Qadınların “partlayış” planı, bəy oğlunun sevgisi, baş tutmayan səfər – BİR FİLMİN HEKAYƏTİ
Onların böyük sevgisi bu filmdən başladı...
26 Aprel 2026
Bizim cəmiyyət hələ də alimə “çör-çöp yığan” deyir, Dərvişin cadusunun kəramətinə alimin kəşfi kimi inanır. Hələ də elmlə cəhalətin, dünyagörüşlərinn konflikti hökm sürür. Hələ də böyüklər gənclərin taleyüklü məsələlində onların yerinə qərar verməyin düzgün olduğunu zənn edir, üstəlik, buna da “sizin xeyrinizi düşünürük” donu geyindirirlər.
Filmdəki epizodlardan birində qulluqçu Sənəm (Səfurə İbrahimova) deyir: “Eh, ay xanım, kişilərdə ağıl nə gəzir, ağılları olsaydı, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?” (Hələ də qadınlar eyni fikirdədir).
Bütün bunların öz əksini tapdığı və Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli Şah Cadükuni Məşhur" pyesi əsasında 1976-cı ildə C.Cabbarlı dına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Dərviş Parisi partladır” filmindən söz açıram. Ekran əsərinin bu il 50 yaşı tamam olur.
Aleksis Jordanın Müsyo Jordana çevrilməkliyi
Əsər haqqında onu deyim ki, dramaturqun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediyasıdır. Komediya orta əsr feodal düşüncəsinə, xurafatçılığa qarşı yönəlib. Müəllifin özünün rus dilinə tərcümə etdiyi komediya 1851-ci ildə “Qafqaz” qəzetində çap olunub. Eyni ildə pyes Sankt-Peterburqda, 1852-ci ildə Tiflisdə səhnəyə qoyulub. 1883-cü ildə isə Naxçıvanda oynanılıb.
Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olub və bu tanışlıq da alimin bədii obrazını yaratmasına kömək edib.
Milli kinematoqrafiyamızda Axundovun yaradıcılığına ilk dəfə məhz bu əsərlə müraciət olunub. Əslində çox da müraciət olunmayıb, nədənsə. Bir də “Hacı Qara” pyesi ekranlaşdırılıb.
Əsərdə olduğu kimi, filmdə də fransız alim Müsyo Jordan (Sergey Yurski) Qarabağa yerli bitkiləri öyrənmək, tədqiq etmək üçün gəlir. Onu Qarabağ xanlarından biri Hətəmxan ağa (Adil İsgəndərov) öz evində qarşılayır.

Xanın qardaşı oğlu Şah Müsyo Jordanla fransız dilini öyrənib, təhsil almaq üçün Parisə getmək fikrindədir. Şahbaz bəy əmisi qızı Şərəfnisə ilə (Mömünat Qurbanova) nişanlıdır və Parisdən qayıdandan sonra evlənməyi təklif edir. Bu fikirlə razılaşmayan qız anası, yəni əmisi arvadı Şəhrəbanu (Leyla Bədirbəyli) onun Parisə getməyinin qarşısını almaq üçün cadugər Dərviş Məstəli (Mirzə Babayev) şahın kəramətinə güvənir...

Konflikt də bundan sonra başlayır. Həm də şəxslər yox, dünyagörüşləri arasında.
Çoxrejissorlu film
Filmin rejissorlarından biri (digəri Kamil Rüstəmbəyov) Şamil Mahmudbəyov xatirələrində yazır: “Axundov hiyləgər, fırıldaqçı, avam adamları aldadıb soyan, tüfeyli Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyo Jordanın obrazını yaratmışdır. Məstəli şahin simasında feodal cəmiyyətin tipik nümayəndəsini gördük. Müsyo Jordan elm, maarif və tərəqqi simvolu kimi diqqətimizi cəlb edib. Biz məhz bu obrazları kino dili ilə canlandırmaq məqsədilə böyük dramaturqun komediyasına müraciət etmişik”.
Onu da deyim ki, “Dərviş Parisi partladır” filminin iki rejissoru, iki operatoru olub. Niyə? Maraqlıdır. Filmi əslində Hüseyn Seyidzadə çəkməliydi. Nədənsə zaman-zaman bu rejissora həvalə edilən filmlər sonradan əlindən alınıb. “Qatır Məmməd” də o sıradandır. Kamil Rüstəmbəyov isə xarakterli adam olduğundan həyat ona rahat olmayıb, bu filmdən də ona görə uzaqlaşdırıblar. Filmi Şamil Mahmudbəyov ekranlaşdırıb, əməyə hörmət üçün Rüstəmbəyovun da adı yazılıb.
Müsyo Jordan roluna çəkilmiş aktyor Sergey Yurski fransız dilini yaxşı bilirmiş. Filmdə fransız dilində mahnını da özü ifa edib, amma ekrana mahnı rus dilində verilib, nədənsə. Aktyor Azərbaycan dilində bəzi sözləri özü səsləndirib. Onun üçün Azərbaycan dilində mətnlər yazıblar, o da əzbərləyib.
Çəkilişlər Qarabağda və Şamaxıda, bəzi səhnələr isə pavilyonda aparılıb. Dərviş Məstəli şahın “Parisi partlatması” səhnəsi kinostudiyanın pavilyonunda çəkilib. Məsələni pirotexniklər həll edib.
Filmdə çəkilən atlar ippodromdan gətirilib. Şahbazın "İldırım" adlı atı əslində Ənvər Həsənovun ippodromda sürdüyü "Trapesiya" adlı at imiş.
“İppodromdan gətirilən zaman onlarla birlikdə nümayəndə də gəlirdi. Hansı ki, onlar atları bizim üçün yəhərləyir, təmizləyir, yemləyir, onlara qulluq edirdilər. Atlarla gələn iki-üç nəfər hər zaman bizim yanımızda olurdu”.
Müsyö Jordanın şərəfinə verilən ziyafətdə Şahbaz bəy (Ənvər Həsənov) çox qəşəng rəqs edir. Aktyor İncəsənət İnstitutunda oxuyanda Əlikram Aslanovun rəhbərlik etdiyi "Qobustan" rəqs ansamblının üzvü olub.
Ə. Həsənovdan danışmışkən, bu filmə qədər aktyor “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm” filmlərinə çəkilmişdi. Tanınmış aktyor idi. Şərəfnisə rolunun ifaçısı Mömünat Qurbanova filmə çəkiləndə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsiydi. Rola uyğun aktrisa tapmaq Ənvər Həsənova həvalə olunub. Aktyor İncəsənət İnstitutunda aktrisa axtarışında olarkən Mömünat Qurbanovanı görür və ilk baxışdan ona vurulur. Onu həm filmdə, həm də həyatda özünə tərəf müqabili seçir. Mömünat Qurbanovanın isə İncəsənət İnstitutuna qəbul olunanda məqsədi Ənvər Həsənovla tanış olmaq olub. Belə, niyyətin hara, mənzilin ora. Filmin çəkilişləri bitəndən sonra evlənirlər. Cütlük daha iki filmdə “Atları yəhərləyin” və “Son döyüş” filmlərində tərəf müqabili olublar. Əslində Ənvər Mömunatı kinoya həm gətirib, həm də ondan uzaqlaşdırıb. Aktrisa 2008-ci ildə avtomobil qəzasında həlak olandan sonra Ənvər Həsənov hər gününü yalnız ona qovuşmaq üçün sayırdı.
“Dərviş Parisi partladır” filmi üzərində 2011-ci ildə Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə bərpa işləri aparıb.
Filmin quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, bəstəkarı Tofiq Quliyevdir.
Hə, bir də var filmdə səsi gedib, özü getməyənlər - filmi səsləndirənlər:
Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov)
Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov)
Yusif Vəliyev — Dərviş (Mirzə Babayev)
(Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova)