Logo
news content

Tehrandan Ağ evə “birbaşa danışıqlar” ismarışı…
ABŞ İrana nə pislik edib?

İrandakı rejim xarici müdaxilə olmadan da çökməkdədir. Milli valyutanın inflyasiyası artıq 3 rəqəmlə göstərilir. ABŞ-ın Cons Hopkins Universitetinin professoru Stiv Hankenin araşdırmasına əsasən, ötən il İranda inflyasiya 102 faiz olub. Onun tərtib etdiyi siyahıya 448 faiz inflyasiya ilə Zimbabve başçılıq edir. 

İranda vəziyyətin ağırlığına dair parlamentin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib. O, Prezident İbrahim Rəisinin başçılıq etdiyi hazırkı hökumətin fəaliyyətinin səmərəsizliyini etiraf edərək, ölkə əhalisinin ehtiyaclarını ödəyə bilmədiklərini vurğulayıb. Sədr bildirib ki, hökumət İran iqtisadiyyatını idarə, inflyasiyaya nəzarət etməkdə acizdir: “Biz etiraf edirik ki, inflyasiya səbəbindən insanların, xüsusilə də sosial cəhətdən yoxsul təbəqənin xərclərini tam ödəyə bilməmişik”.

Parlamentin komissiya sədri Şəmsəddin Hüseyni də hökuməti tənqid edərək, ondan aylıq qiymət artımlarını dayandırmağı tələb edib. Bununla belə, artıq bəzi qurumlar gələn il (martın 22-dən) mal və xidmətlərin bahalaşacağını bəyan ediblər.

Məsələn, avtomobil zavodları qiymətlərin orta hesabla 30-70 faiz arası artacağını nəzərdə tutur. Tehran şəhər şurası avtobuslarda gediş haqqının 40 faiz qaldırılmasına dair qərar qəbul edib. 

Yerli KİV quş əti və quş məhsullarının qiymətinin də xeyli artdığını bildirib. 

Bu, İran iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu təsdiqləyən çoxsaylı etiraflardan bir örnəkdir. 

İranın müxtəlif şəhərlərində küçə, meydan və prospektlərdə Tehran rejimi əleyhinə şüarlar səslənir: “Xamneyiyə ölüm, Xomeyniyə lənət!” deyilir. İran hakimiyyətinin təbliğ edib, əhaliyə sırıdığı liderlərin, o cümlədən Xomeyni, Xamneyi, Qasım Süleymani və başqalarının posterləri, rejimin simvol və şüarlarının əks olunduğu plakatlar etiraz edənlər tərəfindən cırılır, yandırılır. İlaxır çərşənbə tonqalında qadınlar baş örtüklərini oda veriblər. Məktəbli və tələbə qızların zəhərlənməsi halları isə davam edir. 

Ötən gecə Tehranın elit bölgəsi sayılan Qeytəriyyə qəsəbəsində azadlıqsevərlər "Bəsic" qüvvələrinin bazasına qumbaralar atıblar...

İran hakimiyyətinin təmsilçisi, xarici işlər naziri Hüseyn Əmirabdullahian isə ABŞ-la məhbusların mübadiləsi ilə bağlı təmasda olduqlarını bildirib. Dövlət Departamentinin sözçüsü Ned Prays onun yalan danışdığını deyərək, Tehran rəsmiləri ilə təmasda olmadıqlarını deyib. 

Ölkədə ABŞ və qərblə münasibətlərin normallaşması istiqamətində addımın atılması isə artıq sosial sifarişdir. XİN başçısı da bu yalanı ilə ABŞ-la əlaqələrinin olduğunu deməklə, özlərinin bu sifarişi guya yerinə yetirdikləri təsəvvürünü yaradır. 

Əvvəllər İranın nüvə proqramı üzrə müzakirələrdə Ağ ev və Tehran rejimi təmsilçilərinin çoxsaylı görüşləri olub. Ancaq son zamanlar bu istiqamətdə görüşlərə ara verilib. Ehtimal etmək olar ki, bunun başlıca səbəblərindən biri İranın Ukraynadakı müharibədə Rusiyanın yanında yer almasıdır. 

Bu rejim yarandığı gündən hakimiyyət daxilində ABŞ-a münasibətdə fikir ayrılığı var. Sadəcə, buna qarşı çıxanlar güclü olduqları üçün qarşı tərəfi susdururlar. Əvvəllər belə düşünənləri, yaxud təmas yaratmaq istəyənləri ölkədəki qarışıqlıqdan istifadə edərək “ziddiinqilab” damğası ilə sıradan çıxara bilirdilər. Ancaq indi bu əks-effekt verir. 

Düzdür, İran rəsmiləri ölkədəki etiraz aksiyalarını hələ də “xarici düşmən qüvvələr” və onların “ölkə daxilindəki əlaltıları”na bağlamaqla, yaranmış vəziyyətdən çıxmağa cəhd göstərir. Ancaq bu üsul köhnəldiyi üçün inandırıcı görünmür. Çünki ölkənin yuvarlandığı bataqlığın başlıca günahkarı mövcud rejimdir. Onun yürütdüyü yarıtmaz siyasət səbəbindən İran cəmiyyəti çoxsaylı çətinliklərlə üz-üzədir. 

Çıxış yolu 44 il əvvəlki vəziyyətə qayıtmaqda görülür. Bu günlərdə İran Daxili İşlər Nazirliyinin konfrans zalında siyasi partiya liderləri mövcud vəziyyəti müzakirə edib. İran Xalq İslahat Partiyasının lideri Məhəmməd Zarei Foməni bildirib ki, yeganə çıxış yolu ABŞ-la müstəqil danışıqlar aparmaqdır: “Amerika bizə nə edib? Çin və Rusiya ilə əlaqələr faydasızdır. ABŞ ölkələrdə demokratiyanın qurulmasını istəyir. Biz də ölkədə demokratiya istəyirik. Mən Prezident İbrahim Rəisiyə demişəm ABŞ xalqı Çinlilər kimi kafir deyil. Biz kommunistlərlə əlaqə qurub, məğlub olduq”

Onun çıxışını “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları ilə qarşılayanlar da olub. 

Ancaq doğrudan da sual çox sadədir: ABŞ İrandakı indiki hakimiyyətə nə pislik edib? Xomeyninin hakimiyyətə gəlişini dəstəkləyib. Bu rejim, Xomeyniçilər isə qarşılığında ABŞ-ın Tehrandakı səfirliyinin əməkdaşlarını 444 gün girovluqda saxlayıb. Onların çıxarılması üçün gələn təyyarəni İran vurub. İraqla müharibədə ABŞ İrana silah verib. Sonrakı danışıqlarda da razılaşmalardan imtina edən tərəf yenə İran rejimi olub və s. Rejimin bu iddiaları ölkənin indiki ağır vəziyyətə düşməsinə səbəb olub. İran hakimiyyəti Rusiyanın Ukraynadakı müharibəsinə dəstək verib, ona hərbi texnika vermək, yaxud satmaqla özünü xilas etməyə səy göstərir. Ancaq...

Yeri gəlmişkən, Zarei 1974-cü ildə anadan olub. İranın tanınmış din xadimləri ayətullah Müntəziri, Sanei, Musəvi-Təbrizi, Musəvi-Ərdəbili, Bayat Zəncani və başqa din xadimlərinin tələbəsidir. O, 2013-cü ildə keçirilən prezidenti seçkisində Haşimi- Rəfsəncanini qərargahına başçılıq edib. Zarei özünü “islahatçı” sayır. Bununla belə, ötən ilki prezidenti seçkisində mühafizəkarların namizədi, indiki Prezident İbrahim Rəisini dəstəkləyib. O, 2022-ci il sentyabrın 17-də başlayan etiraz aksiyalarından bir müddət əvvəl həbs edilmişdi. Zarei 5 il azadlıqdan mərhum olunaraq, Kerman həbsxanasına göndərilmişdi. Ancaq İran qəribə ölkədir. O, mart ayında Daxili İşlər Nazirliyinin konfrans zalında ABŞ-la birbaşa danışıqların tərəfdarı kimi çıxış edir. 

Zareinin çıxışından və barəsində əvvəllər çıxarılmış hökmdən belə məlum olur ki, hakimiyyət daxilində ABŞ-la birbaşa əlaqə qurmaq istəyən qüvvələr də var. Onun əvvəlki siyasi fəaliyyətini və Rəisini seçkiqabağı kampaniyada dəstəkləməsini nəzərə alsaq, İran hakimiyyətinin qərbə münasibətinə dair mənzərə bir az da aydınlaşa bilər....

Hələlik isə “Mikky Maus” ABŞ-dan Novruz Bayramı münasibəti ilə İrana təbrik göndərir.