Logo
news content
User
Kateqoriyalar

Analitika

300 manat maaş al, 200 manat cərimə ödə...

Bakının Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verən hadisə ilə bağlı video yayılıb. Videoda polis əməkdaşının orada işləyən qadına qarşı kobud hərəkəti, onu itələməsi əks olunub.

Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş maska taxdığını bildirərək buna etiraz edib. Sahə müvəkkili isə qadına fiziki təzyiq göstərərək onu itələyib. Ardınca polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirdi ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

“Polis əməkdaşlarının hər hansı obyektə bu şəkildə daxil olmasına icazə varmı” sualını isə E.Hacıyev bu cür cavablandırdı:

“Əlbəttə, polis əməkdaşlarının yoxlama-nəzarət, proflaktik tədbirlər çərçivəsində istənilən obyektə daxil olma icazələri var”.

Hüquqşünas, professor Fərhad Mehdiyev hadisəni “Press Klub”a şərh edərkən öncə bildirdi ki, həmin xanımın maska taxmadığını düşünür:

“Polis maska taxan insana “sən maska taxmamısan” deyə bilməz. Belə bir şeyin şahidi

olmamışam. Ona görə də, qadının maska taxmadığını düşünürəm”.

Polis əməkdaşının vətəndaşa fiziki müdaxiləsinə gəldikdə isə hüquqşünas bununla bağlı mütləq qanuni tədbir görülməsinin vacibliyini vurğuladı:

“Polis əməkdaşının qadına təzyiq göstərməsindən əlavə, onu bölməyə aparması da qanuna ziddir. O, qadını bölməyə aparmalı deyildi. Yerində cərimə protokolu tərtib edib, getməli idi. Bu, kifayətdir. Bununla bağlı insanlardan çoxsaylı şikayətlər daxil olur. Təbii ki, bu, qanunsuzdur. Polis yalnız protokol yazmalıdır, vətəndaşın sonradan həmin protokoldan şikayət etmək hüququ var”.

F.Mehdiyevin sözlərinə görə, vətəndaşı polis bölməsinə aparmaq üçün konkret səbəblər olmalıdır:

“Vətəndaş ictimai qaydanı pozubsa və pozmağa davam edirsə, onun şəxsiyyətini müəyyən edə bilmədikdə bu hala əl atmaq olar. Amma indi şəxsiyyəti müəyyən etmək o dərəcədə çətin məsələ deyil. Polis əməkdaşlarının əllərindəki planşetlərə ad və soyadı daxil etməklə şəxsiyyəti çox asanlıqla müəyyən etmək imkanları var. Dediyim kimi, bölməyə aparmaq üçün başqa bir ictimai qayda pozuntusu olmalıdır. Belə bir hal yoxdursa, istər gözəllik salonu olsun, istərsə də istənilən obyekt, vətəndaş bölməyə aparılmamalıdır”.

Ülviyyə Şahin