ABŞ İranı “vurdu”
04 Январь 2020
Nəhayət, arzuolunmaz, amma gözlənilən hadisə baş verdi. ABŞ və İran arasındakı dolayı münaqişə birbaşa xarakter aldı. Amerika ordusunun hava zərbələri İranın ən tanınmış hərbçilərindən birinin həyatına son qoydu. Bu, İranın bir müddət öncə İraqdakı ABŞ səfirliyinə qarşı dolayı təşkil etdiyi basqına cavab idi.
ABI-ın məhv etdiyi Qasim Süleymani uzun illərdir Yaxın Şərq regionundakı əsas fiqurlardan biri, demək olar ki, İranın bölgə üzrə səhra komandiri idi. O, hərbi əks-kəşfiyyat sahəsində mütəxəssis kimi məşhurlaşmışdı. Rəsmi mövqeyinə görə isə müdafiə nazirliyindən birbaşa əmrlər almayan, ali dini rəhbərə tabe olan zəbitlərdən idi. Süleymaninin bütün bu keyfiyyətlərini sadalamaqda məqsədimiz onun İran İslam inqilabı tərəfdarları arasında mövqeyini önə çəkmək və ABŞ-ın daimi hədəflərindən biri olduğunu vurğulamaqdır.
Tramp niyə cəsarətləndi?
ABŞ prezidenti baş verəcəyi ehtimal olunan olayları bilməmiş, onların mümkün nəticələrini düşünməmiş deyildi. Bilmədiyini də əmr verdiyi generallar ona izah edərdilər. Bəs nə üçün prezident belə bir əmr verdi?
2020-ci ilin prezident seçkilərinə ən aşağı nüfuzla getmək Tramp üçün bəri başdan məğlubiyyət demək olardı. Üstəlik, İraqdakı ABŞ səfirliyinə basqına cavab vermədən gözləmə mövqeyi tutmaq onu öz komandasının da gözündə kiçildərdi. Tramp bu addımı ilə həm qaynar bölgələrdəki diplomatlarının həyatının onun üçün əhəmiyyətli olduğunu rəqiblərinə, həm də baş verən olaylara məsul şəxslərin törətdikləri əməllərə görə canları ilə cavab verəcəklərini öz diplomatlarına çatdırdı. Bu, ikitərəfli cavab idi.
Trampın cavabı ABŞ daxilində prezidentə yeni populyarlıq qazandırdı. Onun ən qatı əleyhdarlarından biri, demokratların konqresdəki kəşfiyyat komitəsinin sədri açıq şəkildə “Dünya Qasım Süleymanisiz daha gözəl olacaq” yazıb. Bu, Trampa verilən müsbət rəydir. Ancaq demokratların nümayəndəsi “Bununla belə, ABŞ xalqı müharibə istəmir” yazmağı da unutmayıb. Yəni, prosesin dərinləşməsinin ABŞ-ı da iki yerə bölə biləcəyini ifadə edib.
İran nə edəcək?
İran olaya “Cavabsız qalmayacaq” reaksiyası verdi. Ancaq “cavab nə olacaq?” sualı hələ ortadadır. Bu vəziyyət bizə Suriyada rus hərbçilərinin başına gələnləri, eyni zamanda Rusiya təyyarəsinin Türkiyə hərbçiləri tərəfindən vurulması hadisəsini xatırladır. Rusiya da “cavabsız qalmayacaq” demişdi. Ancaq cavab nə oldu? Türkiyə Rusiyadan S400 raket kompleksi alır. Güman etmək olar ki, indiki halda da çox uzun sürməyəcək gərgin əhval-ruhiyyə yerini qapılar arxasında sövdələşmələrə verəcək. Bu dəfə Əfqanıstan məsələsində mühüm düyünlər açıla bilər. İran üçün, həqiqətən, ciddi fürsətdir: “nüvə məsələsi”ndə ABŞ-ın geri çəkilməyəcəyi düşünülür, odur ki, ən ağlabatan variant İranın Əfqanıstanda əməkdaşlığının dərinləşməsidir. Ola bilsin ki, Amerika Birləşmiş Ştatları nüvə sazişini yenidən gözdən keçirəcəyinə də söz versin, ancaq bu sahədə hansısa daha dərin prosesin baş verəcəyi az ehtimal olunur.
Region üçün təhlükə?
Bizim region üçün təhlükələr varmı? Əlbəttə, real müharibə vəziyyəti yaranarsa, var. Ancaq indiki şəraitdə real müharibə üçün əsas da yoxdur. İran çox fikirləşdi, bu isə göstərir ki, o, analoji addım haqqında düşünmür, hər halda indi buna getməyə hazır deyil. İsrail isə həm yaranmış vəziyyətdən istifadə etmək istəyir, həm də özü xeyli dərəcədə narahatdır. Çünki ABŞ-la İran arasında istənilən hərbi qarşıdurma Amerkanın şərqdəki ən mühüm müttəfiqi və İrana yaxın məsafədə yerləşən İsrail üçün yaxşı olmayacaq. Üstəlik, ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımaqla və Qolan təpələrini onun ərazisi elan etməklə Təl-Əvivi öz düşmənlərinin açıq hədəfinə çevirib.
Biz nə etməliyik?
Dövlət olaraq Azərbaycan bu qarşıdurmanın “palçığının” onun üzərinə sıçramasına yol verməməyə çalışmalıdır. Bizim mövqeyimiz həlledici olmadığı halda hər hansı formada münaqişəyə cəlb olunmağımız ölkəyə yalnız ziyan vura bilər. İkincisi, İran generalının İraqda ABŞ tərəfindən öldürülməsinin cəmiyyətimizi müvafiq tərəflərə parçalaması bizim üçün gözlənilən müharibədən təhlükəlidir. Bunun üzərində düşünüb-daşınmağa ehtiyac varkən, bütün başqa problemlər ikinci dərəcəli və hətta əhəmiyyətsiz görünür.