Logo
news content

Pezeşkianın qələbəsi: Suallar və mücərrəd cavablar
Suallar çoxdur, lakin səbirlə, təmkinlə yeni prosesi izləmək lazımdır

Məsud Pezeşkian İranın 9-ci prezidenti oldu. O, ölkənin ali dini lideri Əli Xameneiden sonra ikinci bu postu tutan ikinci türk prezident sayılır (1981-1989-cu illərdə prezident postunu tutan Xamenei də türk hesab edilirsə təbii). Etnik Azərbaycan türkü və bu gün ev dustaqlığına məhkum edilmiş Mirhüseyn Musəvi isə 80-ci illərin sonlarında ölkənin sonuncu baş naziri olmuşdu. Bu vəzifə də konstitusiya ilə ləğv edildi. Uzun illər idi ki, ölkənin güc strukturlarına da türklərin təyinatı olmurdu. Bəs türkə qarşı münasibəti bəlli olan rejim niyə bu addımı atdı?

Milli şüarlarla ortaya çıxan namizədləri hətta parlament seçkilərinə belə buraxmayan Nigəhban Şurası (rejimin seçkiyə və konstitusiyaya nəzarət orqanı) niyə Pezeşkianın "nazı" ilə oynadı?

Yəqin ki, bu suala ilk cavab "seçkidə kütləvilik yaratmaqla rejimin legitimliyini təmin etmək" olacaq. Və gerçəkdən də bu baş tutdu. Amma varlığı ərzində azad və demokratik seçki keçirməyən İran rejimi Pezeşkianın seçilməsinə niyə yaşıl işıq yandırdı?

Bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm. 

Seçki kampaniyası dövründə keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Məsud Pezeşkianın yanında olması bu məntiqi ortaya qoyur - İran rejimi çöküşdən xilas olmaq üçün dünyaya açılmaq məcburiyyətindədir və xaric siyasətdə də yumşalmağa getməyə məcburdur. Amma gerçəkdən rəsmi Tehran buna gedəcəkmi? Çağdaş siyasət tarixi şahiddir ki, İran İslam Respublikası kimi totalitar rejimlərin dünyaya açılması çöküş prosesini daha da sürətləndirir. Elə isə rejim, niyə intihar yolu seçsin?

Varlığı boyunca öz opponentlərinin fiziki cəhətdən kütləvi məhvinə imza atan bir rejim üçün islahatlara üz tutma da inandırıcı görünmür. Nəzərə alsaq ki, Tehran 1997-ci ildə bu tendensiyanı Xatəmi ilə sınadı. Etiraf edək ki, o zamanadək mədəniyyət naziri olmuş Xatəminin prezidentlik dönəmində biz, Azərbaycan türkləri də daxil olmaqla, qeyri-farsların milli mədəni hüquqlarının bərpası yolunda nisbi yumşalma hiss etdik. Lakin bu yumşalmadan nigarançılıq yaşayan rejim 2005-ci il seçkisində prezident kürsüsünə mühafizəkarların təmsilçisi Əhmədinejadı gətirdi. 2009-cu il prezident seçkilərində isə Mirhüseyn Musəvinin qələbəsini tanımayan rejim, etirazçı əhalini gülləyə tutmaqdan da çəkinmədi. Yəni mayası qanla yoğurulmuş bir siyasi sistem üçün islahat, azad seçki anlayışları bu anadək arzu edilən sayılmayıb.

Bəs dr. Məsud Pezeşkianın prezident olması ilə Xamenei və bütövlükdə rejim ilk növbədə ölkə daxilində nəyi qazanmağı hədəfləyir?

Təxminlərim belədir:

Ağır sosial və iqtisadi məngənədə çabalayan rejimin maddi və mənəvi basqılarından təngə gələn əhalinin illərdir düyünlənən nifrət hissləri ötəri də olsa yerini, ümid və güzəşt duyğularına dəyişəcək. Bu addımla rejim son onillikdə ölkəni bürüyən sosial, iqtisadi  aksiyaları müəyyən müddətədək təxirə salmağı da düşünür. 

Diqqət etsək, Pezeşkianın əzici üstünlüklə qazandığı ostanlar əsasən qeyri-farsların yaşadığı bölgələrdir. Nəzərə alaq ki, bu siyahıda son illərdə etirazların səngimədiyi Sistan və Bəlucistan ostanı da var. Milli və dini zəmində baş qaldıran etirazlar da müəyyən zaman üçün səngiyəcək. Ən azından seçicilər dəstəklədikləri namizədin bu müddət ərzində verdiyi vədlərə nə qədər sədaqətli olduğunu gözləyəcəklər. 

Bəs xalq tərəfindən onu verilmiş "kart blanşlar" müqabilində Məsud Pezeşkian nə etməlidir və ya nə edə bilər ?

Makro istəkləri kənara qoyaraq, yalnız mikro səviyyədə atıla biləcək minimal addımlara nəzər salaq.

Əcəba, seçiləndən sonra ilk mesajında "Şərəfimə and içirəm ki, mən də sizi tənha qoymayacam!" deyən yeni prezident, əhalinin iqtisadi-sosial durumunun dirçəldilməsi üçün əməli addımlar atacaqmı?

Cənab Pezeşkian, heç olmasa millətlərin Əsas Qanunla (15,19-cu maddələr) təsbit edilmiş hüquqlarının təmin edilməsində təsirli rol oynaya biləcəkmi? Siyasi məhbusların azad edilməsi yönündə hər hansı addım atacaqmı və ya buna səy göstərəcəkm? Seçilməsində əsas pay sahibi olan Azərbaycan türklərinin illərdir əzilən iqtisadi, təhsil hüquqlarının bərpasını istəyəcəkmi?

Xüsusilə Qərbi Azərbaycan ostanında baş qaldıran kürd separatizmi müqabilində hansı mövqeyi sərgiləyəcak?

Suallar çoxdur, lakin səbirlə, təmkinlə yeni prosesi izləməkdə fayda olacağını düşünürəm. Yetər ki, sonunda xalq növbəti dəfə aldanmasın. 

Ölməz Şəhriyarın yaxşı deyib: 

"Qorxum budur, oyun ola,

Millət yenə qoyun ola."