Logo
news content
User
Категории

Аналитика

Azad hava məkanı

Müəllif: Elxan Salahov

Dekabrın 17-də saytımızda jurnalist Seymur Kazımovun Finlyandiyaya və Estoniyaya səfərdən sonra yazdığı “Azərbaycanın hara gedəcəyinə onun vətəndaşları qərar verməlidirlər” məqaləsi dərc olunmuşdu. Məqalədə Şərq Tərəfdaşlığı Proqramının Estoniya mərkəzinin direktoru Gert Antsu Azərbaycanla Avropa İttifaqı arasında başıbəlalı saziş ətrafında üç ildir davam edən danışıqlara da toxunmuşdu: “Bildiyim qədər, indi aviasiya və insan hüquqları ilə bağlı müzakirələr aparılır”.

“İnsan hüquqları məsələsi” bəllidir, amma “aviasiya söhbətinin” bu işə nə dəxli olduğu o zaman oxucularda suallar yaratmışdı. Həmin sualların cavabı isə bir müddət sonra Azərbaycan Hava Yolları (AZAL) Dövlət Konsernindən gəldi: “Ölkədə 1 yanvar 2020-ci il tarixindən etibarən beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə başlanılır. Bu, Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək”.

Dəyişikliyin Azərbaycana, onun vətəndaşlarına xeyri nə olacaq?

“Hava azadlığı” qrupu hər hansı ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin hava məkanımızda hərəkətinə də bir o qədər çox imkan verilir.

 

Yeni şərtlərdən kim nə üstünlük əldə edir?

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bildirir ki, yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar. Beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi sayəsində onlar Azərbaycan ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Azərbaycanın bütün hava limanlarında eniş etmək icazəsi verir. Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə imkan yaradır.

Əvvəllər Azərbaycana belə uçuşlar etmək üçün xarici aviaşirkətlərə fərdi qaydada icazə verilirdi. Bundan sonra isə onlar heç bir maneə olmadan Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər. Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirmək istəyən hər yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərindən istifadəyə görə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayını və sərnişin axınının həcmini nəzərə almaqla, endirimlərin səviyyəsi və tətbiqi müddəti uzadıla bilər.

AZAL rəsmisi hesab edir ki, bu dəyişiklik xarici aviaşirkətlərin Azərbaycana marağını artırmaqla yanaşı, onlar üçün yeni bazarlar vəd edir və Azərbaycana turist axınının artırılması baxımından geniş imkanlar açır.

Paşa Kəsəmənli əlavə edir ki, artıq yanvarın 1-dən AZAL tərəfindən tətbiq olunacaq yenilik barədə Avropanın, Şimali Amerikanın, Avstraliyanın və Cənub-Şərqi Asiyanın aviaşirkətlərinə bildirişlərin göndərilməsinə başlanıb.

 

“Hava nəqliyyatı sahəsində daha ciddi islahatlara zərurət var”

İqtisadçı ekspert Rəşad Həsənov da dəyişikliyin həm sərnişinlər, həm də avişirkətlər üçün xeyli üstünlüklər yaradacağını deyir. Amma o əmindir ki, AZAL hava limanlarının idarəetməsindən kənarlaşdırılmalıdır: “Çünki, bu hal maraqlar konflikti üçün əsas yaradır və digər hava yollarının, o cümlədən aşağı büdcəli hava yolu şirkətlərinin Azərbaycan bazarına daxil olması üçün çətinliklərə gətirib çıxarır. Özəl şirkətlərin hava limanlarının idarəçiliyinə cəlb edilməsi biznes prinsiplərinin tam qüvvəsi ilə işə salınmasına şərait yarada bilər”.

Bununla belə, ekspert hesab edir ki, Azərbaycanın bütün beynəlxalq hava limanlarının xarici şirkətlərə açılması hava nəqliyyatı sahəsində liberallaşmaya doğru atılan ilk mühüm addım kimi müsbət qiymətləndirilməlidir. AZAL-ın yanvarın 1-dən tətbiq edəcəyi dəyişiklik ölkədə turizmin inkişafını xeyli dərəcədə stimullaşdıracaq: ”Hava nəqliyyatı ilə sərnişindaşıma Azərbaycanın turizm sektorunun inkişafı baxımından vacib məsələlərdən biridir. Ölkəmizə səfər edən hər 100 turistdən 41 nəfəri məhz hava nəqliyyatından istifadə edir. Odur ki, beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi xarici turistlərin Azərbaycana gəlməsi şansını artıracaq”.

Rəşad Həsənov mövcud konyuktur və çağırışlardan çıxış edərək, hava nəqliyyatı sahəsində daha ciddi islahatlara zərurət olduğunu deyir. İlk növbədə, hava yolu şirkəti və hava limanlarının idarəetməsi təkmilləşdirilməlidir. Bundan başqa, aşağı büdcəli aviaşirkətlərin Azərbaycan bazarına cəlb edilməsi üçün təşviq mexanizmləri hazırlanmalıdır. Həmçinin bu sahəyə tətbiq edilən vergi tarifləri optimallaşdırılmalı, ən azından qonşu ölkələrin səviyyəsinə endirilməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda beynəlxalq statusa malik 6 hava limanı var. Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarıdır. Onların hamısı İCAO kateqoriyalarına (3-cü dərəcə də daxil olmaqla) malikdir. Yəni, müasir avadanlıqlarla təchiz olunmuş bu hava limanınlarında yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait mövcuddur.

 

Redaksiyadan. Yeni qaydaların üstünlükləri barədə suala media adından bir cavabı da biz verək. 1990-cı illərin ortalarında, Azərbaycanda xeyli xarici aviaşirkətin nümayəndəlikləri olanda, bunun xeyrini dolayısı ilə KİV də görürdü. 1998-ci ildə reklam bazarının monitorinqi göstərirdi ki, aviaşirkətlər reklam sifarişlərinə görə hamını qabaqlayır, hətta avtomobil kompaniyaları və mobil rabitə operatorlarından da öndə gedirlər. “Zerkalo”-nun redaktoru Elçin Şıxlı xatırlayır ki, o vaxtlar təkcə Lufthansa bu qəzetdə apardığı bircə reklam kampaniyasına görə 40 min dollar vəsait ödəmişdi. Sonra həmin şirkətlərə elə iş şəraiti yaradıldı ki, onların əksəriyyəti buranı “hava məkanını” tərk edəsi oldular...