Logo
news content

Sultanlar yeni döyüş hazırlığında: “Gözümü yumuram və...”
Bu, təkcə idman hadisəsi deyil, həm də Türkiyə tarixində iz qoyan ideoloji amilə çevrilir

20-28 sentyabr 2003-cü il. Türkiyədə qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirilir. Türkiyə millisi bu yarışlara heç də xoş əhvalla başlamayıb. Turnirin başlamasına 8 gün qalmış baş məşqçi Deniz Esinduy ürək tutmasından vəfat etdi. 

Buna baxmayaraq, ya da məhz buna görə, türklər xüsusi fədakarlıqla mübarizə aparırlar. Reşat Yazıcıoğullarının rəhbərlik etdiyi, Bahar Mert, Esra Gümüş, Sinem Akap, Özlem Özçelik, Aysun Özbek, Natalia Hanikoğlu, Mesude Kuyan, Pelin Çelik, Çiğdem Can Rasna, Gülden Kayalar, Seda Tokatlıoğlu ve Neslihan Demirdən ibarət komanda qrupda Almaniyadan sonra ikinci yeri tutaraq, yarımfinala çıxdı. Burada da Niderlandı 3:0 məğlub etdi və tarixində ilk dəfə Avropa çempionatının finalında oynamaq hüququ qazandı.  

Məhz bu turnir zamanı TRT-nin aparıcılarından biri voleybolçu qızlar haqqında “filenin sultanları” ifadəsini işlədir və bu, komandanın ləqəbinə çevrilir.

Doğrudur, final heç də istənilən kimi olmadı. Ev sahibləri Polşa millisinə müqavimət göstərə bilmədilər - 0:3 (17:25, 14:25, 17:25). Bununla belə, Avropa ikincisi olmaq böyük uğur idi və bu uğur Türkiyə qadın voleybolu üçün mühüm nöqtə sayılır. 

*** 

Türkiyənin ilk qadın voleybolçusu Sabiha Rıfat Gürayman sayılır. O, Ali mühəndislik məktəbinin (indi: İstanbul texniki universiteti) ilk qadın tələbəsi olduğu zaman 1927-ci ildə qadınlardan ibarət “Fenerbahçe” voleybol komandasını yaradır. Amma komandanın oynayacaq rəqibi olmadığından özü 1928-1929-cu illərdə “Fenerbahçe”nin kişilərdən ibarət komandasında oynayır və İstanbul çempionu olur. Qadın komandası da rəqib olmadığından tezliklə dağılır.

Qadın voleybol komandaları bir də 1950-ci illərdə yarandı. Milli isə ilk oyununu 1957-ci ildə Rumıniyaya qarşı keçirdi və 0:3 məğlub oldu. İlk qələbəni qazanmaq üçün 4 il lazım gəldi: 1961-ci ildə Qərbi Almaniya 3:2 məğlub edildi. İki il sonra ilk dəfə Avropa çempionatına qatılan komanda 13 ölkə arasında 10-cu oldu. 

Türkiyə qadın voleybol millisi XX əsr boyunca nə dünya çempionatlarına, nə olimpiadalara vəsiqə qazandı. Regional Aralıq dənizi oyunları çıxmaqla komanda yalnız Avropa çempionatlarında daha dörd dəfə (1967, 1981, 1989, 1995) çıxış etdi, amma ən yaxşı göstəricisi elə ilk çempionatdakı 10-cu yer oldu. 

*** 

2003-cü il Avropa çempionatında qazanılan gümüş medal Türkiyə qadın voleybolunun inkişafına böyük təkan verdi. Qızlarda voleybola böyük maraq oyandı. Regionlarda belə voleybol mərkəzləri yarandı, bu da yeni-yeni istedadların ortaya çıxmasına səbəb oldu. Təsadüfi deyil ki, “filenin sultanları” bundan sonrakı bütün dünya və Avropa çempionatlarında, eləcə də 2012 və 2020-ci il olimpiadalarında iştirak etdilər. 

Öncədən deyək ki, dünya çempionatlarında və olimpiadalarda xüsusi nailiyyət qazanılmayıb. 2010-cu il dünya çempionatındakı 6-cı yer ən böyük nailiyyət sayılır. 2012-ci il olimpiadası açılış mərasimində voleybolçu qızların kapitanı Neslihan Demirin Türkiyənin bayraqdarı olması ilə yadda qaldı. Komanda qrupda iki oyunu uddu, üçünü uduzdu və növbəti mərhələyə çıxa bilmədi.

2020-ci ildə “sultanlar” medallara əsas namizədlərdən sayılırdılar. Bu dəfə üç qələbə qazanan, iki dəfə məğlub olan türklər qrupda üçüncü yeri tutaraq pley-offa çıxdılar. 1/4 finalda isə gözlənilmədən Cənubi Koreyaya uduzdular və medalsız qaldılar. 

Komanda qitə çempionatında və 2018-ci ildən keçirilən Millətlər liqası turnirlərində daha uğurla çıxış edir. Doğrudur, doğma divarlar arasında qazanılan gümüş medaldan sonrakı üç qitə çempionatında türklər medalsız qaldılar: 2005-ci ildə altıncı, 2007-ci ildə onuncu, 2009-cu ildə beşinci oldular. 

2011-ci ildə isə “sultanlar” yarımfinala çıxdılar, amma burada ev sahibi Serbiyaya gərgin mübarizədə uduzdular - 2:3. Üçüncü yer uğrunda İtaliya ilə oyun da eyni gərginliklə keçdi, amma bu dəfə türklər sevindi - 3:2. Beləliklə, bürünc medal əldə olundu. 

2013-cü ildə Avropada yeddinci olan türklər, iki il sonra yenidən yarımfinala çıxdılar. Amma burada Niderlanda, üçüncü yer uğrunda da Serbiyaya eyni hesabla (0:3) uduzdular. 

2017-ci ildə Avropa çempionatı Azərbaycan və Gürcüstanda keçirilirdi. Həm Azərbaycan, həm Türkiyə yarımfinala çıxdı, amma burda müvafiq olaraq Niderlanda (2:3) və Serbiyaya (0:3) uduzdular. Üçüncü yer uğrunda qarşılaşmada Türkiyə Azərbaycandan üstün oldu - 3:1.

Növbəti çempionat Türkiyə, Polşa və Macarıstanda keçirilirdi. Hamı sultanlardan minimum medal, hətta çempionluq gözləyirdi. Onlar da qrupda yalnız Serbiyadan geri qalaraq pley-offa çıxdılar. 1/8 finalda Xorvatiyanı çox çətinliklə keçdilər - 3:2. Yeri gəlmişkən, komandanın kapitanı Eda Erdem özünün məşhur ikonik jestini məhz bu oyunda etdi. 

Daha sonra Niderlandı (3:0) və Polşanı (3:1) məğlub edən Türkiyə 16 il sonra yenidən finala çıxdı. Amma Serbiya səddi bu dəfə də keçilməz oldu - 2:3.

2021-ci ildə serblər yenə türkləri uddular, bu dəfə yarımfinalda və  3:1 hesabı ilə. Üçüncü yer uğrunda matçda Niderlandı 3:0 məğlub edən Türkiyə qitə çempionatlarında beşinci medalını qazandı, amma bu medal yenə də qızıl deyildi. 

*** 

2018-ci ildən etibarən qadın milli voleybol komandaları üçün daha bir nüfuzlu beynəlxalq turnir - Millətlər Liqası yaradıldı. İlk turnirin final raundunda Türkiyə ABŞ və Serbiyanın da olduğu çox çətin qrupa düşdü. Amerikalılara 2:3 hesabı ilə uduzan türklər eyni hesabla serblərə qalib gəldilər və yarımfinala çıxdılar. Burada onlar Braziıiyanı 3:0 uddular və finalda yenidən ABŞ ilə qarşılaşdılar. Üç setdən sonra 2:1 öndə olan sultanlar dalbadal iki seti uduzdular və gümüş medal qazandılar. 

Komanda 2019-cu ildə dördüncü, 2021-ci ildə üçüncü oldu. 2022-ci ildə final raundu Ankarada keçirilirdi və azarkeş dəstəyinin türklərin işinə yarayacağı güman olunurdu. Ancaq komanda yarımfinala çıxsa da dalbadal iki oyunu uduzub, medalsız qaldı. 

*** 

2010-cu illərdən Türkiyə qadın voleybol klubları da beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. İlk dəfə 2011-ci ildə Avropa Çempionlar liqasının qalibi olan “Vakıfbank” (finalda Bakının “Rabitə” komandasını 3:0 uddu) sonrakı illərdə (o cümlədən son 2 ildə) bu uğurunu beş dəfə təkrarlayıb, daha üç dəfə də yalnız finalda məğlub olub. “Fenerbahçe” və “Eczacıbaşı” hərəyə bir dəfə ÇL-nın qalibi olub. Beləliklə, son 12 turnirdə 8 dəfə türk klubları qalib gəlib. 

Bundan əlavə, “Eczacıbaşı” iki (2018, 2022), “Fenerbahçe” isə bir (2014) dəfə Avropa voleybol konfederasiyası kuboku turnirinin qalibi olub. 

Klublar arasında dünya çempionatında da Türkiyə təmsilçiləri dominantlıq edirlər. 2010-cu ildən etibarən türk klubları 8 dəfə (dörd dəfə “Vakıfbank”, üç dəfə “Eczacıbaşı” və bir dəfə “Fenerbahçe”) dünya çempionu olublar. Yeri gəlmişkən, 2011-ci ildə həmin titulu “Rabitə” qazanmışdı.  

*** 

Bu illər ərzində komandada nəsil dəyişməsi baş verir, amma voleybol o qədər populyar idi ki, proses komandaya mənfi təsir göstərmirdi. Hande Baladın, Zehra Güneş, Ebra Karakurt, Elif Şahin, Cansu Özbay, Gizem Örge və başqaları yetişdi. Onlar 2005-ci ildən millinin formasını geyinən kapitan Eda Erdemlə birlikdə möhtəşəm komanda təşkil edirlər. 

Üstəlik, bəxt başqa tərəfdən də gətirdi. Böyük voleybol istedadına malik, 14 yaşı tamam olmadan Kuba millisinin heyətində çıxış etməyə başlayan Melissa Varqas yerli federasiyanı tənqid etdiyinə görə 2018-ci ildə ölkəsində dörd illik diskvalifikasiyaya məruz qaldı. Elə həmin il “Fenerbahçe”də oynamağa başlayan voleybolçu bir il sonra Türkiyə vətəndaşlığı üçün müraciət etdi və iki il sonra müsbət cavab aldı. Beynəlxalq Voleybol Federasiyasının (FİVB) qaydalarına görə, belə halda voleybolçu yeni ölkəsini yalnız iki il sonra təmsil edə bilər. Varqas da 2023-cü ildən bu hüququ qazandı.

Həmin il Türkiyə millisi daha bir önəmli fiquru cəlb etdi: baş məşqçi Daniele Santarellini. 2017-ci ildən İtaliyanın “Imoco Volley” klubunun baş məşqçisi olan italiyalı mütəxəssis komandasına beş dəfə ölkə çempionluğu və beş dəfə ölkə kubokunu, iki dəfə dünya çempionluğu, bir dəfə Avropa Çempionlar liqası qalibiyyəti qazandırmışdı. 

2018-ci ildə Xorvatiyanın, 2022-ci ildə isə Serbiyanın məşqçisi təyin olunan Santarelli serblərlə dünya çempionu oldu. 2023-cü ilin yanvarında isə Türkiyə voleybol federasiyası ilə müqavilə imzalayaraq “filenin sultanları”nın baş məşqçisi oldu (eyni zamanda “Imoco Volley”in məşqçisi olaraq qalmaqdadır). 

20 il idi ki, türklər öz sultanları ilə fəxr edir, onları “başımıza gələn ən gözəl şeylərdən biri” adlandırırdılar. Amma artıq hamı çempionluq istəyirdi. Oyunçular özləri də, milli komandanın meneceri, “Rabitə” ilə dünya çempionu olan Pelin Çelikin sonralar dediyi kimi, könüllərin çempionu olmaqdan bezmişdilər.

*** 

2023-cü il mayın 30-da Millətlər liqası start götürdü. İlkin raundları uğurla keçən Türkiyə ABŞ-ın Arlinqton şəhərində keçirilən final turnirinə vəsiqə qazandı. 1/4 finalda Avropa çempionu İtaliya ilə qarşılaşan sultanlar açıq üstünlüklə qalib gəldilər 3:0. Yarmfinalda ABŞ məğlub edildi - 3:1. 

Finalda isə rəqib Çin idi. İlk setdə 25:22 hesabı ilə qalib gələn türklər ikinci seti eyni hesabla uduzdular. Üçüncü setdə üstünlük daha açıq oldu - 25:19. Dördüncü setdə isə intriqa olmadı. Oyunun gedişi türklərin qalib gələcəyinə şübhə saxlamırdı. Hesab artıq 24:16 olarkən komandanın kapitanı Eda Erdem topu oyuna daxil etməyə yollandı.

Eda 18 ildir çıxış etdiyi komandada ilk dəfə idi ki, qızıl medal qazanacaqdı və artıq heç kim buna şübhə etmirdi. Kapitan zərbəni göz yaşları içində yerinə yetirdi. Topu qəbul edən çinlilərin hücumunu blok geri qaytardı və Türkiyə millisi tarixində ilk dəfə beynəlxalq turnirdə qızıl medal qazandı. 

Melissa Varqas turnirin ən yaxşı çarpaz hücumçusu və ən qiymətli oyunçusu, Gizem Örge ən yaxşı libero, Zəhra Günəş isə ən yaxşı iki orta blokçudan biri seçildilər. 

*** 

Avqustun 15-də növbəti Avropa çempionatı start götürdü. Üçüncü qrupda yer alan Türkiyə yalnız Çexiya ilə oyunda bir set uduzdu. Almaniya, Azərbaycan, İsveç və Yunanıstan isə 3:0 hesabı ilə məğlub edildilər. 

1/8 finalda Belçika (3:1), 1/4  finalda Polşanı (3:0) məğlub edən türklər yarımfinalda İtaliyanın güclü müqaviməti ilə üzləşdilər. Üç setdən sonra 2:1 öndə olan italiyalılar dördüncü setin sonlarına doğru aşkar üstünlük qazandılar: 16:13, 18:14, 20:17. Artı onların üzündə sevinc, türklərin üzündə isə təlaş sezilirdi. Amma sultanlar gedişatı dəyişdilər və seti 25:22 qazandılar.  Bu kambek italiyalıları sarsıtdı və tay-brekdə müqavimət göstərə bilmədilər. Türkiyə 15:6 hesabı ilə qalib gələrək, finala çıxdılar. 

Sentyabrın 3-də keçirilən finalda rəqib yenə Serbiya idi. İki setdən sonra hesab 1:1 idi. Üçüncü set türklərin qələbəsinə doğru gedirdi, onlar hesabda daim öndə idilər - 11:6, 19:15. Amma serblər dalbadal 7 xal qazandılar - 22:19. Rəqibin heyətində Tiyana Boşkoviç xüsusilə fərqlənirdi. Məhz onun sayəsində serblər üçüncü seti qazandılar - 25:22. 

Dördüncü setdə Türkiyə millisi daim 1-2 xal öndə oldu. Varqasın hər hücumuna Boşkoviç cavab verirdi. Serbiya möhtəşəm oynayırdı. Amma azarkeşlərin “milli savunma bakanı” adlandırdıqları Gizem Örge müdafiədə möcüzələr göstərirdi. Zehra Güneş dəfələrlə blokda xal qazanırdı. Ebrar Karakurt hücumda Varqasın işini yüngülləşdirməyə çalışırdı. Cansu Özbay onları dəqiq ötürmələrlə təmin edirdi. Hande Baladın, Elif Şahin həm hücumda, həm müdafiədə fədakarlıqla mübarizə aparırdılar. 36 yaşlı Eda Erdem isə böyük kapitan olduğunu bir daha sübut edirdi. Beləcə, dördüncü set qazanıldı - 25:22. 

Beşinci set də eyni ssenari ilə keçdi. Türklər bir xal öndə olur, serblər hesabı bərabərləşdirirdilər. Yalnız hesab 11:10 olarkən Boşkoviçin zərbəsini bloklayan Zehra Güneş qələbə üçün zəruri olan minimum fərqi yaratdı - 12:10. Fenomenal oyun keçirən Melissa Varqas 41-ci xalını qazanmaqla Türkiyəni Avropa çempionu etdi - 15:13. 

Türkiyədə komanda idman növləri üzrə ilk dəfə Avropa çempionu olan komandanın heyəti belə idi: Gizem Örge, Simge Aköz, Cansu Özbay, Melissa Vargas, Ayça Aykaç, Hande Baladın, Derya Cebecioğlu, Elif Şahin, Eda Erdem, Kübra Akman, Zehra Güneş, Aslı Kalaç, İlkin Aydın, Ebrar Karakurt.

Fərdi mükafatların da əksəriyyətini sultanlar qazandı. Ebrar Karakurt iki ən yaxşı hücumçudan biri, Zəhra Günəş iki ən yaxşı blokçudan biri, Gizem Örge ən yaxşı libero, Cansu Özbay ən yaxşı toppaylayıcı seçildi. Melissa Varqas isə ən yaxşı çarpaz hücumçu və turnirin ən yaxşı oyunçusu oldu. Bu qələbə Türkiyəyə həm də 2025-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazandırdı.

*** 

Avropa çempionatından 13 gün sonra Dünya Kuboku adlanan, əslində isə Olimpiya oyunlarının seçmə mərhələsi olan turnir başladı. Bu turnir bir qədər başqa sistemlə keçirilir. 24 komanda hərəsində 8 komanda olmaqla üç qrupa bölünür və hər qrupda dairəvi sistem üzrə oyunlar keçirilir. Oyunlar 3:0 və ya 3:1 hesabı ilə bitəndə qalib komandaya 3 xal verilir, məğlub komanda xalsız qalır. 3:2 hesablı nəticə zamanı isə qalib komanda 2, məğlub komanda 1 xal alır. Hər qrupda ilk iki yeri tutan komanda 2024-cü il olimpiadasına vəsiqə qazanacaqdı. Bu zaman ən çox xal toplayan komanda Dünya kubokunun sahibi olacaqdı, daha qrup liderləri arasında pley-off keçirilmir.

Türkiyənin yer aldığı B qrupunun oyunları Yaponiyada keçirilirdi. Türklər 7 rəqibin yeddisinə də qalib gəldilər, özü də xal itirmədən.  Puerto-Riko, Bolqarıstan, Braziliya və Belçikaya 3:0, Argentina, Peru və Yaponiyaya 3:1 hesabı ilə qalib gəldilər və maksimum nəticə göstərdilər - 21 xal. A qrupunun qalibi Dominikan Respublikası 17, C qrupunun qalibi ABŞ isə 18 xal topladı. Beləliklə, Türkiyə həm Dünya kuboku, həm də Paris olimpiadasına vəsiqə qazandı. 

Beləcə, Türkiyə qadın voleybol millisi 2023-cü ildə iştirak etdiyi bütün turnirlərdə qalib oldu, özü də bircə oyun belə uduzmadan. Artıq Avropa çempionatından sonra Beynəlxalq Voleybol federasiyasının reytinqində birinci yerə qalxan sultanlar Dünya kubokundan sonra da bu yeri qorudular.

*** 

Daim sekulyar və mühafizəkar kəsim arasında çəkişmənin getdiyi Türkiyədə qadın voleybol komandası çoxdan sekulyarlığın uğur hekayələrindən birinə çevrilib. Sekulyar kəsim komandanın hər uğurunu Cümhuriyyətin, Atatürk islahatlarının, qadınların emansipasiyasının nəticəsi olduğunu vurğulayır. Mühafizəkar kəsimin daha radikal qanadı isə hətta prezident Ərdoğanın qızları təbrik etməsinə əsəbi reaksiya verir. 

Komandanın kapitanı Eda Erdem də öz müsahibələrində dəfələrlə sekulyar kəsimlə həmrəy olduğunu nümayiş etdirir. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində verdiyi müsahibədə deyirdi: “Cumhuriyet sayesinde bir kadın olarak güçlü bir şekilde hayatıma ve mücadeleme devam ediyorum. Tıpkı sanatta, siyasette, bilimde başarılı olan diğer kadınlarımız gibi. Bence Cumhuriyet, kadınların kendini keşfetme potansiyellerinin farkına varıp, hayaller kurabilmesine ve en önemlisi bu hayalleri gerçeğe dönüştürmesine imkanı sağlıyor. Cumhuriyet'e büyük bir borç hissediyorum. 100. yılda bize Cumhuriyet'i sunan, kuran Atatürk ve silah arkadaşlarını sonsuz bir minnet ve şükranla anmak istiyorum”.

*** 

İyulun 26-da Parisdə XXXIII yay Olimpiya oyunları start götürəcək. Qadınların voleybol turnirində (elə kişilərin də) 12 komanda iştirak edəcək və onlardan hələ ki, yeddisi məlumdur: ABŞ, Braziliya, Dominikan Respublikası, Fransa, Polşa, Serbiya və Türkiyə. Qalan 5 komanda isə 2024-cü ilin Millətlər liqası turnirinin nəticələri əsasında müəyyənləşəcək. Artıq vəsiqə qazanmış 7 komandadan başqa reytinqi daha yüksək olan 5 komanda Parisə yollanacaq. 

Şübhəsiz ki, Türkiyə millisi turnirin əsas favoritlərindəndir. Doğrudur, sultanlar özləri bir qədər ehtiyatla danışırlar. Eda Erdem bir müsahibəsində sadəcə kürsüdən bəhs edir: “Hedeflerimiz arasında olimpiyatta kürsüde olmak var. Gözümü kapattığımda ve o an aklıma geldiğinde, kendimi kürsüde hayal ediyorum”. Amma şübhəsiz ki, komandaya aidiyyatı olan hər kəsin və milyonlarla azarkeşin ürəyindən çempionluq keçir.

Uğurlar, filenin sultanları!