Şah Xamənei və Tehranın “Osman köynəyi”
Kiçik “qələbə”nin böyük zərərləri
30 İyul 2024
İranda keçirilən növbədənkənar prezident seçkisi ölkə əhalisinin müəyyən hissəsini problemlərinin həlli baxımından ümidləndirib. Hakimiyyətdaxili islahatçı qanadın nümayəndəsi Məsud Pezeşkian bu siyasi kampaniyanın qalibi elan olunub.
Seçkidə iştirak edən seçicilərin sayı az olsa da, Azərbaycan türklərinin, ərəblərin, bəlucların və b. səsvermədə aktivlik etdiyi bildirilib. Pezeşkiana səs verənlər arasında sosial, siyasi və mədəni sahədə islahat tərəfdarları da olub.
İran üçün milli-mədəni azadlıq məsələsi başqa problemlərdən az önəmli deyil, bəlkə də daha əsasdır. Çünki 45 il əvvəl İslam Respublikasının konstitusiyası yazılanda qeyri-farsların ana dili ilə bağlı məsələ geniş müzakirəyə səbəb olub. Nəticədə konstitusiyanın bu məsələləri nəzərdə tutan 15-ci və 19-cu maddələri, yarımçıq da olsa, qəbul olunub. Ondan sonrakı 45 il ərzində Tehran hakimiyyəti bu maddə ilə bağlı müxtəlif spekulyasiyalar edir, oyunlar qurur.
Fars olmayanlar bünövrəsi Rza şah Pəhləvinin dövründə qoyulmuş panfarsçılıq ideologiyası ilə mili sitəmə, zülmə məruz qalır, assimilyasiya olunurlar. İraqla müharibədən sonra keçirilən prezident və parlament seçkilərində bu məsələnin üzərinə bir balaca, çox zəif işıq salırlar sonra yenə onu ört-basdır edirlər. Başqa sözlə, fars şovinistləri qeyri-fars əhalinin maraqlarını təmin etmək adı altında öz maraqlarını ustalıqla həyata keçirirlər.
Sonuncu prezident seçkisində də milli-mədəni haqlar və dil oyunu Xamənei hakimiyyətinin və panfarsçıların işinə yaradı.
Türk Məsud Pezeşkianın seçkiqabağı kampaniyada Azərbaycan türkcəsində danışması, mahnı oxuması bir dəb halını almışdı. Hakimiyyətin bu oyunla, bər-bəzəklə qurduğu tələyə Güney və Quzey Azərbaycandan olan bəzi siyasilər də düşüb. Nə baş verir? Güney Azərbaycan türklərinin seçkidə fəallığının azlığı siyasi kampaniyaya, onun legitimliyinə daim kölgə salıb. Bu dəfə isə türklər seçicilərin çoxluğunu təşkil etdiyindən Pezeşkian qeyd alınır. Onların milli təəssüb hissini qıqıclandırmaq üçün başqa yardımçı vasitələrdən istifadə olunur. Rəfəsəncani, Xatəmi, Ruhani kimi islahatçı donu geyinən Məsud Pezeşkiana da səs verənlər yenilik istəyənlərdir. Onlar ölkədə dəyişikliyin başa verəcəyinə ümid bəsləyir. Bəziləri hətta İranda seçkilərin demokratik keçdiyi barədə ağız dolusu danışırlar. Ancaq unudurlar ki, ölkədə vətəndaşların hüquq bərabərliyi Əsas qanunun elə giriş hissəsindəcə pozulur. Dini, milli, təriqət ayrı-seçkiliyi burada öz əksini tapır. Nəticədə sünni bəluclar, ərəblər, zərdüştilər, xristianlar və qadınlar prezidentliyə namizəd ola bilmir. Təkcə bunlar İranda demokratiya barədə düşünməyin belə yersiz olduğunun sübutudur. Tehran rejimi gizli aparteid mahiyyəti daşıyır. Bu mahiyyətini gizlətmək üçün müxtəlif oyunlarla diqqəti fərqli istiqamətə yönəldə bilir.
Oyunu daha maraqlı etmək üçün görün nə atıblar ortaya. Hələ prezident kimi and içməmiş Pezeşkianın guya konstitusiyanın 15-ci maddəsinin icrası üzrə komitə yaratdığına dair xəbərlər yayılıb. Buna inanıb onu təbliğ edənlər gülünc vəziyyətdə qalıblar. Axı, səlahiyyətlərinin icrasına başlamayan prezident necə komitə yarada bilər? Bu, məsələyə sadə, bəsit yanaşan, milli hissləri ilə davranan insanları ələ salmaqdır.
Konstitusiyanın 15-ci maddəsində nə deyilir: “İran xalqının rəsmi müştərək dili və xətti farscadır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər, dərs kitabları, bu dil və xətlə olmalıdır. Ancaq yerli və etnik dillərin fars dili yanaşı işlənməsi mətbuat, KİV və milli ədəbiyyatın məktəblərdə tədrisi azaddır”.
Əsas qanunun bu maddəsi əslində dövlət dili sayılan, başqa etnik qrupları assimilyasiya edən fars dili haqqındadır. Çünki bu maddədə fars dilinin tədrisi və ondan istifadədə məcburiyyət var. Ancaq başqa dillərlə bağlı məsələdə sərbəstlik, yəni könüllülük mövcuddur. Məsələn, vergi ödənişində farslarla eyni öhdəliyi olan türklərin ana dilində təhsil hüququ taleyin ümidinə buraxılır. Halbuki, ölkə əhalisinin yarısı Azərbaycan türküdür. Onun dilinə azlığın hüququ kimi baxmaq onları görməzlikdən, saymazlıqdan irəli gəlir.
Zaman dəyişib, 15-ci maddəni əlində “Osman köynəyi” kimi bayraq edən Tehran hakimiyyətinin dil fırıldağı artıq nəticə vermir. Azərbaycan türkləri ana dilinin dövlətin rəsmi dili olmasını tələb edir. Bu isə 15-ci maddənin yararsızlığını, fars olmayanların milli-mədəni hüquqlarını təmin etmək gücündə olmadığını göstərir.
Konstitusiyadan daha bir örnək. 19-cu maddədə deyilir: “İran xalqı, hansı etnik qrup (qövm) və qəbilədən olmasından asılı olmayaraq, bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir”.
Bax, əsas məsələ budur. Bu qanun bütünü məqamlarda pozulur. Azərbaycan türklərinin ana dilində təhsil almaq haqqı bu maddə üzrə pozulur. 15-ci maddədən çox, 19-cu maddənin icrasını təmini əsas məsələdir.
45 ildir İrana türk sayılan ayətullah Seyid Əli Xamənei rəhbərlik edir. Bu müddət ərzində nə dəyişib? Heç nə. Pəhləvilərin hakimiyyəti illərində türklərin haqqı necə tapdanırdısa, bu qanunsuzluq elə də davam edir. Xaməneinin rəhbərliyi türklərin İrana rəhbərlik etdiyini göstərməkdən daha çox onları susdurmaq üçün bir hiylədir. Türklər etiraz edəndə “ölkənin ali rəhbəri türkdür” deyib, azərbaycanlıları yola vermək üçün panfarsçılar tərəfindən oynanılan oyundur. Pezeşkian da bu rejimin, bu siyasi-ideologiyanın balasıdır. O, Xaməneinin cızdığı dairədən çıxa bilməz. Çünki onu bu vəzifəyə xalq seçsə də, Xamənei təyin edib.
Pezeşkian prezidentlik fərmanının təsdiq olunması və imzalaması mərasimində Xaməneiyə təşəkkür edib. Ali rəhbərin irəli sürdüyü təklifləri icra edəcəyinə, Əli Xaməneinin təyin etdiyi prinsiplərə uyğun fəaliyyət göstərəcəyinə söz verib: “Konstitusiyanın tələb etdiyi əslində ali rəhbərin təyin etdiyi və bizə göstərdiyi aydın yoldur”. O ,çıxışında Xaməneinin konstitusiyadan da yüksək tutmaqla “Şah qanundur, qanun şah deyil” prinsipi ilə işləyəcəyini bildirib.
Nəhayət, Pezeşkiana hökumətin formalaşmasında isfahanlı, keçmiş xarici işlər naziri Məhəmmədtağı Zərif yardım edir. Onun arxa planda məsləhətçiləri isə islahatçı sayılan panfarsistlər - Məhəmməd Xatəmi, Qulaməli Həddad Adil, Həsən Ruhanidir. Elə ona görə Pezeşkianın birinci müavini Xatəminin dövründə inşaat naziri olmuş təbrizli Əbdül Əlizadə deyil, yəzdli Məhəmmədrza Arif oldu. Prezident aparatının başçısı isə Həsən Ruhaninin prezidentliyi dövrdə təhsil naziri işləmiş Möhsün Hacımirzainidir.
Bu faktlar bir daha göstərir ki, panfarsçıların Pezeşkianın prezidentliyinə yol açmaları Azərbaycan türklərinin dilinə, mədəniyyətinə aşiq olduqlarından deyil…