini “ikinci Qəzza” adlandırırlar, yəni HƏMAS-ın qalalarından biri hesab olunur. Burada müxtəlif silahlı şəxslərlə rastlaşırıq. Özlərini hansısa qruplaşmaya aid etmədiklərini deyirlər. “Biz azadlıq mücahidiyik və Fələstinin azad olunması üçün mübarizə aparırıq”. Bəziləri fotolarının çəkilməsini istəməsələr də, bəziləri “fotomu dərc edəcəksənsə çək” şərtini irəli sürürlər. 

Cenin düşərgəsi 2002-ci ilin aprelin 3-də İsrail ordusunun “Qoruyucu Divar” adı altında keçirdiyi əməliyyat zamanı xeyli insan itkisi və dağıntılara məruz qalıb. Düşərgə hücumdan öncə havadan bombalanıb, sonra əraziyə daxil olan buldozerlər evləri yıxmağa başlayıb. Ölü sayı barədə hələ də dəqiq məlumat yoxdur. İsrail hökuməti canlı bomba kimi intihar hallarının qarşısını almaq üçün belə bir müdafiə tədbiri gerçəkləşdirdiyini bildirmişdi. Xatırladaq ki, 2002-ci ildə Fələstinin hər yerində “İkinci intifada” kimi tanınan üsyanlar baş qaldırdı. 2000-2005-ci illəri əhatə edən bu prosesdə Fələstin tərəfdən 3000, İsraildən isə 1000 nəfər həlak oldu. 2005-ci ildə İsrailin baş naziri Arilen Şaron və Fələstin lideri Mahmud Abbasın Misirdə keçirdiyi görüşdən sonra tərəflər silahı yerə qoydu. Proseslərin canlı şahidi olan Burak Ersemizə, “20 il əvvəl və indi, nə dəyişib” sorduq. “Dəyişən bir şey yox. Hələ də qan su yerinə axır, insanlar ölür, xarici ölkə liderləri gəlib-gedirlər”, cavabını verir. 

Düşərgə ərazisində divarlara vurulmuş fotolar diqqətimi çəkir. Hamısı gənc uşaqlardır, 20 yaşları olar, ya olmaz. Sakinlər onların israilli hərbçilərlə atışmada öldürüldüklərini deyir. Bu gənclərin fotoları üçün ayrıca guşələr də düzəldilib.  

Ərazidə xeyli uşaq var. Hamısı çox şən və sevinclidir. 2 gün öncə bombalanmış məscidin içərisində oynayırlar. 

“Onların başqa yerləri yoxdur, bu uşaqlar burada dünyaya göz açıblar. Divarlara yapışdırılan şəkildəkilər kimi”. Düşərgədə olduğum bir neçə saat ərzində ingiliscə eşitdiyim ilk cümlələr idi. Sonra biri tövsiyə etdi ki, buraları təkbaşına gəzməyim, dalanlarda kimlərsə qolumdan tutub çəkə bilər. Özünü Məhəmməd kimi təqdim etdi. Şəhərin özündəndir, yanında olan iki xarici jurnalistə bələdçilik edirdi. 

Bu vaxt 9-10 yaşlı bir oğlan əlindəki oyuncaq avtomatı biz tərəfə tuşlayır. Mən isə onun fotosunu çəkirəm, etiraz etmir. Yaxınlaşdım, bir az söhbət etmək istədim. Amma bir-birimizi anlamırıq. İngiliscə bilən bələdçi Məhamməd isə artıq uzaqlaşıb... 

İnsanlar jurnalistlərin əlində kamera, ştativ görəndə təəccüblə baxırlar. Hətta qəzəblə baxanlar da var. Belə olan halda dərhal, “Turkiya, yadaut, vassayitu”, “Türkiyə, media, mətbuat” deyirik.  Yumşalırlar, üzlərində təbəssüm yaranır. Əlində avtomat, barmağı da tətikdə olan gənclərdən biri çiynimə toxunur. İki dəfə “Ərdoğan” deyir, qələbə işarəsi göstərir və gedir. 

Düşərgənin ərazisi 2-3 mərtəbəli gecəqonduları xatırladır. Amma ətraf çox səliqəlidir. Divarlarda fotolarda başqa, müxtəlif rəsmlər və kollajlar da var. Bir də giriş-çıxışlarda xeyli dəmir “kirpi”lərlə rastlaşırıq. Bunları yerli sakinlər maneələr kimi düzüb ki, İsrail əsgərləri texnikalarla əraziyə daxil ola bilməsinlər. Ərazidə müxtəlif vaxtlarda atışmalar olur. Bunun ən yaxşı sübutu kimi evlərin üzərlərinə baxmaq kifayətdir. Divarlar həm də müxtəlif kalibrli güllələrin açdıqları dəliklərlə “bəzənib”. 

Cenindən qayıdarkən Nablusdan keçirik. Amma bir qəribəliklə üzləşirik. Deməli, biz Ceninə 4 qrup getmişdik. Həmkarlarımız bizdən 1 saat öncə yola çıxdılar. Sonradan öyrəndik ki, qeyri-adi bir halla üzləşməyiblər. Biz isə 1 saat sonra dönüş üçün tərpəndik. Hər nə baş vermişdisə, bu 1 saat ərzində olmuşdu. Hələ nə olduğunu anlamırıq.

Postlardan birinə yaxınlaşdıq, amma kimsə yoxdur. Ətraf isə çox səliqəsiz və dağınıqdır. Yolumuzu dəyişirik və irəlilədikcə qarşımıza İsrail əsgərləri çıxır. Yollar açıq olsa da, ətrafda əsgərlər dolaşır. Yolda tək-tük Fələstin seriyalı maşınlar gözə dəyir. Hər yer bağlıdır, üstəlik, yanacağımız bitmək üzrədir. Naviqatorumuzun bizi götürdüyü yerdə artıq post qurulub. Əllərində avtomat ingiliscə STOP deyə qışqırırlar. Maşından çıxmağa icazə vermirlər, amma dərdimizi anladırıq. Postun qarşı tərəfində yanacaqdoldurma məntəqəsi var, o da qapalıdır. Həm də, bizi bütün hallarda oraya buraxmayacaqlarını deyirlər. Bizi ən yaxın məntəqəyə yönləndirmələrini xahiş edirik. Qeyd edim ki, hələ də Fələstin ərazisindəyik. Ən pisi də budur ki, hər iki tərəfin qurbanı olmaq kimi ehtimal var. Mənimlə bir əsgər kommunikasiyaya keçir. Çox sakit və nəzakətlə dinləyir və sonda bizi bir məntəqəyə yönləndirir. Axırda da, “çalışın sürətlə gedin, çünki təhlükəli ərazidəsiniz” deyir və sağollaşır. Onun göstərdiyi istiqamətə doğru irəliləyirik və bu zaman internet itir və naviqator işləmir. Dörd yola bənzər bir əraziyə çatırıq. Yenə sakitlik, ətrafdakı yaşayış məntəqələrində işıqlar yanır, amma var olan tək-tük insanlar elə əsgərlərdir. Maşından düşüb, benzin axtardığımı deyirəm. Əlində avtomat üstümə çığırır ki, get, get. Əli ilə sol tərəfi göstərir. Dərhal maşına minib o tərəfə getdik. Və yenə əsgərlər... Oradan bir nəfər bizə yolu izah edir. Artıq internet də var. Dediyi yolla gedirik. Orada da yanacaq məsələsini izah edirəm. Sonra Azərbaycandan olduğumu deyirəm, pasportumu, jurnalist vəsiqəmi və akkreditasiya kartımı təqdim edirəm. Alır və kənarda gözləməyimiz söylənilir. Telefonla məlumat verilir və bir hərbi maşın gəlir. Yaşlı hərbçi əlində avtomatla düşür, amma çiyninə keçirir. Həmkarlarıma onun “xoş niyyətlə” gəldiyini deyirəm. Belə də olur. Bizim təhlükəsizliyimizi təmin etmək üçün burada saxlanıldığımızı bildirir. Sonra tapşırır ki, foto, video çəkməyək. Bizi yanacaq məntəqəsinə aparır, benzin doldururuq. Sağollaşanda da “ehtiyatlı olun” deyib, yol salır.

Bir gün sonra hadisənin əslini öyrəndik. Fələstinlilərin kompakt yaşadıqları ərazidə etirazlar keçirilmiş, iki hərbi təyyarə onlara atəş açmış, 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı...