Logo
news content

“Xilaskar”ın xilas etmədiyi məzlumlar
İran rejimi qeyri-fars vətəndaşlarına zülm yaşadır

İran təbi sərvətləri və insan resurslarına görə dünyanın ən zəngin dövlətlərindəndir. İslam Respublikasının Konstitusiyasına əsasən, ölkənin təbii sərvətləri və dövlət büdcəsi bütün bölgələr üzrə, uyğun olaraq, bərabər paylanır. 

Ancaq Ana Yasanın bu maddəsi cinayətkarcasına pozulur. Dövlət büdcəsinin bir hissəsi hakimiyyətin islam inqilabı doktrinasının transformasiyasına, farsdilli sayılan İsfahan, Tehran, Yəzd bölgələrinə xərclənir. Qeyri-fars, o cümlədən Güney Azərbaycanın əyalətlərinin əhalisi büdcənin ayrılmasında baş verən ədalətsizliyə və qanun pozuntusuna daim etiraz edirlər. Ancaq onların bu haqlı etirazlarına Tehran hakimiyyəti məhəl qoymur. 

Daim ədalətdən danışıb, əhalinin başını aidiyyəti olmayan məsələlərlə məşğul edən İran rəhbərliyinin etdiyi ən böyük ədalətsizlik özünü Sistan və Bəlucistan əyalətində daha qabarıq göstərir. 

Bu bölgənin mərkəzi Zahidan şəhərinin imam cüməsi, tanınmış din xadimi Mövləvi Əbdül Həmid hər cümə namazı xütbəsində regionun bütün sahələr üzrə problemlərində ayrı-seçkiliyə məruz qalmalarından danışıb. O, iyunun 14-də cümə xütbəsində məzhəbi ayrı-seçkiliyə görə bəlucların prezidentliyə namizədlərinin qeyd alınmamasını tənqid edərək, bunu islam dini və beynəlxalq normalara qarşı olduğunu bildirib. 

Sistan və Bəlucistan əyaləti İranın cənub-şərqində yerləşir. Ərazisinə görə ölkənin ikinci ən böyük əyalətidir. Bura İslam Respublikasının ən əlverişsiz və iqtisadi baxımdan inkişaf etməmiş bölgələrindən sayılır. 

Bölgənin təhsil, səhiyyə, iqtisadiyyat sahələri, texniki-kommunikasiya vasitələri və digər avadanlıqlarla təchiz olunmaması uzun illərdir başlıca problem olaraq qalır. 

Bu əyalətin vətəndaşları sadaladığımız istiqamətlərdəki çatışmazlıqlar səbəbindən saysız-hesabsız itkilər verib. İnfrastruktur problemlərindən başqa, əyalətdə baş verən təbii fəlakətlər - musson və leysan yağışları, davamlı və uzun sürən quraqlıq, tufanlar da Sistan və Bəlucistan əhalisinin gündəlik həyatına və işinə problem yaradır. Hakimiyyət təriqət və mədəni ayrı-seçkilik əsasında bölgə sakinlərinə zülm edir. 

Rabitə və rəqəmsal texnologiya sahəsində bu əyalətdə vəziyyət digər sahələrdən qat-qat pisdir. Hökumətin açıqladığı statistikaya görə, Sistan və Bəlucistan əyalətlərində ev təsərrüfatlarının kompüterlərə çıxışı ölkə üzrə orta göstəricidən təxminən 22 faiz aşağıdır. Eyni statistik məlumatlara görə, ölkədə sabit genişzolaqlı abunəçilərin nisbəti hər 100 nəfərə 13 nəfər təşkil edirsə, Sistan və Bəlucistan əyalətlərində bu rəqəm cəmi 3 nəfərdir ki, bu da ölkə üzrə orta göstəricidən 75% aşağıdır.

BMT-nin son hesabatına əsasən, dünyaya üzrə əhalinin ən uzunömürlü olduğu bölgə Honkonq sayılır. Orada insanların orta yaşı 83-85-dir. 

Bu siyahıda ən sonuncu yerə 53 yaşla Çad və Nigeriya tutur. 2023-cü ilin göstəricilərinə əsasən, İranın Gilan əyalətinin əhalisinin orta yaşı 71,3 ildir. Sistan və Bəlucistanda isə bu göstərici 50,7 ildir. Bir il əvvəl isə bu göstərici 47-48 yaş olub. Əyalətdə bir sutkada orta hesabla 231, yaxud hər saatda 12 körpə dünyaya gəlir. Bu, İran üzrə ən yüksək göstərici sayılır. Bununla belə, körpə və uşaq ölümü üzrə əyalət İranda birinci yerdədir. 

Bu bölgədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq adi hal sayılır. Buna başlıca səbəb kimi işsizlik, ağır sosial vəziyyət göstərilir. 

2022-ci ildə ölkədə 628 etnik bəluc öldürülüb. Onların 182-si narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaq ittihamı ilə edam edilib. 2022-ci ildə İranda etirazların yatırılması zamanı da daxil olmaqla, İran təhlükəsizlik qüvvələri tərəfindən 167 nəfər güllələnib. Zahedan şəhərində həmin il sentyabrın 30-da İran polisinin nümayişçilərə qarşı zorakılığı və onları odlu silahdan açdığı atəş nəticəsində 121 etirazçı bəluc ölüb. Bu tarix Bəlucistanda “qanl cümə” adlanır. 

Bu bölgədə məktəb qıtlığı var. Məktəblilərə açıq havada, heç bir şəraiti olmayan yerdə dərs keçirlər. Rəsmilərin sözlərinə görə, Sistan və Bəlucistanın cənubunda 331 məktəbdə elektrik enerjisi, 428 məktəbdə içməli su, 978 məktəbdə isə divarlar yoxdur.


Əyalətin Nikşəhr rayonunun valisi Salehi bildirmişdi ki, burada 194 məktəb və 649 sinif otağı vardır, onların beşi gil və palçıqdandır. Onun sözlərinə görə, ümumilikdə Nikşəhrdə 47 məktəbə və 167 sinif otağına ehtiyac var. Əyalətin cənubunda da sinif “otaq”larının 54 faizi açıq havadadır. 

Sistan və Bəlucistanın Təhsil idarəsindən bildirilib ki, bölgənin cənubunda savadlılıq səviyyəsi 60 faiz təşkil edir ki, bu da bölgədə 50 yaşa qədər əhalinin 40 faizinin savadsız olduğu deməkdir. Ötən il əyalətdə aparılan sorğunun nəticələrinə əsasən, bölgənin 60 min əhalisi savadsızıdır. 

Sadaladıqlarımız Sistan və Bəlucistan əyaləti sakinlərin üzləşdiyi çoxsaylı problemlərin cüzi bir hissəsidir. Dünya məzlumlarının hamisi olmağa iddia edən Tehran hakimiyyəti öz ölkəsindəki məzlum bəlucları “görmür”. Bir sıra hallarda ölkənin bu bölgəsinin müsəlman əhalisinə ikinci növ insan kimi baxır. 

Öz vətəndaşlarını üzləşdikləri ağır sosial və iqtisadi çətinlikdən xilas edə bilməyən İran rəhbərliyi rejimə xidmət edən KİV-də “xilaskar” kimi təqdim edilir. 

Bu resursların iddiasına görə, İran rejimi Rusiyanı Qərbdən, Bosniyanı serblərdən, İraqı İŞİD-dən, Livanı “sionistlərdən”, dünya müharibəsindən sonra Suriyanı, Venesuelanı ABŞ-nin hücumundan, Yəməni Səudiyyə Ərəbistanı və Qərbdən, Qətəri Səudiyyə Ərəbistanı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyət çevrilişindən, Qəzza zolağını İsraildən və s. xilas edib. 

Həmin ərazilər bu günədək problemlər yaşamaqdadır. İran Yəməndən, Qəzzadan, Venesueladan, Suriyadakı Bəşşar Əsəd hakimiyyətindən və başqa proksi qüvvələrindən ABŞ-yə, İsrailə, NATO-ya və onların müttəfiqlərinə qarşı istifadə etməklə, olsa-olsa, özünü xilas edir. Başqa sözlə, öz vətəndaşlarını çabaladıqları girdabdan qurtara, xilas edə bilməyən, mərhum prezident Rəisinin mindiyi helikopterin təhlükəsizliyini təmin etməkdə aciz olan bu hakimiyyətin başqalarına hamilik etməsi inandırıcı deyil. 

Mövcud olduğu 45 il ərzində Tehran hakimiyyəti dünyanın bütün bölgələrində ancaq özünü qorumaq, müdafiə etmək məqsədi ilə xeyriyyəçi donunda, maskasında olub. 

1990-cı illərdə Azərbaycan da İmam Xomeyni adına Xeyriyyə Cəmiyyətinin fəaliyyətində həmin “xilaskar”ı, “məzlumların hamisini” gördü. Tehranın bu “humanist əməllər”lə Azərbaycanda özünün “5-ci kolon”unu yaratmışdı. Odur ki, İran hakimiyyətini yaxşılığı Əzrayılın övlad paylamasına oxşayır. Necə deyərlər, Tehran məzlumlardan öz məkrli məqsədləri üçün istifadə etməsin, etdiyi xilaskarlıq, yardım, xeyriyyəçilik irin-qan olar...