Logo
news content

Sürünən inqilab
İranda güclənən etirazlar rejimə hansı sürprizləri vəd edir?

İranda kütləvi etirazlar, tətillər on gündür davam edir. İranda İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) məlumatına görə, bu müddətdə ölkənin 27 əyalətinin 92 şəhərdə ümumilikdə 300-ə yaxın etiraz aksiyası, tətil və küçə nümayişi keçirilib. Etirazlara 22 universitetin tələbələri də qoşulub. Hesabata əsasən, güc strukturlarının tətbiq etdiyi  zorakılıq nəticəsində onlarla etirazçı öldürülüb, onların dördünün yaşı 18-dən aşağıdır. Təhlükəsizlik orqanlarının iki əməkdaşının öldüyü də bildirilib. 

HRANA 2000-dən çox aksiya iştirakçısının saxlanıldığını qeyd edib. 

Son günlərdə təhlükəsizlik qüvvələrinin xəstəxanalara və tibb mərkəzlərinə daxil olaraq yaralı etirazçıları həbs etməsi barədə də çoxsaylı məlumatlar da yayılıb. 

İran səhiyyə naziri Məhəmməd Rza Zəfərgəndi və İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempənah polisin xəstəxanalara hücumları ilə bağlı hadisəyə reaksiya veriblər. Səhiyyə naziri hökumətin iclasından sonra bildirib ki, İlam əyalətinin Məlikşah şəhərindəki İbn-Sina adına xəstəxanaya gözyaşardıcı qaz tətbiq edilməyib: “Buna baxmayaraq, məsələ araşdırılmalıdır”

O əlavə edib ki, tibbi mərkəzlərə, xəstəxanalara, xəstələrə və təcili yardım maşınlarına istənilən hücum insanların sağlamlığına və ictimai mülkiyyətə zərər vurur: “Bizim vəzifəmiz tibbi heyətə və xəstələrə qayğı göstərmək, onları qorumaqdır”.

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempənah açıqlaması ilə səhiyyə nazirinin dediklərini təkzib edib: “Bir qrup xəstəxananı ələ keçirəndə polis nə etməlidir?”

Qeyd edək ki, İlamda yaralı nümayişçilərin müalicə olunduğu xəstəxanaya hücum, həmçinin Tehrandakı xəstəxanaya gözyaşardıcı qazın tətbiqi ilə bağlı məlumatlar səbəbindən polis əməkdaşları gündəmə gəliblər.

ABŞ Dövlət Departamenti bunu “insanlıq əleyhinə cinayət” adlandırıb.

İranın xarici işlər naziri Abbas Ərakçi, Donald Trampın keçən həftə İranlı nümayişçilərə ünvanladığı bəyanatlara cavab olaraq, deyib: “İranın daxili problemləri heç bir xarici dövlətə aid deyil”.

O, hökumətin iclasından sonra ABŞ prezidentinin nümayişçilərə dəstəyini “müdaxilə” adlandırıb. XİN başçısı hökumətlə etiraz edən vətəndaşlar arasındakı münasibətlərdə  istənilən problem yaranarsa, onun həll olunacağına ümid etdiyini vurğulayıb. 

Yeri gəlmişkən, etirazların altıncı günü ilə əlaqədar Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb: “İran dinc nümayişçilərə atəş açaraq, onlara xas olan amansızlıqla öldürsə, ABŞ etirazçılara yardım edəcək. Biz bu addıma hazırıq”.

Ötən gün bəzi informasiya mənbələri ABŞ-nin “Delta” xüsusi təyinatlılarının İraq-İran sərhədində yerləşdirildiyini bildiriblər. 

Cənab Trampın birbaşa mesajı İran hökumətinə yaxın rəsmi şəxslər və kütləvi informasiya vasitələri tərəfindən kəskin reaksiyaya səbəb olub.

Yanvarın 7-ə İran parlamentinin qapalı iclası keçirilib. Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, iclas müxtəlif aspektlərdə büdcə və iqtisadi məsələlərin müzakirəsinə həsr olunub. 

Toplantıda hökumət nümayəndələri də iştirak edib. 

Parlamentin Rəyasət Heyətinin mətbuat katibi Abbas Qudərzi qapalı iclasın təfərrüatlarını açıqlayaraq deyib ki, toplantıda dövlət şirkətlərinin ixrac üçün nəzərdə tutulmuş valyutadan istifadə edərək dünya bazarına çıxmasının vacibliyi vurğulanıb.  

Mətbuat katibi deyib: “Bazarla bağlı son tədbirlər paketinə dair insanların narahatlığını nəzərə alaraq, parlament vurğulayıb ki, hökumətin tələblərini reallaşdırarkən biz bazarın ciddi monitorinqini nəzərə almalı, insanların əsas mallar və zəruri ehtiyaclarla təmin edilməsi üçün səylər göstərməliyik”.

Onun sözlərinə görə, dövlət şirkətləri mütləq bazara çıxarılacaq və ixracdan əldə edilən valyutadan istifadə edəcəklər. Bununla da valyuta məzənnəsindəki  tərəddüdlərin qarşısını almağa və ev təsərrüfatlarının alıcılıq qabiliyyətini təmin etməyə səy göstərəcəklər. Qudərzinin fikrincə, bununla valyuta bazarının, həmçinin tələb və təklifin sabitləşməsinə kömək edəcək.

Hökumət və parlament yaranmış vəziyyəti təhlil edib, çıxış yolu axtarır.  

İran ordusunun baş komandanı Əmir Xatəmi isə ABŞ prezidenti və İsrail baş nazirinin çıxışlarını ölkəsinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. 

O, aksiyaları “həmkarlar ittifaqının etirazları” adlandırıb.

İran Prezidenti Məsud Pezeşkian daxili işlər naziri İskəndar Möminiyə xəstəxanaya hücumu araşdırmaq üçün nümayəndə heyəti göndərməyi tapşırıb. 

İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei bildirib ki, “iğtişaşlarla bağlı işlərə” baxılması qurum üçün prioritet məsələdir. O, təhlükəsizlik qüvvələrini “öz fəaliyyətlərini sənədləşdirməyə və əsaslandırmağa” çağırıb.

Keçmiş ETTELAAT şefi hakim və prokurorları etirazların qarşısının alınması və dayandırılması üçün lazımi köməkliyi göstərəcəklərini də vurğulayıb. 

Onun açıqlamasını belə də yozmaq olar: tutulanların hamısına ittiham irəli sürülsün. 

Bu, etirazçılara qarşı repressiyaların güclənəcəyindən xəbər verir. Yaxud belə qənaətə gəlmək olar ki, Ejei aksiya iştirakçılarını hədələyir. 

Məsud Pezeşkian İRİB-nin konfrans zalında hadisələrlə bağlı deyib: “Xalqa bütün qəlbimizlə xidmət etməli və insanlarda sistemə, inqilaba qarşı nikbinlik yaratmalıyıq. Necə ola bilər ki, tələbələr universitetdə bizə və inqilaba qarşı etiraz edir? Tələbələrin bizdən qaçmasında kim günahkardır? Günahkar bizik, tələbələr və xalq deyil”.

Məsud Pezeşkian bunun ardınca gəlişigözəl sözlərlə cəmiyyəti sakitləşdirməyə səy edib: “Biz öz işimizi yaxşılaşdırmalı, əməllərimizin nəticələrinə diqqət yetirməli, İmamın yolu (Xomeyni nəzərdə tutulur-S.S.) ilə gedib-getmədiyimizə və ya ona zidd hərəkət etdiyimizə nəzarət etməliyik”.

Prezidentin ehtiyatla çıxış etdiyi də hiss olunur. Görünür, Pezeşkian “İmam yolu”nu əlində bayraq edən İnqilab Keşikçiləri Qvardiyasına, onun başlıca sosial və kadr bazasına müəyyən ismarıclar verir. 

Düzdür, İranda islahatçı və mühafizəkar sayılan hər iki xətt bu “yola” sadiqdir və onlar İslam Respublikasının qalmasını istəyir. Elə əsasən iqtisadi, maliyyə və sosial şüarların irəli sürülməsi, habelə hökumətlə danışıqlara aparmaq üçün heyətin olmaması və başqa bu kimi nüanslar aksiyaların müəyyən mənada yalnız müxalifət düşərgəsinə aid olmadığını iddia etməyə əsas verir. 

Çünki dekabrın əvvəlində Məhəmməd Baqer Qalibaf Məsud Pezeşkianı etimadsızlıqla hədələmişdi. Bildirmişdi ki, hökumət islahat paketini təqdim etməyəcəyi halda, Prezidentə impiçment məsələsi parlamentin gündəliyinə daxil ediləcək. 

Pezeşkian başçılıq etdiyi hökumətin ədalətin bərqərar edilməsi ideyasına sadiq olduğunu vurğulayaraq, deyib: “Biz korrupsiya, rüşvətxorluq və dələduzluğun qarşısını almaq üçün bütün səylərimizi göstərdik. Bu prosesdə biz xalqa onların xidmətçisi olduğumuzu sübut etmək üçün onlarla ünsiyyət qurmalıyıq”.

Bununla o, nümayişçilərlə həmrəy olduğunu göstərməyə çalışır. O da Tehranın başqa rəsmiləri kimi hesab edir ki, “nifaq salıb parçalanma yaradan, yaxud birlik və həmrəyliyi pozan hər bir çıxış İsrail və düşmənin çıxışıdır. Çünki məhz birlik və həmrəylik bu ölkəni canlı saxlaya bilər və istənilən hücumlar qarşısında sarsılmazlığımızı təmin edə bilər”.

Pezeşkian xalqa xidmət etdiklərini, onun problemlərinə biganə olmadıqlarını və bu problemləri həll etməyə çalışdıqlarını vurğulayıb. 

Ancaq aksiyaçıların tələblərinə əməl etmək üçün Tehranın silah, SEPAH və bəsicdən başqa heç bir resursu yoxdur. 

Etiraz aksiyaları fonunda aztəminatlı ailələrin dolanışıqlarını dəstəkləmək üçün Məsud Pezeşkian hökuməti dörd ay ərzində uyğun şəxslərin hesablarına bir milyon tümən (təxminən 7 dollara bərabər) məbləğində subsidiya yatırılacağını vəd edib. Hər bir şəxsə cəmi 4 milyon tümən (təxminən 28 dollar) ayrılan dəstək planı, son valyuta islahatlarından qaynaqlanan inflyasiya təzyiqlərini azaltmaq məqsədi ilə həyata keçirilir.

Bir haşiyə. İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei əvvəllər Livan “Hizbullah” qüvvələrinə adambaşına ayda təxminən 1280 dollar ödəyirdi. İndi o, hər bir İran vətəndaşına ayda yalnız 7 dollar təklif edir.

Bu da İran vətəndaşlarının faciəsi, hakimiyyətin xalqa “xidmətinin” göstəricisidir. 

2017-ci il dekabrın sonundan 2018-ci il aprelin ortalarınadək İranda oxşar tələblərlə etiraz aksiyaları keçirilib. Ötən səkkiz ilə yaxın müddətdə korrupsiya, inflyasiya, işsizlik azalmayıb, əksinə, daha da artıb. Bu müddət ərzində İranın dəstəklədiyi HƏMAS, “Hizbullah” qruplaşmaları zəifləyib, Suriyada Bəşər Əsəd rejimi süquta uğrayıb, İsrail və ABŞ onun nüvə obyektlərinə, SEPAH komandirlərinə, atom fiziklərinə, hərbi bazalarına hücum edib. Ona görə 2025-ci il dekabrın 28-dən başlayan etiraz aksiyalarını 8 il əvvəlkilərin davamı da saymaq olar. Bu hadisələrin İslam Respublikasına xoşagəlməz sürprizlər hazırladığı ehtimalı da az deyil...