Logo
news content

Tehranın təqlid oyunu
Azərbaycan İranla birgə təlimlərdə necə iştirak edəcək?

Tehran hakimiyyəti təqlidçiliyə o qədər adət edib ki, bir çox hallarda görəcəyi gerçək  işləri də yamsılayır. Yəni təqlid, imitasiya edir. Qonşuları, hətta müsəlman dövlətləri ilə xoşməramlı münasibəti də yamsılayır, təqlid, imitasiya edir. 

Hakimiyyətin tətbiq etdiyi hicab qaydasından tutmuş, din ayinlərin məcburi icrasınadək bir çox əməllərdə yamsılamaq var. Məsələn, baş örtüsü altından saçların görünməsi, spirtli içkinin qadağan edilməsi, oğlanla qızın cəmiyyət içində birlikdə gəzib-dolaşması, saç düzümü, makiyaj, süni abort və s. məsələlər islam dininin əsl mahiyyətinə zidd olsa da, İranda bütün bunlar normadır. Bunun özü də dini yamsılamaqdır. 

Onsuz da İran hakimiyyətinin məcburi tədbirlərinə baxmayaraq, İranda gənclər alkoqolu içkilər içir, xanımların telləri görünür, qızlar-oğlanlarla əl-ələ tutub gəzirlər. Ölkədə ermənilərə spirtli içki istehsal etmək və içmək yasaqlanmayıb. Bu da vətəndaşlar arasında ayrı-seçkilikdir. Başqa sözlə, vətəndaşlar arasında  hüquq bərabərliyinin imitasiyasıdır.

Etiqad azadlığı konstitusiyada təsbit edilsə də, İran vicdan azadlığı kimi həssas bir məsələdə də yamsılama yolu seçib. Ölkədəki xristianların, yəhudilərin sayı kəskin şəkildə azalıb. Bəhailər və zərdüştilər daim təzyiq və təqiblə üzləşir.

Ötən ilin iyununda hakimiyyətin “kafirlərə və bəhailərə qarşı” kampaniyasında 26 bəhai 85 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ildə azadlıqdan məhrum edilən bəhailərin sayı 44 nəfərə çatıb. Bu dinin yüzlərlə nümayəndəsi barəsində cinayət işi başlayıb və onlar cəzalarının elan olunacağı məhkəmə gününü gözləyirlər. Bu ilin mayında Yusif Mehredu və Sədullah Fazeli-Zare barəsində çıxarılan ölüm hökmü icra olunub. Məhkəmə onları “kafirlikdə” ittiham edib. 

Bununla da Tehran rejimi vicdan azadlığı kimi ümumbəşəri dəyəri pozub və bu prinsipi də tapdayıb. 

Orta əsrlərdə qurulmuş Səfəvi dövləti çoxdinli və çoxməzhəbli olub. Bu imperiyanın ərazisi 1512-ci ildə 3,5 milyon kv. km. (1627-ci ildə 2,9 milyon kv. km.) olub. Dövlətin ərazisində 20 milyon nəfər yaşayıb. 

Bəziləri, o cümlədən İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei iddia edir ki, bu türk imperiyasının ərazisində indi Tehran hakimiyyətinin istifadə etdiyi islam məzhəbi yayılıb və hamı bu məzhəbin daşıyıcısı olub. İrandakı rejim liderinin adından yayılan açıqlamada deyilir: “Səfəvilər Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqla bu ölkəyə böyük xidmət ediblər. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beytdən (ə) aldığımız dərs onların bərəkətinə görədir".

İndi İran ölkədə əhalinin heç də hamısı bu məzhəbin daşıyıcısı deyil. Məsələn, Şimali Azərbaycanın Astara rayonu ilə Cənubi Azərbaycanın Astara bölgəsi bitişikdir. Şimali Astaradakı müsəlmanların çoxu sünni, Cənubdakıların isə çoxu şiədir. İranın şərq və qərb bölgələrində, habelə cənubunda da vəziyyət birmənalı deyil. Bu baxımdan, “İran şiələr ölkəsidir” ifadəsi yanlışdır. Xaməneinin adından yayılan bu açıqlamada da məzhəbçilik, ayrı-seçkilik var. Bu sahədəki diskriminasiya ilə İran hakimiyyəti islam birliyindən danışmaqla, ümmətçiliyin tərzini çıxarır. 

İranın əsas ideologiyası islam dini və şiə məzhəbi sayılır. Ancaq siyasi hakimiyyət fars şovinizminə xidmət edir. Məhəmməd Xatəmi prezident olan dövrdə bu məsələ rəsmilərin çıxışlarında da təsdiqlənirdi. Onda ayətullah Seyid Əli Xamənei bildirdi ki, İranın milli birlik amili islam dini və mədəniyyətidir. Xatəmi isə bir gün sonra bunu inkar edərək bəyan etmişdi ki, İranın milli birlik amili fars dili və ədəbiyyatıdır. Bununla mövcud rejimin əsl mahiyyət üzə çıxmış oldu. Tehran bu məsələdə də təqlidçilik etdiyini gizlətmədi. Rejimin yaratdığı ağır sosial, siyasi və mədəni şərait ucbatından din, hətta məzhəb azadlığı təmin olunmur. Yalnız ermənilərin hüquqlarını müdafiə etməklə özünü vicdan azadlığını təminatçısı kimi göstərmək ikiüzlülük və ən yaxı halda, imitasiyadır. 

İrandakı rejim xoşməramlı qonşu və müsəlman obrazını da yamsılayır. O, Azərbaycan, İraq, Türkiyə, Əfqanıstan, Pakistan və başqaları ilə daim problem yaşayır. İrandan Azərbaycana az qala hər gün qaçaq yolla narkotik maddə keçirilməsinə cəhd edilir. Tehran hakimiyyətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı açıqlamalarına baxmayaraq, bu “qara yolu” işləyir. Yaxud, İran ərazisində qonşu dövlətlərə qarşı fəaliyyət göstərəcək terrorçu təşkilatlar yaradıb, onları maliyyələşdirmək İran rejimin “xoşniyyətli”, “xoşməraml” qonşuluq prinsiplərini tapdadığının göstəricisidir.  

Azərbaycana özünü “mehriban” kimi göstərib, dar məqamda bıçağı kürəkdən saplamaq Tehran rejimi üçün adi taktikadır. Bir məsələ var: “Qozbeli qəbir düzəldər”. Bu,  Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ildə Tehranda “Ararat” idman salonunda “Qarabağ Ermənistandır, nida” şüarını verməyə şərait yaradan Tehran rejimidir. 3 il əvvəl – 44 günlük müharibə zamanı Ermənistana hərbi texnika yollayan, Azərbaycanın Qarabağ bölgəsinə terrorçu təlimatçılar göndərən, yaxud torpaqların işğalında erməniləri dəstəkləyən İran hakimiyyətidir. İkinci Qarabağ müharibəsindən sonra da Tehran rejimi anti-Azərbaycan davranışını dəyişmədi. Bu ölkə ərazisində ermənilər adından Qarabağda guya humanitar fəlakət yaşandığına dair aksiyalar keçirildi. Güney Azərbaycanın Xoy və başqa şəhərlərində zəlzələnin nəticələrindən əziyyət çəkənlərə Azərbaycan və Türkiyənin humanitar yardımlarından imtina edən də  İrandakı rejimdir. Bu hakimiyyət Rusiya və Ermənistanın yardımlarını isə “dost” və “qardaşcasına” qəbul etmişdi. 

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən, ona məişət donu geyindirən də bu rejimdir. Tehran hakimiyyəti Azərbaycan Respublikasına qarşı o qədər pisliklər edib ki, nə vaxtsa göstərdiyi xoş münasibət də onların altında it-bat olub. Çünki yaxşılığa oxşar istənilən davranışın arxasında təmiz olmayan niyyətləri durub. Son günlər İran Azərbaycanla birgə hərbi təlimlərin keçirilməsinin mümkünlüyünü tirajlayır. Axı, Tehran rejimi ilə Azərbaycan Respublikasının düşməni və rəqibi eyni deyil. Bu halda, təlim zamanı kimi şərti düşmən sayacaqlar? Belə tədbirlər yalnız antiterror (bu da bir mənalı deyil, çünki Azərbaycan Respublikası Tehranın terroruna məruz qalıb), yaxud narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə manevr keçirə bilər. Bu məsələdə də İran tərəfinin səmimiliyi yox dərəcəsindədir. Çünki Azərbaycana İrandan narkotik vasitələr elə həmin dövlət qurumlarının, hərbçilərin gözü qarşısında keçirilir. Bu cinayət İran sərhədçilərinin laqeyd münasibəti və ya göz yummaları nəticəsində baş verir. 

Odur ki, Tehranın “qonşu haqqı, Tanrı haqqıdır” prinsipinə əməl etmədiyi də görünən qədərdir. 

Bu rejim xoşməramlı olmadığını müsəlman dünyasında da nümayiş etdirir. Bu hakimiyyətin Səudiyyə Ərəbistanına münasibət sirr deyil. Çünki bu rejimin banisi ayətullah Xomeyninin Səudiyyə Ərəbistanına qarşı münasibəti yaddan çıxmayıb. İranlı zəvvarların Həcc ziyarəti zamanı “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarlarını səsləndirməsinə krallıq həmişə kəskin reaksiya bildirib. Tehran isə buna görə rəsmi Ər-Riyadı ittiham edib. Regionun bu iki böyük dövlətinin dostları və düşmənlərinin fərqli olduğu da məlumdur. Bu baxımdan, onlar arasında münasibətin dayanıqlı və uzunömürlü olacağı ehtimalı azdır. İran şeyx Nimrinin qətlinə görə krallıqla əlaqələri kəsdi, Yəməndə husiləri silahlandıraraq, onların vasitəsi ilə Səudiyyə Ərəbistanı ərazisini raket atəşinə tutdu və s. Nə dəyişdi? Nimriyə görə krallıq İranın tələblərinə əməl etdi? Yaxud Səudiyyə Ərəbistanın ərazisinə atəşə tutulmasının bədəlini İran ödədi? Krallığın İrandakı səfirliyi və konsulluğuna edilən hücum da yaddan çıxmayıb. Bu məsələ ilə bağlı Tehran hakimiyyətinə suallar açıq qalır. 

Eyni münasibət Əfqanıstana da göstərilir. Müsəlman dövlətləri ilə münasibətləri qorumaq istədiyini iddia edən İran hakimiyyətinin Birləşmiş Ərəb Əmirliyi ilə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı ərazi mübahisəsi hələ də öz həllini tapmayıb. 

Bu kimi çoxsaylı faktlar İranın qonşular və müsəlman dövlətləri ilə qurduğu əlaqələrin saxta olduğuna örnəkdir. Əslində bu rejim bütün dünyanı özünə düşmən, rəqib sayır. Onun hamı ilə problemi var. Ən yaxın tərəfdaşı Rusiyadır, ancaq son vaxtlar İranda “Rusiyadan bizə dost olmaz” səsləri də eşidilir. Bu fikirdə olanların sayının artacağı istisna edilmir. 

Tehran hakimiyyəti Ukraynada müharibə aparmaq üçün Rusiyaya dronlar, PUA və başqa hərbi texnika və avadanlıq verdiyi halda bunu təkzib edir. Özünü beynəlxalq münasibətləri pozmayan dövlət olaraq göstərməklə deyil, reallıq tamamilə başqadır. Beləliklə, Tehran rejimi bütün varlığı ilə təqlidçidir. Qulluq etdiyi məzhəbdə təqlidçilik var. Ancaq o, bunu saxtakarlıq, imitasiya ilə dəyişik salır. Ona görə də bütün əlaqələri, əməkdaşlığı və münasibətləri yamsılamaq üzərində qurulub.