Logo
news content
User
Категории

Аналитика

Saakaşvili: Beş dəqiqəyə islahatlar. Epizod 5. Rüşvət almayan kadrları haradan tapaq?

Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi. 

Keçmiş prezident dəyişikliklər istəyən digər postsovet ölkələrinə, ilk növbədə indi yaşadığı Ukraynaya kömək məqsədi ilə “Beş dəqiqəyə islahatlar” adı altında silsilə videoçarxlar hazırlayıb.

- Mən bunları keçmişəm, - deyir Saakaşvili. – Ona görə də məsləhətlərimi verə, öz qələbələrimdən və uğursuzluqlarımdan danışa bilərəm.

Keçmiş prezidentin islahatlar yolunda mənfi və müsbət təcrübəsinin indiki şəraitdə Azərbaycan üçün də çox faydalı olduğunu düşünərək, onun son dərəcədə maraqlı çıxışlarını kiçik ixtisarlarla təqdim edirik. 

Epizod 5. Rüşvət almayan kadrları haradan tapaq?

Rüşvətin qarşısını almaq və dövlət aparatının yaxşı işləməsini təmin etmək üçün yeni insanları haradan tapaq? Əlbəttə, digər millətlərin təcrübəsindən yararlanmaq olar. Məsələn, Rumıniyada rüşvətxorluqla mübarizə üçün cadugərləri cəlb ediblər. Bunu da yoxlamaq olar, mən onları real iş başında görmüşəm. Lakin bizim öz metodlarımız var. Əlbəttə, bu, cadugərlərlə deyil, gənclərlə bağlıdır. 

Gürcüstanda bizim 24-25-26 il nazir olan məmurlarımız var idi. Departament rəhbərləri var idi ki, 20-21 il eyni vəzifədə oturmuşdular... Buna ciddi fikir vermirlər. Lakin biz ən azından Şərqi Avropada ən səmərəli dövlət aparatı yaratdıq...

Məsələn, ən sürətli gömrük sistemi bizdə oldu, dövlət strukturları rüşvətdən tam təmizləndi, biznes fəaliyyətli sürətlə rəsmiləşdirilirdi, biznesin qurulması prosesi sadələşdirilmişdi. Bütün Avrasiya üzrə Gürcüstan birinci yerdə idi.

Biz buna necə nail olduq? İlk növbədə gənc nəslin hesabına... Onlar nəsə maraqlı bir şey etmək istəyirlər. Bu halda onlara mütləq stimul vermək lazımdır. 

İlk stimul budur ki, onlara maddi dəstək vermək lazımdır... Onların hissə-hissə ödəməklə maşın, normal ev almaq imkanı olmalıdır, sevdiklərini kafeyə dəvət etmək, 8 Marta gül göndərmək, xarici ölkədə dincəlmək imkanı olmalıdır. Onların dövlətin dəstəyi ilə bütün bunları əldə etmək imkanı olmalıdır. 

İkinci stimul budur ki, onlar böyük bir layihənin hissəsi olmalıdırlar. Niyə gənclər? Çünki, onlar daha iddialı olurlar. Onlar hara addım atdıqlarını görməlidirlər, o zaman lazımından da artığını edirlər. Biz onlara azadlıq verməliyik. Bu, dövlət qulluğuna cəlb etməyin vacib prinsiplərindəndir və məhz bu halda onlar əmin olurlar ki, gördükləri iş ora-bura sənəd daşımaq deyil, daha dəyərlidir. 

Ücüncüsü... Vacib şərt... Onların uzunmüddətli perspektivi olmalıdır. Onlar görməlidilər ki, vəzifədə qalxırlar, güzəştli şərtlərlə götürdükləri kreditləri axıra kimi ödəyə biləcəklər. Təəssüflər olsun ki, sonuncu şərt Gürcüstanda artıq pozulub. Ancaq Sinqapurda iş uğurlu alındı, çünki düzgün seçim etdilər və uzunmüddətli perspektiv imkanı yaratdılar.

Belə yeni insanları haradan, necə tapmaq olar?.. Yalnız müsabiqə əsasında! Bütün ədalətsizlik və haqsızlığı kənara qoymaq lazımdır. Əgər fikirləşsən ki, təkcə bu vəzifəyə dostumu ya qohumumu qoyum, çünki ona tam etibar edirəm, qalanlarını isə müsabiqə əsasında götürərəm,.. hər şey korlanar. Bu ona bənzəyir ki, bir çəllək bala bir damcı zəhər qatasan, bütün balı korlayasan. Bir dəfə bu prinsipi pozsan, hər şey korlanacaq. Çünki qalanlar rəhbərliyin qərarlarına baxırlar. Rəhbərlik özü qaydaları pozsa, artıq tabeliyində olanlardan {həmin qaydaları pozmamağı} tələb edə bilməyəcək. Buna görə müsabiqə yüksək səviyyədə keçirilməlidir.

Məsələn, Odessada biz {kadrları} müsabiqə əsasında seçirdik, lakin elə şəxsləri seçməyə məcbur idik ki, kifayət qədər maddi bazası olsun. Çünki, aldıqları maaşla acından ölərdilər. Əgər, məsələn, gəlmə kadrlara ən azından ev tuta biləcək və gündəlik xərclərini qarşılayacaq normal maaş versən, onda müsabiqə işə yarayardı. Müsabiqə çox vacibdir. Hətta sənin uzun müddət tanıdığın ən yaxın dostun, tanışın belə müsabiqə yolu ilə seçilmiş şəxsdən uğursuz kadrdır. Bu gənc kadrların hansı məkanda çalışacaqları da vacibdir. İşıqlı, gözəl ofislər – prestijdir və iş rejiminə başqa cür ab-hava (ruh) verir. İnsanları köhnə otaqlardan çıxarmaq lazımdır. 

Ümumiyyətlə, prezident administrasiyasını tamamilə Kiyevdən kənara çıxarmaq ən yaxşı ideyadır. Bu cür köhnə binalarda yeni ruh yaratmaq mümkün deyil... Yeni məmurların sayını indikindən 3-4 dəfə azaltmaq lazımdır. Kiçik bürokratik aparat, çevik və heç kimdən asılı olmayan vəzifəlilər, yaxşı maaş alan şəxsi heyət... layihənin tərkib hissəsi olmalıdır.

Tərcümə etdi: Röyal