Dövlət başçılarının qiyabi Yeni il “sammiti”
03 Январь 2020
Dövlət başçılarının Yeni il müraciətləri ən böyük auditoriyalar toplayır. Təkcə ona görə yox ki, bütün ölkə müraciətin nə vaxt bitəcəyini və ardınca saatların çalacağını gozləyir ki, nəhayət, qədəhlər sampan şərabi ilə doldurulsun. Bu çıxışlarda adətən ötən ilin yekunları və gələcəyə ilk çağırışlar, sabahın cizgiləri öz əksini tapır.
Bəzi prezidentlərin və baş nazirlərin çıxışları hökumətin parlamentə hesabatını xatırladır, başqaları necə bir əlamətdar gündə camaat qabağına çıxdıqlarını unutmurlar – Yeni il eyni zamanda həm ailə, həm ümumxalq bayramıdır. Ona görə də ekran qarşısında toplaşan milyonlar dövlət rəhbərindən quru rəqəm və faizlər yox, hər kəsin qəlbini isidən və hamını birləşdirərək ümidləndirən sözlər eşitmək istəyirlər.
Bütün hallarda, istər keçilmiş yola salınan nəzər olsun, istər gələcəyə tutulan çıraq, üç Cənubi Qafqaz ölkəsində və bölgə üzrə üç ən yaxın qonşumuz Türkiyə, Rusiya və Ukraynada dövlət başçılarının xalqa Yeni il müraciətlərinin müqayisəli şəkildə linqvistik təhlili çox maraqlı nəticələr verir. Bununla biz onların xalqı hara yönləndirdiklərini, millətə hansı başlıca fikri aşılamaq istədiklərini görür, hansı ilə qədəm qoyduğumuz barədə kifayət qədər məlumat ala bilirik.
Rusiya prezidenti Vladimir Putin Kremlin fonunda çıxış etdi, onun təxminən 350 sözdən ibarət ən qısa Yeni il müraciəti 3 dəqiqə yarım çəkdi. Bu müraciət ötən illərdəki təbriklərdən xeyli fərqlənirdi, aqressiv ritorikaya və açıq siyasi mahiyyətə malik deyildi. Putin çıxışında bir dəfə də olsun hər hansı başqa ölkənin adını çəkmədi, heç coğrafi mənada “dünya” kəlməsini də işlətmədi. Prezident tamamilə Rusiyaya qapanmışdı. “Rusiya”, “Vətən”, “ölkə” sözləri onun dilində ən çox səslənən sözlər oldu (6 dəfə). İşlənmə tezliyinə görə başqalarını üstələyən digər sözlər isə “sevimli” (3) və “birlik, bərabərlik” (3) kəlmələri idi. Dövlət başçısının çıxışında əsas tezis, onun xalqa çatdırmaq istədiyi başlıca fikir də bu anlayışlarla bağlıdır: “Bu gün cəmiyyət və ölkə qarşısında dayanan məsələləri biz ancaq birlikdə həll edə bilərik. Bizim birliyimiz istənilən yüksək məqsədə çatmağımız üçün bünövrədir”. Prezident daim insanların ağlına deyil, hisslərinə müraciət edir, ardıcıl olaraq “mərhəmət”, “mehribanlıq”, “qayğı”, “xeyirxahlıq”, “sevinc”, “dost münasibətləri” haqqında danışırdı.
Ukrayna prezidenti Vladimir Zelenskinin xalqa müraciəti ən qeyri-adi, bir növ, “xüsusi quruluş verilmiş” çıxış oldu. Onun təxminən 760 sözdən ibarət təbrik nitqi 8 dəqiqə yarım çəkdi, bir necə dəfə Ukrayna cəmiyyətində müxtəlifliyi əks etdirən slaydlarla kəsildi. Müraciətə eyni mövzuda 5 dəqiqəlik klip əlavə olundu. Prezident əhali ilə “Veçerniy kvartal” verilişinin səhnəsini xatırladan studiyadan ünsiyyət yaratdı. O, öz çıxışında 6 dəfə “Mən kiməm?” sualını təkrarladı, cavablarda isə ən çox “ukraynalı, Ukrayna” (14), “ölkə” (8), “sevmək” (6) ifadələrini işlətdi. Zelenski “birlik” ifadə edən kəlmələrdən (“vahid”, “hamılıqla”, “birlikdə”, “bərabər”) mümkün qədər geniş istifadə etməyə çalışırdı (14 dəfə). Dövlət başçısının xalqa ünvanlandığı əsas çağırış da bununla bağlı idi: “Ölkənin gələcəyi naminə birlikdə, bir-birinə hörmət edərək yaşamağı öyrənmək, Ukraynanı sevmək, bu isə bütün ukraynalıları sevmək deməkdir”.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa öz iqamətgahından, iki bayraq arasında oturduğu kreslodan müraciət etdi. Onun sol tərəfindəkinin üzərində türk birliyinin simvolu əks olunmuş bu bayraqlar xüsusi atmosfer yaradırdı. Dövlət başçısı emosiyasız danışırdı, onun təxminən 800 sözlük nitqi 9 dəqiqə davam etdi. Ərdoğan il ərzində aybaay görülmüş işlərdən bəhs edir, yaxın qələcəyə hesablanmış konkret planları sadalayırdı. Prezidentin Atatürkdən sitat gətirməsi (“Hattı müdafaa yoktur, sathı müdafaa vardır”) və “bu anlayışıyla, ülkemize ve milletimize yönelen saldırılara karşı tüm cephelerde mücadele yürüttük” söyləməsi diqqəti xüsusi cəlb etdi (Türkiyənin müasir lideri Atatürkdən tez-tez misal gətirmir). Ərdoğanın çıxışında ən çox “Türkiyə”, “ölkə” (25 dəfə), “millət” (11), “birlik”, “bərabərlik” (9), “terror” (6), “mücadilə” (5), həmçinin “proje”, “plan” (10), “strateji” (4), “ekonomi” (4) kimi ifadələr yer aldı. Onun müraciətinin başlıca tezisi isə aşağıdakı cümlələrdə öz əksini tapdı: “Bizim en büyük gücümüz birliğimiz, dayanışmamızdır. Bunun için her fırsatta bir olacağız, iri olacağız, diri olacağız, diri olacağız, kardeş olacağız, hep birlikte Türkiye olacağız diyoruz. İnşallah, 2020, bunca yıldır verdiğimiz mücadelelerin, yaptığımız fedakarlıkların, harcladığımız emeklerin meyvelerini toplamaya başladığımız bir yıl olacaktır”.
Gürcüstan dövlətinin rəhbəri Salome Zurabişvilinin müraciəti Atoneli küçəsindəki prezident sarayının qarşısından səsləndi. Xanım Zurabişvilinin təxminən 500 sözdən ibarət çıxışı 5 dəqiqə 15 saniyə davam etdi. O, ölkəni bayram münasibəti ilə təbrik etdi, onu 2020-ci ildə birliyə və həmrəyliyə səslədi. Məhz bu sözlər: “ölkə”, “Gürcüstan” (15 dəfə), “birlik”, “birləşmək” (10), habelə “güc” (5) prezidentin çıxışında ən çox işlədilən kəlmələr oldu. Dövlət başçısı bəzilərinin Gürcüstanı zəiflətməyə, gürcülərin ləyaqətini, xarakterini əzməyə cəhd göstərdiyi və göstərəcəyi barədə ölkəni xəbərdar etdi, həmvətənlərini depressiyaya yuvarlanmaqdan çəkindirdi (“millətin depressiyası yalnız düşmənləri xoşbəxt edir”), hamını vətənin başının üstünü almış “qara nifrət buludunu dağıtmağa” çağırdı. Onun müraciətinin qayəsi də budur: “Kiçik bir ölkənin yaradıcılıq enerjisinin böyüklüyü bütün dünyanı heyrətə gətirir. Biz burada, Gürcüstanda da öz milli enerjimizin gücünü və qiymətini tam mənasında dəyərləndirmək iqtidarında olmalıyıq... Arzu edirəm ki, üzümüzə gələn il bizim birlik və həmrəylik ilimiz olsun. Aşağılayıcı nifrət dilindən istifadə etməkdən mümkün qədər çəkinmək lazımdır, çünki bu mənfi enerji artıq kifayət qədər əleyhimizə çevrilib”.
Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərini respublikanın mərkəzi meydanından birbaşa efirdə təbrik etdi. Paşinyan əvvəlcə uzun-uzadı onu salamlayan qvardiyanın arasından keçməklə, sonra xalqın iki tərəfdən əhatəyə alıb hökumət başçısına öpücüklər göndərdiyi dar dəhlizlə yürüməklə, arvadı və qızları yanında tribunaya çatanadək camaata əl yelləməklə öz Yeni il müraciətini tamaşaya çevirdi. Təxminən 940 sözlük çıxış isə 10 dəqiqə yarımdan çox çəkdi. O, emosional nitqinə Ermənistana, “Arsaxa” və “spyurka” (diaspora) xitabla başladı. Amma kiçik bir istisna ilə qalan çıxışı ərzində yalnız “Ermənistan” kəlməsi işlətdi (21 dəfə). İstifadə tezliyinə görə sonrakı yerlərdə “respublika” və “ölkə” (18), “inam” (8), “inqilab” (6) kəlmələri gəlir. Məhz onlar baş nazirin xalqa aşılamaq istədiyi fikrin özəyində dayanır: “2020-ci il ümumxalq əhval-ruhiyyəsi, özünə güvənlik və inamın fərdiləşdirilməsi ili olmalıdır... Bu, Ermənistan Respublikasının iqtisadi, siyasi, sosial və psixoloji yüksəliş ili olacaq. Bizim inqilabın Respublika meydanındakı bu inqilabi, gur və ehtiraslı anının məsləhəti belədir”. Paşinyanı digər ölkələrdəki həmkarlarından fərqləndirən bir cəhət də onun çıxışında hərbi mövzuya kifayət qədər geniş yer verilməsidir. Baş nazir il ərzində “görünməmiş miqdarda silah və sursat” əldə edildiyi barədə xalqa məlumat verdi və hətta “müasir çoxfunksional” təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin adlarını sadaladı.
Azərbaycan prezidenti İlham Əliyevin iqamətgahdan xalqa Yeni il müraciəti 13 dəqiqə 50 saniyə davam edib və 1168 sözdən ibarət olub. O, əsasən ötən ilin yekunlarından danışıb, sosial-iqtisadi sahələrdə dəyişiklikləri xüsusi vurğulayıb və bu zaman daha çox “Azərbaycan”, “ölkə” (40 dəfə), “dünya”, “beynəlxalq” (17), “güc” (10), “uğur” (9), “islahat” (5) kəlmələrindən istifadə edib. Çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə birbaşa toxunmayan və “Qarabağ münaqişəsi” barədə danışmayan Paşinyandan fərqli olaraq, İlham Əliyev bu problemlərin üzərində geniş dayanıb. Onun nitqində “Qarabağ” ifadəsi 8 dəfə, “Ermənistan” və “münaqişə” sözlərinin hərəsi isə 6 dəfə təkrarlanıb. Bunları nəzərə alaraq deyə bilərik ki, prezidentin müraciətində iki mühüm məqam olub, amma həmin məqamlar arasında əlaqə də göz önundədir. Birinci: bu mürəkkəb dünyada “Azərbaycan sabitlik məkanıdır, inkişaf məkanıdır... Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib... Dünyada yaşayan bütün azərbaycanlılar... bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb”. Və ikinci: “İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım – bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”. Eyni zamanda dövlət başçısının müraciətində “birlik” sözünün cəmi bir dəfə işlədilməsi və bunun da xarici tərəfdaşlara aid olması diqqət çəkən məqamlardandır.
ARAYIŞ
Dövlət başçılarının xalqa Yeni il müraciətlərinin tarixi ötən əsrin 20-ci illərindən başlayır.1923-cü ildə BBC-nin direktoru Con Reyt kral Georqa Milad bayramı münasibəti ilə radioda çıxış etməyi təklif edir. Onun ideyası qəbul olunmur. Bununla belə, Reyt əl çəkmir və nəhayət, 1932-ci ildə kral V Goerqun Britaniya vətəndaşlarına ilk Yeni il radiomüraciəti yazılır. Müraciətin mətnini Redyard Kiplinq tərtib edir.
Bir sıra digər Avropa ölkələrinin rəhbərləri – Polşa, Finlandiya, Fransa, İtaliya prezidentləri, Danimarka kraliçası, Norveç kralı, Almaniya kansleri də bu ənənəyə qoşulub. ABŞ prezidentlərinin Yeni il təbrikləri onların xalqa həftəlik radiomüraciətləri çərçivəsində yayılır.
Azərbaycanın da uzun müddət tərkibində olduğu SSRİ-də vətəndaşlara Yeni il müraciətlərinin əsası 1936-cı ildə qoyulub. Həmin vaxt Yeni il bayramı bərpa edildikdən sonra “Pravda” qəzetində İosif Stalinin şəklinin üstündə təbrikin mətni dərc edilib: “Yeni iliniz, Lenin – Stalin bayrağı altında yeni qələbələriniz mübarək, yoldaşlar!” Radioda isə SSRİ MİK-nin sədri Mixail Kalininin Yeni il təbriki oxunub. Dövlət başçısının xalqa Yeni il müraciətinin televiziya formatına isə SSRİ-də 1970-ci ildə, Böyük Britaniyadan 13 il sonra keçilib. İlin bitməsinə bir neçə dəqiqə qalmış KPMK-nın baş katibi Leonid Brejnevin təbriki efirə verilib. 1970-ci illərin sonundan bu təbrikləri Mərkəzi televiziyanın diktoru oxuyub. 1985-ci ildə KPMK baş katibinin xalqa birbaşa Yeni il müraciəti ənənəsini Mixail Qorbaçov bərpa edib.
Bu ənənə 1991-ci ildə SSRİ dağıldıqdan sonda keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan davam etdirilib.