Dünyanın ən rəqəmsal və ən xoşbəxt ölkələrinin dərsləri
23 Декабрь 2019
Həm Estoniya, həm də Finlandiyada dövlət rəsmiləri ilə görüşlər və siyasi söhbətlər haqqında əvvəlki yazımızda məlumat verdiyimiz üçün bu məqalədə həmin ölkələrdə həyat barədə danışacağıq.
Rəqəmsal Estoniya
Estoniya və Azərbaycan uzun zaman Sovet İttifaqının tərkibində olub, eyni ildə (1991) müstəqillik qazanıblar. Şimalda estlər ölkəsi Avropa ailəsinə üzv olmaq üçün qollarını çırmaladı, Cənubda Qafqaz dövləti isə MDB-ni seçdi. Bununla belə, müharibə və ərazilərinin işğalı, məcburi köçkün axını ilə üzləşmiş Azərbaycan 1994-cü il sentyabrın 20-də məhz Qərblə imzaladığı “Əsrin neft kontraktı”na ümidlə baxılırdı…
Şərq Tərəfdaşlığı üzv-ölkələrinin jurnalistləri üçün Avropa İttifaqının təşkil etdiyi media turda Estoniya və Finlandiyanın Aİ-na üzvlüklə bağlı təcrübəsi, islahatlar və inkişaf modelləri öyrənilirdi.
Estoniya müharibə etməsə də, onun müstəqilliyinin ilk illəri çox uğurlu olmayıb. Təbii resurslardan məhrum bir dövlət qazanc üçün beyin məhsulu yaratmaq və onu ixrac etmək qərarına gəlib. Estoniyanın dövlət katibi Taymar Peterkop həmin prosesi belə şərh edir:
“Sovet İttifaqı dağıldıqdan sonra hakimiyyətə öz xalqımız gəldi və biz kifayət qədər şəffaf sistem qurduq. Hökumətdə olan özünü “mütləqi-hakim” kimi aparmır. Bu gün nazir yerində əyləşmiş şəxs sabah adi vətəndaşdır və bundan kimsə narahatlıq keçirmir. Hər kəs öz işini məsuliyyətlə görür”.
Estoniya rəqəmsallıq baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. “Elektron hökumət” anlayışı məhz burada tam yerinə düşür. Nazirlər Kabinetində hər kəs işini əsasən elektron formada görür. Qanun layihələri, imzalanmalı sərəncamlar və s. sənədlər kabinet üzvlərinin fərdi səhifəsinə daxil edilir. Ümumi onlayn müzakirələrdə hər üzv qanunlara dəyişiklik təklifini, digər məsələlərə dair rəyini yazır. Nazirlər Kabinetinin iclasına qərar layihələrı müzakirə olunmuş və razılaşdırılmış şəkildə çıxarılır ki, bu da iclasda vaxta qənaət etməyə imkan yaradır.
Rəqəmsallaşma ölkənin seçki sistemində də əksini tapıb. Hökumət katibliyinin rəhbəri Ayvar Rahno deyir ki, 10 ildən artıqdır, vətəndaşlar həm onlayn qaydada, həm də seçki məntəqəsinə gedib səs verə bilirlər: Estoniya parlamentinə son seçkilərdə seçicilərin 44 faizi, Avropa Parlamentinə seçkilərdə isə 47 faizi onlayn səs verib.
Estoniya vətəndaşları elektron xidmətlərdən ID kart vasitəsilə yararlanırlar. “Elektron Estoniya” brifinq mərkəzinin sözçüsü Anett Numa deyir ki, hər şəxsin bütün məlumatları, hətta xəstəlik tarixçəsinə dair məlumatlar bu kartlarda yerləşdirilib. Şəxsi kabinet yalnız onun sahibinə məxsusdur, oraya kiminsə müdaxiləsi mümkün deyil. Ölkədə dövlət xidmətlərinin 99 faizi elektronlaşdırılıb. Üç xidmət – evlənmə, boşanma və daşınmaz əmlak ticarəti hələ ki, bu sıraya daxil deyil.
“Elektron Estoniya” brifinq mərkəzini 2019-cu ildə 11.500 nəfər xarici qonaq ziyarət edib. Onların arasında Albaniya, Ukrayna, Gürcüstan dövlət başçıları, Belçika kralı da var. Mərkəzin rolu “e-Estonia”nı beynəlxalq auditoriya ilə tanış etmək, yerli kompaniyalarla xarici numayəndəliklər arasında əlaqələr qurmaqdan ibarətdir. Estonlar öz təcrübələrini digərləri ilə bölüşməkdə maraqlıdırlar.
Dünyanın aparıcı qurumlarının reytinq siyahılarında Estoniyanın yeri rəqəmlərlə belə əksini tapıb: Rəqəmsal sağlamlıq indeksi – 1; Qlobal İT hesabatı, mobil şəbəkənin əhatəliliyi – 1; İnternet azadlığı – 2; Dünya İqtisadi Forumuna görə sahibkarlıq fəaliyyəti (2017) – 2; İTU Qlobal kibertəhlükəsizlik indeksi (2018) – 5; Söz azadlığı – 11; Korrupsiya indeksi – 18.
Müstəqillik yaşı Estoniya ilə eyni olan Azərbaycan dövləti isə bu reytinqlərdə ya yoxdur, ya da aşağı yerlərdə qərar tutub.
Finlandiyada: miflər və reallıq
Finlandiya ilə bağlı bütün dünya reytinqlərini kənara qoyub yalnız bir məsələni qeyd etmək istəyirəm: bu soyuq diyar artıq ikinci ildir ki, planetin ən xoşbəxt ölkəsi ünvanına sahibdir. Finlər özləri bu mövzuda zarafatları xoşlayırlar, lətifələr danışırlar.
Finlandiyanın təhsil sistemi də dünyanı heyrətləndirir. Amma bəlli olur ki, Azərbaycanda, hətta Mərkəzi Avropanın özündə bu ölkənin təhsil qaydaları haqqında böyük bir mif varmış: “Finlandiyada orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir!” Orta təhsil ocaqlarından birinə səfərimiz zamanı, təbii ki, hamımızı eyni sual düşündürürdü: “Deyilənlər həqiqətdirmi?”
Əslində vəziyyət belədir: Finlandiyada tədris sisteminin uğuru müəllim peşəsinə xüsusi hörmətlə bağlıdır. Burada müəllimlik - yüksək prestijə malik sənətdir. “Pedaqoq” adı almaq üçün ali məktəbə daxil olmaq asan deyil, qəbul yerləri məhduddur. Digər məsələ müəllimlərə geniş muxtariyyət verilməsi ilə bağlıdır. Onlar tədris proqramlarını istədikləri kimi tərtib etmək səlahiyyətinə malikdirlər. Rus dili və ədəbiyyatı üzrə 20 il pedaqoq işləmiş bir müəllim deyir ki, uğurun əsasını inam təşkil edir. Sistem etimad üzərində qurulub və çalışdığı illər ərzində nə nazirlik, nə təhsil şöbəsi, nə hansısa digər qurum nə onu, nə də işlədiyi məktəbi yoxlamağa gəlib. Məşhur “ev tapşırığı” məsələsini isə həm köhnə, həm də yeni pedaqoqlar belə izah edirlər: “İbtidai siniflərdə, demək olar ki, evə tapşırıq verilmir. Yəni, uşaqlara daha çox rəsm çəkmək, yaxud digər əyləncəli məşğuliyyətlər tapşırılır ki, bu da adət etdiyimiz formada misal-məsələ həlli deyil. Məqsədimiz kiçik yaşlarından onlara məsuliyyət hissi aşılamaqdır. İbtidai siniflərdən sonra tədricən ev tapşırıqları verilməyə başlayır, yuxarı siniflərə keçdikcə, onların həcmi və çətinliyi artır.
Finlandiyada maarifçiliyin inkişafına təkan verən faktorlardan biri də Helsinki Mərkəzi Kitabxanasıdır. O, 17 min kvadrat metrlik bir ərazidə, parlament binası ilə üzbəüz inşa olunub. Finlərə görə bu, demokratiya (parlament) və elmin (kitabxana) sintezidir. Kitabxana “Oodi” adlanır, tərcüməsi “oda, poema” deməkdir. Kitabxananın inşası 98 milyon avroya başa gəlib və iki il (2016-2018) davam edib. O, Finlandiyanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə Helsinki meriyasının paytaxt sakinlərinə hədiyyəsidir. “Oodi” 3 qatdan ibarətdir: birinci mərtəbədə kafe, restoran, kinoteatr, informasiya mərkəzi yerləşir, ikinci mərtəbə azad yaradıcılıq üçün formalaşdırılıb: burada studiyalar, musiqi zalları, 3D çap emalatxanaları, müxtəlif texniki avadanlıqlar yerləşdirilib, üçüncü mərtəbə isə 100 min nüsxə kitabı olan ənənəvi kitabxananı xatırladır.
“Oodi”də əksər xidmətlər ödənişsizdir. Kafe və tədbir keçirmək üçün böyük zal, bəzi çap işləri istisna təşkil edir. Digər xidmətlər – kitabxana, kompüterlərdən istifadə, kiçik zallarda tədbir və görüşlərin keçirilməsi, səsyazma, uşaqlar üçün intellektual oyun zalları… hamısı pulsuzdur. Bunun üçün üzv olmaq və öncədən qeydiyyatdan keçmək lazımdır. Mərkəzdə nəşriyyat və poliqrafiya xidmətləri də var, müəyyən məbləğ ödəməklə kitab, plakat çap etmək mümkündür. Kitabxananı ziyarət edənlər arasında gənclər və uşaqlar üstünlük təşkil edirlər.
Göründüyü kimi, şəhər rəhbərliyi əhalinin maarifləndirilməsinə bilavasitə nəhənğ investisiya qoyub. İFLA (Beynəlxalq Kitabxana Assosiasiyaları və Təşkilatları Federasiyası) 2019-cu ildə “Oodi”-ni dünyanın ən yaxşı kitabxana binası elan edib. Buranı tərk edəndə mən də son dövrdə Bakıda inşa edilmiş iri binaları yada salmağa çalışır, onlara çəkilən xərcləri xatırlayırdım: “Azərsu”nun binası – 35 milyon dollar; Neft Fondunun binası – 110 milyon avro; Dövlət Neft Şirkətinin yeni binası – 350 milyon dollar... və sair və ilaxır...