Bakı və İrəvan arasında seçim, yaxud İrandan ziddiyyətli bəyanatlar
Rəisi və Xamneinin son açıqlamaları Ermənistan və Azərbaycan üçün nəyisə dəyişirmi?
28 May 2024
İran prezidenti İbrahim Rəisinin faciəli ölümündən sonra İran-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı suallar yaranıb. İranın ali lideri Əli Xamenei mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ermənistanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Turan agentliyi qeyd edir ki, rəsmi Tehran Rəisinin dəfn mərasimindən dərhal sonra baş tutan bu görüşlə İrəvanla münasibətlərinə sadiqliyini göstərmək istəyib.
Xamenei deyib: “Mərhum prezident də Ermənistanla münasibətlərə xüsusi yer verirdi. Biz siyasətimizi bu həssas məsələləri nəzərə alaraq davam etdirəcəyik”.
Rəisi, mayın 19-da baş verən və faciəyə səbəb olan helikopter qəzasından cəmi bir neçə saat əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və iki dövlətin ortaq sərhədində su qurğularının açılış mərasimində iştirak edib. Mərhum prezident nitqində qarşılıqlı inkişafa ümid etdiyini bildirib: “Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Hesab edirik ki, Azərbaycanın inkişafı həm də bizim inkişafımızdır”. Əliyev bu fikri dəstəkləyərək bildirib ki, regional inkişaf kənar müdaxilələr olmadan yerli əhali tərəfindən müəyyən etməlidir.
Beləliklə, ali dini lider Xamenei ilə mərhum prezident Rəisinin bəyanatları arasında müəyyən dissonans hiss olunur. Regiondakı ekspert dairələrində İran prezidentinin ölümü ilə bağlı yayılan ən məşhur versiyalarından biri də bunun İranın ali siyasi dairələrindəki mübarizənin nəticəsi ola biləcəyi versiyasıdır və bu da səbəbsiz deyil. Bəzi nüfuzlu qüvvələr qoca Xamneinin varisi kimi Rəisini görürdülər, lakin bu fikir ali dini liderin özünün xoşuna gəlmirdi. Mümkündür ki, Tehranın Bakı və İrəvanla münasibətlərinin gələcəyi ilə bağlı da fikir ayrılığı olub.
Yeri gəlmişkən, prezident Əliyev Rəisinin ölümündən dərhal sonra açıqlama ilə çıxış edərək, görüşdə ikitərəfli münasibətlərə dair bir çox məsələlərlə bağlı razılıq əldə olunduğu və görüşün sağ qalan iştirakçılarının bu barədə bütün məlumatları İran rəhbərliyinə çatdıracaqlarına ümid etdiyini bildirib.
Bu hadisələr və bəyanatlar fonunda İran-Azərbaycan münasibətlərinin gələcəyi necə ola bilər? Bu məqamlar Bakı ilə İrəvan arasındakı proseslərə necə təsir edə bilər?
Pressklub.az-ın suallarını regional məsələlər üzrə tanınmış ekspertlər cavablandırıblar.
İran üzrə ekspert Anna Gevorqyan deyir ki, ilk baxışdan həqiqətən də bu bəyanatlarda ziddiyyət olduğu görünür, lakin bu, yalnız ilk baxışdan belədir.
“Düşünürəm ki, iki məqamı nəzərə alsaq, bu ziddiyyətlər aradan qalxacaq.
Birincisi, İranın dini liderinin prezident Rəisinin Ermənistan-İran sərhədi ilə bağlı həssaslıq nümayiş etdirdiyini deməsi diplomatik jestdir. Çünki bu həssaslıq prezidentin şəxsiyyəti ilə bağlı deyil, İranın uzunmüddətli regional maraqları ilə bağlıdır və belə də qalır.
İkincisi, İbrahim Rəisinin İran-Azərbaycan münasibətləri ilə bağlı açıqlamaları Ermənistan-İran münasibətlərindəki “həssaslıqla” heç də ziddiyyət təşkil etmir. Hesab edirəm ki, İranın regional siyasəti Ermənistan və Azərbaycanla balanslaşdırılmış münasibətlərə əsaslanıb və belə də olacaq. Bu siyasət özündə bütün ölkələrin ərazi bütövlüyü prinsipini və bu ölkələrlə iqtisadi əlaqələrin dərinləşməsini ehtiva edir”, - deyə mütəxəssis qeyd edib.
Siyasi şərhçi Murad Sadəddinov deyir ki, indi xeyli sui-qəsd nəzəriyyələri ortaya çıxacaq.
“Adətən dövlət liderlərinin qəfil ölümü ətrafında həmişə bu cür sui-qəsd nəzəriyyələri yaranır. Bu zaman müxtəlif versiyalar irəli sürülə bilər. O cümlədən, hadisənin məsələn, helikopterdəki texniki nasazlıq və ya pis hava şəraiti səbəbindən baş verməsi deyil, hansısa qüvvələr tərəfindən İran rejiminin başçısının potensial varislərini ortadan götürmək planı olması ilə bağlı. Mən belə fikirlərin tərəfdarı olmadığımdan, bu barədə heç nə deyə bilmərəm. Hələ də hesab edirəm ki, İran prezidentinin ölümünə bir neçə amilin üst-üstə düşməsi səbəb olub”, - ekspert qeyd edir.
Onun fikrincə, Xamneinin Ermənistanın baş naziri ilə görüşdə söylədiyi fikirlər sadəcə protokol bəyanatlarıdır. “İran liderləri həmişə Ermənistanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyindən danışırlar və Tehran bunu Azərbaycan və Türkiyə ilə qarşıdurmada balans kimi qiymətləndirərək həmişə İrəvana qarşı müstəsna siyasət aparıb. Mənə elə gəlir ki, bu kurs saxlanılacaq.
Azərbaycana isə bu gün İran üçün mühüm amilə çevrilir və mümkündür ki, Tehran hətta Bakı ilə əməkdaşlıq etməyə məcburdur. Çünki Azərbaycan İranın əsas müttəfiqlərindən birinə - Rusiyaya birbaşa çıxış üçün vacibdir və onların arasındakı əlaqəni təmin edə bilən yeganə tranzit dövlət ola bilər.
İkincisi, İran başa düşür ki, türk dövlətlərinin birləşməsinin güclənməsi prosesi gedir və kənarda qalmamaq üçün Azərbaycanla vaxtilə özlərinin günahları ucbatından pozulan münasibətləri bərpa etməyə məcburdur. Ona görə də, İrandan Azərbaycana ünvanlanan müxtəlif mədhiyyələri eşidəcəyik. Bu gün Azərbaycan regionda kifayət qədər güclü və mühüm oyunçudur və düşünürəm ki, İranla əlaqələr inkişaf edəcək.
Hesab etmirəm ki, İranın yeni liderləri Rəisinin Azərbaycana qarşı yürütdüyü siyasətlə müqayisədə tamamilə əks qərarlar verəcəklər. Əksinə, mərhum prezidentin həyata keçirdiyi xətt yaxşılaşma istiqamətində davam edəcək. Hazırda bunun üçün heç bir risk görmürəm və güman edirəm ki, seçkilərdən sonra yeni prezident Rəisinin həm Azərbaycana, həm də Ermənistana münasibətdə əvvəlki bəyanatlarını təkrarlayacaq”, - Sadəddinov yekunlaşdırıb.
Rauf Orucov