Turan: Fevralın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun verdiyi 6 şikayət üzrə qərar çıxarıb.

AİHM onların işgəncə, qanunsuz axtarış, məhkəməöncəsi həbs, qeyri-insani rəftar şikayətlərini təmin edib.

Məhkəmə fəalların 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (toxunulmazlıq hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə həddi) maddələr üzrə hüquqlarının pozulduğu qənaətinə gəlib.

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir.

Xatırladaq ki, NİDA Gənclər Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov xüsusilə böyük ölçüdə narkotik maddə saxlamaq ittihamı ilə həbs ediliblər və hər biri 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onların həbsinin əsl səbəbi isə 2016-cı ilin mayında Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazmaları olub.

Onlar siyasi məhbus kimi tanınıblar və 2019-cu ilin martında əvf fərmanı ilə azadlığa çıxıblar.

Mənbə