Logo
news content

Qələbədən sonrakı qanlı döyüş
Praqa üsyanının sirləri

İkinci dünya müharibəsi zamanı Avropadakı hərbi əməliyyatlar, nəzəri cəhətdən, Berlinin alınması ilə bitməli idi. Amma belə olmadı. Berlin mayın 2-də təslim olsa da, nasizmə qarşı son böyük döyüş Praqa ətrafında baş verdi. 


Çexoslovakiya nasist təcavüzünə hələ İkinci dünya müharibəsindən əvvəl məruz qalmışdı. 1938-ci ildə Hitler Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətinin Almaniyaya birləşdirilməsini tələb etdi. Sentyabrın 28-29-da Münhendə Almaniyanın, Böyük Britaniyanın, Fransanın və İtaliyanın iştirakı ilə beynəlxalq konfrans keçirildi. Dörd dövlət heç bir hüquqları olmadığı halda Sudetin taleyini həll etdilər: vilayət oktyabrın 10-a qədər Almaniyaya veriləcəkdi. Bu, London və Parisin biabırçı “sakitləşdirmək” siyasətinin kulminasiyası idi.


Amma Hitler bununla kifayətlənmək fikrində deyildi. Onun razılığı ilə 1939-cu il martın 14-də Slovakiya öz müstəqilliyini elan etdi. Həmin gün Berlinə çağrılan Çexoslovakiya prezidenti Emil Haxa ultimatumla üzləşdi: ya Çexiya Almaniyanın protektoratlığını qəbul edir və bu zaman qansız-qadasız işğal olunur, ya da almanlar işğalı bütün vasitələrdən istifadə edərək həyata keçirəcəklər, bu zaman da xeyli qurbanlar və dağıntılar olacaq. Görüş zamanı ürək tutması keçirən Haxa həkim müdaxiləsindən sonra özünə gəldi və ultimatumu qəbul etdi.


Səhər Hitler Çexiyanı işğal edərək müstəqilliyinə son qoydu, onu Bohemiya və Moraviya protektoratlığı elan etdi. Ölkəyə Berlindən təyin olunan reyxsprotektor nəzarət edəcəkdi. Bununla belə, protektoratlığın öz prezidenti (Haxa), hökuməti, polisi və digər qurumları, hətta “daxili təhlükəsizlik və asayişin təmini üçün” 6-7 minlik hərbi qüvvəsi qalırdı. Amma söz sahibi, əlbəttə, almanlar idi. Belə vəziyyət müharibənin sonlarına qədər davam etdi. 


*** 

1945-ci ilin mart-aprelində müttəfiqlər Çexoslovakiya ərazisinə daxil oldular. Sovet ordusu martın 10-da Moraviya-Ostrava əməliyyatına, martın 25-də Bratislava-Brno əməliyyatına başladı. Amerikalılar aprelin 18-də qərbdən Çexiyaya daxil oldular. Həm SSRİ, həm də ABŞ orduları içində çexoslovaklardan təşkil olunan birliklər vardı. 


Böyük Britaniyanın baş naziri Uinston Çörçill Praqanı amerikalıların azad etməsini istəyirdi və bu istəyini Qərb qoşunlarının amerikalı komandanı Duayt Ayzenhauerə çatdırırdı. Amma amerikalıları Avropadan çox Yaponiya maraqlandırırdı. “Böyük üçlüyün” Yalta konfransında Stalin Avropada müharibə bitəndən 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə qoşulacağı ilə bağlı öhdəlik götürmüşdü. Amerikalılar bunu nəzərə almaya bilməzdilər və Moskvanın xətrinə dəymək istəmirdilər. Üstəlik, öz əsgərlərinin həyatına da ruslardan daha həssas yanaşırdılar. 


Sovet ordusu isə əsas qüvvələrini əvvəlcə Berlinin alınmasına yönəltdi. Aprelin 30-da Hitler intihar etdi. Mayın 2-də Berlin qarnizonu təslim oldu. Rəsmi kapitulyasiya aktı imzalanmasa da, artıq hər şeyin bitdiyi aydın idi. Təkcə Çexoslovakiya işğal altında qalırdı. Hamıdan tez işğal olunan ölkə hamıdan gec qurtulacaqdı. 


Sovet komandanlığı Berlini alandan sonra Praqa əməliyyatına başlamağı planlaşdırırdı. Hücum həm şərqdən, həm də şimaldan - Berlin istiqamətindən olacaqdı. 1-ci, 3-cü və 4-cü Ukrayna cəbhələrinin (komandanlar müvafiq olaraq marşal İvan Konev, marşal Rodion Malinovski və ordu generalı Andrey Yeremenko) iştirak edəcəyi əməliyyat mayın 7-də başlamalı, 12-14-də bitməli idi.


Çexiya ərazisində almanların “Mərkəz” ordular qrupu yerləşirdi. General-feldmarşal Ferdinand Şörnerin komandan olduğu qrupda 900 min hərbçi, 1900 tank, 1000-ə qədər təyyarə və 9700 top vardı. Onların əsas qüvvələri Çexiyanın şərqində məskunlaşmışdı. İndi, Berlin təslim olandan sonra buradakı almanların əsas qayğısı qərbə doğru çəkilərək heç olmasa, amerikalılara əsir düşmək idi. Ölkənin şərqindəki alman qoşunları üçün qərbə doğru ən qısa və ən rahat yol isə Praqadan keçirdi. 


Çexiyada gizli fəaliyyət göstərən Müqavimət hərəkatı həm digər Şərqi Avropa ölkələrində - Yuqoslaviya, Polşa - olduğundan zəif idi, həm də iştirakçıların siyasi baxışlarına görə parçalanmış halda idi. 1945-ci ilin fevralında bu müqavimət qruplarını birləşdirən Çex milli şurası (ČNR) yaradıldı. Amma ixtilaflar ortadan qalxmadı.


Praqada bir də sırf hərbçilərdən ibarət “Bartoş” adlı qrup fəaliyyət göstərirdi. Onun ČNR ilə əlaqəsi yox idi, hətta bir-birlərinin mövcudluğundan xəbərsiz idilər.


“Vəziyyət bərbaddır. Hərbi baxımdan, demək olar, heç nə edilməyib. Siyasətçilər bir-biriləri ilə dava edirlər və vəzifə bölüşdürürlər. Silah çatışmır”, - 1945-ci il fevralın 17-də Britaniya təyyarəsindən paraşütlə Çexiyaya atılan qrupun rəhbəri kapitan Yaromir Nexanski Müqavimət hərəkatındakı vəziyyəti belə təsvir edirdi. 


Müttəfiqlər yaxınlaşdıqca ölkənin müxtəlif ərazilərində almanlar əleyhinə üsyanlar baş verirdi. Praqada da üsyan hazırlanırdı. Lakin bu cür aksiya üçün atıcı silahlar belə çatışmadığından üsyana müttəfiq qoşunları lap yaxınlıqda olanda başlamaq planlaşdırılırdı, təxminən mayın 7-də. Amma hər şey spontan alındı. 


Protektorat hökumətinin mayın 4-də verdiyi qərarla kargüzarlığın alman və çex dillərində aparılması, lövhələrin iki dildə yazılması kimi məcburi qaydalar, eləcə də Çexiya bayrağının asılmasına qoyulan qadağa ləğv edildi. Ertəsi gün baş nazir Rixard Binert ümumiyyətlə protektoratlığın ortadan qaldırıldığını və Çexiyanın dövlət müstəqilliyinin bərpa olunduğunu elan etməyə hazırlaşırdı. 


Məsələ almanlarla da razılaşdırılmışdı. Almanlar bununla bəlkə də son günlər üçün çexlərin loyallğını təmin etməyə, pis sürprizlə üzləşmədən qoşunların qərbə hərəkət etməsinə nail olmağa çalışırdılar, amma əksi baş verdi.


Alman dilində lövhələrin sökülməsi və çex bayraqlarının asılması elə mayın 4-də başladı, ertəsi gün isə kütləvi şəkil aldı. Ümumi entuziazm əvvəlcə etiraz aksiyasına çevrildi. Alman dilindəki lövhələr, svastikalı bayraqlar asıldıqları yerdən xüsusi şövqlə götürülür, ayaqlar altına atılır və cırılırdı. Praqa radiosu da yalnız çex dilində danışırdı. Çoxdan səslənməyən milli musiqilər səsləndirilirdi. 


Proses bununla dayanmadı, yavaş-yavaş üsyana çevrildi. Alman polislərə və hərbçilərə hücumlar oldu, bəziləri həbs edildilər. Bəziləri də müqavimət göstərib çexlərə atəş açdılar. Çexlər də almanlara atəş açmağa başladı. 


Praqa radiosu öz binasının qorunması üçün günorta saatlarında çex polisinə və jandarmlarına müraciət etdi. İlk ciddi döyüşlər elə radio binası ətrafında baş verdı. Bu müraciətdən sonra üsyan kütləvi şəkil aldı. Çexlər paytaxtdakı alman kazarmalarına, silah anbarlarına hücum etdilər. Nəticədə əl qumbaraları, pulemyotlar, tank əleyhinə panzerfaustlar, beş zirehli maşın ələ keçirildi. Amma silah yenə də yetərli sayda deyildi. 


Praqanın özündə vermaxt qüvvələrinin sayı az idi. Ona görə də mayın 5-də axşama doğru paytaxtın Vltava çayından şərqdə yerləşən hissəsi tamamilə üsyançıların əlinə keçdi. Çay üzərindəki 12 körpüdən 10-na da onlar nəzarət edirdilər. Şəhərin qərbi isə əsasən almanların nəzarətində qaldı. Üsyana generallar Karel Kutlvaşr və Frantişek Slunetsko, kapitan Yaromir Nexanski rəhbərlik etdilər. 



Aydın idi ki, vermaxt ertəsi gün Praqa üzərinə əlavə qüvvələr göndərəcək. Bu üzdən mayın 6-na keçən gecə şəhərin küçələrində 1600-ə qədər barrikada quruldu. Praqa radiosu ingilis, rus, fransız dilində çağırışlar edərək müttəfiqlərdən təcili kömək istədi.


Çexiyaya daxil olmuş ABŞ 3-cü ordusunun komandiri general Corc Patton Praqaya doğru irəliləməyə hazır olduğunu bildirdi və hətta Plzenə qədər hərəkət etdi. Ancaq Ayzenhauer dayanmağı əmr etdi. Amerikalılara etibar etməyən Stalin Konevə, Malinovskiyə və Yeremenkoya Praqa əməliyyatına planlaşdırıldığından bir gün tez, mayın 6-da başlamağı əmr etdi. Amma onlar uzaqda idilər və Praqaya yetişmələri üçün bir neçə gün lazım idi. 


Bununla belə üsyançılar köməksiz qalmadılar. Almanlara əsir düşən və vermaxt tərəfində döyüşməyə razılıq verən sovet hərbçilərindən təşkil olunmuş Rusiya Azadlıq Ordusunun (ROA) 1-ci diviziyası Praqa yaxınlığında idi. Bartoş nümayəndələri diviziyanın komandiri Sergey Bunyaçenko ilə hələ mayın 2-də əlaqə saxlayıb, planlaşdırılan üsyan zamanı kömək istəmişdilər. Bunyaçenkonun çağırdığı müşavirədə diviziyanın, demək olar, bütün zabitləri çexlərə kömək etməyə tərəfdar oldular. 


Mayın 6-a keçən gecə Praqaya yaxınlaşan “vlasovçular” (ROA-nın komandiri Qırmızı ordunun keçmiş general-leytenantı Andrey Vlasov idi) səhər Ruzine hava limanı uğrunda almanlarla döyüşə girdilər. 18 minlik canlı qüvvədən əlavə, həm də zirehli texnikaya, artilleriyaya malik olan ROA diviziyası tezliklə şəhərin qərbini nəzarətə götürdü. 


Praqaya göndərilən vermaxt qüvvələri əsasən “vlasovçular”la döyüşməli oldular, bu da Praqa əhalisi arasında mümkün itkiləri xeyli azaltdı. Almanlar şəhəri havadan bombalamağa da cəhd göstərdilər, amma kütləvi bombardman üçün imkanları məhdud idi: benzin çatışmırdı, havaya qalxa bilən təyyarələrin çoxu sovet aviasiyası ilə döyüşürdü. 



Çexlər ROA əsgərlərini xilaskar kimi qarşılayaraq qucaqlayır, öpür, üstlərinə çiçək atır, ərzaqla təmin edirdilər. Vlasovçuların Praqa üsyanındakı iştirakını sonralar sovet tarixşünaslığı ciddi-cəhdlə gizlədəcəkdi.


Bartoş nümayəndələri mayın 2-də Bunyaçenko ilə əlaqə saxlayanda üsyana kömək müqabilində generala və ROA-çılara Çexiyada siyasi sığınacaq vəd etmişdilər. Bu vəd Praqanın amerikalılar tərəfindən tutulacağı halda həyata keçə bilərdi. Amma üsyanın gedişində məlum oldu ki, amerikalıların belə bir planı yoxdur və Praqanı sovetlər tutacaq. Belə halda isə ROA ilə əməkdaşlıq Müqavimət hərəkatı üçün başağrısı ola bilərdi. Buna görə də ČNR rəhbərliyi Bunyaçenkodan şəhəri tərk etməsini xahiş etdi. Mayın 8-ə keçən gecə ROA diviziyası qərbə doğru çəkildi, amma bir neçə yüz “vlasovçu” Praqada qalaraq çexlərlə birgə döyüşməkdə davam etdilər. 


Bunyaçenko diviziyasının gedişindən sonra üsyançıların vəziyyəti ağırlaşdı. Almanların Vaffen-SS qüvvələri mayın 8-də Praqanın böyük hissəsinə nəzarəti bərpa etdi. ČNR vermaxt generalı Rudolf Tussenlə danışıqlara getməli oldu. Almanlar da danışıqlarda maraqlı idilər. Şimaldan və şərqdən Qırmızı ordu hissələri yaxınlaşırdı. Çexiyadakı almanlar qərbə doğru hərəkət edib, amerikalılara əsir düşmək istəyirdilər. 


Berlindən gələn direktivlər də bu yöndə idi. Yeni prezident admiral Karl Dönits mayın 7-ə keçən gecə verdiyi əmrdə ordu komandirlərinə tapşırırdı: “Vəzifəniz Şərq cəbhəsində döyüşən bacardıqca çox qoşunu qərbə tərəf çəkməkdən ibarətdir... İngilis-amerikan qüvvələrinə qarşı əməliyyatları dərhal durdurmaq lazımdır, qoşunlara əmr edin, onlara əsir düşsünlər”.


Bir neçə saat davam edən danışıqlardan sonra razılıq əldə olundu və axşama doğru vermaxt qüvvələri Praqadan keçərək, qərbə doğru hərəkət etdilər. Proses mayın 9-da səhər saatlarına qədər davam etdi. Bu zaman Qırmızı ordu hissələri artıq Praqa ucqarlarında idilər. Azsaylı alman birlikləri şəhər və ətrafında mayın 11-ə kimi müqavimət göstərdilər. İkinci dünya müharibəsinin Avropa teatrında hərbi əməliyyatlar beləcə Praqada başa çatdı.


*** 

İkinci dünya müharibəsindən sonra Çexoslovakiyada bir müddət çoxpartiyalı koalisyon hökumət mövcud oldu. 1948-ci ilin fevralında isə kommunistlər hakimiyyətə tam yiyələndilər. Bundan sonra qeyri-kommunist təmayüllü siyasətçilərə qarşı repressiyalar başladı. Praqa üsyanının rəhbərləri də bundan yayınmadılar.


General Frantişek Slunetsko həbs olundu, amma məhkəmə qarşısına çıxarılmadı. Onu azad edib Praqadan ucqar kəndə sürgün etdilər, üstəlik, hərbi rütbəsini sıraviyə qədər endirdilər. General Karel Kutlvaşrın da rütbəsi alındı, özü isə ömürlük həbsə məhkum edildi. 1960-cı ildə səhhətinin ağır vəziyyətində azad edildi və bir il sonra öldü. Mayor Yaromir Nexanski isə kommunist rejim əleyhinə fəaliyyətdə ittiham olunaraq, 1950-ci ildə edam edildi. Kommunist hakimiyyətinin süqutundan sonra onların üçünə də bəraət verildi. 


Sergey Bunyaçenko mayın 12-də amerikalılara təslim oldu. Amma SSRİ-nin tələbi ilə üç gün sonra sovet nümayəndələrinə təhvil verildi. O, məhkəmənin hökmü ilə 1946-cı il avqustun 1-də Andrey Vlasov və daha 10 nəfərlə birlikdə Moskvada asıldı. 


*** 

Praqa üsyanı zamanı 2900 üsyançı, 4 min dinc sakin və 300 vlasovçu həlak oldu. Bəzən bu üsyana “mənasız”, “avantüra” kimi epitetlər qoşurlar və əsassız itkilərə səbəb olduğunu yazırlar. Bir çoxları da yəqin ki, bununla razılaşar. Amma zənnimcə, azadlığın əta edilməsi ilə qazanılması arasında ciddi fərq var. Çexlər azadlıqlarını qazanmaq üçün üsyan etmişdilər...