Logo
news content
User
Категории

Новости

Əfv siyahısına sifarişlə adlar salınır?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında bildirilib ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvləri bəzi hallarda sifarişlə siyahıya adlar saldırır. Yaxud da, qərəzli şəkildə kimlərinsə adları bu siyahıdan kənarda saxlanılır.

Deputat Elman Nəsirov iddia edir ki, hətta komissiyanın üzvü olan deputatlardan birinin sürücüsü belə, əfv siyahısına kimlərinsə adlarının daxil edilib, azadlığa çıxmasına nail ola bilirmiş: “Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.

Gəncənin deputatı Naqif Həmzəyev də əfv məsələləri ilə bağlı müəyyən problemlərin olduğunu söyləyib:

“Bu gün aparılan təhlillər göstərir ki, cinayət törədən şəxslərə bəzən ağırlaşdırılmış cəzalar verilib, bəzi şəxslərin isə adlarının əfv siyahısına düşməsinin qarşısı qərəzlı şəkildə alınıb. Bu məsələ ilə bağlı dinləmələr keçirməyi təklif edirəm”.

Uzun illərdir Əfv Məsələləri Komissiyasının üzvlərindən olan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bu iddialarla razılaşmır. Hüquqşünas “Press Klub”a bildirdi ki, komissiya üzvlərindən hər hansı biri kimisə siyahıya saldırmaq, yaxud başqa birini kənarda saxlamaq istəsə belə, təkbaşına buna nail olması mümkün deyil. Çünki Əfv Məsələləri Komissiyasının iclasında siyahıya adı daxil edilən hər bir şəxslə bağlı qərar kollegial şəkildə verilir:

“Bu barədə fikir söyləyənlər yaxşı olar ki, bir qədər də konkretləşdirsinlər, fakt varsa, ortaya qoysunlar. Əks halda, böyük miqyaslı humanist işə kölgə salmaq doğru deyil. Əfv komissiyasında qərarlar kollegial qəbul edilir. Orada hər hansı üzvün fikir bildirməsi o demək deyil ki, dərhal qəbul edildi. Komissiya üzvlərinin hər birinə, o cümlədən mənə də müraciətlər daxil olur. O müraciətləri iclasda müzakirəyə çıxarırıq. Düzü, komissiya üzvlərindən hər hansının deputatların iddia etdiyi hərəkətlərə yol verdiyini düşünmürəm. Çünki kriteriyalara uyğun deyilsə, istədiyini keçirmək mümkün də deyil. Əfv komissiyasında hər bir şəxs haqqında məsələ əhatəli şəkildə müzakirə olunur, sonra qərar verilir. Qərarlar yarıdan çox səs çoxluğuyla qəbul edilir. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə münasibətdə isə üzvlərin üçdə ikisi səs verməlidir. 90 faiz hallarda konsensus əldə olunur. Əfv komissiyasının vəzifəsi işi texniki-təşkilati baxımdan hazırlayıb, dövlət başçısına təqdim etməkdir. Son qərarı dövlət başçısı verir, onun müstəsna səlahiyyətində olan məsələdir”.

Ə.Nuriyev müzakirələr zamanı diqqət yetirilən məqamları da açıqlayıb. Komissiya üzvünün sözlərinə görə, həmin kriteriyalar Əfv haqqında Əsasnamədə də əksini tapıb. Məsələn, şəxs cəzasının yarısını çəkəndən sonra onun əfv üçün müraciət hüququ yaranır: “Şəxsin cinayətinin ağırlığı, ictimai təhlükəlilik, özünün ailə vəziyyəti, sağlamlığı, dəymiş ziyan varsa, ödənilib-ödənilməməsi, zərərçəkmiş tərəfin mövqeyi, dövlətin, cəmiyyətin maraqları nəzərə alınır”.

Hüquqşünas qeyd etdi ki, Əfv Məsələləri Komissiyasının üzvləri də həbsdə olanların azadlığa çıxmasında maraqlıdır. Amma digər tərəfdən, kriminogen durumun gərginləşməsinə səbəb olacaq qərarlar verilməməlidir. Bütün bunları nəzərə alaraq, tarazlı şəkildə qərar verilir: “Elə hal olub ki, şəxsin cəzasının bitməsinə az qalıb, amma müzakirələr zamanı belə nəticəyə gəlmişik ki, belə bir əmələ görə onun vaxtından əvvəl buraxılması birmənalı qarşılanmaz. Ona görə razılıq verilməyib”.

Ə.Nuriyev Milli Məclisdə genişmiqyaslı, daha çox maddəni əhatə edən Amnistiya Aktının qəbulunun tərəfdarıdır: “Məhkumlar amnistiya aktını daha səbrsizliklə gözləyirlər. Çünki əfv konkret şəxsə aid məsələdir. Amma amnistiya maddələrə şamil olunduğuna görə daha çox məhkumu əhatə edir. Əlbəttə, bu məsələdə də kriminogen durumla bağlı məsələni gözardı etmək olmaz”.

İnsan Hüquqları Klubunun (qeyri-hökumət təşkilatı) sədri Rəsul Cəfərov da təsdiqlədi ki, əfv siyahısına düşə bilmək üçün müəyyən kriteriyalar var. Amma təcrübədə elə hallar olub ki, Əsasnamədə əksini tapmış həmin kriteriyalar nəzərə alınmayıb:

“Əfv haqqında Əsasnaməyə görə, cəzanın yarısından çoxunun çəkilməsi, intizam qaydalarına əməl olunması, zərərçəkənlə barışıq və s. amillər nəzərə alınır. Amma praktikada olub ki, şəxs hələ heç məhkum edilməyib, barəsindəki hökm qüvvəyə minməyib, amma siyahıya salınaraq əfv edilib. Yəni bu kriteriyalar həmişə mütləq tələb kimi qoyulmur. Hesab edirəm ki, haqlı olaraq qoyulmur. Çünki Konstitusiya prezidentə əfvlə bağlı müstəsna səlahiyyət verir. Əsasnamədən kənara çıxmaq olar və dediyim kimi, olub da. Xüsusən siyasi motivli işlərdə”.

Hüquq müdafiəçisi kimi, əfv prosesi ilə bağlı şikayətlər aldığını deyən R.Cəfərovun sözlərinə görə, vaxtından əvvəl şərti azadetmə, cəza rejiminin dəyişməsi prosesinə aid də xeyli narazılıqlar var. Xüsusən siyasi motivlərlə həbs olunan şəxslərə münasibətdə qanunun verdiyi bu imkanlardan istifadəyə şərait yaradılmır.

“Qeyri-siyasi işlərdə də müəyyən çətinliklər var. Ehtiyatsızlıqdan cinayət törədən, avtoqəza və buna bənzər işlərə görə məhkum edilənlər həbsdən vaxtından əvvəl çıxa bilmirlər. Hüquqi problemlər də var. Məsələn, yol qəzalarında şəxsin hadisə yerindən getməsi, yaxud yardım göstərməməsi ağırlaşdırıcı hal kimi nəzərə alınaraq, əfv siyahısına düşməsinə maneə yaradır. Nəzərə almaq lazımdır ki, başqasını ehtiyatsızlıqdan, qəfildən vuran şəxsin özü də qorxu, həyəcan keçirib, hadisə yerini tərk edə bilər. Yaxud yardım göstərmək imkanı olmaya bilər”, - deyə R.Cəfərov qeyd etdi.

Hüquq müdafiəçisi A.Çovdarovun adı əfv siyahısına salındığı halda, yaşı 65-dən yuxarı olan bir sıra şəxslərin kənarda qalmasını xatırladaraq, bu cür halların narazılıq və obyektivliyə şübhə yaratdığını bildirdi. R.Cəfərovun fikrincə, əfv sərəncamlarının ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə tətbiqinə də diqqət artırılmalıdır:

“Elə hallar var ki, əməl lazım olduğundan daha ağır qiymətləndirilib və nəticədə layiq olduğundan daha ağır cəza kəsilib. Yaxud vaxtilə ölüm hökmünə məhkum edilən, lakin 1998-ci ildə bu cəza Azərbaycanda ləğv olunduğuna görə ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər var ki, onların işi yenidən araşdırılıb, qərar verilə bilər”.

Gülər