Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, xanım Sunna Eversdottir (İslandiya), həmçinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçilər Stefan Şennax (Avstriya) və Ser Roger Qeyl (Böyük Britaniya) Bakıda son həbslərlə əlaqədar birgə bəyanatla çıxış ediblər.

“Biz Azərbaycan-Ermənistan sərhədində toqquşmalardan sonra nümayişçilərin kütləvi həbsləri ilə bağlı məlumatlardan ciddi narahatıq. Saxlanılan şəxslərin dövlət çevrilişi barədə yalan ifadələr verməyə işgəncələrlə məcbur edilməsi barədə məlumatlar bizi çox narahat edir. Bu məzmunda biz AXCP-nin icraçı üzvlərindən biri Fuad Qəhrəmanlının həbsindən və ona ya qarşı irəli sürülmüş ittihamlardan xüsusilə narahatıq”, – deyə AŞPA-nın saytında yerləşdirilmiş bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, heç bir prosessual təminat yaradılmadan inzibati həbslərdən geniş istifadə olunması Assambleya, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi və Nazirlər Komitəsi tərəfindən dəfələrlə tənqidə məruz qalıb:

“Biz, həmçinin, ictimai asayişin pozulması ilə bağlı, məlumatlara görə, saxta sübutlar əsasında ittihamlar irəli sürüldüyünü qeyd edirik. Belə ittihamlardan sui-istifadə halları da tez-tez tənqid olunur, o cümlədən məhkəmə qərarlarında cinayət qanunvericiliyindən siyasi məqsədlərlə sui-istifadə olunduğu təsbit edilir. Son hadisələr göstərir ki, məhkəmə tərəfindən aşkar edilmiş ixtiyari həbslər və hökumət tənqidçilərinin saxlanılması kimi narahatlıq doğuran hallar, Nazirlər Komitəsi tərəfindən təsvir edilmiş inzibati saxlanmalardan sui-istifadələrlə bağlı struktur problemi hələ də qalmaqdadır. Bu, cari ilin yanvar ayında Assambleyanın 2322 (2020) saylı qətnamə qəbul etməsindən sonra real tərəqqinin olmaması deməkdir. Biz Azərbaycan hökumətini ifadə və toplaşmaq azadlığına tam hörmətlə yanaşilmasını, işgəncələrin qadağan olunmasını, habelə saxlanılan şəxslərə münasibətdə azadlıq və təhlükəsizlik, ədalətli məhkəmə hüquqlarının qorunmasını təmin etməyə çağırırıq. Yaxın vaxtlarda biz, müvafiq prosedurlarımıza uyğun olaraq, siyasi məhbuslara dair 2322 (2020) saylı qətnamənin, habelə 2184 (2017) saylı qətnamənin həyata keçirilməsində əldə olunmuş tərəqqi barədə Azərbaycan nümayəndə heyətindən əlavə məlumat istəyəcəyik”.

Məruzəçilər onu da qeyd edirlər ki, vəziyyəti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri ilə birbaşa yazışmalarda müzakirə etmək cəhdlərindən imtina olunub. Onlar bununla əlaqədar da məyusluqlarını bildiriblər.

Press Klub