Logo
news content

Zəhər tuluğu
Tehran rejimi etiraz aksiyası iştirakçılarına kimyəvi silahla hücum edir

İran hakimiyyəti hicab qaydalarına nəzarəti gücləndirir. Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bu istiqamətdə müəyyən göstərişlər verib. Parlamentin sədri Qalibaf bildirib ki, hicabla bağlı qanunun icrası davam edəcək. 

Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsün-Ejei bu sahənin vəzifəli şəxslərinə qız və qadınların məcburi hicab qaydalarına əməl etməsi barədə əmr verib. O, ötən gün Ali Məhkəmə Şurasının iclasında bildirib ki, məhkəmə sistemi dövlətin digər uyğun qurumları ilə bu istiqamətdə əlaqəli şəkildə fəaliyyət göstərməlidir. 

Hakimiyyətin bütün qurumları hicaba etirazla bağlı aksiyalarda casus axtarışını davam etdirirlər. ETTELAAT-ın keçmiş şefi də bu müşavirədə “casuslara xidmət edənlərin, onlarla əlaqəli fəaliyyət göstərənlərin aşkarlanıb, cəzalandırılmasını” məhkəmə sisteminin əməkdaşlarına tapşırıb. 

İslam Respublikası hakimiyyəti təmsilçilərinin hicaba qarşı mübarizədə “xarici casus agentləri”  ittiham etməsi ilk hadisə deyil. Bununla belə, cəmiyyətdə məcburi hicaba qarşı mübarizə davam edir. İranın əsas şəhərlərində qadın və qızların baş örtüsüz, yarımçıq hicabla gəzməsi halları müşahidə olunmaqdadır. 

İran hakimiyyətinin başqa bir problemi məktəb və universitetlərdə şagird və tələbə qızların zəhərlənməsidir. Bu, artıq ölkə üzrə məktəb və universitetlərə “kimyəvi hücum” adını alıb. Tehran hakimiyyəti bu məsələni xarici qüvvələrlə bağlamağa cəhdi elə cəhd olaraq qalır. Ötən ilin noyabrından İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərində məktəbli və tələbə qızlar arasında başlayan zəhərlənmə hadisəsi ölkəboyu davam edir. Novruz bayramı ilə bağlı tətillərlə əlaqədar bu hadisələr dayanmışdı. Ancaq dərslər başlayan kimi zəhərlənmə halları da yenidən müşahidə edilir. 

Buna etiraz olaraq, İranda zəhərlənməyə etirazların yeni dalğası başlayıb. 

Bu istiqamətdə baş verənlərə qısa nəzər salaq. 

Tehranın yaxınlığında yerləşən Kərəc şəhərində Sədr məktəbində şagirdlər zəhərlənib. Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində sahibkarlar məktəblərə kimyəvi hücumlara etiraz olaraq, obyektlərini bağlayıb, tətil keçirirlər.

Ötən gün Güney Azərbaycanın Urmiya, Sulduz (Nəğədə), Ərdəbil, Saqqız şəhərlərində yüzlərlə qız şagird zəhərlənib. Ərdəbil şəhərinin qızlar oxuyan 9, Urmiyanın 2 və Sulduzun bir orta məktəbində zəhərlənən şagirdlər xəstəxanalara köçürülüb. İndiyə kimi  28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 13 mindən çox qız şagird zəhərlənib.

Adı çəkilən şəhərlərdə bir neçə məktəbin qarşısında valideynlərlə polis qüvvələri arasında qarşıdurma yaşanıb. Etiraz aksiyasının iştirakçıları “Uşaq qatillərinə ölüm!”, “Diktatora ölüm!”, “Xamneyiyə ölüm!” şüarları səsləndirilər.

Zəhərlənmə hallarının yenidən artmasından sonra valideynlərin övladlarını məktəblərə göndərməyə ehtiyat etdikləri bildirir.

Övladlarının təhlükəsizliyinin təmin edilməməsinə etiraz edən valideynlər hökumət məmurlarının zorakılığına məruz qalıb, onlardan bir neçəsi polis bölmələrinə aparılıb.

Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində “Merac” qızlar məktəbində İran İslam Respublikasının bayrağı azadlıqsevərlər tərəfindən endirilib.

Hicaba əməl etməyən tələbə qızlar universitetdən qovulur. Rejimin məcburi qadağasına əməl etməyənlər ictimai yerlərə, o cümlədən kitabxanalara buraxılmırlar. Hicabsızlarla yanaşı, zəhərlənməyə etiraz edənləri də hakimiyyət cəzalandırır. 

Məsələn, Təbriz Tibb Elmləri Universitetinin bir qrup tələbəsi qız məktəblərinin kimyəvi hücuma məruz qalmasına etiraz etdikləri üçün “iğtişaş və xaos yaratmaq” ittihamı ilə təhsildən məhrum ediliblər.

Təhsil sahəsində problem, rejimin üzləşdiyi etirazlar tələbə və məktəbli qızların zəhərlənməsi bitmir. Müəllimlərin əməkhaqlarının gecikdirilməsi ilə bağlı  məsələ təhsil naziri Yusif Nurinin istefasına səbəb oldu. Hətta iqtisadiyyat, büdcə proqramlarının əlaqələndirilməsi məsələləri üzrə vitse-prezident Məsud Mirkazıminin istefa verəcəyi gözlənilir. 

Bununla belə, müəllimlərin etiraz aksiyaları da davam edir. İranın Rəşt, Ənzəli, Astara şəhərlərində müəllimlər Anuş Adeli, Mahmud Siddikupur və Əzizə Qasımzadənin sərbəst buraxılmasını tələb ediblər. Hüquq müdafiəçiləri etirazçı müəllimlərin həbsinin siyasi motivli olduğunu bildiriblər. 

Tehran rejimi niyə kimyəvi hücumların qarşısını almır? Bu terroru kimlər həyata keçirir? 

Zərərçəkənlər iddia edir ki, zəhərlənmələri hakimiyyət həyata keçirir. Çünki İranda hicaba etiraz aksiyalarında yuxarı siniflərin şagirdləri və tələbə qızlar fəallıq göstərirlər. Ona görə də məktəbli  və tələbə  qızlar İran hakimiyyətinin hədəfindədir. Hakimiyyəti onların fəallığından narahatdır. Çünki onlar siyasi deyil və fəaliyyətlərində rejimə qarşı əməl yoxdur. Məktəbli, tələbə qızlar, onların valideynləri, yaxınları övladlarının zəhərlənməsinə etiraz edir. 

İran parlamentinin Faktaraşdırıcı Komissiyasının üzvü Əhməd Həsən Asəfəri zəhərlənmə ilə bağlı təhlükəsizlik orqanlarının hələ ki heç bir iz tapmadıqlarını bildirib. İran hakimiyyəti hicaba qarşı etiraz aksiyalarında iştirak edənləri bir-bir axtarıb, tutur. 4 etirazçını isə aksiyalar zamanı ağır cinayətlər törətməkdə ittiham edərək, barələrində edam hökmü çıxarıblar. Bu hökmü rejim gecikdirmədən icra etdi. Ancaq zəhərlənmələrin mənbəyini tapa bilmir. Kimyəvi hücumları törədənlərin 6 aydır tapılmaması isə bu cinayəti rejimin təşkil etməsi ehtimalını gücləndirir. 

Zəhərlənmə hadisəsi Tehran hakimiyyətinin öz vətəndaşlarına qarşı kimyəvi silah tətbiq etdiyi qənaətinə gəlməyə əsas verir. Başqa sözlə, bunu həm də dinc aksiya iştirakçılarına qarşı kimyəvi silahla hücum  da saymaq olar. 

Beləliklə, İranda növbəti etiraz dalğası təhsil sahəsindən başlayıb. Hakimiyyət isə çıxış yolunu onları zəhərləməkdə görür...