”Yeddi aylıq təzə yol niyə uçmalıdır ki?!”
09 Январь 2020
Ayyarım əvvəl, ötən il noyabrın 24-dən 25-nə keçən gecə Bibiheybət məscidinin yaxınlığında “dünya standartlarına uyğun” bir yolumuz çökmüşdü. O vaxtdan səbəblərini araşdırmağa, təmir-tikinti işləri aparılarkən səhlənkarlıq, yaxud yeyinti olub-olmadığını üzə çıxarmağa çalışırdıq. Amma biz bu təmənnada ikən daha bir qəza baş verdi: bu səhər Badamdar şossesində torpaq sürüşməsi oldu. Yenə yol dağıldı, yenə yığışdılar, ərazini ölçməyə, hesabat hazırlamağa başladılar. Bizsə jurnalistimizin köhnə sürüşmədən təzə yazısını təqdim edirik.
- Ayyarımdır zülmdəyik. “Bibiheybət yolu” çökəndən bura marşrut işləmir. Yol təmir olunandan heç 6 ay keçməmişdi, ucub dağıldı. O vaxtdan 125 saylı avtobus yaşadığımız ərazinin yaxınlığındakı dayanacağa gələ bilmir. Biz də məcbur olub uzaq məsafəni ya piyada, ya da taksi ilə getməli oluruq, qazandığımız beş-on manatı taksilərə xərcləyirik. Aramızda çoxunun maşını yoxdur...
“Bibiheybət yolu”nun tez-tez dağılması və təmirə dayandırılması Vüsal Məmmədov kimi bu ərazidə yaşayan yüzlərlə insanın gün-güzəranını pisləşdirib:
- Uçqundan sonra buradan keçən avtobusların marşrut xətti qısaldılıb. Halbuki, “Jurnalist evi” və “YAP-çıların evi” kimi tanınan çoxmərtəbli binaların sakinləri də işə avtobuslarla gedib-gəlirlər, uşaqlarımızı onunla məktəbə aparırıq. Amma səhər-axşam hava qaranlıq olanda taksi tutmağa məcburuq. Hamının buna imkanı yoxdur axı!
Həmsöhbətimiz bildirir ki, problem barədə sakinlər dövlət qurumlarına rəsmi müraciətlər ünvanlayıblar. Nəticədə 5 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Amma bu da çətinliyi aradan qaldırmayıb: əvvəla, şəhərin mərkəzinə yol uzanıb, ikincisi, xərclər xeyli artıb.
Martda qurulan yol noyabrda çökdü
Vüsal Məmmədov bu problemlərin baiskarlarına bir ritorik sual da ünvanlayır: ”Axı 7 ay əvvəl çəkilmiş yol niyə uçub dağılmalıdır?!”
“Bibiheybət yolu”nda sonuncu əsaslı təmir-bərpa işləri 2019-cu il martın 29-da başa çatdırılmışdı. O zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bəyan etmişdi ki, “Bibiheybət” məscidi istiqamətindən şəhərə gedən yolda yenidənqurma işləri şossenin təqribən 430 metrlik hissəsini, ümumilikdə 8500 kv.m. ərazini əhatə edib:
“Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-beton örtüyündə deformasiyalar müşahidə olunurdu... Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaranırdı. Təmir-bərpa işləri ilə bu problemi tam olaraq aradan qaldırılıb”.
Sonra agentliyin məlumatında görülmüş işlər sadalanırdı: köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb; yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb; 11 min kubmetr həcmdə yararlı karxana materialı ilə əksdolğu işləri görülərək kipləşdirilib; yeni yol yatağı inşa edilib; tikinti norma və standartlarına uyğun qarışıqlardan istifadə olunmaqla 4500 kv.m sahədə 36 sm qalınlığında ikilaylı yeni yol əsası salınıb; 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib; səth sularının kənarlaşdırılması üçün ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib...
Amma bütün bu işlərə baxmayaraq, AAYDA-nın yeni tam təzələdiyi yolun ömrü cəmi 7 ay olub – 2019-cu il noyabrın 24-də o, yenidən çöküb. Uçqun nəticəsində asfalt qatı tamamilə dağılıb. Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi və bir “Mersedes” avtomobili torpağın altında qalıb. Yaxınlıqda yerləşən “Xəzər GLX” MMC-yə, eləcə də Gəmiqayırma və Gəmi təmiri müəssisələrinə ciddi ziyan dəyib. Əraziyə gediş-gəliş bağlanıb. 500 mm diametrli magistral su xəttində yaranmış qəzanı yalnız iki gündən sonra aradan qaldırmaq mümkün olub.
Dövlət Agentliyinin tələsik işi vətəndaşları çətin duruma salıb
“Bibiheybət yolu”nun uçmasından sonra Baş nazir Əli Əsədovun başçılığı ilə hökumət nümayəndələri iki dəfə əraziyə baxış keçiriblər. Bir çox hökumət üzvləri, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əziziov, AAYDA-nın sədri Saleh Məmmədov da onunla gəliblər. Yəni, işin nə yerdə olduğundan və camaatın çəkdiyi əziyyətdən hamı xəbərdardır.
Ona görə də Yeni il bayramı öncəsi, dekabrın 31-də yolda şəhər istiqamətində 2 hərəkət zolağı birtərəfli qaydada bərpa olunub. Di gəl, bu, vətəndaşların vəziyyətini yüngülləşdirməyib. Əksinə, AAYDA-nın tələsik işi onları daha çətin duruma salıb. Çünki Bakı Nəqliyyat Agentliyi (BNA) ərazidə yaşayan sakinlər üçün müvəqqəti təşkil etdiyi 5 saylı avtobusları əvvəlki hərəkət trayektoriyasına qaytarıb. Əvəzində 125 saylı marşrut bərpa olunub, amma ona minib şəhərə gedənlər evlərinə qayıda bilmirlər, çünki yol birtərəfli açıqdır. Üstəlik, taksilər də əldən çıxıb. Bu yarıgülməli, yarıağlamalı səhnəni detalları ilə təsvir etmək istəmirik, bircə onu demək kifayətdir ki, hökumətin xüsusi qayğısı nəticəsində indi insanlar qışın sazağında, yağmurlu havada palçıqlı və qaranlıq məhəllələrin arası ilə bir kilometrdən artıq yolu piyada getməyə məcburdurlar.
AAYDA bildirir ki, bu, müvəqqəti çətinlikdir və sakinlər onlardan inciməməli, bir az da dözməlidirlər. Təmir-bərpa işləri başa çatana qədər digər iki hərəkət zolağını nəqliyyat vasitələri üçün açmaq mümkün deyil. Bu xoşbəxt hadisənin işə yaxın aylarda baş verəcəyi gözlənilir.
Bəs, nəzarət hanı?
Bundan əvvəl 2015, 2017 və 2018-ci illərdə də ”Bibiheybət yolu”nun yenidən qurulmasına büdcədən milyonlarla vəsait xərclənib. Məbləğ açıqlanmasa da, təmir-tikinti zamanı keyfiyyətə diqqət verilmədiyi fakt olaraq ortadadır.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, bu tip məsələlərdə iki böyük problem var: ”Belə layihələrin keyfiyyətli icra olunması üçün ictimai nəzarət son dərəcə vacibdir. Dövlət onların icrası üzərində nə qədər ciddi nəzarət həyata keçirməyə çalışsa da, ictimai nəzarətin effektini ala bilmir. Bu resursun işə salınması üçün isə layihələr üzrə ayrılan investisiyaların həcmi ilə bağlı məlumatlar ictimaiyyətə açıq olmalıdır. Yəni, tutaq ki, 6-7 ay əvvəl təmirdən çıxmış ”Bibiheybət yolu”nun yenidən dağılmasının gerçək səbəblərini üzə çıxarmaq üçün vətəndaş cəmiyyəti və media son illər ora davamlı olaraq nə qədər büdcə vəsaitı xərcləndiyini bilməlidir. O zaman çox şey üzə çıxar və dövlət ictimai nəzarətin aşkarladığı bu cür faktlara görə günahkarları sorğu-suala çəkib onlardan hesabat soruşar. İctimai nəzarət, bax, bunun üçün – infrastruktur layihələrinin peşəkarlara həvalə olunmasına şərait yaratmaq, yeyintilərin və korrupsiyanın qarşısını almaq üçün lazımdır”.
Ekspert bildirir ki, bu tip məsələlərdə satınalmaların şəffaflığına ciddi ehtiyac var. Son illər tez-tez dağılan ”Bibiheybət yolu”nun tikintisi ilə bağlı satınalmanın keçirilib-keçirilmədiyi, əgər keçirilibsə, bunun açıq, yoxsa qapalı tender formasında təşkil edildiyi ictimaiyyətə bəlli deyil. Halbuki, həmin məlumatların açıqlığı ictimai nəzarət baxımından çox önəmlidir: ”Dövlətin investisiya layihələrinə ayrdığı vəsaitin həcmi, onun hansı istiqamətə xərclənəcəyi aydın göstərilməli, layihələrin icraçısı tender yolu ilə seçilməlidir. Belə olarsa, əsaslı təmirdən çıxmış yollarımızın qısa müddətdən sonra çökməsi kimi fəsadlarla üzləşmərik”.
Rövşən Ağayev qeyd edib ki, 2017-ci ilədək ”dövlət investisiyası” adı altında layihələrə ayrılan vəsaitin bölüşdürülməsi Baş nazirin səlahiyyətində idi. O zaman yol, xəstəxana, məktəb tikintisinə xərclənən vəsait haqda məlumatları əldə etmək indikindən daha asan idi: ”Yəni media və vətəndaş cəmiyyəti müxtəlif kanallarla həmin məlumatları əldə edə bilirdi. 2017-ci il yanvarın 1-dən büdcə investisiyaları üzrə vəsaitlərin bölgüsü Baş nazirdən alınıb Prezidentin səlahiyyətlərinə aid edildikdən sonra bu cür məlumatlar qapalı rejimə keçirilib. Halbuki hərbi obyektlərin tikintisi üzrə layihələr istisna olmaqla, büdcə investisiyaları cəmiyyət üçün tam şəkildə açıq olmalıdır. Bunsuz cəmiyyət büdcə vəsaitlərinın xərclənməsi üzərində ictimai nəzarəti təmin edə bilməz”.