Logo
news content
User
Категории

Аналитика

Unudarıqsa, nankor olarıq!

Müəllif: Arif Əliyev

Bu günlər Bakı adi həyatını yaşayır. Amma düz yüz il əvvəl, eyni günlərdə, eyni saatlarda paytaxt başqan-ayağa bayram libasına bürünmüşdü. Millət Sərqdə ilk demokratiyanın – Azərbaycan Respublikasının müstəqilliyinin dünya dövlətləri (Sülh Konfransı) tərəfindən tanınması münasibətilə küçələrə çıxmışdı.

Azərbaycanqəzetində (1920-ci il, №8) hökumətin yanvarın 14-ə hazırladığı bayram tədbirləri haqqında məlumat yerləşdirilmişdi: - saat 11-də: Təzəpir məscidində dua oxunur; - saat 12-də: Parlamentdə təmtəraqlı iclas keçirilir; - saat 1-də: Azadlıq meydanında hərbi parad təşkil edilir; - saat 2-də: Xarici İşlər nazirliyinin binasında hökumət təbrikləri qəbul edir; - hökumət, ictimai və şəxsi idarələr 14 yanvarı qeyri-iş günü kimi bayram edəcək; - şəhər əlvan işıqlarla bəzədiləcək; - şəhərətrafı qatarlar səhər saat 7-dən 11-ə kimi, günorta 3-dən 9-dək sərnişinləri pusuz daşıyacaq. Gündüz saat 12-də Nikolayevski küçəsi (indiki İstiqlaliyyət) Şəhər Dumasından tutmuş “İsmailiyyə” binasına qədər adamla dolmuşdu. Binanın üzərini plakatlar bəzəyirdi. Camaat iclasa yığışan millət vəkillərini və hökumət nümayəndələrini şüarlarla, alqışlarla qarşılayır, kimini qucaqlayıb, kimini əlləri üstündə parlamentə ötürürdü.

Azərbaycan Cümhuriyyətinin tanınması şərəfinə hökumət və parlament üzvlərinin xatirə fotoşəkli. Yanvar, 1920-ci il

Məclisi-məbusanın təntənəli 117-ci iclası “saat 12-yə 45 dəqiqə keçmiş” başladı. Sədr Həsən bəy Ağayev birinci sözü Xariciyyə naziri Fətəli Xan Xoyskiyə verdi.

Fətəli Xan Xoyski (alqışlar içərisində kürsüyi-xitabətə çıxır): Möhtərəm məbuslar! May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dərhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü eylə göstərdi ki, Avropa onun həqqini verməyə və istiqlalını təsdiq etməyə vadar oldu. (Alqışlar). Əfəndilər! Srağagün Tiflisdən bizim Gürcüstanda olan nümayəndəmizdən bir teleqraf gəldi ki, məzmunu söylədir: "Bu gün ingilis nümayəndəsi vürud olub məlum etdi ki, lord Gerzon Sülh Konfransında nümayəndələrə təklif etmiş ki, Azərbaycan və Gürsüstan istiqlaliyyətləri gərək təsdiq olunsun. Sülh Konfransı nümayəndələri bu təklifi müttəhidən qəbul etmişlər". (Sürəkli alqışlar). Bu, ayın 11-də olmuşdur. Lakin xəbər bizə srağagün gəlib yetişdi. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, islam milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bu günkü bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. (Alqış). Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm. (Sürəkli alqışlar).

Sədr Həsən bəy parlamanı və Azərbaycan xalqını öz adından da təbrik edir, “varid olmuş teleqramları” oxuduqdan sonra Məmməd Əmin Rəsulzadəni tribunaya çağırır.

Məmməd Əmin Rəsulzadə (alqışlar içərisində minbər-xitabətə çıxır): Əfəndilər! Mən bu gün “Müsavat” firqəsi və bitərəflər naminə Məclisi-məbusanı və onun təmsil etdiyi bütün Azərbaycan millətini təbrik etmək istərkən, bir il bundan əvvəl dekabrın 7-də açılan Məclisi-məbusan iclasını yadınıza salıram. Əfəndilər! O gün burada açılan Məclisi-məbusanda heç kimsə inkar edə bilməz ki, bütün azəri xalqının əmaqi-qəlbində gizlətdiyi o məşru və böyük həqqi cəlb edərkən (azəri xalqının qəlbində gizlətdiyi o qanuni və böyük haqq barədə məsələ qaldırarkən – red.) soqaqlarda elanı-zəfər edən bu xalq yoxdu. Çünki o zaman biz qorxurduq və bu üç rəngli bayrağı burada əllərimizdə titrədərək yüksəltdiyimiz zamanda bir ümid bəsləyərək dəyirdik ki, bir dəfə yüksələn bayraq bir daha enməz. Bunu soqaqlarda bu gün elani-şadmani edən xalqla bərabər bütün dünya göstərir ki, bir dəfə yüksələn Azərbaycan bayrağı bir daha aşağı enməz. (Şiddətli və sürəkli alqışlar). Əfəndilər! O gün biz bu şüarı elan edərkən xəf və əndişələr içində idik deyirdim. Həqiqətən də eylə idi. O zamanlar daxilimizdə bizə müxalif bulunan qüvvələr də var idi. O gün onların nümayəndələrini biganə olaraq bu divarların xaricində gördüyümüz halda, fəqət bu gün o nümayəndələri burada hazır görürüz. (Alqış). Əfəndilər! Hər bir millət və hər bir insan əldə etdiyi müzəffəriyyətləri təsid edər. Bayram saxlarkən o zəfərin əldə edilməsinə başlıca səbəb olanları unuda bilməz. Unudarsa, nankor olur. Və nankor bir millət də heç ər hüququnu saxlayammaz. Bu gün Azərbaycan cümhuriyyəti kəndi arzu və kəndi istəyindən başqa bir qüvvə ilə meydana çıxmamışdır. O qardaşlar ki, bizə dəsti-qüvvətlərini uzatdılar, qanlarını axıtdılar və bizi bu günə çıxartdılar, biz bu gün Azərbaycan istiqlaliyyətini mühafizə edərkən o müəzziz ruhları yadımıza gətirməliyiz. Çünki o ruhlar bizə daha çox lazımdır. (Natiqin təklifi üzərinə Məclisi-məbusan ayağa qalxır)

***

Yəqindir ki, Məmməd Əmin Rəsulzadə bu tarixi sözləri təkcə zalda oturan məbusanlara, “soqaqlarda elanı-zəfər edən xalqa” deyil, gələcək nəsillərə də ünvanlamışdı. Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət olaraq tanınmasının 100-illiyi günlərində az-çox əhəmiyyətli anım tədbiri keçirilmədi. Amma millət “o zəfərin əldə edilməsinə başlıca səbəb olanları”, əsarətdən yeni qurtulmuş uzaq bir Qafqaz xalqının istiqlaliyyətə layiqiliyini Avropa nəhənglərinə isbat edən qurucularımızı unutmamalıdır. 

Unudarıqsa, nankor olarıq. Və nankor bir millət də heç ər hüququnu saxlayammaz!