Terrorçu “sevgisi”, itirilmiş fürsətlər, gerçək qəhrəmanlar
05 Январь 2020
Yanvarın 3-də Bağdad aeroportuna atılan raket zərbəsinin təsiri bizim ölkəmizdə də düşüncələri , ictimai fikri silkələməyi bacardı. Sosial şəbəkələrdə bir-birlərini “terrorsevərlər” və ”millətsevərlər” adlandıranlar arasındakı aqressiyaya söykənən polemika isə ölkənin təhlükəsizlik durumunun da kifayət qədər gərgin tablosunu ortaya qoydu.
Qasem Süleymani adı Azərbaycan toplumuna elə tanış olmasa da, burada onun öldürülməsinə üzülənlərin sayı reallığa adekvat deyildı. Hiss olunurdu ki, kütləvi “ağlaşma” idarə olunandır. Təsəllimiz isə budur ki, terroru və terrorçunu lənətləyənlər kütləvilikdə belələrini xeyli üstələyirdilər. Amma istər qonşu ölkənin daxilində, istərsə də regionda minlərlə insanın məhvinə səbəb olmuş bir generalın öldürülməsi mənim yüzlərlə vətəndaşım tərəfindən niyə hüznlə qarşılanmalıdır?!
Qeyd edim ki, terrorun dinindən, millətindən asılı olmayaraq bütün növlərini lənətləyirəm. Yazıda isə məhz İranın Qüds Qüvvələrinin (Nirue Qods) komandanı, bir neçə gün öncə Bağdadda öldürülmüş general leytenant Qasem Süleymaninin qətlinə Azərbaycanda sərgilənən münasibətə və münasibətin bəzi səbəblərinə toxunacam.
Şəxsən ədalət mühakiməsinə etiqadı olan biri kimi mən Qasem Süleymaninin nə vaxtsa məhkəmə qarşısında etdiklərinin etirafını eşitməyi çox istərdim. Artıq bu mümkün deyil. Elə isə ikicə ay öncə öz ölkəsində yüzlərlə etirazçının qətlinə fərman vermiş bir generala bəlli kəsimin və həmin kəsimin təsiri altında olanların “sevgisi”nin qaynağını tapmağa çalışaq.
Süleymani İran İslam Quruluşunun sütünlarından idi. İnqilab rəhbərinin “canlı şəhid” deyə xitab etdiyi əvəzolunmaz generalı! Onun yoxluğu İran İslam Respublikasının sütunlarından birinin uçması deməkdir. İransevərlərin əsas sitəmi, üsyanı məhz budur. Süleymani xüsusilə İŞİD-lə mübarizədə qazandığl uğurlarla şiə müsəlmanlar, o cümlədən bizim ölkəmizdəki bəzi inanclılar arasında müzəffər komandan imicini qazandı. Azərbaycan insanı isə onu yaxşı tanımır, amma hal hazırda özünün qalib komandanı da yoxdur. Çünki Qarabağ savaşında hərbi əməliyyatların nəticəsi baxımından ordusu məğlub durumdadır. Qüds qüvvələrinin Azərbaycandakı dayaqlarını da tam inkar edə bilmərik. Acı da olsa, gerçəklikdir və elə bu acı-gerçək düşüncələrin ortaya qoyduğu ”müzəffər sərkərdə boşluğu” ölkəmdə müəyyən ”Süleymani simpatizanlığına” səbəb olan amillərdəndir.
Əvvəla, ölkəsinin milli və dövlət maraqlarını düşünən kimsə İran daxilində və Orta Şərqdə minlərlə insanın ölümünə səbəb olan birinə sevgi bəsləməməlidir. Təəssüf doğuran başqa hal budur ki, Azərbaycanımız ciddi təhlükəsizlik sorunu ilə - ölkəsinin maraqlarını hər hansı xarici dövlətin maraqlarına qurban verə biləcək zehniyyətlə üz üzədir. İqtidar 27 ildə bu vətəni hamılıqla ürəkdən sevdirməyi bacarmadı. Hakimiyyət məsələləri o qədər önə çıxdı ki, dövlətin vətəndaş qarşısındakı məsuliyyəti unuduldu, vətəndaşlar özlərinə “vətən düzəltməyə” başladılar. Məhz düzəltməyə. Amma suyu da, çörəyi də, havası da doğma olmayan vətənlər... Həmin doğma olmayan “vətənlərdə” yad qəhrəmanlar düzəldildi. Elə Qasem Süleymani kimi. Qarabağda savaşdan imtina edib, Suriyanın çöllərində İŞiD sıralarına qoşulub , sonra sərgərdan olanlar da məhz o sindroma yoluxanlar idilər. Biz 1994-cü ildə Bişkek protokolu imzalanan andan uduzuruq. Könüllülər batalyonları buraxıldı, müzəffər komandanlarımız yaddaşlardan silinməyə başladı. Bir zamanlar müəyyən hərbi uğurlara imza atmış, sevilən şəhid sərkərdələrimiz vardı. Çağdaş Azərbaycanın şərəf tarixi olan bu qəhrəmanlar həm də əsgərin yanında, sadə olduqları üçün sevilirdilər. Bəs bu gün analoji sevgi ilə üzləşə bilirikmi? Axı bugünün bir çox generalları (istisnalar olmaqla) açıq-aşkar oliqarxlara çevriliblər. Gənclər belə obrazı sevə bilməzlər və sevmirlər. Bəs niyə məktəblərdə gerçək qəhrəman sərkərdələrimizin həyat yolu tədris edilməsin?! Niyə nümunə kimi gənc nəslə onların həyat yolu göstərilməsin?! Məncə, ölkəmdə hansısa başqa dövlətin hərbi xadiminə simpatiyanın ortaya çıxmasında önəmli səbəblərdən biri də məhz bu boşluqdur. Bizlər Azərbaycan ordusunu Həbib bəy Səlimov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Xosrov bəy Sultanov, Süleyman Sulkeviçlərlə sevdik. Çünki 80-ci illərin sonlarından 90-cı illərin ortalarınadək onların tanıdılması yönündə Möhsün Əliyev, Mayis Əlizadə, Aydın Balayev, Nəsib Nəsibli və başqa dəyərli alimlərimizin ortaya qoyduqları araşdırmalarla tanış olmaq fürsəti qazandıq. Bu gün Təhsil Nazirıiyi, AMEA, ali təhsil ocaqları niyə həmin missiyadan imtina edib?! Axı Süleyman Sulkeviçi tanımayan məktəbli qəhrəman obrazını Qasem Süleymani kimi Azərbaycana yad birində tapacaq.
Nəzərə alsaq ki, ”Süleymani sevdasını” beyinlərə yeritməyə çalışan bəlli fəal çevrələr də var, qarşılaşdığımız mənzərəyə təəccüb etməklə kifayətlənməməli, bu üzücü durumu dəyişməliyik. Ölkənin TV kanallarının əksəriyyəti toplumu işğal olunmuş torpaqlarımızın azad edilməsinə səfərbər etmək yerinə, izləyiciləri bayağı əyləncə proqramları ilə məşğul edirlər. Yeni ilin ilk günlərindən bütün TV kanallarında son illərin istehsalı olan yerli komediya filmləri nümayiş etdirildi. Əsaslı tərbiyəvi yönü olmayan, yalnız kommersiya maraqları güdən bu qədər komediya filminin əvəzinə Cumhuriyyətimizi, Qarabağ şəhidlərimizi, şəhid komandanlarımızın həyatını əks etdirən, həm də gənc nəsillərı maarıfləndirən filmlərin istehsalına imkan yaratmaq olmazdımı?! Əlbəttə ki, olardı və olar. Yetər ki, bunun üçün iradə olsun. Özümüzü, öz tariximizi, öz qəhrəmanımızı tanımadıqca özgəninkiləşəcəyik. Bunun simptomlarını da son günlər müşahidə etməkdəyik...