“Lavrov planı” gündəmə gəldi
23 Сентябрь 2020
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə vacib açıqlamalar verib.
Lavrov Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqların Nikol Paşinyan hökuməti tərəfindən bloklandığını ifadə edib. O bildirib ki, Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir:
"Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi həll prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların başlayacağı barədə gözləntilərin artdığı bir vaxtda Lavrovun belə bir açıqlama verməsi maraq doğurur. Çünki rusiyalı nazirin birbaşa ittiham hədəfi Paşinyan hökumətidir. Rusiya ilk dəfə öz strateji müttəfqini Qarabağ mövzüsunda rəsmi və açıq dillə qınayır.
Əslində Ermənistanda Rusiyaya bağlı siyasi elitanı inqilabla devirərək hakmiyyətə gələn Paşinyan hökuməti ilə Moskva arasında münasibətlərin sərin olması heç kimə sirr deyil. Rusiya Ermənistanla strateji tərəfdaşlığını davam etdirsə də, Paşinyanın rəqibləri Köçəryan-Sarkisyan ittifaqını müdafiə etməkdən, onların mövqelərini gücləndirməkdən çəkinmir. Moskvada hesab edirlər ki, Qərb dairələri ilə sıx işbirliyində olan Ermənistan iqtidarı tədricən ölkəni Rusiyanın təsirindən çıxarıb, Qərbə yaxınlaşdırmağa çalışır.
Lavrovun bəyantına qayıtsaq, şübhəsiz ki, o, Paşinyanın iyulun 23-də etdiyi məşhur çıxışını nəzərdə tutur. Xatırladaq ki, erməni baş nazir rəsmi Bakını müharibə ritorikasını gücləndirməkdə ittiham edərək danışıqların bərpa olunması üçün şərtlər açıqlamışdı. Şərtlər bunlar idi:
-Ermənistan və Dağlıq Qarabağın ümumi təhlükəsizlik sistemi möhkəmləndirilməlidir;
-Dağlıq Qarabağ danışıqların tamhüquqlu tərəfi olmalıdır;
-Azərbaycan güc tətbiqindən açıq şəkildə imtina etməli və antierməni ritorikasını dayandırmalıdır;
-Əgər Azərbaycan öz maksimalist tələblərindən əl çəkməyə və məhdudiyyətsiz kompromisə getməyə hazırdırsa, danışıqların mənası olacaq;
-Dağlıq Qarabağın özünütəyin hüququnun tanınması, Ermənistan və DQ-nin təhlükəsizliyi güzəşt predmeti olmayacaq;
-Atəşkəsi kimin pozduğunu təsbit etməyə yönələn daimi nəzarət mexanizmlərini əhatə edən beynəlxalq monitorinq sisteminin tətbiqi zəruridir;
-Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirəcək və Türkiyənin regionda sabitliyi pozmaq cəhdlərini qəti şəkildə rədd edir...
Paşinyanın bu bəyanatına Azərbaycan prezidentinin reaksiyası sərt olmuşdu:
"Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sergey Lavrovun açıqlamasını “Press Klub”a şərh edərkən bildirdi ki, nazir əslində yeni bir fikir bildirməyib:
"Madrid prinsiplərində və başqa həll variantlarında da belə təkliflər irəli sürülmüşdü. Amma Ermənistan bu və ya digər həll variantları ilə bağlı vasitəçilərin bütün təkliflərini rədd edib. Ona görə də Lavrovun bəyanatı ilə Ermənistana qarşı aparılan xarici siyasət arasında ciddi paradokslar var. Çünki Ermənistanın destruktiv mövqeyinə qarşı Rusiya və digər həmsədr ölkələr adekvat reaksiya göstərərək ona qarşı sanksiyalar tətbiq etməyiblər. Rusiya daha irəli gedərək işğalçını hərtərəfli dəstəkləyir, onu silah-sursatla, hərbi texnika ilə təmin edir. Bu siyasəti aparmaqla bərabər, Ermənistanın hansısa sülh planına razılaşmadığını demək üst-üstə düşmür".
T.Zülfüqarov S.Lavrovun bəyanatında müsbət məqamlar da görür: "Nazirin dedikləri Ermənistanın hazırkı siyasi rəhbərliyinin destruktiv mövqeyini göstərmək baxımından əhəmiyyətlidir".
T.Zülfüqarov hesab edir ki, Azərbaycan BMT Nizamnaməsinə əsaslanaraq işğal faktını aradan qaldırmaq üçün hərəkət etməli və işğalçıya qarşı güc tətbiq etməldir.
Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Lavrov bu bəyanatla Rusiya hakimiyyətinin münaqişənin “mərhələli həll” planını dəstəklədiyini, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın buna mane olduğunu deyib:
"O zaman sual olunur: əgər Nikol Paşinyan Moskvanın dəstəklədiyi “mərhələli həll” planını əngəlləyirsə və erməni baş nazir Lavrovun təbirincə desək, “nizamlanmaya mane olursa”, nədən Rusiya Ermənistana hərbi yardımı dayandırmır, tam əksinə, hərbi yüklərin daşınması davam edir. Paşinyan Moskvanın “sülh səylərini” əngəlləyirsə, Kreml məntiqlə Paşinyana təzyiq etməli, ən azı onun əli ilə Ermənistan ordusunun gücləndirilməsini müvəqqəti dayandırmalıdır. Digər tərəfdən, Rusiyanın əlində Paşinyana təzyiq etmək üçün kifayət qədər iqtisadi və enerji alətləri var. Kreml bu təzyiq alətlərindən istifadə etmir. Yəni Paşinyanı başa salmaq üçün Kremlin əlində alətlərin sayı kifayət qədərdir, ancaq bunların heç birindən istifadə olunmur".
Politoloqun sözlərinə görə, görünür, Lavrovun son açıqlaması Kremlin müharibə qorxusundan irəli gəlir:
"Kreml Azərbaycanın Türkiyə ilə birgə hərbi hazırlıqlarını müşahidə edərək, iki dövlətin işğal altındakı torpaqları azad etmək iradəsini bilərək, “Paşinyan sözümüzə qulaq asmır”, açıqlamasıyla bizi sakitləşdirməyə, müharibə riskini azaltmağa çalışır".
Lavrovun 5 rayonun azad olunmasından danışarkən Kəlbəcər və Laçının taleyi barədə fikir söyləmədiyinə diqqət çəkən ekspertin sözlərinə görə, biz bununla kifayətlənə bilmərik:
"Azərbaycan Ermənistanla nəqliyyat-kommunikasiya sistemini yalnız o halda bərpa edə bilər ki, 5 rayonla yanaşı, Şuşa, Kəlbəcər və Laçının da azad olunması təmin edilsin. Ermənistan hakimiyyəti yerli separatçılarla birgə təxribatlarını – köçü, müəssisələrin açılmasını və “parlament”in köçürülməsini məhz adı çəkilən rayonlarımızda həyata keçirir. Lavrovun bu haqda mövqeyi bəlli deyil".
Maraqlıdır, Sergey Lavrov "sülhməramlılar" dedikdə nəyi nəzərdə tutur? E. Şahinoğlu hesab edir ki, bu, istisnasız olaraq Rusiya hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsi deməkdir:
"Buna yol vermək olmaz. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda neytral ölkələrin sülhməramlıları yerləşdirilməlidir. Çünki Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə, bir daha Azərbaycandan çıxmayacaq. Elə SSRİ dövründə Qarabağ separatçıları rusların bölgədəki hərbi bazalarından əldə etdikləri silahlar və hərb texnika vasitəsilə torpaqlarımızı işğal etmiş, qətliamlar törətmişdi. Əgər Moskva rusiyalı “sülhməramlılar”ın bölgədə yerləşməsində israr edərsə, biz də Türkiyə hərbçilərinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan hissəsində, o cümlədən Şuşada, Kəlbəcərdə və Laçında yerləşməsini təmin etməliyik".
Politoloqun fikrincə, bütün hallarda Rusiya rəsmilərindən kimsə ilk dəfə açıq şəkildə Paşinyandan narazı olduqlarını və 5 rayonun azad edilməsinin vacibliyini dilə gətirib:
"Bu, Azərbaycan - Türkiyə hərbi ittifaqının gücləndirilməsinin və müharibə hazırlıqlarının doğru strategiya olduğunun göstəricisidir. Demək, Ermənistana hərbi təzyiqi artırmaqda fayda var".
Turqut