Logo
news content

Santyaqo dəhşəti, qəfil ölüm, işıqforda kəşf
Tarixi hadisənin memarlarının biri qəzada öldü, o birinin isə ürəyi dayandı...

İkinci Dünya müharibəsi bitəndən sonra FİFA-nın (Fédération Internationale de Football Association - Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) ilk (sayca XXV) konqresi 1946-cı ilin iyulunda Lüksemburqda keçirildi. Bu zaman dünya çempionatlarının bərpa edilməsi ilə yanaşı iki növbəti mundiala ev sahibliyi edəcək ölkələrlə bağlı da qərar verildi. Çempionatı 1950-ci ildə Braziliyada, 1954-cü ildə isə İsveçrədə keçiriləcəkdi.

1950-ci ildə Braziliyada keçirilən dünya çempionatı zamanı Rio de Janeyroda baş tutan FİFA konqresində 1958-ci il mundialının da sahibi müəyyənləşdi: İsveç. Dalbadal iki çempionatın Avropada keçirilməsi Cənubi Amerika ölkələrinin narazılığına səbəb oldu və onlar FİFA-ya ultimatum verdilər ki, 1962-ci il mundialı onların qitəsində keçirilməsə, turniri boykot edəcəklər.

Belə kollektiv demarşa baxmayaraq, ev sahibliyinə cəmi bir ölkə iddialı idi: Argentina. FİFA heç olmasa zahiri rəqabət olsun deyə, Çiliyə namizəd olmağı təklif etdi. Çilililər razılaşdılar və onların da namizədliyi qeydə alındı. 

Ancaq tezliklə məlum oldu ki, Çili heç də formal namizəd olmaq fikrində deyil. Çili Futbol Federasiyasının xüsusi olaraq yaratdığı komitəyə başçılıq edən Karlos Dittborn Pinto və Xuan Pinto Duran müxtəlif ölkələri gəzərək federasiya nümayəndələri ilə görüşür, onları Çiliyə səs verməyə inandırırdılar.

FİFA-nın XXX konqresi 1956-cı ilin iyunun 10-da Lissabonda toplandı. Argentina nümayəndələrinə başçılıq edən Raul Kolombo öz çıxışını ölkəsinin çempionat keçirməyə artıq hazır olması tezisi üzərində qurdu: “Biz çempionata elə sabah başlaya bilərik. Bizim hər şeyimiz var”. 

Karlos Dittbornun çıxışı isə daha çoxvektorlu idi. O, ölkəsinin iqliminin uyğunluğunu, irqi tolerantlığı, siyasi sabitliyi əsas gətirdi. Sonda isə FİFA-nın nizamnaməsinin 2-ci maddəsinə istinad edərək, mundialın futbolun “az inkişaf etdiyi” ölkələrdə təşviq etməli olduğunu xatırlatdı. Əgər Dittborn qələbə çalacağına ümid edirdisə, bu qədər böyük üstünlüklə qələbə yəqin ki, onun üçün də gözlənilməz oldu: Çili 31, Argentina 12 səs aldı.

Ertəsi gün Portuqaliya mətbuatına müsahibə verən Dittborn argentinalı həmkarının “Bizim hər şeyimiz var” fikrinə də cavab verdi: “Bizim heç nəyimiz yoxdur. Buna görə də hər şey etməliyik”. Sonralar hadisələri dramatikləşdirmək istəyən müəlliflər Dittbornun bu fikri guya FİFA konqresində dediyini və Çilinin məhz bu cümlə sayəsində qalib gəldiyini iddia etdilər. 

*** 

Konqresdə qalib gələndən sonra Çilidə çempionata hazırlıq işlərinin koordinasiyası üçün Yerli Təşkilat Komitəsi (LOC - Local Organizing Committee) yaradıldı. Karlos Dittborn LOC-un sədri, Xuan Pinto isə sədr müavini oldu. 

Çili hökuməti çempionatın maliyyələşdirilməsi üçün bir sıra addımlar atdı, məsələn, xüsusi “çempionat vergisi” tətbiq olundu: ölkədə satılan hər futbol biletindən, bəzi tütün və alkoqol məhsullarından tutulan vergi LOC-un fonduna köçürülürdü. Mərkəzi Bank tikinti işləri üçün xüsusi kredit xətti açmışdı.

Çili yəqin ki, dünyanın ən qeyri-adi coğrafiyasına malik ölkədir. Cənubi Amerikanın qərbində yerləşən bu “şairlər ölkəsi” şimaldan cənuba 4300 km uzanır. Bu zaman şərqdən qərbə orta eni isə təxminən 175 km təşkil edir. Çilinin regionları həm iqlimə, həm iqtisadi profilə görə fərqlənirdilər. 

Dittborn çempionatın bütün bu rəngarəng coğrafiyanı əhatə etməsini planlaşdırırdı. Oyunlar 8 şəhərdə - şimalda Arikada, mərkəzdə Vinya del Marda, Rankaqua və paytaxt Santyaqoda, cənubda Talkahuano, Talka, Konsepsion və Valdiviyada keçiriləcəkdi. 

Xuan Pintonun 1957-ci ilin noyabrında avtoqəzada həlak olması istisna edilsə, hər şey qaydasında gedirdi. İşlər qrafik üzrə, bəzən də qrafiki qabaqlayaraq gedirdi. Çempionat başlayana qədər hər şey hazır olmalı idi. Amma bu zaman Çili gözlənilməz fəlakətlə üzlədi. 

Mayın 21-də səhər tezdən episentri Konsepsion şəhəri yaxınlığında 8,1 bal gücündə zəlzələ oldu. Ertəsi gün yenə həmin ərazidə səhər tezdən və gündüz  7,1 və 7,8 bal gücündə iki zəlzələ baş verdi. Amma əsl fəlakət hələ qabaqda idi. 

Konsepsionda baş verən üçüncü zəlzələdən 16 dəqiqə sonra, yerli vaxtla 15:11-də episentri Valdiviya yaxınlığında olan və bəşəriyyət tarixində ən güclü hesab olunan 9,5 ballıq zəlzələ baş verdi. Zəlzələ və onun yaratdığı sunami Çilinin bir çox şəhərlərini, o cümlədən çempionat oyunlarının keçirilməsi nəzərdə tutulan Konsepsion və Valdiviyanı darmadağın etdi, Talkuhana və Talka ciddi zərər gördü. 

Bu hadisə Çilinin çempionatı qəbul etmək potensialını ciddi şübhə altına qoydu. Dövlət çempionatla bağlı işləri maliyyələşdirməkdən imtina etdi. LOC üçün tutulan vergilərdən qalan hissə zəlzələdən zərər çəkənlərin ehtiyaclarına yönəldi. FİFA rəhbərliyi mundialın Argentinaya verilməsi barədə düşünməyə başladı. Argentina da öz iddiasını yenidən ortaya qoydu. Lakin Karlos Dittborn zahirən də olsa nikbinliyini qoruyaraq hamını Çilinin çempionatı keçirməyə qadir olduğuna inandırmağa çalışırdı.

FİFA Çiliyə inspeksiya göndərməyi qərara aldı. İnspektorlar sayı 4-ə enən şəhərlərdə  (Santyaqo, Vinya del Mar, Rankaqua, Arika) yerləşən stadionlarda qızğın iş getdiyinin şahidi oldular. Doğrudan da xeyli insan tikintilərdə könüllü çalışırdı, amma Dittborn mənzərəni bir az da səhnələşdirə bilmişdi. 

Bundan əlavə, bir sıra özəl şirkətlər, xüsusən də Çilidə fəaliyyət göstərən “Braden Copper Company” adlı ABŞ mədən şirkəti, eləcə də bəzi milli futbol federasiyaları LOC-a  maddi yardım göstərəcəklərini vəd etdilər. Hökumət də çempionata hazırlıqla bağlı bütün əməliyyatları vergi və rüsumdan azad etdi. Çilidən qayıdan inspektorların müsbət rəyini dinləyən FİFA həm ev sahibliyinin Çilidə qalmasına, həm də özünün LOC-a maddi yardım göstərməsini qərara aldı. 

Bütün Çilinin olan bu qələbədə ən böyük pay sahibi, əlbəttə, Karlos Dittborn idi. O, ölkəsinə göstərilən etimadı doğrultmaq üçün qalan müddət ərzində var qüvvəsi ilə çalışdı və... çempionatın başlamasına 32 gün qalarkən, 1962-cü il aprelin 28-də ürək tutmasından vəfat etdi. 

*** 

Çempionat ərəfəsində İtaliyanın “La Nazione” və “Corriere della Sera” qəzetlərinin iki jurnalisti Çiliyə səfər etdi və bu ölkə haqqında olduqca neqativ, hətta aşağılayıcı məqalələr hazırladı. Onların iddialarına görə: “Santyaqo qorxuncdur. Bütöv məhəllələr açıq fahişəliyə təslim edilib”“Bu şəhər dünyanın qurtaracağıdır”, “Çili insan müxtəlifliyinin və bütün mümkün bəlaların təsirinə məruz qalmış kədərli bir ölkədir”. “Telefonlar işləmir, taksilər sadiq ərlər qədər nadir tapılır, Avropaya teleqram göndərmək adama bir qola və bir qıça başa gəlir (yəni çox bahadır), bir məktub isə 5 günə güclə çatır” və s.

Bu məqalələr bütün Çilidə kəskin hiddət doğurdu. İtaliya millisi isə Çili ilə eyni qrupa düşmüşdü və  yerli futbolçular o məqalələrin acığını yaşıl meydanda - həm də təkcə futbol məharəti ilə deyil - çıxmağı qərara aldılar. Oyun iyunun 2-də “Nasional” stadionunda keçirildi.

Artıq 12-ci saniyədə ilk qayda pozuntusu baş verdi və davamı gəldi. İngilis hakim Ken Aston 8-ci dəqiqədə italiyalı Corco Ferrinini meydandan qovdu. O zaman sarı və qırmızı kartlar hələ yox idi. Ferrini əvvəlcə özünü elə apardı ki, qovulduğunu anlamır, sonra da meydanı tərk etməkdən boyun qaçırdı. Onu meydandan yalnız polisin gücü ilə çıxarmaq oldu.

38-ci dəqiqədə çilili Leonel Sançes Umberto Maskionun burnuna yumruq vurub sındırdı, amma hakim epizodu görmədi və ya “görmədi”. Əvəzində 3 dəqiqə sonra Mario David komanda yoldaşının qisasını almaq məqsədilə Leonel Sançesin başına zərbə təpik vurmaq istərkən hakim gördü və ikinci italiyalını meydandan qovdu. 

İtaliya meydanda 9 nəfər qalsa da Çili uzun müddət hesabı aça bilmədi. Yalnız 73-cü dəqiqədə Xayme Ramires baş zərbəsi ilə hesabı açdı. 87-ci dəqiqədə isə Xorxe Toro hesabı 2:0 etdi. 

Futbol tarixinə “Santyaqo savaşı” adı ilə düşən bu oyunda polis dörd dəfə meydana girmək məcburiyyətində qaldı.  

Qrupda İsveçrəni udub, Qərbi Almaniyaya uduzan Çili ¼ finalda SSRİ yığması ilə qarşılaşdı. Oyun ilk növbədə əfsanəvi sovet qapıçısı Lev Yaşinin uğursuz oyunu və uzaqdan vurulan iki zərbəni dəf edə bilməməsi ilə yadda qaldı - 2:1. Yarımfinalda Braziliyaya 2:4 uduzan Çili üçüncü yer uğrunda matçda Yuqoslaviyaya 1:0 qalib gəlib bürünc medal qazandı. Futbolçular hər qələbədən sonra əllərini göyə qaldıraraq Karlos Dittbornu yad edirdilər. 

*** 

“Santyaqo savaşı”nda baş hakim olan Ken Aston dörd il sonra vətənində keçirilən çempionatda FİFA-nın Hakimlər Kollegiyasına rəhbərlik edirdi. Həmin çempionatın ¼ finalında İngiltərə və Argentina  komandaları qarşılaşdılar. Oyunun 35-ci dəqiqəsində alman hakim Rudolf Kraytlayn argentinalıların kapitanı Antonio Rattinə yaxınlaşaraq meydandan qovulduğunu bildirdi. 

Bundan sonra Rattin də özünü “Santyaqo savaşı”nda italiyalı Corco Ferrini kimi apardı: uzun müddət özünü elə apardı ki, hakimi anlamır, sonra da meydandan çıxmaqdan imtina etdi. Onu yalnız 10 dəqiqə sonra meydanı tərk etməyə razı salmaq mümkün oldu. 

Üstəlik, İngiltərənin hücumçusu Bobbi Çarlton həmin oyunda hakimin ona xəbərdarlıq etdiyini (sarı kartın analoqu) qəzetdən oxumuş və bunu dəqiqləşdirmək üçün Hakimlər Kollegiyasının mətbuat xidmətinə müraciət etmişdi.

Avtomobillə evinə qayıdan Ken Aston bu xəbərdarlıq və qovulma hallarındakı anlaşılmazlığı aradan qaldırmaq haqqında düşünürdü. İşıqforda durub yaşıl işığın yanmasını gözləyərkən ağlına parlaq fikir gəldi. İşıqforda sarı “diqqətli ol”, qırmızı “dayan” deməkdirsə, bu prinsipi futbolda da tətbiq etmək olar. Buradan da sarı və qırmızı kartlar ideyası yarandı. 

FİFA ideyanı bəyəndi və kartlar ilk dəfə 1970-ci il dünya çempionatında tətbiq olundu. Sarı kartı ilk dəfə vizual olaraq görən sovet futbolçusu Kaxi Asatiani oldu (Meksika-SSRİ matçında). Amma maraqlıdır ki, həmin çempionatda heç kəs meydandan qovulmadı. 

Dünya çempionatlarında qırmızı kartı vizual olaraq görmək “şərəfi” çilili Karlos Kaselliyə qismət oldu. O, 1974-cü ildə Qərbi Almaniyada keçirilən çempionatda ev sahiblərinə qarşı oyunda meydanda qovuldu. Türk Doğan Babacan isə dünya çempionatlarında qırmızı kart göstərən ilk hakim kimi tarixə düşdü.