Logo
news content
User
Kateqoriyalar

Analitika

30 il atəş altında: “yarımköçkünlər” sülh dövrünə nə ilə gedirlər?
Sərhəd kəndlərinin sakinləri bir zamanlar qəhrəman idilər, indi isə yaddan çıxmış əyalət insanları...

(“Sərhəd kəndlərimizin həyatı” silsiləsinin yekun yazısı)

Onlar qaçqınlardan, məcburi köçkünlərdən az zillət çəkməyiblər. Hətta daha çox həyati təhlükə altında olublar.

Bütün müharibə dövründə onlar qəhrəman idilər, indi, müharibə bitdikdən, sülh söhbətləri başladıqdan sonra isə yaddan çıxmış sakinlərdir. Müharibənin ən qızğın dövründə belə ev-eşiklərini tərk etməyən bu sakinlər barədə çox danışılırdı. Söhbət düşmənlə təmas xətlərinə ən yaxın ərazilərdə yaşayan sərhəd kəndlərinin sakinlərindən gedir. Onlar, bütün məşəqqətlərə baxmayaraq, döyüşlərin ən qızğın vaxtlarında belə yurdlarını tərk etməyərək həm öz evlərini, həm də sərhədlərimizi qoruyublar. 

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin, köçkünlərin doğma yurdlarına qayıtması fonunda onlar bu gün güllə yağışı altında olmasa da, yenə nişangahda hərəkət edirlər. Və özlərini yaddan çıxmış hesab edirlər. Bir zamanlar bütün enerjilərini sağ qalmaq üçün sərf edən sərhəd bölgəsinin sakinləri indi sosial problemlərdən yaxa qurtarmaq üçün “döyüşürlər”.

***

Bu gün Azərbaycanın qərb bölgəsinin sərhəd kəndlərini əsas ortaq problemi ölkənin ümumi problemi olan su təminatı ilə bağlıdır. Onların bəzilərində içməli su, bəzilərində suvarma suyu, bəzilərində isə heç biri yoxdur. 

Məsələn, Tovuzun Əlibəyli kəndi çay dərəsində yerləşir və buranın sakinləri suvarma suyu gətirmək üçün bellə “silahlanıb”, Ermənistan ərazisinə keçməyə məcbur olurlar. 

Heç bir çayı olmayan, qurumaq üzrə olan bulaqların ümidinə qalan Tovuz rayonunun Koxanəbi və Qazaxın Quşçu Ayrım kəndlərinin sakinlərinin isə istəsələr belə, heç yerdən suvarma suyu gətirmək imkanı yoxdur. 

Quşçu Ayrımda içmək və təsərrüfat suyu problemi son illərdə Coğazçay su anbarından nasosla vurulan suyun hesabına qismən həll olunsa da, Koxanəbi kəndində bu məsələ müşkül görünür. Yaxınlıqda heç bir açıq, yaxud qapalı su mənbəyi olmayan kəndin sakinləri ümid edirlər ki artezian quyusu qazılarsa, bu problemdən yaxa qurtarmaq olar. Amma bu ümidləri reallaşdırmaq, yaxud ondan birdəfəlik əl üzmək üçün heç bir qurum ərazidə kəşfiyyat işi aparmayıb. Dağlıq ərazidə artezian quyusunun qazılması, su çıxması haqda rəy verməyib. 

Milyonlarla kubmetr su tutumu olan anbarın sahilində yerləşən Məzəm kəndinin suvarma suyu çətinliyi isə daha müşkül görünür. Belə ki, uzun müddət sayğacsız olaraq kəndə xidmət edən nasos stansiyasının elektrik enerjisi aidiyyəti orqanlar tərəfindən kəsildikdən sonra kənddə suvarma suyu problemi yaranıb. Səbəb odur ki, hər bir üzvü müharibə iştirakçısı sayıla biləcək kəndin sakinləri onsuz da məhdud şərtlər altında yaşamlarından bir də əlavə olaraq, nasos üçün enerji haqqı ödəmək istəmirlər. Enerji təminatına cavabdeh olan qurum isə hansı ərazidə, necə yaşamalarından asılı olmayaraq, hər kəsin işlətdiyi enerjinin haqqının ödəməli olmasını əsas gətirərək, kəndi suvarma suyu ilə təmin edən qurğunu elektrik enerjisindən ayırıb və kəndi susuz qoyub. Bu vəziyyətdə hər iki tərəf özünü haqlı sayması kəndin suvarma suyu problemiylə üzləşməsiylə nəticələnib. 

***

Problemlər girdabında olan kəndləri rayonlar üzrə də təsnifatlaşdırmaq olar. Müşahidələr onu göstərir ki Qazax rayonunun sərhəd kəndlərində yaşayan insanlar özlərini daha güvəndə sayırlar. Bunu görmək üçün ən sadə üsul qarşı tərəfin təxribatlarından sığortalanmaq üçün istinad divarlarının necə çəkilməsini müşahidə etməkdir. Belə ki, Qazaxın sərhəd kəndlərində istinad divarlarına ayrılan büdcə qonşu rayona nisbətən daha insafla sərf edilib. 

Məsələn, Tovuzda müsahiblərdən birinin bildirdiyinə görə, üzü erməni postlarına baxan bir pəncərənin qarşısından istinad divarı çəkmək üçün 3 metr hündürlüyündə, 3 metr enində divar çəkilməsi üçün smeta tutulub. Nəticə olaraq təhvil verilən isə 1.5 metr hündürlüyündə, 2 metr enində, hündür torpaq üzərində tikilən divar olub. Ev sahibinin sözlərinə görə, təməli zəif olduğu və heç bir bərkidici bağ vurulmadığı üçün divarın özü uçmaq təhlükəsi törədirdi. Nəticədə divarın qoruduğu evin sahibi o divarı sökərək, daşlarından su hovuzu tikmək üçün istifadə edib. 

Qazax rayonunda isə bu cür divarlar geniş və hündür çəkilib. O da bu divarlar arxasında yaşayan insanları özlərini daha güvəndə hiss etməsini təmin edib. Eyni zamanda, Qazaxın sərhəd bölgəsinin sakinləri rayon rəhbərliyinin onların problemləri ilə də yaxından maraqlandığını bildiriblər. Bu diqqətin özü onsuz da dövlətdən çox şey ummayan sərhəd kəndlərinin sakinləri üçün bir stimul sayılır. 

Rayonlar arasında digər bir fərq isə Qazax rayonunun düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən kəndlərinın sakinləri üçün müəyyən statusun olmasıdır. Belə ki, bu kəndlərin sakinləri yarımköçkün statusu daşıyırlar - onlara işıq və qaz istifadəsi üçün müəyyən bir limit ayrılıb. Bu limit sakinləri əsas kommunal xərclərdən qismən azad edir ki, onlar da həmin qənaət edilmiş vəsaiti öz güzəranlarına sərf edə bilirlər. 

Tovuz rayonunun sərhəd kəndlərində isə belə bir limit mövcud deyil. O səbəbdən Qazax rayonunda yaşayan insanların daha təmin olunmuş saymaq olar. 

Qısaca desək, bir ay ərzində olduğumuz bütün kəndlərdə insanlar müəyyən miqdarda mal heyvan, toyuq-cücə, arı saxlayırlar. Bu, onların dolanışığına müəyyən qədər kömək edir. Amma sakinlərin özlərinin də dediyi kimi, 2 inək, yaxud 5 arı, 10-15 qoyun saxlamaqla ailə dolandırmaq olmur. İş orasıdır ki, bir ailənin bundan artıq təsərrüfat saxlamağa fiziki imkanı da çatmır. 

Bu kəndlərin sakinlərinin əsas çətinliyi nağd pul ilə bağlıdır. Çünki hər dəfə, tutaq ki, 20-30 manata ehtiyac yarandıqda bir inəyi, yaxud bir qoyunu satıb nağd pula çevirmək mümkün və sərfəli deyil. Sərhəd kəndlərində hansı ailədə aylıq pensiya, əlillik və yaxud veteran pulu alan varsa, yəni o ailəyə az miqdarda da olsa nağd pul daxil olursa, onlar müəyyən qədər dolana bilirlər. Bunlar olmayan ailələr isə dolanmaq üçün daha çox əziyyət çəkirlər. 

Sərhəd kəndlərində keçirdiyimiz bir ay ərzində ünsiyyətdə olduğumuz şəxslər deyirdilər ki, vəziyyəti düzəltmək üçün onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Amma əvəzində hər gün daha çox məhdudiyyət və məhrumiyyətlə üzləşirlər. Haqsız yerə əlillikləri ləğv edilir, yaxud, əlillik dərəcələrini dəyişdirərək, aldıqları pulu azaldırlar, bu da heç yerdən əlavə gəliri olmayan insanların maddi sıxıntılarının daha da artmasına səbəb olur. 

***

Sözsüz ki, sərhəd bölgəsində yaşayan əhalinin əsas problemlərindən biri də örüş, əkin və biçin yerlərinin məhdud olmasıdır. Örüş yerlərinin təmas xəttinə düşməsi, yaxud, şərti sərhəddən o tərəfdə qalması da onların mal-qara saxlaması üçün əngəllər törədir. 

Daha çox çətinlik yaradan isə mina təhlükəsidir. Nəzarətsiz qalan heyvanları tapdanmamış, yaşıl ərazilər cəlb edir ki bu da onların canı, sahiblərinin isə malı bahasına başa gəlir. Görünən odur ki, sülh sazişi imzalansa və sərhədlər konkretləşsə belə, bu minalar hələ çox tələfata səbəb olacaq.

Sərhəd kəndləri arasında ən az təmin olunmuş Koxanəbi kəndidir. Ayrıca icra nümayəndəliyi, bələdiyyəsi olan bu kəndin ərazisində nə bir inzibati idarə binası, nə məktəb, nə tibb məntəqəsi mövcuddur. Sanki yaddan çıxmış bir kəndi xatırladan ərazidə 3 böyük mobil operatordan heç biri işləmir. Bu da kəndin boşalmasının səbəblərindən biridir. Koxanəbi sakinlər 2015-2016-cı ilə kimi ara-sıra “bayraqlıların” (Beynəlxalq Qırmızı Xaç) gəlib onların güzəranı ilə maraqlandığını deyirlər. Lakin artıq 7-8 ildir ki, onlarla bir nəfər belə maraqlanmır.  

Qazax rayonun sərhəddə, həmçinin işğal altında olan kəndlərinin əhalisinin başqa bir  ümumi problemi də var. Burada yaşayan insanlar uzun müddət sayğac olmadan mavi yanacaqdan istifadə ediblər. Heç bir qadağa haqda məlumatlandırılmayan sakinlər bir gün artıq hər ailənin adına 3 min, 5 min, hətta 12 min manat qaz borcu yazıldığından xəbər tutublar. Sakinlərin bildirdiyinə görə, bu borclanma heç bir qanunauyğunluq əsasında aparılmayıb. Hətta bildirildiyinə görə, illərlə yaşayış, qaz istifadəsi olmayan evlər olub ki, onlara da 10-12 min manat qaz borcu yazılıb. Düzdür, bu məbləği onlardan hələlik ciddi tələb olunmasa da, hər kəsin üzərində daşıdığı öhdəlikdir.

***

Son 3 ildə - 44 günlük müharibədən bəri burada yaşayan insanların həyatı nisbətən sakit keçir. Mina təhlükəsi, sosial problemlər qalsa da, Ermənistandan gözlənilən təhlükə azalıb. Əvvəllər özlərini aqressiv aparan, ərazinin sahibi sayan erməni hərbçilərinin postlarından daha əvvəlki kimi gur səs çıxmır. Əvvəllər istədikləri vaxt sərxoş vəziyyətdə əhalini narahat edirdilərsə, indi belə hallara rast gəlinmir. 

Artıq insanlar sakit həyata alışırlar. Minalanmış ərazilərin təmizlənməsini, kənddə sərbəst hərəkət etmələrini arzulayırlar. Hətta son 30 ildən bəri ilk dəfədir, gələcəklə bağlı planlar da qururlar. 

Düzdür, söhbət etdiyimiz insanlardan heç biri ermənilərlə münasibətlərin yenidən əvvəlki səviyyədə olacağına inanmırlar. Bu da başadüşüləndir. Çünki bu illər ərzində övladını, qardaşını, dostunu itirən insanların bu tələfatlara səbəb olmuş qarşı tərəfin insanı ilə münasibət quracağı real görünmür. Bu insanların 30 illik həyatı məşəqqətdə keçib. Onlar sağ qalmaq üçün sərf etdikləri enerjini daha yaxşı, xeyirli işlərə sərf edə bilərdilər. Özlərinin də dediyi kimi, hansı insan “yaralıdır”, hansı insanın itkisi olub, o insanların qayıdıb əvvəli münasibətdə yaşaması azı 1-2 nəsil mümkün görünmür. Sərhəddən kənarda, heç bir acısı olmayan, daim güllə qorxusu altında yaşamayan insanlar üçün barışıq o qədər də çətin görünməz. Bu yöndə söhbətlərdə, ümumi olaraq, qadınlarla kişilərin də fikirləri fərqlənir. Kişilər qəti olaraq bu münasibətin əleyhinədirilər. Qadınlar isə nə formada olur-olsun, bu münaqişənin, müharibənin dayanmasını istəyirlər. Hətta övladları düşmən gülləsindən həyatını itirən qadınlar belə əmin-amanlıq olmasını arzulayırlar. İndiyə kimi itirdikləri ilə kifayətlənmək, bundan belə yanlarında qalan yaxınları, əzizləri ilə əmin-amanlıqda həyatlarını davam etmək istəyirlər. 

Əlbəttə, bu kəndlərdə olan problemlər bu və digər formada ölkənin digər ərazilərində də mövcuddur. Lakin ətrafı minalarla əhatələnmiş, illərlə hər an ölümlə yanaşı addımlamış bu insanlar zamanla cəmiyyətin həssas təbəqəsinə çevriliblər. Ən azı örüş yerlərinin qayıtması, minaya düşən heyvanların əvəzinin ödənməsi, hər hansı sosial proqram, yaxud layihənin işlənməsi sərhəd bölgəsində yaşayan insanların da güzəranlarına müsbət təsir göstərə bilər. 

Bunları edə bilsək, sərhəddən başlayan vətən torpağı da boşalmaz, yaşlı sakinlərin ümidinə qalmaz...

İlham Mustafa