Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-cü İllik Toplantısının Gürcüstan paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.

“APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, illik toplantı 2021-ci ilin may ayının 2-dən 5-dək davam edəcək. İştirakçılar arasında üzv ölkələrdən nazirlər, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri və media nümayəndələri olacaq.

Qeyd edək ki, AİB-in Rəhbərlər Şurasının builki illik toplantısı 4-5 may 2020-ci il tarixlərində Cənubi Koreyanın İnçion şəhərində keçirilməli idi. Lakin tədbirin COVID-19 pandemiyası ilə əlaqədar keçirilməsi mümkünsüz olub və iclas iki mərhələdə – 22 may tarixində AİB-in baş qərargahının yerləşdiyi Filippinin paytaxtı Manila şəhərində və cari ilin 17-18 sentyabr tarixlərində isə video-konfrans formatında keçirilib. Azərbaycanı ölkənin Maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edib.

Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Mənbə