Səfərbərlik ajiotajı
23 Сентябрь 2020
Son günlər ehtiyatda olan zabit və əsgərlərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təcili şəkildə çağırış məntəqələrinə dəvət edilməsi ajiotaja səbəb olub. Bəzi şəxslərin polis və yerli hakimiyyət nümayəndələri tərəfindən yolda saxlanılıb, aparılmasına dair faktlar da var. İnsanlar bütün bunları müharibə üçün ümumi səfərbərliyin başlanması kimi qəbul ediblər. Xarici media da faktı bu cür qiymətləndirib.
Mövzu ilə bağlı sualımızı cavablandıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Füzuli İsmayılov məsələyə bir daha aydınlıq gətirərək hazırda ehtiyatda olan hərbçilərin hərbi təlim toplanışlarının həyata keçirildiyini söylədi. O bildirdi ki, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışına çağırılması təşviş üçün heç bir əsas vermir.
F. İsmayılov xatırlatdı ki, ölkənin hərbi vəzifə və hərbi xidmət haqqında qanununa uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlimə çağırılırlar:
"Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib. Hazırda ehtiyatda olan hərbçilərin hərbi təlim toplanışları plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb. Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, heç bir təşvişə əsas yoxdur".
Hərbi məsələlər üzrə ekspert Abuzər Əbilov da qeyd etdi ki, ölkədə səfərbərlik elan olunmayıb və buna lüzum da yoxdur:
“Bir sıra dünya ölkələrinin hərbi ehtiyatı olduğu kimi, Azərbaycanın da ehtiyatda olan qüvvələri mövcuddur. Hər bir əsgəri xidmət keçmiş vətəndaş xidmətdən sonra ehtiyata buraxılır. Bu zaman Səfərbərlik Xidməti tərəfindən plana uyğun toplanışlara cəlb edilir. Bu toplanışlar uzun müddət aparılmamışdı. Çünki Azərbaycan müharibə yolu yox, sülh yolunu tutan ölkədir. Əfsuslar olsun ki, Minsk qrupunun həmsədrləri illər uzunu bu sülh prosesini ölü nöqtədən tərpədə bilmədilər və Azərbaycan məcburən hərb yoluna üstünlük verməyə məcburdur. Ordu tam komplektlidir. Səfərbərliyə ehtiyac yoxdur. Lakin ikinci, üçüncü eşelon və ordunun ehtiyat qüvvə anlayışları var. Məhz buna görə toplanış, təlim-tədris treninqlərinə start verilib”.
Ekspertin sözlərinə görə, vətəndaş çağırış haqqında zəng, məktub, bildiriş aldıqdan sonra bu bildirişlərdə göstərilən vaxt ərzində toplanış məntəqəsinə gəlməyə borcludur:
“Bu, onun ehtiyatda olan əsgər, hərbçi kimi borcudur. Bildiriş, zəng çatmadığı zaman isə yerli icra nümayəndəliyi və polis şöbələrinin vətəndaşı tapıb, toplanışa aparması qanunidir”.
Təlimlərə kimlərin cəlb olunduğu haqda suala cavabında A.Əbilov dedi ki, təlimlərə həqiqi xidmətini başa vurmuş əsgərlər, ehtiyatda olan zabitlər və qanunda nəzərdə tutulmuş hərbi mütəxəssislər cəlb olunur. Təlimlərin məqsədi HUİ (Hərbi Uçot İxtisası) üzrə xidmətdə alınan bilgilərin təkrarlanması, Azərbaycan ordusunun arsenalına daxil olan yeni silah, texnika, sursat və ləvazimatlarla tanışlıq, onların istismar qaydaları və səfərbər ola biləcək insanların öz ixtisaslarına bölünməsi və komandalaşması treninqidir. A.Əbilov vurğuladı ki, Səfərbərlik Xidməti bu kimi tədbirləri hər zaman planlı şəkildə keçirməli, çağırışa cəlb olunan insanların yerdəyişməsi, səhhəti, fiziki durumu haqda məlumatlı olmalı idi:
“Bunlar tam açıq şəkildə deyilmədi. Bu gün də toplanışa qatılmış bəzi insanların tibbi və fiziki durumunda problemlər var və bunlar dəqiq yoxlanılmır. Əgər illər uzunu plana uyğun bu tədbirlər keçirilsəydi, ölkədə bu çaşqınlıq, ajiotaj və xaricdən yayılan dezinformasiyalar olmazdı. Mən şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanına təşəkkür edirəm ki, Tovuz döyüşlərindən sonra Xidmətə göstəriş verdi və paslanmış qapılar açıldı”.
Ülviyyə Şahin