Logo
news content

Qeyri-adi peşə sahibi: “Onların taleyi məni narahat edir... görəsən, harada asılıb...” - MÜSAHİBƏ
“Azərbaycanda rəssamlıq və qazanc bir-birinə zidd ifadələrdir”

Bu günlərdə Bakı Konqres Mərkəzində “İƏT Yaradıcı Həftə 2025” çərçivəsində maraqlı tədbirlər oldu. Tədbir çərçivəsində iştirakçılar müxtəlif sərgilərlə tanış olmaq, İƏT ölkələrinin zəngin mədəni irsini yaxından izləmək imkanı əldə etmişdilər. Sərgilər arasında Yaradıcı Kənd Sərgisi (Creative Village), Mədəni və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO), İ2C - startap sərgisi, İslam xəttatlıq sənəti və Omarket (Orient Film Market) və sair nümayiş olunurdu.

Stendlər arasında gəzməklə elə bil hansısa gözəlliklər diyarına, nağıllar aləminə düşürdün.

Bir stendin qarşısında isə xeyli ayaq saxlamalı oldum. Müəllifi diqqət göstərdiyimi görüb qarşılıq verdi, başladı işləri haqqında məlumat verməyə.

Mən də bu arada diktofonu qoşdum, istədim ki, elə həmin rəssamın təbirincə ifadə etsəm, hiss etdiklərimi sizə də ötürüm.

Məmmədova Aksana Ələkbər qızı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bakalavr və magistratura səviyyələrində bitirib. Sonra həmin ali təhsil ocağında dərs deyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir. Elmi işlərlə yanaşı, sevimli işindən də ayrılmayıb, yaradıcılıqla məşğuldur. Özünün də dediyi kimi, özünü tanıyandan yaradıcılıqla məşğul olmağı dayandırmayıb.

Sərgilənən işlərinə baxıram, bəziləri çox iri həcmlidir, bəziləri çox xırda, diqqət tələb edən incə işlərdir. Bu gözəlliklərdən gözümü çəkmədən ondan soruşuram:

— Necə olur ki, eyni zamanda həm böyük həcmli, həm də çox vaxt aparan xırda işlər görə bilirsiniz? Anlamaq olmur, səbriniz nə qədərdir?

— (Yanında dayandığım iri narı əks etdirən qurama əl işini göstərərək) Qurama texnikasında işlənmiş nardır. Fikir verirsinizsə, böyüklüyündən-xırdalığından asılı olmayaraq, mən əl işlərimdə detallara üstünlük verirəm. Dekorativ tətbiqi sənət növü mənə çox yaxındır, əsəri boya ilə işləyib sonra hamı kimi elə də saxlamıram, başlayıram onun üstündə xırda dekorativ işlər görməyə... 

Nar rəsmini divardan açıb mənə yaxınlaşdırır, özümdən asılı olmayaraq əlimi qaldırıb əsərə toxunmaq istəyirəm, amma tez də çəkirəm. Ehtiyat edirəm, elə bilirəm ki, toxunuşumla rəsmə xələl gətirərəm. Amma müsahibim mənim əlimdən tutub barmaqlarımı öz əl işinin üzərində ehmalca gəzdirir və deyir: 

- İncəsənət təmas istəyir. Sənətin mənası və təyinatı odur ki, ona baxana bir hiss ötürməlidir. Gördüyünü fotoaparatla da çəkirsən. İncəsənət hiss etdiyini çəkmək və onu tamaşaçıya ötürməkdir. Hər sənət adamı öz duyduğunu ötürməyə çalışır. Siz o işə baxırsınız, nəsə hiss edirsinizsə, deməli, sizə yaxınlaşıram.

— Bu incəliklər göz nuru ilə meydana gəlir, daha çox dincəlirsiniz, yoxsa yorulursunuz, xüsusən gözləriniz?

— İşləyəndə hiss etmirəm, amma sonra gözlərə istirahət verməli oluram.

— Bayaqdan diqqətimi çəkdi, bu rəsm köhnə xalça üzərində işlənib?

— Bəli, o köhnə xalça üzərində işdir. “Sədərək”də satılan indiki İran, Çin xalçalarından deyil, çox qədimi xalçadır, bizim uşaqlığımız bu xalçalara keçib. Çarpayımızın yanında divara vurulardı, onun naxışlarına baxa-baxa, əlimizi sürtə-sürtə yuxuya gedərdik. Üstündə iməkləyərək böyüyərdik və yaddaşımızın kodlaşmasında arxa fonda bu naxışlar öz izini salıb. Xalça bizim incəsənətimizdə çox dəyərlidir. Düşündüm ki, xalçaya bir reinkarnasiya bəxş edim. İndi bir tərəfini kəsib, üzərində rəsm çəkmişəm, kətan üzərində çəkdiyim kimi. Onun üzərində ailə dəyərlərini əks etdirmişəm. Son vaxtlar boşanmalar, ailə münaqişələri çoxalıb, gənclər ailə qurmağa həvəsli deyillər. Siyasi arenada çox böyük və sürətlə dəyişikliklər olur, bunun da ailə dəyərlərinə təsiri olur, amma hara getsək həmin o yaddaş kodu sonunda bizi milli dəyərlərə — ailə ənənələrinə qaytaracaq. İki cinsin nümayəndəsi körpəlikdən bir adada gözlərini açırlar, ətrafda heç kim, onlara kimliklərini və insanı anladan heç nə yoxdur, birlikdə böyüyürlər, sonunda ailə olurlar, yəni bu təbiətin bəxş etdiyi bir ehtiyacdır, uzaq qala bilməzsən, əvvəl-axır bir-birini cəzb edəcək.

— Bütün təbii proseslər kimi. Ailəlisiniz?

— Bəli, iki övladım da var.

— Maşallah. Bəs hardan ağlınıza gəldi ki, məhz qədim xalça üzərində ailə rəmzi yaradasınız? Qadının yanaqlarında, kişinin paltarında xalçanın öz rəngləri qalıb, yerlərinə salmısınız, sadəcə...

— Bəli, elədir. Bu mənim ideyam deyil, yeni cərəyandır, hələ çox yayılmayıb. Bizim xalça üzərində işləyən tanınmış rəssamlarımızdan biri Faiq Əhməddir. O, xalça üzərində illüziya rəsmlər yaradır, sanki xalça axır, fırlanır. Hazırda Xalça Muzeyində onun əsərləri sərgilənir. Xalça üzərində çəkmək yenidir və nadirdir.

— Etiraf edim ki, ilk dəfə sizdə gördüm.

— Bəzən deyirlər ki, biri elədi, daha bəsdir, təqlid etməyin. Mən bu fikirlə razı deyiləm. Bizdə başlayıbsa bu iş, davam etdirək ki, başqa ölkələrə də yayılsın, tanınsın, bir nəfərlə olmur, tək əldən səs çıxmaz. Beşimiz, onumuz edək və Azərbaycan incəsənəti kimi tanınsın. Nəticədə Azərbaycan rəssamlığını, xalçaçılığını tanıdırıq, irəli aparırıq, təbliğ edirik.

— Bəlkə müəllifin özündən soruşmaq etik deyil, amma qədim binaların arasında mavi milli qiyafədə incə bir xanım hansı anlam daşıyır? Mənim anlayışıma görə, Bakı tarixilik, qız da Xəzərin rəmzi kimi görünür?

— Əsərin adı “Xəzərin incisi”dir. İlk dəfə bu əsəri AMEA-nın Rəyasət Heyətində, İsmailiyyə sarayında sərgiləmişəm. Əvvəlcədən İçərişəhər mövzusu qoyulmuşdu. Binalar hamısı İçərişəhərdə olan tarixi tikililərdir. Onların qarşısındakı xanım İncidir, Xəzərin incisi isə əslində Bakıdır. Xəzərin incisi — Bakı, qızın adı İnci, həm də Xəzərin rəmzi, belə. İncidir, incədir. İncinin əlindəki qızılı kəlağayıdan keçmişə, tarixə baxırıq.

Bu qədər göz nurundan qazancınız da olur?

— Azərbaycanda rəssamlıq və qazanc bir-birinə zidd ifadələrdir. Haqqında danışdığımız bu əsər — “Xəzərin incisi” dünən satılıb. Bir dəfə sosial şəbəkədə bir əsərimi yaymışdım, altında şərh yazmışdılar ki, bunun filan yerində belə bir ştrix qoysanız, daha tez satılar. Dedim, mən onu işləyəndə satış barədə düşünmürəm. Mən hiss etdiyimi ötürürəm, onu hiss edən dəyər verəcək.

— Sərgilərdə satılır, yoxsa sifarişlə?

— Satılan 15 əsərin 5-i sərgidə, 10-u ya auksionda, ya da sifarişlə satılıb. Satış faizi aşağıdır, bir makiyaja 200–300 manat verirlər, axşam onu yuyurlar, gedir; amma həmin pulu bir sənət əsərinə verməyə qıymırlar. Restoranda bir axşam 500 manat qoymaq olar, amma mədəni səviyyə onu sənət əsərinə verməyə çatmır.

— Cəmiyyətdə fərqlilik çoxdur. O əsər neçəyə satıldı?

— 300 manata, amma ucuz oldu. Sadəcə onu alan xanım dedi ki, çox istəyirəm bu əsər məndə olsun, pulum çatmır. Mənə də yetər ki, görüm, əl işimi çox sevdilər, ona münasib edirəm ki, alsın, yəni onu sevənə qismət olsun. Bəzən satdığım işlərin sonrakı taleyi məni çox maraqlandırır, düşünürəm ki, görəsən, harada asılıb...

Söhbəti bu yerdə tamamlayıb, stenddən və özü də işləri kimi gözəl xanımdan ayrılıram. Sərgidə çox gözəl işlər görəcəm, amma fikrimdə qədim xalça üzərində “Ailə dəyəri” və “Xəzərin incisi” yadımdan çıxmayacaq.