Logo
news content

Rusiya kimlərin ümidinə qalıb?
Moskvanın apardığı siyasət onu dalana dirəyib

Rusiya Ukraynadakı müharibədə özünə tərəfdaş axtarır. Təkcə siyasi, hüququ yardım almaq məqsədilə yox, həm də hərbi texnika və canlı qüvvə yardımı almaq üçün. 

Rusiya keçmiş sosialist düşərgəsində olan ölkələrlə əlaqələri genişləndirməyə, gücləndirib, inkişaf etdirməyə çalışır. Serbiya istisna olmaqla, Şərqi Avropa dövlətləri Moskvadan uzaqlaşıb. Keçmiş müttəfiq respublikalar, Belarus istisna olmaqla, müxtəlif səbəblərdən Ukrayna müharibəsində Rusiyanı müdafiə etmir, əksinə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər.  

Bu baxımdan, Kremlin Minsk rəsmisi istisna olmaqla məlum məqsəd üçün keçmiş müttəfiqlərin xidmətindən yararlanmaq cəhdləri çətin fayda verər. Onların hamısını zorla bu müharibəyə cəlb etməyə isə Rusiyanın gücü çatmaz. Zatən, elə gücə malik olsaydı, indiyə Ukraynadakı müharibəni tamamilə başa çatdırmışdı. 

Deməli, ümid Asiyadakı, Afrikadakı, Latın Amerikasındakı keçmiş sosialist düşərgəsinin üzvlərinə qalır. 

Vladimir Putinin Çinlə bu istiqamətdə əməkdaşlıq cəhdləri hələlik alınmır. Bunun bir neçə səbəbi var. Başlıca səbəb iqtisadi-ticari maraqların təmin olunmasıdır. Qərb Çinin ən bahalı və çox ticarət etdiyi tərəfdaşıdır. Məsələn, Çinin bütövlükdə Afrika ilə etdiyi ticarətin həcmi Avropanın bir ölkəsi ilə etdiyi ticarətin həcminə bərabərdir. Başqa bir məsələ, iki milyard insanın yaşamasının təmin edilməsidir. Çünki əhalisinin sayı həm də Pekinin ən güclü silahıdır. Onların yaşaması üçün ölkənin iqtisadi gücü yetərli olmalıdır. Daha bir səbəb isə Tayvan problemi, yəni, ərazi bütövlüyü məsələsidir. 

Bu baxımdan, Çin sanksiya təhlükəsi üzündən Rusiya ilə bir sıra istiqamətlərdə razılaşmır. 

Ona görə də Vladimir Putin axtardıqlarını hələ ki Şimali Koreya və Vyetnamda tapıb. Hər iki ölkə ilə strateji tərəfdaşlığa dair Əhatəli Razılaşma Müqaviləsi imzalanıb. 

Həmin sənədlərdə qarşılıqlı hərbi yardımlaşma da öz əksinin tapıb. Başqa sözlə, həmin strateji tərəfdaşlar Rusiyaya canlı qüvvə belə göndərə bilər. Ancaq Çinlə bu istiqamətdə anlaşma imzalanmayıb. Rəsmi Pekin Rusiyaya hərbi təlimatçı belə göndərə bilməz. 

Şimali Koreya və Vyetnamdan əvvəl oxşar istiqamətdə danışıqlar İran İslam Respublikası ilə aparılıb. İran istehsalı olan dronlardan Rusiya Ukraynaya qarşı müharibənin ilk günlərindən istifadə edir. Ancaq görünür, bu formada hərbi əməkdaşlıq Moskvanı qane etmir. Ötən ilin payızında Rusiyanın o vaxtkı müdafiə naziri Sergey Şoyqu İslam Respublikası ilə Əhatəli Razılaşma müqaviləsinə hazırlıqla bağlı dəfələrlə Tehrana səfərlər edib. 

Bu müqavilədə İran və Rusiyanın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq. İran Ali təhlükəsizlik Şurasının katibi Əli Əhmədian rusiyalı həmkarı, keçmiş müdafiə naziri Sergey Şoyqunu Tehrana dəvət edib. Bu yaxınlarda onlar arasında telefon danışığı olub. Şoyqu Moskva ilə Tehran arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini bildirib. 

Keçmiş müdafiə nazirinin səyləri hələ nəticə verməyib, Əhatəli Razılaşma Müqaviləsi hələ də imzalanmayıb. RF XİN başçısının müavini Andrey Rudenkonun sözlərinə görə, iki ölkə arasında bu sənədin imzalanmasının tarixi dəyişib: “Moskva İranla yeni Əhatəli Razılaşma Müqaviləsini yaxın zamanlarda imzalamağı düşünür”.

Rusiya XİN-in Asiya üzrə İkinci departamentinin  başçısı Zamir Kabulov deyib ki, məlum sənədin imzalanmasının yubanması İranda keçirilən prezident seçkisi ilə əlaqədardır. 

Bu sənəd üzərində iş 3 ilə yaxındır davam edir. Hələ 3 il əvvəl İran Xarici İşlər Nazirliyinin o vaxtkı sözçüsü Səid Xətibzadə bildirmişdi ki, Rusiya ilə 20 illik əməkdaşlığı nəzərdə tutan müqavilə tezliklə hazır olacaq. Yeri gəlmişkən, İran Çinlə oxşar məsələyə dair 25 illik müqavilə imzalayıb. 

Əhatəli Razılaşma müqaviləsi strateji tərəfdaşlığa hüquqi əsas verəcək. Həmin sənədə əsasən, Rusiya və İran hərbi sahədə də əməkdaşlığı genişləndirə bilər. Tehran Rusiyanı Ukraynadakı müharibədə hərbi texnika, xüsusi ilə dron tədarük etməklə dəstəkləyir. Beynəlxalq ictimaiyyətin təzyiq və qınağından sonra İran Belarusla müqavilə imzaladı. Ehtimal ki, rəsmi Minsk bu tipli texnikanı Rusiyaya, yaxud Ukraynadakı rusiyalı hərbçilərə ötürür.

Odur ki, Rusiyanın istəkləri nəzərə alınmaqla məlum anlaşma bağlanarsa, o halda, İran da müharibəyə qoşulmuş sayılır. Müqavilənin imzalanması Yaxın Şərq ölkələrində İranın nəzarəti altında olan silahlı qruplaşmaların döyüşçülərinin rus hərbi formasında Ukraynadakı müharibədə iştirakına imkan yarada bilər. Başqa sözlə, müqavilə imzalanarsa, o zaman husi, “Hizbullah”, “Həşdi-Şəbi”, “Zeynəbiyyun”, “Fatimiyyun”, Sepah və onun “Qüds” qolu, hətta bəsiclərin belə bu uniformanı geyinəcəyi ehtimalı var. Belə şəraitdə isə Rusiya ordusunun tərkibində koreyalı, vyetnamlı, yəmənli, iraqlı, livanlı, suriyalı, fələstinli döyüşçüləri də görə biləcəyik. 

Hər halda, Rusiyanın hazırda apardığı siyasət bunu söyləməyə imkan verir.