Logo
news content

Tehran rejiminin özünə layiq “müxalifət”i
Tudə Partiyası Azərbaycana mollakratiya ilə eyni mövqedən yanaşır

İranın indiki hakimiyyətinin Azərbaycanla bağlı çaldığı havanı ona müxalifət sayılanların da əksəriyyəti oynayır. 

Bu qüvvələr eyni mərkəzdən, eyni təfəkkürlə idarə olunur. Hətta onların Tehran və ya ona yaxın olan qüvvələr tərəfindən maliyyələşdirildiyini də ehtimal etmək olar. Müxalifət sayılan Xalq Mücahidləri təşkilatı, Tudə Partiyası, “Yaşıllar Hərəkatı”, “Cəbheyi-Milli”, monarxistlər (Məhəmmədrza şahın oğlu və davamçılar) və daha neçə-neçə siyasi təşkilatların, ictimai hərəkatların İranın xarici siyasəti ilə bağlı mövqeyi eynidir. 

Bir vaxtlar İranı idarə etmək iddiasında olan Tudə (Xalq) Partiyası (“Name-ye Mərdom” qəzetinin 17 mehr 1402/2023-cü il oktyabrın 9-u tarixli 1192-ci sayında) Azərbaycan Respublikasının öz ərazi bütövlüyü və suverenliyini təmin etməsinə qısqanclıqla yanaşıb. İranın tanınmış və ən stajlı siyasi təşkilatının yaydığı açıqlamaya nəzər yetirəndə istər-istəməz İran hakimiyyətinin ötən illərdə sərgilədiyi anti-Azərbaycan mövqe yada düşür. 

Bu siyasi təşkilat İran xalqını azadlığa çıxarmağı, imperializmə qarşı mübarizə aparmağı, habelə sosial bərabərliyə nail olmaq kimi mücərrəd ideyaları qarşısına məqsəd qoyub. 

Bir vaxtlar onlar Moskvanın tapşırıqlarına əməl edirdilər. SSRİ dağılandan sonra bu siyasi partiyanın da ciddi problemi yaranıb. Bununla da ateist Tudə Partiyası qibləsiz qaldı. Onlar Çini özlərinə lider saymağa cəhd göstərdilər. Ancaq Pekin-Tehran əməkdaşlığı, əlaqələri buna imkan vermədi.

Odur ki, tudəçilər Rusiya, Avropa və Çin arasında səpələnib. Bununla belə, bu sol yönümlü, mövcud İran hakimiyyətinə müxalifət sayılan siyasi təşkilatın bir çox üzvü mühacirətdən geri, İrana qayıdıb. Bu qayıdış onların müxalif mövqeyinə kölgə salıb. Qeyd edək ki, 1979-cu il inqilabından sonra tudəçilər, yəni kommunistlər Xomeyni hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduqlarını açıq şəkildə bildirmişdilər. 

Ancaq nəticə budur ki, tudəçilərin bir hissəsi edam olunub, minlərlə üzv mühacirətə üz tutub, bir çoxları da mövcud rejimin bayrağı altına keçərək, onunla əməkdaşlıq edib. 

1941-ciildə SSRİ-nin havadarlığı, sponsorluğu ilə yaradılan bu təşkilatın mahiyyətində İran əhalisinin maraqlarına deyil, xarici qüvvəyə, yaxud hakimiyyətə qulluq etmə kimi şakəri var. Çünki onun təməli elə qoyulub. 1979-ci il inqilabından sonra onun rəhbərlərinin Xomeyni ilə əməkdaşlıq etməsi minlərlə insanın həyatı bahasına başa gəlib. 

Yeri gəlmişkən, Tudə Partiyasına sədrlik etmiş şəxsləri də tanıyaq: Rza Radməniş (1948-1969-ci illərdə), İrəc İskəndəri (1969-1978), Nurəddin Kiyanuri (1979-1983), Əli Xavəri (1984-2004), Məhəmməd Ümidvar (2004-ci ildən).

Mətləbi çox uzatmadan bu siyasi təşkilatın Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin təmin etməsi ilə bağlı yaydığı açıqlamada bildirilir ki, guya Azərbaycan zəif “Artsax”ın “müdafiə qüvvələrinə” qarşı müharibədə qısa bir zamanda onları üstələyib. Tudə Partiyası Laçın yolu ilə bağlı məsələnin həllinə də ürək ağrısı ilə yanaşır. O, bu “dəhliz” olmadığı üçün Zəngəzur dəhlizi ilə bağlı məsələnin bağlandığını iddia edir. 

Partiyanın açıqlamasında Qarabağdakı erməni sakinlərin guya “etnik təmizləməyə”  məruz qaldıqlarından bəhs edilir. 

Tudənin yaydığı bu məqalə anti-Azərbaycan, anti-Türkiyə mövqelidir. Açıqlamada Türkiyə və Azərbaycanın əməkdaşlığı, birgə fəaliyyəti də qısqanclıqla qarşılanır. 

Ümumilikdə sənədi bir neçə istiqamətdə xarakterizə etmək olar:

- Müəlliflər “yazıq erməni” obrazı yaratmağa çalışıblar;

- Azərbaycanı “etnik təmizləmədə” ittiham ediblər;

- Regiona xarici muzdluların gətirilməsi kimi Tehran rejiminin və başqalarının apardığı təbliğatı təkrarlayıblar;

- Zəngəzur dəhlizinə qarşı İran hakimiyyəti ilə eyni mövqedən çıxış ediblər;

- “120 minlik erməni sakindən” bəhs etməklə ermənilərin mövqeyini təbliğ ediblər;

- Rusiya Prezidenti Vladimir Putini ermənilərin dili ilə “satqın” adlandırmaqla, həm də öz mövqelərini ortaya qoyublar; 

- KTMT-dən bəhs edərək, guya onun Ermənistanı müdafiə etməməsinə təəssüfləniblər;

- ABŞ-ın mövqeyini “antierməni” saymaqla tənqid ediblər.

Açıqlama bu fikirlə bitir: “Təəssüf ki, bir neçə günün içərisində sadə erməni xalqının doğulduğu məskən, qədim sivilizasiyanın varislərinin vətəni olan Dağlıq Qarabağ (Artsax) dağıdıldı”.

Tudə Partiyasının Azərbaycan Respublikasına bütün münasibəti bu son cümlə ilə yekunlaşır. 

Əslində bu məqalənin sonuncu cümləsinin yazmaqla da onları ifşa etmək olardı. Ancaq tudəçilərin Azərbaycana həmişə xəyanət etdiklərini sübut etmək üçün bir az əhatəli yazmaq istədik. Bu təşkilat uzun illər Güney Azərbaycan türklərinin də milli haqlarının təmin olunmana səmimi yanaşmayıblar. Tudə Partiyası, Azərbaycan Demokrat Firqəsini hələ də özünün tərkibində hesab etməklə, despotik bir qruplaşma olduğunu gizlədə bilmir. Halbuki Firqə Azərbaycan Mili Hökumətini quranda Tudə ona qarşı çıxış edənlərdən olub. Bu siyasi qruplaşma heç vaxt Güney Azərbaycan türklərinin milli, hətta mədəni mübarizəsinin belə dəstəkləməyib. Habelə onun ideyalarının təbliğinə şərait yaratmayıb. Əksinə, fürsət düşdükdə Güney Azərbaycan türklərinə zərbələr endirib. Bu və sadalamadığımız çoxsaylı anti-Güney Azərbaycan fəaliyyətinə görə Firqə Tudədən ayrılıb. 

Odur ki, Tudə Partiyası, yəni İran Xalq Partiyası bütün çıxış və davranışları ilə mövcud Tehran rejiminin ideyalarının dəstəkçisi və təbliğatçısıdır. Təşkilatın 1979-cu il inqilabından sonra tutduğu xəyanətkar mövqe üzündən sol yönümlü hərəkata İranda etimad az qala yox olub. “Xalq Partiyası”nın adının qarşısında tarixi satqın yazısı var. Bəhs etdiyimiz yazı da sübut edir ki, bu siyasi qruplaşma hələ də Tehran rejiminin təbliğat cizgisi daxilində fəaliyyət göstərir. 

Belə qənaətə gəlmək olar ki, Rusiya və Çinin sponsorluğundan məhrum olan Tudə İrandakı rejimin əlinə baxmağı özünə şərəf bilir. Yaxud, Tudə də Ermənistan milli valyutasına, drama ümidvardır. 

İran hakimiyyəti, Tudə Partiyası, monarxistlər, Xalq Mücahidləri Təşkilatı, Cəbheyi-Milli, islahatçılar, “Yaşıllar” Hərəkatı və daha neçə-neçə qruplar, təşkilatlar bir ideyaya - İran mərkəzli panfarsist düşüncə sisteminə qulluq edirlər. Onların hamısı ermənilərə də, Ermənistana da, İsrailə də, yəhudilərə də, ABŞ-a da, Böyük Britaniyaya da, türklərə də, Güney və Quzey Azərbaycana da eyni mövqedən yanaşırlar. Yəni şahçısı da, tudəçisi də, teokratı da Azərbaycan üçün eynidir.