Müqəddəs qılıncın arxasınca... zəhmət, fədakarlıq və macəra dolu yol... - RESENZİYA
Bu film daha bir davamın başlanğıcı ola bilər
17 Aprel 2026
Elxan Cəfərov uşaq filmi çəkib, indi bunun özü asan məsələ deyil. Yəni uşaqlar üçün film çəkib demək istəyirəm. Düşünürəm, bu film haqqında yazıya hamı belə başlayacaq - biz “Sehrli xalat”, “Bir qalanın sirri” filmləri ilə böyümüşük...
Haqlıdırlar, çünki film o dövrü xatırladır, ona görə mənim də ilk ağlıma gələn məhz bu fikir oldu. Nəyi xatırladır? Azərbaycan kinosunda çoxdan qırılmış, yarımçıq qalmış uşaq filmləri xəttini. Adama elə gəlir ki, xətt qırıldığı yerdən bərpa olundu, ürək istər ki, davam etdirilsin. Bu film yenidən başlanğıcın uğurlu bünövrəsinə çevrilsin.
Yuxarıda sadaladıqlarıma “Qərib cinlər diyarında”, “Əzablı yollarla” , hətta haradasa “Dədə Qorqud” filmini də əlavə etmək olar. Çoxdandır, Azərbaycanda bu qəbildən filmlər çəkilmir. Nağıl, epos, macəra, fantastika, adamı bu dünyadan qoparıb hansısa sirli, yeri məlum olmayan aləmə aparan film. Tilsimə düşmək, onu qırmaq, qayaların qəhrəmanları qoruması, onlara arxa durması, kömək olması kimi kadrlarla bəzi məqamlar “Sehrli xalat”ı, bəziləri “Bir qalanın sirri”ni, hətta sonda Dədənin gəlişi “Dədə Qorqud”u xatırladır. “Torpağı əkib-becərməsən qorumağa, qorumasan əkib becərməyə dəyməz”.
Söhbət bu günlərdə Heydər Əliyev Mərkəzində premyerası olan “Akinak” filmindən gedir.

Qəhrəmanlar yeniyetmələrdir. Məlikməmməd almanın arxasınca getdiyi kimi, onları da qədim türk tayfalarının müqəddəs sayılan Akinak adlı qılıncının arxasınca göndərirlər. Başçı oğluna “o qılınc yad əllərdə olduğu müddətdə biz qələbə çala bilmərik”, - deyir. Biri qız olmaqla 4 yeniyetmənin yolda başlarına gələn olaylardan, qarşılaşdıqları çətinliklərdən və onları necə dəf etmələrindən söhbət açılır. Səfərdə müxtəlif sınaqla üzləşirlər, sədaqət, dostluq və cəsarətin nə olduğunu anlamağa və tamaşaçıya anlatmağa çalışırlar.
Filmi Mədəniyyət Nazirliyinin və ARKA-nın dəstəyi ilə “Nərimanfilm” MMC çəkib.

Rejissorun gənc aktyorları peşəkarlıqla seçdiyi aşkar görünür. Bu uşaqlar bəlkə də çəkildikləri filmdən sonra kinonun sehrinə düşüb elə bu sahəyə yönələcəklər, sabahın tanınmış aktyorları olacaqlar. Çoxdandır Azərbaycan kinosunda bu tendensiya da görünmürdü. Daha bir davamın başlanğıcı demək olar.
Filmin musiqisi də onun qavranmasında az rol oynamır. Bəstəkar Məryəm Əlibəylinin yazdığı musiqi filmin bədii xarakterini açır və o kontekstə, necə deyərlər, “oturur”.

Filmdə döyüş səhnələrində ”çəkilən” binəva atların idarə olunması, qədim silahlar, əlbəsələr, dekorasiyalar, usta qrim, kaskadyorların peşəkarlığı da gözdən yayınmır, Hamısı işdir, komanda işi. Hə, ssenari İlqar Safata məxsusdur. Məlum, kinonu bilən adamdır. Tarixi, macəra janrında film üçün 1 milyon manatın çox az olması, hazırlıq və çəkiliş üçün zaman məhdudiyyəti təbii ki, yaradıcı işin keyfiyyətinə təsir göstərməyə bilməz.

Bir saatlıq filmdir, uşaq filmi olsa da, böyük kimi maraqla baxdım. Darıxdırmadı, effektlər, hadisələrin gedişatı dinamikdir. Mükəmməldir, qüsursuzdur deməyəcəm, amma təcrübə görülən işə əvvəlcə yaxşı tərəfdən baxmağı öyrədib. Çəkilən zəhmətə, görülən işə “uğur olsun” deyib iş görənləri gələcək işlərə fərəhləndirmək ümumi məqsədin faydasınadır. Ortada bir komandanın ağır, dövrümüzə xas qarşıya çıxan maneələrə sinə gərərək, kinonu bilmədən göstəriş verənlərə dirəniş göstərərək, əsəb-stress içində gördüyü iş var. Filmin nümayişindən beş dəqiqə sonra sosial şəbəkədə “fiasko” yazmaq, yumşaq desək, insafsızlıqdır... Bu, belə...
Uzun zəhmətin nəticəsində bir film ərsəyə gəlib, həm də çoxdandır belə film çəkilmirdi. Demək, vərdişlər, mühit, hətta o işi görə biləcək peşəkarlar o deyil, pərən-pərən olub. Bunlara rəğmən, film çəkilib. Rejissor Elxan Cəfərovun növbəti uğurudur. Ona görə yox ki, filmin uğuru qaçılmazdır, ona görə ki, Elxan Cəfərov film çəkib, indi bunun özü asan məsələ deyil. Onu da deyim ki, filmi onun çəkdiyinə gözümlə şahid olmasaydım, qətiyyən inanmazdım ki, bu iş onunkudur. İndiyə qədər çəkdiklərindən fərqli. Rejissor üçün tamam yeni üslubdur. Azərbaycanda tarixi və macəra janrında çəkilən bədii film kimi də təqdirəlayiqdir.
Klaviaturaya barmağının bir toxunuşu ilə qarşısında bütün dünya çılpaqlığı ilə açılan, daha bir toxunuşla dünyanın o başındakı hansısa şirkətin sisteminə belə daxil ola bilən zəmanə uşağını bu film qane edəcək, diqqətini çəkəcək, ya yox, bu, artıq zamanın işidir. Biz böyüklərə isə rəyi zəmanə uşağının özünün öhdəsinə buraxıb, sadəcə bu yenidən başlanğıca uğur arzulamaq qalır.
Sonda yaradıcı heyəti deməsəm, olmaz.

Prodüser Nəriman Məmmədov, icraçı prodüser Aydın Hacıyev, ssenari müəllifləri İlqar Safatdan başqa Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu rəssamlar Əziz Məmmədov və Valeh Davudov, geyim rəssamı Nicat Məmmədovdur.
Əsas rollarda Məmmədsəfa Qəhrəmanov, Füzuli Hüseynov, Şamil Süleymanov çəkiliblər.
“Akinak” macəra filmi may ayından ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. Uşaqlarınızla birlikdə rahatlıqla baxa bilərsiniz.