Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Hərb və sülh: kim nəyi seçir?
Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivinə necə yanaşırlar?

Artıq bir neçə aydır Cənubi Qafqaz ölkələrində bir məsələ gündəmdən düşmür - Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasının mümkünlüyü və ehtimallar. Bunu isə mütləq etmək lazımdır, çünki formal olaraq bizim ölkələrimiz hələ də müharibə vəziyyətindədirlər.
 

Amma istər-istəməz ortaya suallar çıxır. Tərəflər niyə hələ də buna nail ola bilməyiblər - axı müharibənin başa çatmasından dörd ilə yaxın vaxt keçib? Sülhün imzalanmasında kim daha çox, kim daha az maraqlıdır, bunlar hansı qüvvələrdir və maraqları nədir?

Region ölkələrinin hər birinə ayrı-ayrılıqda baxsaq, sanki ümumi mənzərə aydın görünür. Ermənistanın, yaxınlığımızdakı ölkələrin və Qərbin aparıcı dövlətlərinin çox ciddi narahatlığına baxmayaraq, rəsmi Bakı Zəngəzur dəhlizinin çəkilməsi üçün Sünik rayonu ərazisindən Ermənistana hücum etmək niyyətinin olmadığını sübut edə bildi. Bununla bağlı şübhələr uzun müddət idi şişirdilirdi. Lakin Azərbaycan rəhbərliyi sülh gündəliyinin təbliğində əzmkarlıq nümayiş etdirdi. Bunun nəticəsində, tərəflər arasında danışıqlar intensivləşdi və hətta praktiki əməkdaşlığa nail olundu - artıq Qazax rayonu ilə Tavuş rayonunun kəsişməsində Azərbaycan-Ermənistan sərhədinin 12 kilometrlik hissəsi müəyyən edilib. Bakı öz addımları ilə bu ilin sonuna qədər İrəvanla sülh müqaviləsi imzalamaq istədiyini göstərir. Son vaxtlar sülh müqaviləsinin noyabrda Azərbaycan paytaxtında COP29 dünya iqlim sammitinin keçirilməsi zamanı imzalanmasının yaxşı olacağı ilə bağlı ehtimallar səslənir. Bir sözlə, Azərbaycanın sülhə istiqamətləndiyi, bunda maraqlı olduğu, sülh naminə fəaliyyət göstərdiyi təəssüratı artıq yaranıb.

Bir çox regional müşahidəçlərin fikrincə, Ermənistanla bağlı hər şey bir qədər fərqlidir. Aydın görünür ki, hazırkı Nikol Paşinyan hökuməti də sülh ideyasını qəbul edir. Əslində bunu İrəvanın danışıqlar prosesinin tezləşdirilməsi və sərhədin demarkasiyasına razılaşması da göstərir. Ermənistanın rəhbərliyinin ritorikası da Azərbaycan və Türkiyə kimi tarixi həssaslıq yaşadığı qonşularla münasibətləri normallaşdırmaq niyyətindən xəbər verir.

Amma eks-prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın təmsil etdikləri müxalifət baş verənlərə fərqli baxır. Bu qüvvələrin nümayəndələri də mütəmadi olaraq qeyd edirlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalanmasının tərəfdarıdırlar. Amma bu zaman hakimiyyəti satqınlıqda ittiham edirlər. Onlara elə gəlir ki, sülhə doğru aparan yolda Paşinyan komandası Azərbaycana əsassız güzəştlər edir.

Əsl radikallığı son aylarda Erməni Apostol Kilsəsi (EAK) göstərir. Kilsə aprelin sonunda Ermənistanın müxtəlif yerlərində yürüşlərə, nümayişlərə və mitinqlərə başlayan və bu gün də aksiyaları davam etdirən Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan vasitəsilə baş verənlərə etiraz edir. Üstəlik, Qalstanyan atdığı addımlarla bağlı Erməni Apostol Kilsəsinin katolikosunun özündən xeyir-dua aldığını açıqlayıb.

Elə bir təəssürat yaranır ki, Ermənistanda hakimiyyətin fəaliyyəti sülhə nail olmağa yönəlib, müxalifət və kilsə isə əksinə, müharibə üçün çalışıb və çalışır.

Nəhayət, Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstan. Ermənistanla Azərbaycan arasında sülhün bu ölkədəki bütün siyasi qüvvələr və insanlar üçün vacib olması arqumentinə az adam etiraz edər. Məsələ ondadır ki, aralarındakı çətin tarixi münasibətlərə baxmayaraq, rəsmi Tbilisi bütün rejimlər dövründə hər iki qonşu ölkə ilə xüsusi dostluq münasibətləri saxlayıb. Bu da başadüşüləndir. Regionumuzdakı nəqliyyat və iqtisadi əlaqələr Gürcüstan üçün belə davranış qaydalarını diktə edir. Odur ki, bu ölkə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dünyanın istənilən digər ölkəsindən daha çox alqışlayar. Axı obyektiv olaraq, belə bir sülh Gürcüstanın siyasi və iqtisadi maraqlarına tam uyğundur. Çünki sülh və əməkdaşlıq regionun bütün potensialını üzə çıxarmağa qadirdir. Qafqazın üç keçmiş müttəfiq respublikası arasında bütün kommunikasiyalar əvvəlki kimi bərpa olunsa, Türkiyə və Mərkəzi Asiya istiqamətində yeni nəqliyyat və iqtisadi layihələrin tikintisinə başlanılsa, buna nail olmaq olar. Üstəlik, Ermənistan-Azərbaycan sülhü bağlandıqdan sonra iqtisadi vəziyyətin belə inkişafı Gürcüstanın şimal qonşusu - işğalçı Rusiyadan siyasi cəhətdən daha az asılı olmasına gətirib çıxaracaq.

Cənubi Qafqazın tanınmış ekspertləri fikirlərini Pressklub.az-la bölüşüblər.

Bakı Mətbuat Klubunun direktoru Arif Əliyev qeyd edir ki, sülh Azərbaycan üçün ilk növbədə, iqtisadi perspektiv baxımından vacibdir.

“Dövlət rəhbərliyinin ölkəni regional və hətta regionlararası ticarət habına çevirmək arzusu var. Bunun da obyektiv əsasları mövcuddur. Ən azından o baxımdan ki, hazırkı şəraitdə Qərb üçün Mərkəzi Asiyanın zəngin təbii sərvətlərinə çıxış yalnız Azərbaycandan keçir”.
 

O deyir ki, digər tərəfdən, dünyanın Çin kimi mühüm ticarət oyunçusu  indi öz mallarını Qərbə quru yolla yalnız Azərbaycan ərazisindən keçməklə apara bilər.

Çinin isə bir xüsusi özəlliyi var. Bunu Brüsseldə Avropa Komissiyasının rəsmilərindən biri ilə söhbət zamanı öyrəndim - Pekin heç vaxt siyasi qeyri-sabitlik və ya həll olunmamış münaqişələrin olduğu regionlara investisiya qoymur. Ona görə də, Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin bağlanmasında çox maraqlıdır”, - Arif Əliyev əmindir.

Politoloq Akop Karapetyanın fikrincə, Ermənistan cəmiyyəti həqiqətən də sülhə doğru irəliləməyə hazırdır, Nikol Paşinyan və komandasının 2021-ci ildə yenidən seçilməsi bunun sübutlarından biridir.
 

Lakin 2021-ci ildən sonra xeyli vaxt keçib və insanlar görür ki, hər dəfə geri çəkildikdən sonra Azərbaycan yeni tələblər irəli sürür. Bu isə Ermənistan cəmiyyətində təhlükəsizlik çatışmazlığı hissini daha da artırır. Mən insanlar - ictimai xadimlər tanıyıram ki, onlar illər boyu sülhsevər mövqedən çıxış ediblər və Ermənistan cəmiyyətində status-kvonun saxlanmasının zəruriliyi ideyası hakim olduğu dövrdə belə, Ermənistan-Azərbaycan əməkdaşlığının tərəfdarı olublar. Bu gün həmin insanların sülh prosesi ilə bağlı çoxlu sualları var. Digər tərəfdən, Bakıdan vaxtaşırı gələn mesajlar mənə 90-cı illərin ortalarından başlayaraq erməni siyasi elitasında hökm sürən əhval-ruhiyyəni xatırladır. O zaman siyasi elita düşünürdü ki, uğurlu müharibə başa çatdıqdan sonra maksimum nəticə əldə edə bilmək üçün düşməndən daha çox güzəşt tələb olunmalıdır. Biz gördük ki, bu mövqe regiona sülh gətirmədi və mən başa düşmürəm ki, niyə indi başqa yanaşma olmamalıdır”, - analitik qeyd edir.

O deyir ki, Ermənistan cəmiyyətinin böyük hissəsi və onun seçilmiş hökuməti sülhə can atır.

Etiraz edən kütləyə gəlincə, bu insanların hamısının Azərbaycanla əbədi düşmən olaraq yaşamaq arzusunda olduğunu birmənalı olaraq demək olmaz. Onların Paşinyanın daxili və xarici siyasəti ilə kəskin fikir ayrılığı var və öz mövqelərini etiraz aksiyaları ilə ifadə edirlər. Ermənistanın küçə etirazları ilə bağlı zəngin təcrübəsi var. Şəxsən mən, xarici siyasətdə vəziyyətin necə asılı olmasına baxmayaraq, elə bir il xatırlamıram ki, bu və ya digər hadisə ilə bağlı İrəvanda kütləvi nümayişlər keçirilməsin. Yəni bu, Ermənistan ictimai həyatının ayrılmaz hissəsidir.

Hazırkı hərəkatın liderlərinə və onların ritorikasına gəlincə, hesab edirəm ki, onların sırf daxili siyasi planları var. Bu, o cümlədən 2026-cı il seçkiləri öncəsi siyasi meydanın təmizlənməsi və mövqelərin müəyyənləşdirilməsidir, Ermənistan-Azərbaycan prosesi yalnız “informasiya bəhanəsi” xarakteri daşıya bilər”, - deyə ekspert hesab edir.

EAK-ın mövqeyinə gəlincə, deyə bilərəm ki, bəli, o, ənənəvi olaraq cəmiyyətin mühafizəkar və təcridçi hissəsinin əhval-ruhiyyəsini əks etdirən siyasi proseslərdə iştirak edib. Təbii ki, hazırda kilsənin yüksək mövqe tutan din xadiminin timsalında siyasi proseslərdə iştirak etməsi yeni məsələdir, amma burada da nüanslar var. Əvvəla, arxiyepiskop Baqrat həqiqətən də deyib ki, o, katolikosun xeyir-duasını alıb. Keşişin sözlərinə şübhə etmək üçün heç bir əsasım yoxdur. Amma fakt budur ki, biz katolikosun dilindən birbaşa dəstək sözlərini hələ də eşitməmişik. Üstəlik, elə bu günlərdə kilsənin ən yüksək kollegial orqanı bəyanat yayaraq, arxiyepiskop Baqratın rəhbərlik etdiyi hərəkatdan məsafə saxlamağa çalışıb. Bu, ya kilsə ilə Paşinyan arasında hansısa məsələlərdə razılığa gəlindiyi, ya da kilsə və onu dəstəkləyən siyasi qüvvələr arasında etiraz hərəkatının ən azı indiki mərhələdə başa çatmış sayıla biləcəyi və daxili siyasi mübarizənin növbəti mərhələsinə hazırlaşmaq lazım olduğu fikrinin kök salması anlamına gələ bilər.

Üstəlik, bəzi xarici siqnallar onu deməyə əsas verir ki, İrəvan və Bakı arasında birbaşa danışıqları davam etdirmək və siyasi iradə olarsa, müəyyən nəticə əldə etmək üçün yaxşı məqamdır”, - deyə A.Karapetyan bildirib.

Öz növbəsində konfliktoloq, beynəlxalq münasibətlər üzrə doktor, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi onilliklər ərzində ürək ağrıdan münaqişə olub və Gürcüstan dövlətinin, onun siyasi spektrinin və gürcü cəmiyyətinin ona münasibətini ayrıca qeyd etmək lazımdır. 

“Gürcüstan dövləti və gürcü cəmiyyəti bu münaqişənin sülh yolu ilə başa çatması arzusunda həmişə yekdil olub və bu çətin prosesə, heç olmasa, ən kiçik müsbət təsir göstərmək üçün hər cürə səy göstərib. Bu gün Gürcüstanın bütün siyasi partiyaları və bütövlükdə cəmiyyəti bu münaqişənin tam başa çatmasında çox maraqlıdır. Çünki bu, hamımızı çoxdan gözlənilən sülh və inkişafa aparan yoldur. Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması Gürcüstanın ərazi problemlərinin sülh yolu ilə həll edilməsində həlledici rol oynaya bilər, ona görə də bu tarixi proses bizim üçün həm də bu baxımdan vacibdir”, - deyə ekspert qeyd edir.
 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ona görə vacibdir ki, bu, təkcə iki ölkənin deyil, həm də bütün regionun gələcək maraqlarına cavab verir.

Əlbəttə, hazırkı müxalifətin bu mühüm prosesdə tormozlayıcı amil olduğu Ermənistanla bağlı narahatlıqları qeyd etmək lazımdır. Lakin əminəm ki, Ermənistanın nüfuzdan düşmüş, birbaşa Kremldən idarə olunan revanşist müxalifəti bu tarixi prosesin qarşısını ala bilməyəcək və onların bütün fəaliyyəti nəticəsiz qalacaq.

Amma bütün bunlar bizim rahat olmağımıza imkan vermir və hər üç Cənubi Qafqaz dövləti yeni geosiyasi reallığın yaratdığı imkanlardan maksimum yararlanmaq üçün bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi məsələlərin həllində koordinasiyalı fəaliyyət göstərməlidir. Bunun üçün isə ilk növbədə ölkələr arasında intensiv ünsiyyət və müsbət gündəmin yaradılması lazımdır”, - deyə A.Xevtsuriani yekunlaşdırıb.

Rauf Orucov