Logo
news content

Tehran nə edəcək?
İsmayıl Haniyənin öldürülməsi İranı çətin sınaqla üzbəüz qoyub

İrandakı rejim yenə sınaq qarşısındadır. Evində, prezidentin təntənəli andiçmə mərasiminə gələn qonağı, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyə Tehranda ən təhlükəsiz sayılan ərazidə öldürülüb. 

Bu hadisə bir neçə sual yaradır. Hadisə niyə andiçmə gününün gecəsi törədilib? Regionda müharibəyə əlavə oyunçular qatılacaqmı? İran İsraili vuracaqmı? 

İranın islahatçı sayılan yeni prezidenti özünü demokrat kimi göstərsə də, Fələstin və HƏMAS-a münasibətdə mənsub olduğu rejimin siyasi-ideoloji mövqeyindən çıxış edir. Seçkiqabağı kampaniya zamanı və ondan sonra HƏMAS-ı müdafiə edəcəklərini bildirib, İsrail mövzusunda ənənəvi ifadələrlə çıxış edib. İyulun 31-də, andiçmədən öncə İsmayıl Haniyə ilə keçirdiyi görüşdə də oxşar ifadələrlə ona müəyyən vədlər verib. 

Ona görə ehtimal etmək olar ki, Haniyənin öldürülməsi ilk növbədə Məsud Pezeşkiana xəbərdarlıqdır. Bununla ona çatdırılıb ki, “islahatçı, demokrat maskası ilə xalqı aldatma”. İsmayıl Haniyənin öldürülməsi ilə prezidentə ismarış göndərildiyini düşünənlər də var. 

Onu da ehtimal etmək olar ki, hadisəni törədənlər İran hakimiyyətinə də “ən təhlükəsiz saydığın yerdə belə  adamlarını sıradan çıxara bilərik” ismarışı veriblər. 

Bu, Tehran hakimiyyətinin təhlükəsizlik sisteminin vəziyyətinin göstəricisi də sayılır. Bir qayda olaraq, belə tədbirlər keçiriləndə ev yiyəsi qonaqlarının təhlükəsizliyini maksimum dərəcədə təmin edir. Ancaq İsmayıl Haniyənin andiçmə günü öldürülüməsi sübut elədi ki, İranın uyğun qurumları buna hazır olmayıb. Çünki Haniyə İrana ilk dəfə deyildi səfər edirdi. Yəni onu başqa zaman, fərqli şəraitdə də öldürə bilərmişlər. Ancaq mərasim günü hadisənin törədilməsi İranın təhlükəsizlik sisteminin gücsüzlüyünü də üzə çıxarıb . 

Bir çoxlar elə zənn edir ki, İran bu hadisədən sonra mütləq İsrailə adekvat zərbə endirəcək. 

İranın ali rəhbəri Xaməneinin adından yayılan xəbərdə bildirilib ki, Tehranın verəcəyi cavab “sərt olacaq”. Hətta onun İsrailin vurulması ilə bağlı tapşırıq verdiyinə dair məlumat da yayılıb. Tehran artıq cavab əməliyyatına başladıqları barədə məlumatlar da yayır. Lakin...

2020-ci ilin yanvarın 3-də İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds qoşunlarının komandanı general-mayor Qasım Süleymani ABŞ hərbçiləri tərəfindən Bağdaddakı Beynəlxalq Hava Limanında öldürülüb. Onda da Tehran rəsmiləri “qisasımız sərt olacaq”, “bu qan yerdə qalamayacaq” kimi hay-küylü bəyanatlar verdilər. Sonuncu hadisə Qasım Süleymaninin öldürülməsini də unutdurub. 

ABŞ hərəkətinə haqq qazandırır. Çünki o, SEPAH-ı və onun Qüds qolunu terrorçu silahlı birləşmə olaraq tanıyır. Vaşinqtonun nəzərindən, Qasım Süleymaninin öldürülməsi antiterror əməliyyatı da sayıla bilər. İran rəsmiləri general-mayorun ölümündən sonrakı günlərdə İsrail və ABŞ ünvanına sərt ifadələr işlətsələr də, vaxt ötdükdən sonra yalnız bu itkinin yanğısından bəhs edirlər. 

Bu il aprelin 13-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hücum nəticəsində SEPAH-ın yeddi üzvü, o cümlədən yüksək rütbəli briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini general Məhəmməd Hadi Hacı Rəhimi, daha 7 yüksək rütbəli zabit də daxil olmaqla, 16 nəfər ölmüşdü. İran və Suriya həmin hadisəyə görə İsraili günahlandırmışdı. Rəsmi Tel-Əviv diplomatik missiyanın binasını vurmadığını bildirsə də, İran bir gün sonra İsrailə əməliyyat keçirib. İran İsrailə qarşı əməliyyatı "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. Dünya mediasə və ekspertlər əməliyyatı “uğursuz cavab aktı” saymışdı. 

İran binanın səfirliyin bir hissəsi olduğunu, İsrail isə oradan İran İnqilabı Keşikçiləri Qvardiyasının istifadə etdiyini və səfirliyin hasarlanmış binasının kənarında yerləşdiyini iddia edib.

Qasım Süleymani və Dəməşqə hücumdan sonra İranın İsrailə qarşı aksiyasına əlavə dövlət qoşulmadı. 

ABŞ, region dövlətləri İranın mümkün hücumundan İsraili və obyektlərinin qorumaq məqsədi ilə təhlükəsizlik tədbirlərini gücləndirirlər. Məsələn, ABŞ-nin Yaxın Şərqə 12 hərbi gəmi göndərdiyinə dair məlumatlar yayılıb. Ancaq bu, gərginliyin birbaşa İran-İsrail müharibəsi ilə davam edəcəyi anlamına gəlmir. Çünki İran və ətrafı qarşı tərəf - İsrail, ABŞ və müttəfiqləri ilə müqayisədə zəifdir. Başqa tərəfdən, müharibənin genişlənməsi regionun siyasi xəritəsinin dəyişməsinə səbəb ola bilər. Bunun üçüncü dünya müharibəsinə, yəni böyük güclərin ərazisində ki savaşa çevrilməsi ehtimalı da azdır. Ona görə bu savaşın iştirakçılarının sayının artacağı, indiki şərtlər daxilində, gözlənilmir. Ancaq bu silahlı qarşıdurmanın böyüməsi yeni siyasi şəraiti yarada bilər:

- İlk növbədə Fəth və HƏMAS-ın İsrailə yönəlik siyasəti dəyişər;

- ABŞ bölgəyə daha çox hərbi qüvvə cəlb edər;

- Ərəb ölkələrində narahatlıq artdığından onlar İsraillə münasibətlərin normallaşmasına çalışar;

- Çin də Yaxın Şərqdə rolunun və iştirakının artması istiqamətində səylərini gücləndirər;

- Ukrayna müharibədən diqqəti yayındırmaq məqsədi ilə Rusiya da regionda qarşıdurmanın güclənməsi üçün HƏMAS və ya İrana dəstəyini artırar;

- Türkiyə ərazi bütövlüyünü qorumaq və təhlükəsizliklə bağlı təhdidlərin qarşısını almaq məqsədi ilə əlavə əməliyyatlar keçirə, hətta Aralıq dənizinə əlavə qüvvə yeridə bilər və s. 

İranın müharibəyə açıq şəkildə girişməsi isə mövcud hakimiyyətin gələcəyinə kölgə altına salar. Çünki belə bir şərait Tehran rejimindən narazı cəmiyyətin daha da aktivləşməsinə təkan verər. Hakimiyyətin isə xaricdən təzyiq altında olduğu bir zamanda daxildən başlanmış bu etirazlara tab gətirməsi çətin olacaq. Hətta belə vəziyyətdə hakimiyyətdaxili qüvvələrin, SEPAH və başqa güc strukturlarının da paçalanacağı ehtimal olunur. Hökumətin və cəmiyyətin içərisində “Fələstinə niyə pul ayırırıq” sualı hələ də aktualdır. Yeni formalaşmış hökumətin beynəlxalq aləmdən və daxildən eyni zamanda başlayan basqılar altında fəaliyyət göstərməsi çətin olar. Tehran rejimi bu amilləri nəzərə almamış deyil. O səbəbdən də “adekvat cavab” əvəzinə yaxın günlərdə Haniyəyə yas tutulmasının daha real olduğunu düşünməyə əsas var…