Logo
news content
User
Категории

Аналитика

2019-da yadda qalanlar və ya ilk dəfə parlamentsiz respublikada

Müəllif: Seymur Həzi

 

 

 

 

 

Artıq tarixə çevrilmiş 2019-cu il Azərbaycan siyasi həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı. Ölkə gündəmini ən müxtəlif mövzular işğal və tərk etsə də onlardan bəziləri gələcəyə körpü atdı. 2019-cu il blogger Mehman Hüseynovun hüquqlarının ikinci dəfə açılmış cinayət işi kontekstində müdafiəsi ilə başladı (bloggerə qarşı ikinci işə xitam verildi), sonradan onun yerinə siyasi kontekstdə qarşılıqlı əks-əlaqəli hadisələr gəldi. 

Yanvar ayının ikinci yarısında (19 yanvarda) son on ilin ən böyük dinc mitinqi keçirildi və hakimiyyət bu siqnalı əvvəlkilərdən daha fərqli qiymətləndirdi. Proseslərə təsir etməyin elə yolunu tutdu ki, həm narazılığın artan xəttini azaltsın, həm də gələcək etirazların qarşısını alsın. Payıza qədər mitinqlərə razılıq verilmədi.  Ancaq ortalama statistikaya görə, 20 mindən çox insana zəng edilərək onların problemləri ilə maraqlanıldı. Yeni sosial xərclər paketi barədə qərar qəbul edildi və 2019-cu ilin səkkiz ayında 2,4 milyard manat həcmində sosial təyinatlı vəsait ehtiyyat fonddan büdcəyə, oradan isə müxtəlif formalarla vətəndaşlara transfer edildi. Bu təyinatda xərclər 2020-ci ilin büdcəsində 4 milyard manat kimi xalqa çatacaq. 

AB ilə “yarımçıq sevda” bitmədi 

May ayında yekunlaşacağı gözlnilən Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinə dar danışıqlar yenə də yarımçıq qaldı. Bəzi ekspertlərin fikrincə, Rusiyanın neqativ təsirləri Bakını bu istiqamətdə irəliləməyə qoymadı. Başqa fikirlərə görə isə hakimiyyət bu təsirlərdən yayınmaq üçün ümumilikdə sazişə neqativ münasibətini ifadə edərək, onun tərkibindəki maddələri ayrı-ayrılıqda həyata keçirmək yolunu tutub. Bu da müşahidəçilərdə belə bir sual yaradır: bəs nə üçün sərbəst hava daşımaçılığı sahəsi birinci olaraq seçilib?  Görəsən, insan haqqları və demokratiyanın sırası nə vaxt gələcək? Bütün bunlarla yanaşı, ilin sonuna yaxın dövlət başçısı İlham Əliyevin AB ilə saziş barədə “Növbəti addımlara ehtiyac yoxdur” deməsi proseslər barədə çox nikbin olanlara soyuq duş effekti yaratdı. Onun AB ilə inteqrasiyanı dayandırmağa dair əsaslandırmasının daha çox daxili auditoriyaya hesablandığı diqqəti çəkirdi. Türkiyəyə AB tərəfindən qərəzli münasibətin olduğunu deməklə, dövlət başçısı qurumun “müsəlman düşmənçiliyi” apardığını ifadə etməkdən çəkinmədi. Hər halda belə düşünənlər var ki, əsl səbəblər sırasında bu göstərilənlər elə də qabaqcıl sırada deyil. 

Qoşulmayanların  başında gedərkən ... 

Nəhayət, payız kampaniyasına hakimiyyət yenə birinci başladı və Qoşulmayanlar İttifaqının növbəti sammiti Azərbaycanda keçirildi, yüz otuza yaxın dövlət və hökumət nümayəndəsi Azərbaycana gəldi. Tədbirin bu kəhkəşanına isə bütün demokratik dünyanın arzuolunmaz şəxs kimi baxdığı, ABŞ rəsmisinin  “Bakıya gələrsə, hesabı sorular” dediyi Venesuelanın rəbəri Madura kölgə saldı. Qoşulmayanların mahiyyəti haqqında onu demək olar ki, Azərbaycan indi rəhbərlik etdiyi təşkilata qoşularkən, qurumun rəhbəri artıq üç ay qabaq devrilmiş Misir diktatoru Hüsnü Mübarək idi. 

Kimdir cavabdeh ? 

İlin sonuna yaxın müxalifət daha iki aksiyaya cəhd etdi və onun birində 19 oktyabrda polis zorakılığı, inzibati həbslər dünya gündəminə düşdü.  Hakimiyyət bunun paralelində hər zaman adı aqressivliklə assosasiya doğuran Ramiz Mehdiyevi istefaya göndərdi. Bununla belə, sonradan blogger Mehman Hüseynova qarşı baş verən zorakılıqlar və müxalifət liderinə qarşı işgəncələrə dövlət başçısının reaksiyası onu göstərdi ki, olanlardan tək xəbərdar və məsul Ramiz Mehdiyev deyilmiş.  Firon necə demişdisə elə: əgər Nil vadisində bir qurd bir quzunu yeyrsə, cavabdeh Firondur... 

Parlamentsiz respublika 

Hakimiyyət ilin sonunda yenidən siyasi təşəbbüsdə önə çıxdı. Ancaq bu dəfə hakim partiyanın mütləq çoxluqda olduğu parlamenti elə həmin partiyanın siyasi şurasının qərarı ilə buraxdı. Tam məqsədi hələ aydın olmasa da, ən müxtəlif şərhlər onu deməyə əsas verir ki, hökumət müxaliflərini hazırlıqsız yaxalamaq istəyir. Başqa tərəfdən isə indiki parlament gələcək parlament formalaşana kimi yalnız  beynəlxalq qrumlardakı fəaliyyətində səlahiyyətə sahibdir. Yəni, respublikamız faktiki olaraq parlamentsizdir və hakimiyyət bölgüsü prinsipi pozulub: 2020- ci ilə parlamentsiz respublika kimi qədəm qoyuruq. Əsas odur ki, respublikamız durur. 

Bəs Qarabağ? 

Azərbaycanın işğal olunmuş torpaqları barədə 2019-cu ildə nə edildi, 2020-də nə ediləcək? Cavablar vermək olar. Ancaq ABŞ-ın məhşur prezidentlərindən Vilsonun Koreya probleminə dair bir neçə cümləsi daha  əhəmiyyətli ola bilər: “Hamı bilir ki, Koreya qeyd-şərtsiz Yaponiyanındır. Lakin Yaponiya indi onun uğrunda döyüşmək istəmir və ya bu gücdə deyil. Dünya ictimaiyyəti isə Yaponiyanın əvəzinə belə bir döyüşə girmək fikrində deyil”... 

2020  ölkəmizə və dünyaya yaxşılıq arzulayan hər kəsə düşərli olsun!

Press Klubdan: 2019-un yadda qalan hadisələrindən biri də istedadlı jurnalist Seymur Həzinin açıq-aşkar ədalətsiz məhkəmə qərarı ilə 5 il cəza çəkdikdən sonra avqustun sonunda azadlığa çıxması oldu. İti müşahidəsi və gözəl qələmi olan həmkarımızın yazdığı məqaləni təqdim edərkən ona da oxucularımızın təbriklərini çatdırır və ümid edirik ki, tezliklə Seymur Həzinin peşəkar jurnalistikaya tam qayıdışının şahidi olacağıq.