Logo
news content

Pezeşkian - ordusuz, cəbbəxanasız sərkərdə
Güneylilər ona ümid bəsləmədiyi halda, “Hizbullah” “yola bərabər davam edəcəklərinə” inanır

İranda prezident seçkiləri başa çatdı. İki aya yaxın sürən seçki kampaniyası dövründə hakimiyyət əhalinin diqqətini çoxsaylı problemlərdən yayındıra bildi. Məsud Pezeşkianın prezident olması isə Güney Azərbaycan türklərini sakitləşdirmək, onları rejimə bağlamaq üçün bir vasitə oldu. Seçicilərin çoxluğunun ona səs verməsi həm də İranda qərblə əlaqələrin qurulması tərəfdarlarının rejimə etiraz aksiyası idi. Hakimiyyət onları da müəyyən müddətə sakitləşdirmək üçün Pezeşkianın seçilməsinə şərait yaradıb. 

Bu seçki həm də sübut etdi ki, güney azərbaycanlılar İranda dəyişikliklərin əsas müəllifi olaraq qalır. 2009-cu ildə Azərbaycan türkü Mirhüseyn Musəvinin başçılıq etdiyi “Yaşılar hərəkatı” prezident seçkisində qalib gələ bilməmişdi. Çünki onu azərbaycanlılar müdafiə etmirdi. Onda güneylilər Mirhüseyn Musəvinin yaşıl bayrağına alternativ olaraq qırımızı bayraq çıxardı və “Haray, haray, mən türkəm“ şüarı ilə “Güney Azərbaycan İran deyil!” tələbini bütün dünyaya car çəkdi.

Bu hadisələrdən 3 il öncə, 2006-cı ilin yazında Tehran bələdiyyəsinin orqanı olan “İran” adlı qəzetdə türklər təhqir edilmişdi. Bu tərbiyəsizliyi kimin, hansı məqsədlə törətdiyi hələ də bağlı qalır. Bunu rejimdaxili qüvvələrin Azərbaycan türklərinin gücünü müəyyən edib, aparıcıları öldürmək və ya həbs etməklə sıradan çıxarmaq məqsədi ilə təşkil etdiyi ehtimal olunur. Bununla belə, Güney Azərbaycanda, dünyanın bir sıra ölkələrində bu məsələyə etiraz etmişdilər. 

İranın o vaxtkı prezidenti, müəmmalı şəkildə öldüyü iddia olunan Əli Əkbər Haşimi - Rəfsəncani Seyid Əli Xaməneinin əsas rəqibi sayılırdı. Rəfsəncaninin Mirhüseyn Musəvi ilə mümkün birlişməsindən ehtiyat etdiyi üçün ali rəhbər bu seçkidə azərbaycanlının prezident olmasına imkan vermədi. Həmin siyasi kampaniyada o, az qala tərəfsizliyini (qanunla bu kampaniyalarda tərəfsiz omalıdır) pozaraq, əhalini Mahmud Əhmədinejata səs verməyə çağıracaqdı. Ancaq seçkilərə müdaxilə nəticəsində bu ideyanın baş tutmasının qarşısı alındı. 

Pezeşkiandan isə belə təhlükə gözlənilmir. Yəni o, Xaməneinin vəzifəsi üçün təhlükə mənbəyi sayılmır. Əksinə, bu iddiası olmadığı üçün ali rəhbərlik və varisi fövqəladə vəziyyətdə onunla çətinlik çəkmədən dil tapa bilər. 

Düzdür, hakimiyyətiçi islahatçı xəttin nümayəndələri keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhani Məsud Pezeşkianla görüşərək onu təbrik ediblər. Yeni seçilən prezident onların məsləhətlərindən faydalanacağını da bildirib. 

Məsud Pezeşkiandan qeyri-adi işlər gözləmək isə sadəlövhlük olardı. O, bu rejimin, yəni panfarsçı siyasi-ideologiyanın hakimiyyəti altında fəaliyyət göstərəcək, baş icraçı olacaq. Ayətullah Seyid Əli Xamənei 35 ildir İrana başçılıq edir. O, türklərin, güney azərbaycanlıların milli hüquqlarının təmin olunması istiqamətində heç bir addım atmayıb. Bu baxımdan, Pezeşkian da verilən tapşırıqları yerinə yetirəcək. Bu zaman onun daha məsuliyyətli olmaq imkanı var. 

Pezeşkianın prezidentliyinə dair iki məlumata diqqət çəkmək istərdik. 

Azərbaycan Demokrat Firqəsi (1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin Baş naziri Seyid Cəfər Pişəvərinin davamçıları) İrana keçirilən prezident seçkisinə dair açıqlama yayıb: “Demokrat Firqənin “Azadlıq, Ədalət və Milli Hökumət” şüarının həyatiliyi və tələbləri dəyişməyib”. Açıqlamada bildirilib ki, İranda türk kökənli hökumət başçılarının fəaliyyəti çoxlarına məlumdur. Xalq İran şahı Məhəmmədrza Pəhləvinin baş naziri, türk Əmir Abbas Hüveydanı, indiki rejimim qurduğu hökumətin başçısı, türk Əbülhəsən Bəni Sədri görmüş və lənətləmişdir: “Onlar da azərbaycanlıdır deyib, millətə sırıyanlar, əslində ən böyük cinayətkarlardır. “Fərəh”ə, “Ququş”a azərbaycanlıdır deyənlər xalqın tarixi arzu və istəklərini bilir, onun böyük gücündən qorxaraq, bu oyunlara əl atırdılar. Azərbaycanın milli hüquqlarını tanımayan, onu danan və görmək istəməyən siyasətçilər, siyasi qüvvələrlə barışmaq niyyətimiz yoxdur və sonadək mübarizə cəbhəsindəyik”.

 

Firqə aşağıdakı müddəaları siyasi və mədəni cərəyanların təmsilçilərini çatdırıb:  

 

1. “Azadlıq, Ədalət və Milli Hökumət” şüarımız yarandığı gündən yenə dəyişilməz olaraq qalmaqdadır;

2. Siyasi şəxsiyyətlərin qiyməti seçki öncəsi verdikləri vədlərlə deyil, konkret əməllərə görə müəyyənləşdirilsin;

3. Milli oyanış dövrünü yaşayan xalqımızın ovqatı ilə siyasi manipulyasiya etmək cəhdlərinə qətiyyən yol verməməli və belə halları ifşa etməyi özümüzə borc bilməliyik;

4. “Azadlıq, Ədalət və Milli Hökumət” şüarını irəli sürənlərin hər biri kimliyindən asılı olmayaraq bizim dostumuz və yol yoldaşımızdır.

Unutmayın ki, şirazlı, xuzistanlı, kürd və lor ilə bizim heç bir problemimiz yoxdur. Zülmün mənbəyi din altında maskalanmış istibdad rejimi və onun yerli nökərləridir”.

 

Güney Azərbaycan türklərinin milli hüquqlarının təmini uğrunda mübarizə aparanlar bu seçkinin yenə rejimin möhkəmlənməsinə, ömrünü uzatmasına faydası olacağını bildirirlər. 

İran hakimiyyətinin qurduğu Livan “Hizbullah”ının lideri Həsən Nəsrullah da Məsud Pezeşkianı təbrik edib. O, bildirib ki, “Hizbullah” və regiondakı bütün müqavimət hərəkatları uzun illərdir İsrail və ABŞ-nin “hegemonluq layihəsinə” qarşı açıq şəkildə mübarizə aparır: “Biz İran İslam Respublikasını həmişə müqavimət üçün güclü, sabit və daimi dayaq olaraq görmüşük”.

Həsən Nəsrullah İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneini hərəkatın lideri kimi gördüklərini vurğulayıb: “İmam Xaməneinin rəhbərliyi altında bu yolu sizinlə birlikdə davam etdirəcəyik. Təməli qüdrətli və hörmətli İslam İranı olan yekun qələbəyə nail olacağıq”.

Güney Azərbaycan türkləri Məsud Pezeşkiana milli hüquqlarının təmin olunması istiqamətində heç bir ümid bəsləmədikləri halda, “Hibullah” Xaməneinin rəhbərliyi altında onunla “yola davam edəcəklərini” vurğulayır.  

İnsafən, Məsud Pezeşkian da Həsən Nəsrullaha cavabında onu məyus etməyib. Yeni prezident cavab məktubunda bildirib: “İran İslam Respublikası region xalqlarının qeyri-qanuni sionist rejimə qarşı müqavimətini həmişə dəstəkləyib. Müqavimətə dəstək İran İslam Respublikasının fundamental siyasətindən, İmam Xomeyninin (r.a) ideallarından və ali məqamlı Rəhbərin göstərişlərindən qaynaqlanır və bu dəstək qüdrətlə davam edəcək”.

Bax beləcə. Burda deyiblər, “dost dosta tən gərək”...

Yeri gəlmişkən, prezident seçkilərinin nəticələri elan olunan gün Güney Azərbaycan Milli Hərəkatının fəalları, Təbriz mərkəzi zindanında saxlanılan Salar Tahir Əfşar və Kərim İsmayılzadə aclıq aksiyası keçirdiklərinə, bu aksiyanı dayandırmadıqlarına görə həbsxana nəzarətçiləri tərəfindən bir neçə dəfə işgəncəyə məruz qalıb, döyülüblər. Məlumata görə, Salar Tahir Əfşar ailəsi ilə telefon əlaqəsi saxlamaqdan və görüşdən məhrum edilib. Onlar Tehranda Evin zindanında aksiya keçirən güney azərbaycanlı məhbuslara dəstək məqsədilə iyunun 24-dən aclıq aksiyasına başlayıblar. 

Məsud Pezeşkianın qanuni tələblərə görə həbs edilib, işgəncəyə məruz qalanlara amnistiya vermək hüququ da yoxdur. Başqa sözlə, Məsud Pezeşkianın seçilməsinə milyonlarla İran vətəndaşı səs versə də, onun qoşunu, maliyyə vəsaiti yoxdur. Yəni ordusuz generaldır. Odur ki, “arxasında milyonlarla seçici var” mülahizəsi də yerinə düşmür. Onun  arxasında Tehran rejimi var...