30 illik “dostluğun” sonu...
Bakı seçimini bəyan etdi, Azərbaycan regionda geosiyasi qarşıdurmanın episentrinə çevrilir
16 Noyabr 2023
ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Bryan Konqresin Xarici Əlaqələr Komitəsində çıxışında Ermənistanla sülh danışıqları başlayana qədər Azərbaycanla münasibətlərin bitdiyini elan edib. O'Bryan ABŞ xarici siyasətinin Avrasiya və Avropa üzrə məsul diplomatıdır, onun konqresmenlər qarşısında çıxışının mətni bir gün əvvəl akkreditasiya olunmuş jurnalistlərə paylanıb.
ABŞ rəsmisi Azərbaycan əleyhinə olduqca kəskin fikirlər işlədib, bunun əksinə, Ermənistanı açıq şəkildə himayə edib.
O'Bryanın əsas cümləsi budur: “Biz açıq şəkildə dedik ki, 19 sentyabrdan sonra sülh danışıqlarında irəliləyiş görməyincə Azərbaycanla münasibətlər normal olmayacaq. Bu səbəbdən, bir neçə yüksək səviyyəli səfərləri ləğv etdik və Bakının hərəkətlərini pislədik. Azərbaycana hərbi dəstəyi qadağan edən 907-ci düzəliş vəziyyət düzələnə qədər qüvvədə qalacaq”.
Bu gün Azərbaycan Xarici işlər Nazirliyi ABŞ-a adekvat cavab verib. Nazirliyin bəyanatında yer alan əsas məqamlar bunlardır:
“Bakı ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edir. Münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də eyni dərəcədə tətbiq olunacaq. Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə səbəb ola bilər. Bu şərtlər daxilində qeyd etmək vacibdir ki, biz 20 noyabr 2023-cü il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşü mümkün hesab etmirik.
Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn norma və prinsipləri həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün neqativ addımlara qəti və adekvat reaksiya verəcək”.
Münasibətlə niyə bu hala gəldi? ABŞ niyə Azərbaycana qarşı birtərəfli təzyiq siyasətinə üstünlük verdi?
Qeyd edək ki, Birləşmiş Ştatların Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasətində qanunverici hakimiyyət olan Konqreslə, hökumətin qolları sayılan Ağ Ev, Dövlət Departamenti və Pentaqonun yanaşması həmişə fərqlənib. Əlbəttə, Nümayəndələr Palatası, Senat, onların alt qurumları müxtəlif siyasi maraqların təmsilçiləri olduğundan xeyli rəngarəngdir. ABŞ-da lobbiçiliyin qanunla nəzərdə tutulan çox geniş sərhədlərinin olduğunu da nəzərə alsaq, maraqlı dairələrinin təsirləri Konqresdə rəngləri bir az da tündləşdirir.
Azərbaycan ABŞ-la diplomatik münasibətlər qurduğu 30 ildən çox müddətdə ikitərəfli münasibətlər Senatda və Nümayəndələr Palatasında çoxsaylı sınaqlardan keçib. Amma Ağ Evdə Respublikaçılar, yaxud Demokratların olmasında asılı olmayaraq hökumətlər regionda mövcud reallıqları nəzərə alaraq, Azərbaycanla bağlı praqmatik siyasət yürüdüblər. Vaşinqton Azərbaycanın Avropaya uzanan enerji layihələrinin ən böyük dəstəkçisi olub, Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üzvü kimi Fransa və Rusiya ilə müqayisədə tərəfsiz vasitəçi rolunu oynayıb, iqtisadi, ticarət əlaqələri dərinləşib və s.
44 günlük müharibədə Azərbaycanın Ermənistan üzərində qələbəsi Konqresdəki bəzi qruplar tərəfindən (erməni lobbisi ilə işləyən Xarici Əlaqələr Komitəsi - red.) etirazla qarşılananda da, Ağ Ev Bakı ilə münasibətlərini sorğulamayıb. Rəsmi Vaşinqtonun mövqeyi belə olub ki, Qarabağ Azərbaycan ərazisidir, orada ermənilərinin hüquq və təhlükəsizliyi təmin olunmaqla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır.
Amma bu proses əvvəlcə Brüsseldə, daha sonra ABŞ-da davam etdirilsə də, tərəflərin razılığa gəlməsi mümkün olmayıb. Bu ilin iyunun sonunda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda bir neçə günlük müzakirələrdən nəticəsiz ayrılıblar. Daha sonra Laçın yolu ilə bağlı böhran dərinləşdi və ABŞ Azərbaycana qarşı mövqeyini sərtləşdirməyə başladı. Dövlət katibinin müavini Yuri Kimin ABŞ Konqresində rəsmi Bakı əleyhinə kəskin çıxışı, daha sonra eyni ritorikanı Bakıda və İrəvanda davam etdirməsi münasibətləri daha da pisləşdirdi. Azərbaycanın 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatı isə özlərinin dediyinə görə, ABŞ rəsmilərini şoka salıb...
O'Bryan Konqresdəki məruzəsində bu “şokun” əlamətləri aydın görünür. ABŞ rəsmisi çıxışında təkcə Qarabağ mövzusunu deyil, ümumiyyətlə Azərbaycanın yürütdüyü xarici siyasəti hədəfə alıb.
O, əvvəlcə bildirib: “Qarşıdakı həftələr tərəflərin yaxşı niyyətlərdən kənara çıxmadığını göstərmək və “hə” deməyə nə dərəcədə hazır olduqlarını yoxlamaq üçün son dərəcə vacib olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda ən çətin şey “hə”dir”.
Dövlət katibinin köməkçisi konkret hansı razılaşmaların masada olduğunu açıqlamayıb, sadəcə Vaşinqtonun tərəflərlə aktiv əlaqədə olduğunu və diplomatiya ilə yanaşı, Azərbaycana qarşı da təzyiq siyasəti apardığını vurğulayıb: “Bakı indi danışıqlarda güclü mövqedən çıxış edir, lakin qalib tərəf nə vaxt dayanmalı olduğunu və daha sərfəli təklif gözləmək əvəzinə, nə vaxt sövdələşməyə getməli olduğunu bilməlidir”.
O'Brayanın sözlərinə görə, vasitəçilər Əliyevə həmin mesajı çatdırmaq üçün Türkiyə ilə də işləyirlər: “Biz elə bir yol açmağa çalışırıq ki, sülhə gedərkən hansı üstünlüklərin olacağını və bundan yayınma halında hansı qiymətin ödənilməli olduğunu aydın şəkildə göstərsin”, - yüksək rütbəli diplomat hədə tonunda deyib.
O'Brayanın fikrincə, sülh Ermənistan və Azərbaycana Rusiya və İranın regionda təsirini azaltmağa, digər tərəfdən Qərblə əməkdaşlığı artırmağa imkan verəcək: "Gözləyirik ki, qarşıdakı həftələrdə bu mövzuda daha yüksək səviyyəli əlaqələrimiz olacaq. İrəvan və Bakı qərar və seçim etməlidirlər: onlar regionun təhlükəsizliyinin əsas qarantı kimi Rusiya-İran qütbündə lövbər salmış gələcəyi istəyirlərmi? Onların başqa variant seçmək imkanı da var”.
O'Brayan davam edir: “Mərkəzi Asiya ölkələri indi öz məhsullarını bazara çıxarmaq üçün yeni yol axtarırlar. O yol Azərbaycandan Gürcüstana, Ermənistandan keçərək Türkiyəyə gedə bilər. Biz demişik ki, Ermənistanın razılığı və iştirakı ilə tikilən tranzit marşrutu region ölkələrinə və dünya bazarlarına böyük təkan verə bilər”.
ABŞ rəsmisi Prezident İlham Əliyevin Naxçıvanda “Zəngəzur dəhlizi” ilə bağlı səsləndirdiyi “Ermənistan istəmir, İran ərazisi vasitəsilə Naxçıvan və Türkiyə ilə əlaqə saxlayacağıq” bəyanatına da mənfi reaksiya verib: “Zorla və ya başqa bir şəkildə İranın iştirakı ilə açılacaq tranzit dəhlizinə çox sərt cavab veriləcək. Suverenlik prinsipi əsasında yolların bağlanması həm də Rusiyaya qarşı sanksiyaların tətbiqinə töhfə verəcək”.
O'Brian bildirib ki, 2020-ci il atəşkəsdən sonra Rusiya qoşunları faktiki olaraq Ermənistandan Rusiyaya gedən yolda iki mühüm sərhəd məntəqəsinə nəzarət edir: “Biri hava limanında, digəri Ermənistandan Azərbaycana keçən quru yolda. Ermənistanın bu məntəqələrdən keçən yüklərə nəzarəti yoxdur, ona görə də biz Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının 5 illik müddəti bitdikdən sonra getməsi üçün daha davamlı yol tapmalıyıq. Bu, o zaman mümkündür ki, biz sülh prosesində fəal iştirak edək. Kənarda qalsaq, Rusiya sərhədə nəzarəti davam etdirəcək”.
Maraqlı məsələlərdən biri odur ki, Konqresdəki dinləmələr “Dağlıq Qarabağın gələcəyinə” həsr olunub, amma bu məsələyə aydın şəkildə toxunulmayıb. Dövlət katibinin köməkçisi yalnız onu qeyd edib ki, Qarabağ ermənilərinin evlərinə maneəsiz qayıtmaq hüququ olmalıdır, onların əmlakı və mədəniyyəti qorunmalıdır: “Azərbaycan Qarabağ erməniləri üçün yaradılan şərait haqqında adekvat məlumat verməlidir ki, insanlar yaşamaq istədikləri yerə gedib-getməmək haqqında qərar verə bilsinlər”.
O'Bryanının çıxışının ən maraqlı məqamlarından biri onun Dövlət katibi Entoni Blinkenin göstərişi ilə Dövlət Departamentinin Qarabağın necə boşaldılmasını, bu zaman kimin nə etdiyi və təkcə 19 sentyabr günü deyil, həm də ondan aylar əvvəl baş verənlərlə bağlı araşdırma aparılması barədə dedikləridir. Diplomat araşdırmanın nə vaxt başa çatacağı və nəticələr əldə olunarsa, Vaşinqtonun hansı addımlar atacağını dəqiqləşdirməyib.
Beləliklə, ABŞ-Azərbaycan münasibətlərinin 30 illik dövründə ilk dəfə hökumət praqmatik yanaşmadan kənara çıxır və dərhal Bakının adekvat reaksiyası ilə qarşılaşır. Azərbaycan XİN-in bəyanatı Bakının xarici siyasətini ABŞ-ın diktəsi ilə deyil, öz maraqlarına əsaslanaraq formalaşdırdığını göstərir:
“Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir".
Yekunda qeyd edək ki, ABŞ Cənubi Qafqaz ölkələrinə seçim etməyi təklif edib, Gürcüstan “3+3” prinsipindən imtina etdikdən dərhal sonra Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq dəvəti aldı, Ermənistan isə KTMT-ni, Rusiyanı boykot edərək üzünü Qərbə tutub. Hazırda ABŞ və Avropa İttifaqı Rusiyadan asılı olan zəif Ermənistanı Rusiyanın sanksiyalarından necə qoruyacaqlarını düşünməyə, eyni zamanda bu ölkənin sərhədlərinin mühafizəsini gücləndirməyə başlayıblar. Azərbaycanın seçimi isə Türkiyə ilə hərbi-siyasi partnyorluq, region dövlətləri ilə “3+2” formatında əməkdaşlıqdır. Ermənistanla sülh müqaviləsi də ancaq bu kontekstdə imzalana bilər. Beləliklə, Azərbaycan nə qədər kənar durmağa çalışsa da regionda geosiyasi qarşıdurmanın episentrinə çevrilir...
Turqut