Logo
news content
User
Категории

Аналитика

AB-nin Azərbaycanda əyilən “düz xətti”

Müəllif: Seymur Həzi

Dövlət başçısı ötən ilin sonunda mətbuata verdiyi müsahibədə “AB ilə münasibətlərdə növbəti addımlara ehtiyac yoxdur” dedi. Onun bu açıqlaması birmənalı qarşılanmadı, tənqidlərə və müxtəlif yozumlara məruz qaldı.  Əslində AB ilə Azərbaycan arasında bir neçə il müzakirə mövzusu olan “Assosiasiya sazişi”ndən “Strateji  tərəfdaşlıq” sazişinə keçid etməklə İlham Əliyev vəziyyəti öz xeyirinə yumşalda bilmişdi. Söhbət Şərq Tərəfdaşlığı proqramına qoşulmuş bir neçə keçmiş sovet ölkəsinə təklif edilən standart islahatlar paketindəki müəyyən öhdəliklərdən boyun qaçırmaqdan gedir. Yəni, “xüsusi saziş” variantını seçməklə dövlət başçısı ümumi paketdə özünün xoşuna gəlməyən öhdəliklərdən imtina etmək imkanı qazandı. Bundan sonrakı mərhələdə isə yeni sazişin bəndləri də mübahisələndirildi və günün birində biz “ehtiyac yoxdur” bəyanatının şahidi olduq.

Bu bəyanat hansı zərurətdən yarandı? Sual ona görə aktualdır ki, İlham Əliyev həmin fikri səsləndirəndən bir ay keçməmiş, hökumətin iclasında giriş nitqində AB ilə yeni sazişə hazırlaşdıqlarını bəyan etdi.

Nə baş verir? Bir-birinə zidd iki bəyanatdan hansısa təsadüfi, düşünülməmiş ola bilərmi? Ehtimal yoxdur. Ona görə ki, mövzu İlham Əliyevi şəxsən maraqlandıran, daim onun “nəzarətində olan” mövzudur. Yəni, ikinci dərəcəli “siyasi təsərrüfatçıların” ixtiyarına verilmiş məsələ deyil. Hər iki halda natiqin nə dediyinin fərqində olduğu şübhə doğurmur. Bəyanatların arxasında siyasi məsuliyyət var və bu məsuliyyət müəllifə məxsusdur.

Ziddiyyət nədən doğur?

Bir-birini təkzib edən iki fərqli bəyanatın ortaya çıxmasına nə səbəb ola bilər?

Güman edək ki, burada obyektiv və subyektiv xarakterli iki mühüm amil var. Bunlardan birincisi – obyektiv amil – Rusiya faktorudur. Yəni, Kremlin bölgəyə həssaslığı və təsir imkanları rəsmi Bakıya açıq-aşkar Brüsselə istiqamətlənmiş xətt götürməyə imkanı vermir. Azərbaycan rəhbərliyi özünü Moskva qarşısında tam müdafiə olunmuş hesab etmədiyi üçün  onun iradəsi və arzuları əleyhinə qəti qərarlar verə bilmir. Buna görə balansı qoruyub saxlamağa çalışır və vaxtaşırı AB ilə ciddi bir gələcək planlaşdırmadığını dilə gətirir. Hakimiyyət bunu yalnız Rusiyanın qəzəbindən yayınmaq üçün edirsə, o zaman silahlanma məsələsində Kremlə meyillənməsi bu qorxunun ölçüsünə şübhə yaradır. Başqa tərəfdən, Azərbaycanın ərazi bütövlüyü məsələsində Brüsselin Bakının yanında olduğunu xatırladaraq deyə bilərik ki, Bakı islahatlarda israrlı olarsa, Qarabağ münaqişəsinin həllində də kifayət qədər ciddi dəstəkçilər tapa bilər. Ancaq Azərbaycan rəhbərliyində bu israrı görmürük. Deməli, burada həm də Kremlə təbii bir meyl özünü göstərir. Hərçənd, bunun belə olub-olmadığını hadisələrin gələcək inkişafında daha aydın görə biləcəyik. (Putinin prezident səlahiyyətlərinin bölünməsini və digər dəyişikliklər nəzərdə tutan referendum sınağının nəticələri aydınlaşdırıcı rol oynayacaq.)

İkinci, subyektiv faktor isə Azərbaycan hakimiyyətinin öz maraqları ilə bağlıdır. Nədir bu bağlılıq? Paket halında qəbul edilən razılaşmalara əməl etmək lham Əliyev üçün çətinliklər yaradır. Belə ki, bu cür kompleks öhdəliklərin içərisində insan haqqları və demokratiya məsələləri yer alır. Siyasi islahatlar iqtisadi və ticarət-gömrük islahatlarından da üstün tələb kimi qoyulur. Çünki, islahatların fəlsəfəsinə görə, yalnız azad iradə – azad iqtisadiyyat, ticarət və sairə qura bilər. Bu zaman isə Azərbaycan hökuməti üçün məhkəmələrin müstəqilləşməsinin yaradacağı “fəsad”lardan tutmuş, siyasi arenada arzuolunmazların peyda olmasına kimi əlavə problemlər ortaya çıxır. Üstəlik, yeni qaydalar hakimiyyəti həmin problemlərin qarşısını “istədiyi kimi almaq” imkanından  məhrum edir. Buna görə iqtidar təklif edilən paketə ümumilikdə etiraz bildirsə də, vəziyyəti tam pisləşdirməmək üçün onun içərisindən özünə siyasi baxımdan ən az təhlükəli olanları seçir və qəbul edir. Bununla prosesi uzatmaq və özü üçün təhlükəli ola biləcək dəyişikliklərlə arada məsafə saxlamaq strategiyasını həyata keçirir. AB isə əlindəki paket islahatların icrasında irəliləyişlər olduğunu düşünür: onun üçün elə də fərqi yoxdur ki, bu siyahı əvvəlindən sonuna həyata keçirlisin, ya sonundan əvvəlinə, yaxud da seçmə üsulu ilə icra olunsun. Əsas odur ki, proses dayanmır.

AB haqqlıdırmı?

Birmənalı şəkildə deyə bilərik ki, xeyir. Bizim dəmir məntiqimiz nəyə söykənir? Bilindiyi kimi, geniş islahatların reallığının iki mühüm ölçü vahidi var: ədalətli məhkəmə – istənilən mübahisənin obyektiv sonuclanacağı orqan və müstəqil siyasi iradə. Bu iki amil hüquqi və siyasi islahatların həm göstəricisi kimi çıxış edir, həm də son nəticədə onların taleyini həll edir. Yəni, əvvəlcə “insan faktoru” öz yerini tutmalıdır ki, o digər prosesləri təşkil edə bilsin. Bu mənada insan amilinin ikinci  planda olması islahatların real məzmun qazanmasına imkan verməyəcək və deyə bilərik ki, AB-nin strateji xəttinin əyilməyə məruz qalması qaçılmazdır.