Logo
news content
User
Kateqoriyalar

Analitika

190 manata qovuşmuş vətəndaşlar: “Bu məbləğ yetərli deyil”

Ülviyyə Şahin

Məlum olduğu kimi, hökumət ölkədə xüsusi karantin rejiminin tətbiqi səbəbi ilə işsiz qalmış vətəndaşlar üçün birdəfəlik ödəniş müəyyən edib. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

İlk günlər yardımı almaq üçün e-sosial portalına daxil olub, qeydiyyatdan keçməklə bağlı çətinliklər yaşanmışdı. Bundan başqa, müəyyənləşdirilmiş məbləğ də cəmiyyətdə birmənalı qarşılanmadı.

Biz 190 manatı almağa nail olmuş vətəndaşlarla söhbətləşib, onların fikrini öyrəndik. Koronavirusdan əvvəl işləyirdilərmi? Qeydiyyatdan keçdikdə nə kimi çətinliklərlə üzləşiblər? Bu məbləği yetərli sayırlarmı və hansı məqsədlərə xərcləyəcəklər? Virus dövrü bitdikdən sonra iş tapmağa ümidləri varmı?

Paytaxtın Binəqədi rayon sakini Zülfiyyə Dadaşova bildirdi ki, əvvəllər “Kanon” apteklər şəbəkəsində çalışıb:

“İxtisasca tibb bacısıyam. Ailəliyəm, bir azyaşlı övladım var. Yoldaşım avtomobil rəngsasızıdır. Məlum səbəblərdən yoldaşımın işi dayanıb. Düzdür, avtomobillərin servis mərkəzlərinin işləməsinə icazə var, lakin təmir üçün demək olar ki, heç kim müraciət etmir. Yoldaşım karantin rejimi ciddiləşən vaxtdan işləmir, heç bir gəlir yerimiz yoxdur. Hələ ki valideynlərimiz, qohumlarımız köməklik göstərir. Uşağa nə yemək, nə də bez almağa imkan tapırıq...”

Z.Dadaşova hökumətin qərarından sonra çətinliklə də olsa, sistemdə qeydiyyatdan keçdiyini söylədi: “Aprelin 8-də qeydiyyatdan keçdim, beş gün sonra cavab gəldi ki, “Azərpoçt MMC”nin istənilən şöbəsinə yaxınlaşaraq məbləği əldə edə bilərsiniz. Elə həmin gün gedib aldım. Amma əlbəttə ki, bu məbləğ heç bir halda yetərli deyil. Pulu aldığım gün uşaq üçün yemək və “pampers” aldım, kommunal xərcləri ödədim, evə gəldikdə əlimdə 30 manat qalmışdı. 30 manatı da bu ay ərzində ancaq çörək və kartof almaq üçün çatdırmalıyıq. İşlə bağlı hələ müraciət etməyi düşünmürəm, çünki övladım 7 aylıqdır. Onu evdə qoyub, işləyə bilmərəm. Lakin yoldaşım üçün dəfələrlə hər yerə, eləcə də məşğulluğa müraciət etmişik. Karantinə qədər bir sahibkarın avtomobil servisində çalışırdı. Heç ordan da normal, özünün əziyyətinə uyğun qazanc əldə edə bilmirdi. Yoldaşımın tezliklə öz peşəsinə uyğun normal iş tapmasına ümid edirik.”

Bakının Xətai rayon sakini Əsmər Məhəmmədova da birdəfəlik yardımı almış şanslılar sırasındadır:

“Bir övladım var, onu böyüdürəm. Əvvəllər VİP aviasiya xidmətləri şirkətində, hava limanında sərnişindaşınma üzrə agent vəzifəsində işləmişəm. Hazırda işsizəm. İşsizlik statusumu isə bu yaxınlarda almışam. “E-sosial”da qeydiyyatdan keçərkən heç bir çətinlik çəkmədim, normal şəkildə sayta daxil oldum. Pulu hələ götürməmişəm. Bu gün “Azərpoçt”a yaxınlaşdım, amma pulu ala bilmədim, dedilər Bakıda ümumiyyətlə, heç bir şöbələri işləmir, sistemdə problem yaranıb.”

Ə.Məhəmmədova da məbləği yetərli saymır: “Amma kommunal xidmətləri ödəmək, ərzaq almaq üçün az olsa da, bir köməkdir. Elə sadaladığım məqsədlər üçün xərcləyəcəm. 190 manat böyük pul deyil, bunlara çatsa, hələ yaxşıdır. Mən Qərb Universitetinin ingilis-fransiz dili üzrə tərcümə fakültəsini bitirmişəm, yoldaşım isə BDU-nun tarix fakültəsini bitirib. Şirkətlərin birində menecer vəzifəsində çalışıb. Haızrda işsizdir. Bir ilə yaxındır ki, heç bir yerdə işləmir. Ümid edirəm ki, həm mənə, həm də yoldaşıma iş tapılar, ailəmizi saxlayarıq.”