Logo
news content
User
Kateqoriyalar

Analitika

30 il “axtarış”da olan sonuncu bossun ölümü
Mafiya müharibələrindən sağ çıxan “Qurumuş” öz sirrini polisə niyə açdı?  

Yadigar Sadıqlı

Siciliya mafiyasının bossu hesab edilən Matteo Messina Denaro 2023-cü ildə iki dəfə dünya mətbuatının gündəminə gəldi: ilk dəfə 30 illik axtarışdan sonra yanvarın 16-da tutulanda, ikinci dəfə isə sentyabrın 25-də öləndə. 

***

Matteo Messina Denaro 1962-ci il aprelin 26-da Siciliya adasının qərbində yerləşən Kastelvetrano şəhərində anadan olub. Atası, daha çox don Çiçço kimi tanınan Françesko Messina Denaro nüfuzlu mafioz idi: Kastelvetranonun daxil olduğu Trapani vilayətində mafiya komissiyasına başçılıq edirdi. Bu vilayət isə adanın mərkəzi Palermodan sonra mafiyanın əsas dayağı hesab olunur. 

Matteo səkkizinci sinfi bitirəndən sonra bizim peşə məktəbi kimi bir yerdə təhsil alır, amma üçüncü kursda dayandırır. O, Siciliyanın ən varlı ailələrindən sayılan D'Alì ailəsinə işləməyə başlayır. Bu ailənin IX əsrdə Suriyadan köçdüyü və ərəb kökənli olduğu təxmin edilir. 

Matteonun 14 yaşda silahla davranmağı öyrəndiyi, 18 yaşda isə ilk dəfə qətl törətdiyi söylənilir. Həmin ilk qurbanın adı məlum deyil. Güman ki, cinayət hələ üzv olmadığı mafiyanın tapşırığı ilə deyil, şəxsi münasibətlər zəminində törədilib. Onun həddi-buluğa çatdığı dövrdə mafiya daxilində həlledici proseslər baş verirdi. 

1970-ci illərdə kiçik Korleone şəhərindən olan mafiya ailəsinin güclənməsi müşahidə olunur. Don Çiççonun da yaxşı münasibətləri olan bu ailəyə əvvəlcə Luççano Leggio, onun 1974-cü ildə həbsindən sonra isə Salvatore (Toto) Riina başçılıq edir. Palermo da isə daha güclü sayılan üç ailə vardı. Onlara Stefano Bontade, Salvatore İnzerillo və Qaetano Badalamenti rəhbərlik edirdilər. Korleonlular mafiyaya hökmranlıq etmək, xüsusən də heroin alverindən gələn nəhəng qazanca təkbaşına sahiblənmək üçün rəqiblərini aradan götürməyi qərara aldılar. 

Toto Riina, Bernardo Provensano, Leoluka Baqarellanın rəhbərlik etdikləri Korleone ailəsi sadalanan üç ailənin dostu və müttəfiqi sayılan daha kiçik ailələri müxtəlif vədlərlə öz tərəflərinə çəkdilər və onların yardımından istifadə etdilər. 

İkinci mafiya müharibəsi 1981-ci il aprelin 23-də özünün doğum gününü qeyd etməyə hazırlaşan Stefano Bontadenin öldürülməsi ilə başladı. Mayın 11-də İnzerillo gülləbaran edildi. Onun dəfnində atasının qisasını alacağına and içən 17 yaşlı oğlu bir neçə gün sonra oğurlandı, əvvəlcə silah tutan əli kəsildi, sonra öldürüldü.

Əslində buna müharibə demək olmazdı. Bir tərəf digər tərəfi qırmaqla məşğul idi. Palermonun mafiya başçıları özlərini ciddi biznesmen kimi aparır, cəmiyyət həyatında fəal iştirak edirdilər. Onlar göz qabağında idilər. Korleone ailəsi isə kənddə gizlənmişdi. Riina, Provensano 1963-cü ildən rəsmən axtarışda idilər (amma heç kəs axtarmırdı). Onların dəqiq yerləri heç bilinmirdi. 

Palermonun üçüncü nüfuzlu ailəsinin başçısı Qaetano Badalamenti hələ müharibə başlamamış Siciliyadan getdiyindən sağ qaldı. Amma onun tərəfdarları da Bontade və İnzerillonun tərəfdarları kimi qətliama uğradılar. Onlar dost saydıqları mafiozlara sığınmaq, onlardan yardım almaq istəyirdilər. Amma həmin mafiozlar, məsələn, Rozario Rikkobono Korleone ilə gizli ittifaq bağlamışdılar. 

Toto Riinanın öz tərəfinə çəkmək üçün digər ailələrə verdiyi vədlər saxta idi. Üç ailəni bitirəndən sonra dünənki müttəfiqlərini qırmağa başladı. 1982-ci ilin sonlarından başlayaraq, Rikkobono, Salvatore Skalyone, Filippo Marçeze və başqaları öldürüldülər. Daha sonra isə keçmiş müttəfiqlərin öldürülməsində yardımçı olanlar öldürüldülər, bunların arasında Cüzeppo Qrekonu xüsusi qeyd etmək lazımdır. 1980-ci illərin ikinci yarısından Korleone ailəsi Siciliya mafiyasının şəriksiz hökmdarı oldu. 

Nüfuzlu mafiozilərdən biri, sonralar hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılıq verən Salvatore Kontorno İkinci mafiya müharibəsi ilə bağlı deyirdi: “Udan və uduzanlar bölgüsü aparmaq düzgün deyil, çünki uduzanlar yoxdur... Korleonlular hamını öldürdülər”.

158 sm boyu olduğuna görə “u curtu” (Gödək) ləqəbli Toto Riina İkinci mafiya müharibəsindən sonra həm də “la belva” (yırtıcı) adını aldı. 

***

Denaro ailəsi əvvəldən Korleone ilə yaxın olduğundan müharibənin sonunda onların da mövqeləri və nüfuzu yüksəlir. Bu da məqalənin qəhrəmanı Matteo Messina Denaronun cinayətkar karyerasına müsbət təsir göstərir. Onun bu dövrdə konkret hansı cinayətləri törətdiyi məlum deyil. Çox güman ki, hələ gənc olduğundan daha xırda fiqurlarla məşğul olub. Hər halda, bir dəfə “mənim öldürdüklərimlə bir qəbiristanlığı doldurmaq olar” dediyi söylənilir. Nəticədə komiks qəhrəmanından götürdüyü “Diabolik” ləqəbi “u siccu” (qurumuş) ilə əvəz olunur ki, bu da onun arıqlığına işarə idi. 

Amma o, hələ bir müddət hüquq-mühafizə orqanlarının obyektivinə düşmür. 1989-cu ildə Riina onu kiçik Partanna şəhərciyinə göndərir. O, burada Akkardo ailəsinə İnqolya ailəsi üzərində qələbə çalmağa kömək edir. Bu kömək, əlbəttə, humanitar yardımdan ibarət deyildi. Məhz Partannadakı çuğullardan biri onun haqqında polisə məlumat ötürür və mafiyanın gənc və pespektivli üzvü barədə ilk informasiya əldə olunur.  

Heroin alverindən milyonlar qazanılsa da, təvazökar kəndli həyatı yaşayan Korleone ailəsinin digər üzvlərindən fərqli olaraq, Denaro dəbdəbəli həyat sürməyi sevir. İmkan düşən kimi Palermonun sahilyanı hotellərində qızlarla flirt edir, bahalı geyimlər alır, Rey-Ban eynəklərini, Rolex saatlarını və Porşe avtomobillərini sevir. 

Epataj da ona yad deyil. Bir dəfə maşını düzgün yerdə saxlamadığına görə polis tərəfindən cərimə olunur. Gecə həmin polisin avtomobili yanır. Təkcə ön şüşəsi salamat qalır. Şüşətəmizləyənin altında isə “Qurumuş”a yazdığı cərimə talonu vardı.

ABŞ mafiyasının fəaliyyəti haqqında məlumatlı olanlara belə əməllər qəribə gələ bilər. Çünki Amerikada hələ Laki Luçanonun vaxtından (1930-cu illər) kəskin ehtiyac olmadan hay-küylü cinayətlər, xüsusən qətllər törətmək bəyənilmirdi. Polis və ya başqa orqanların əməkdaşını öldürməyə isə qəti tabu mövcud idi.

Amma İtaliyada vəziyyət əvvəldən bir qədər başqa idi. 1980-ci illərin ikinci yarısından isə lap dəyişdi. Bu da səbəbsiz deyildi.

1986-1992-ci illərdə İtaliyada yüzlərlə mafiozun mühakimə olunduğu və “maksi-proses” adını alan məhkəmə prosesi gedirdi. İlk instansiya məhkəməsi 1987-ci ilin dekabrında hökm çıxardı, 460 müttəhimdən 114-ü bəraət aldı, 346-ı isə günahkar bilindi. Onların 19-u (aralarında qiyabi mühakimə edilən Riina və Provensano da vardı) ömürlük, digərləri müxtəlif müddətli həbsə məhkum edildilər. Bütün instansiyaları keçəndən sonra Ali kassasiya məhkəməsi hökmləri əsasən təsdiq etdi.

Toto Riina buna həm hüquqi, həm də qeyri-hüquqi müstəvidə cavab vermək qərarına gəldi. İtaliyada istər hüquq-mühafizə orqanlarında, istər siyasətçilər arasında mafiyaya satılanlar az deyildi (1972-73, 1976-79, 1989-1992-ci illərdə üç dəfə baş nazir postunu tutan Culio Andreotti 1993-cü ildə mafiya ilə əlaqələrdə günahkar bilindi). “Yırtıcı” onların köməyi ilə sonrakı məhkəmə instansiyalarında hökmləri yumşaltmağa ümid edirdi.

Digər tərəfdən isə dövlətə müharibə elan etdi. Onun fikrincə, dövlətlə sülh şəraitində yaşamaq hüququ əldə etmək üçün döyüşmək lazım idi. Nəticədə, polis və digər hökumət adamlarına, pentitoların (tövbəkar  - istintaqla əməkdaşlıq edən keçmiş mafiozlar)  yaxınlarına qarşı qəsdlər çoxaldı, partlayışlar törədildi. Öldürülənlər arasında mafiya ilə məşhur mübarizlər Covanni Falkone və Paolo Borsellino da vardı.

Amma bu cinayətlər tamam əks effekt verdi. İtaliya cəmiyyəti, hətta bir zamanlar mafiozlara dərin hörmətlə yanaşan siciliyalılar belə hökumətdən mafiyaya qarşı qəti tədbirlər görülməsini istədilər. Dövlət də hərəkətə keçməyə məcbur oldu. 30 il axtarışda olan, amma bu müddətdə Siciliyadan heç yana getməyən Toto Riina, nəhayət, 1993-cü il yanvarın 15-də həbs edildi. 

 *** 

“Yırtıcı”nın həbsindən sonra Korleone ailəsində ikihakimiyyətlilik yarandı. Bernardo Provensanonun rəhbərlik etdiyi fraksiya dövlətlə müharibəni dayandırmağı və daha sakit fəaliyyət göstərməyi təklif edirdi. Riinanın qaynı Leoluka Baqarellanın rəhbərlik etdiyi fraksiya isə sərt xətt tərəfdarı idi. İstər İkinci mafiya müharibəsində, istərsə də dövlətlə müharibədə xüsusilə fərqlənən başkəsənlər Baqarellanın fraksiyasında idi. Matteo Messina Denaro da həmin tərəfdə idi.

Amma tezliklə bu fraksiyanın üzvləri bir-bir həbs olundular. Baqarella özü 1995-ci ilin yayında tutuldu. Belə bir versiya istisna edilmir ki, dövlət Baqarellanın başkəsənlərindənsə, Riina ilə birlikdə 30 ildən çox axtarışda olan, amma mülayim taktika tərəfdarı Provensanonun mafiyanın başında qalmasında maraqlı idi. Qarşı fraksiyanın önəmli üzvlərindən yalnız bir nəfər tutulmadı: Matteo Messina Denaro.

Provensanonun həbs növbəsi isə 2006-c ildə gəldi. Onun da barmaqlıq arasına yollanmasından sonra Siciliya mafiyasında liderlik uğrunda ixtilaf yarandı. Amma iki iddiaçı tezliklə həbs olundu və Matteo Messina Denaro Koza nostranın rəhbəri oldu. 

1993-cü ildən axtarışda olan Denaronun qeyri-leqal həyatı barədə xeyli hekayələr var və bunların hansının gerçək, hansının uydurma olduğunu söyləmək çətindir. Məlumdur ki, o da sonradan mülayim xətt tərəfdarı oldu. Mafiyanın qayda-qanunlarına zidd olaraq heç zaman evlənmədi, məşuqələrlə yaşadı. Kompüter oyunlarını, “Maşa və ayı” cizgi filmini çox sevirdi. 

O, İtaliya mafiyasının əsas gəlir mənbəyi olan narkotik ticarəti ilə yanaşı, leqal bizneslə də məşğul olmağa çalışırdı. Yalançı fiqurlar vasitəsilə supermarketlər şəbəkəsi açırdı, yaşıl enerjiyə sərmayə qoyurdu, tikinti ilə məşğul olurdu. 2008-ci ildə polis Siciliyada SPAR franşizası ilə 12 supermarket sahibi olan Cüzeppe Qriqolini həbsə aldı və 700 milyon avro vəsaitini müsadirə etdi. İddiaya görə, şəbəkənin və vəsaitin əsas sahibi Denaro idi. Bir tikinti maqnatının 200 milyon avrosuna həbs qoyuldu. 2010-cu ildə isə Denaronun külək və günəş enerjisinə ayırdığı 1,5 milyard avro müsadirə olundu. Sonrakı illərdə də belə hallar davam etdi. Bununla belə, tutularkən 4 milyard avro həcmində varidatının olduğu söylənilir. 

Son illərdə yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkdiyindən Palermodakı özəl klinikaların birində kimyəvi terapiya alırdı. 2023-cü il yanvarın 16-da növbəti terapiya kursu üçün gələndə qarşısını kəsən polis şəxsiyyətini soruşanda “cəfəngiyyat danışmayın, mən Matteo Messina Denaroyam” cavabını verdi.

Məlum oldu ki, İtaliyada ən çox axtarılan şəxs heç xüsusi də gizlənmirmiş.  Doğma Kastelvetranonun yaxınlığında yerləşən San Vito Lo Kapo adlı məntəqədə yaşayıb. O, Andrea Bonafede adına sənədlərdən istifadə edirmiş. Belə adam həqiqətən də mövcud idi və xarici görkəmi Denaroya bənzəyirdi. Təbii ki, o da həbs olundu.

Matteo Messina Denaro vəziyyətinin qəfil pisləşməsindən və bir neçə gün komada keçirəndən sonra sentyabrın 25-də xərçəng xəstəliyindən öldü. İndi İtaliyada bir məsələ müzakirə olunur: Denaro mafiyanın son imperatoru idi, yoxsa mafiya ölməzdir?