Logo
news content
User
Категории

Аналитика

Bu il hamıya pul verildi, uşaqların “bir abbasısı” qaldı

Dekabrın 17-də “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq” mövzusunda bir rəsmi tədbir keçirilib və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc orada “uşaqpulu” məsələsinə toxunub. O deyib: “İndi “uşaq pulu” mövzusu ətrafında ictimai kampaniya aparılır”, eyni zamanda əlavə edib ki, həmin kampaniyanı aparan qüvvələrin “özlərinin bir uşaqla şəkli yoxdur".

Hörmətli Zahid Oruc, yəqin ki, “ictimai kampaniya” söyləyəndə sosial şəbəkələrdəki ardıcıl çıxışları nəzərdə tutur, çünki nə bizim mətbuatımız, nə də dekabrın 17-dəki tədbirdə “böyük nailiyyətləri və işıqlı perspektivləri” müzakirə olunan qeyri-hökumət təşkilatlarımız özbaşına belə iş tutmazlar. Gözünə döndüyüm “şəbəkə əhli” isə irada dərhal reaksiya verib: Facebook böyüklərin uşaqlarla çəkdirdikləri şəkillərlə doldurulub.

Çoxdandır, rəsmi şəxsin dilindən “ictimai kampaniya” ifadəsi eşitməmişdim. Və ifadə bir qədər mənfi kontekstdə işlənsə də, sevinirəm. Əsas odur ki, kampaniyaya qatılanların səsləri eşidilsin, cavablandırılsın. Ortaya tələb, yaxud istək qoyanların isə, inanın, Zahid müəllim, kiminlə şəkil çəkdirməsinin məsələnin mahiyyətinə təsiri yoxdur. Sözü deyənlərə yox, deyilən sözlərə qiymət vermək, tələbin nə dərəcədə ədalətli olub-olmadığını, inkişafımıza xidmət edib-etmədiyini qiymətləndirmək daha düzgündür. Bu, ictimai kampaniyaların siyasi kampaniyalara çevrilməməsi üçün vacib şərtlərdən biridir.

Aşağıda təqdim etdiyimiz material iki həftə idi redaksiya qovluğunda məqamını gözləyirdi...

Press Klub

Müəllif: Ülviyyə Şahin

İlin uğurlarını sadalayan hər hökumət rəsmisi barmaq qatlayır: “maaşlar – filan qədər artıb, pensiyalar – filan qədər, tələbə təqaüdləri, veteran müavinətləri – filan qədər... Ümummilli sərvət bölgüsündən təkcə uşaqlara pay düşməyib.

Uşaqpulu məsələsinə yalnız gənc və imkansız ailələrə dəstək proqramı kimi yanaşmasaq, onu yeni nəslə qayğı, gələcəyimizə kapital qoyuluşu, demoqrafik siyasətin tərkib hissəsi kimi qiymətləndirsək, problemin ictimai mahiyyətini dərk edə bilərik. Biz bu yardımı təkcə manatla ölçmürük, onun uşaq təfəkkürünün formalaşmasında, dövlətin güvənliyimizə verdiyi təminata lap uşaqlıqdan inam yaradılmasında rolunu önə çəkirik. Həmkarımız Rahim Sadıqbəylinin İsveçdən göndərdiyi geniş reportajda bir uşağın dediklərini yadınıza salırıq: “Bilirəm ki, ailə büdcəmizdə mənim də həmişə öz kiçik payım var, ehtiyaclarıma xərcləyə bilərəm”.

Son büdcə müzakirələrində parlament “uşaq nədir, pul nədir?” təfəkkürü ilə dövlətin üzərinə belə “lazımsız” öhdəlik qoyulmasına ehtiyac görmədi. Amma beşinci çağırış Milli Məclisin vaxtından əvvəl tarixə qovuşmaqda olduğu, qızğın keçən bir ilin yekuna yaxınlaşdığı vaxtda ictimai fikir daşıyıcılarımızın, elm və sənət adamlarımızın dili ilə problemin həlli zərurətini bir daha yada salmaq istəyirik.

 

Qubad İbadoğlu, iqtisadçı-alim

Uşaq pulu ilə böyüyənlər uşaq pulunun verilməsinə qarşı çıxırlar.

Milli Məclisdə büdcə müzakirələri zamanı yenə də baş nazirin keçmiş müavini Vahid Əhmədov xalqın ehtiyaclarından irəli gələn çıxış etmişdi. Onun çıxışında diqqəti çəkən 2 məqamı təqdim edirəm.

1) Pensiya yaşı aşağı salınsın. “Biz MDB məkanından, Avropadan, Türkiyədən də misallar gətirə bilərik. Bizdə pensiya yaşı kifayət qədər yüksəkdir. Düzdür, bizim rəsmilər fərqli fikirlər söyləyirlər. Ancaq bunlar BMT-nin verdiyi rəqəmə uyğun gəlmir. Pensiya yaşı ilə əlaqədar ümumi məxrəcə gəlməyə ehtiyac var”.

2) Uşaq pulu bərpa olunsun. “Bu, millətin tələbidir. Biz hamımız sovet vaxtı uşaqpulu ilə böyüyən adamlarıq. Hər ailədə 10-12 uşaq olmuşuq və uşaqpulu ilə dolanmışıq. Biz demirik ki, 18 yaşınadək uşaqlara uşaqpulu vermək lazımdır. Amma ümumi məxrəcə gəlmək mümkündür, çünki cəmiyyətdə də buna tələbat var. Odur ki, buna birdəfəlik “yox” demək düzgün deyil”.

 

Elnur Rüstəmov, psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri

Bu cür məsələlərdə konkret plan olmalıdır. Ortaya suallar çıxır: əgər uşaqpulu verilərsə, o, təyinatına uyğun istifadə ediləcək, ya yox? Bu konkret vəsait uşağın sosial müdafiəsinə, onun intellektual inkişafına sərf olunacaq, ya yox?! Əlbəttə, hər bir ailə uşaqpulunun verilməsini istəyəcək ki, uşağın təminatı yaxşılaşsın və mən də bunu dəstəkləyirəm. Uşaq təhsil almalıdır, bağçaya getməlidir, normal qidalanmalıdır. Bunlar hamısı olmalıdır və təbii ki, bunların olması üçün valideynlərə maddi dəstək göstərilməlidir. Sırf uşaqpulu ilə bağlı məsələlərlə məşğul olan qurumlar var, onlar təhlillər aparırlar. Hansı modeldən istifadənin daha səmərəli olduğu barədə müzakirələr gedir. Yenə də deyirəm: bu iş proqram əsasında görülməlidir. Uşaqpulu verilməsi çox müsbət addım olardı, amma veriləcəksə, onun hara xərclənəcəyi, hansı istiqamətlərə yönəldiləcəyi kimi məsələlər proqrama daxil edilməlidir.

 

Elnarə Xəlilova, aktrisa, müğənni

Əminəm ki, bütün analar, ailələr uşaqpulunun bərpa olunmasının tərəfdarıdırlar. Səhv etmirəmsə, 2000-ci ilə qədər bu pulu verirdilər və onun ailələrə köməyi olurdu. Məsələn, mənim dörd övladım var və inanıram ki, onların dördü də cəmiyyətə, Azərbaycana çox yararlı övladlar olacaq. Ailədə həm mən, həm uşaqların atası işləyirik. Uşaqların yaxşı yaşaması, təhsil alması üçün əlimizdən gələni edirik. Amma çox ailələr var ki, valideynin biri işləyir. Bu dəqiqə Azərbaycanda iki valideyn işləyən ailələr çox deyil və çox övladlar var ki, cəmiyyət, dövlət, xalq üçün xeyirli vətəndaşlar kimi yetışə bilərlər, təəssüf ki, maddi çətinliklər ucbatından bizim onları yetişdirməyə gücümüz çatmır. Məsələn, uşağın bir istedadı varsa, o istedadı üzə çıxarmaq lazımdır. İstedad da, bildiyimiz kimi, durduğu yerdə üzə çıxmır, onu aşkar etmək zəhmət, xərc tələb edir.

Uşaqpulunun bərpa edilməsi o deməkdir ki, övladların cəmiyyətə hazırlanması məsuliyyəti yalnız valideynlərin üzərinə düşməyəcək, həm də dövlətin üzərinə düşəcək. Nəticədə dövlət, xalq udacaq. İndi zamanın tələbi başqadır. Biz məktəbə gedəndə hər fənnə aid bir dərslik, bir dəftərimiz olurdu. Amma indi hər fənnə aid azı dörd dərslik , bir neçə test kitabçaları, bir neçə dəftər lazım olur. Əlavə dərs vəsaitləri də mövcuddur. Etiraf edək ki, bunları almağa valideynlərin maddi imkanı yeterincə deyil.  Mən gözlərimlə görmüşəm ki, məhz maddi çatışmazlıq ucbatından nə qədər istedadlı, bacarıqlı uşaq məktəbə gedə, təhsil ala bilmir. Bəs bu zaman valideyn nə etməlidir?!  Əlbəttə, heç bir valideyn uşaq puluna güvənib deməyəcək ki, mən işləmirəm, bu, dövlətin öz balaca vətəndaşlarının daha yaxşı tərbiyəsinə qatqısı olacaq. Hələ problemin başqa tərəfləri də var. Əgər ailə kasıbdırsa, bu o deməkdirmi ki, dünyaya övlad gətiməsin? Axı ailə qurulur ki, övlad dünyaya gəlsin, bu xalqın kökü itib batmasın. Ətrafınıza baxın: nə qədər valideyn maddi imkanı məhdud olduğu üçün çox gec övlad dünyaya gətirir, sonra da onu istədiyi kimi böyüdüb başa çatdıra bilmir?! Axı bu, düzgün yanaşma deyil. Uşaq pulu kəsinliklə bərpa olunmalıdır.

 

Mehriban Zeynalova, “Təmiz Dünya” İctimai Birliyinin sədri, Qadın və uşaqların sığınacaq mərkəzinin rəhbəri

Uşaqpulu məsələsi çoxdan ümumi müzakirə mövzusudur. Hamı kimi mən də istərdim ki, ən azı həssas vəziyyətdə olan ailələr uşaqpulu ilə təmin edilsin.