Logo
news content

Kimdir günahkar - xalq, yoxsa idarəetmə?

Bu sual bizim kimi toplumların dartışdığı ən güncəl suallardandır. Resept vermək fikrindən uzağam, sadəcə indiki ağlımın verdiyi imkanlardan yararlanıb fikirlərimi ifadə edirəm.

Cəmiyyətdə korrupsiya artır, rüşvət adi “iş həll etmə üsulu”na çevrilir, ədalət hissi zəifləyir, yaltaqlıq bacarıqdan daha sərfəli görünür, yüngül həyat tərzinə, zəhmətsiz gəlirə aludəçilik çiçəklənir, kriminal davranış normallaşır, kitab oxumaq isə “vaxt itkisi” sayılır. Belə məqamlarda hamı bir-birini günahlandırmağa başlayır.

Bir qrup deyir: “Bütün məsuliyyət hakimiyyətindir”. Başqa bir qrup dərhal cavab verir: “Xalq özü dəyişməyincə heç nə dəyişməz”. Hər iki cümlədə həqiqət payı var. Amma hər ikisi təkbaşına deyildikdə təhlükəli sadələşdirməyə çevrilir.

Çünki nə xalq mələkdir, nə də idarəetmə göydən enmiş yad planetlidir. Amma təbii ki, güc, imkan və məsuliyyət baxımından onların yeri, imkanları eyni deyil.

Dövlət qanunu yazır, məhkəməni qurur, təhsil siyasətini müəyyənləşdirir və maliyyələşdirir, mediaya - azad fikrə və onun ifadəsinə şərait yaradır, vəzifəli şəxsin cəzalanıb-cəzalanmayacağını müəyyən edən sistemi idarə edir. Vətəndaş isə bu sistemin içində ya qaydaya əməl edir, ya qaydanı pozmaq üçün yol axtarır, ya susur, ya da etiraz edir. Deməli, idarəetmə çərçivəni yaradır, cəmiyyət isə o çərçivənin içində davranış alışqanlıqlarını formalaşdırır. Amma çərçivəni quran tərəfin məsuliyyəti daha ağırdır.

Bir ölkədə rüşvət geniş yayılıbsa, bunu yalnız “xalqın əxlaqı pozulub” deyə izah etmək rahat, lakin dayaz yanaşmadır. İnsan niyə rüşvət verir? Çox zaman ona görə ki, haqqını rüşvətsiz ala bilməycəyini bilir. Niyə tanış və ya “day-day” axtarır? Çünki qaydanın hamı üçün eyni işləmədiyini görür. Niyə yaltaqlanır? Çünki bacarığın, zəhmətin və peşəkarlığın hər zaman kifayət etmədiyinə inanır. Niyə susur? Çünki danışanın qorunmadığını, hətta təhlükəli oldugunu, susanın isə daha rahat yaşadığını görür.

Yaltaqlıq əxlaqi zəiflikdir, amma təkcə fərdi zəiflik deyil. Yaltaqlıq çox vaxt ədalətsiz sistemin yetişdirdiyi sosial refleksdir. Meritokratiyanın, yəni biliyin və bacarığın qiymətləndirilməsinin zəiflədiyi yerdə insan öz biliyinə deyil, kimə yaxın olmasına güvənməyə başlayır. Belə yerdə vicdanlı adam “sadəlövh”, prinsipial adam “çətin adam”, yaltaq isə “diplomatik”, bəzən “ağıllı zəmanə adamı” adlandırılır. Bu, cəmiyyətin mənəvi aşınmasının başlanğıcıdır.

Lakin burada xalqı tam günahsız elan etmək də doğru deyil. Çünki korrupsiya yalnız nazirlərin kabinetində yaşamır. O, müəllimə “hörmət” adı ilə verilən pulda, xəstəxanada növbəni keçmək üçün axtarılan vasitəçidə, işə qəbul zamanı edilən telefon zəngində, imtahanda köçürməyə “kömək” sayılan davranışda, dövlət malına şəxsi mal kimi yanaşmaqda da yaşayır.

Böyük korrupsiya kiçik korrupsiyalardan qidalanır. Dövlət səviyyəsində qanunsuzluqla mübarizə aparmaq istəyən, amma gündəlik həyatda “bir yolunu taparıq” deyən cəmiyyət öz içində ziddiyyət yaradır. Hamı ədalət istəyir, amma ədalətin yalnız başqasına tətbiq olunmasını istəyir. Öz növbəsi gələndə isə qaydanı pozmağı “məcburiyyət”, hətta “zərurət” kimi görür. Ən təhlükəli cümlə budur: “Hamı belə edir”. Bu cümlə bir xalqın mənəvi məğlubiyyətinin başlanğıcıdır. Çünki “hamı belə edir” deyən adam artıq doğru ilə yanlışı müzakirə etmir; yalnız öz yanlışını normallaşdırmağa çalışır.

Avropaya baxanda bəziləri elə düşünür ki, oradakı ictimai nizam, qanuna hörmət və korrupsiyaya qarşı həssaslıq həmin xalqların təbiətindən gəlir. Guya alman, danimarkalı, fin və ya isveçli doğuşdan daha intizamlı, daha savadlı, daha vicdanlıdır. Bu, tarixi bilməyənlərin uydurduğu rahat mifdir.

Bu gün Danimarka və Finlandiya korrupsiya qavrayışı indeksində dünyanın ən yüksək nəticə göstərən ölkələri sırasındadır: 2025-ci il indeksində Danimarka 89, Finlandiya isə 88 bal alıb. Ancaq bu nəticələr onların “mükəmməl xalq” olmasından yox, uzun müddət ərzində qurduqları institutlardan, hesabatlılıqdan, ictimai nəzarətdən və hüquqi ənənədən doğur.

Finlandiya cəmi bir əsr əvvəl dərin sosial parçalanma, siyasi qarşıdurma və vətəndaş müharibəsi yaşamış ölkə idi. 1918-ci ildə yeni müstəqillik qazanmış Finlandiyada “qırmızılar” və “ağlar” arasında qanlı vətəndaş müharibəsi baş verdi. Bu gün sabitlik və təhsil nümunəsi kimi göstərilən ölkənin yüz il əvvəl ağır daxili yaraları vardı.

İsveç də həmişə bugünkü İsveç olmayıb. XX əsrin ilk yarısında ölkədə alkoqol istifadəsi və sosial nəticələri o qədər ciddi problem idi ki, alkoqollu içkilərin alınması xüsusi qeyd kitabçası — “motbok” sistemi ilə məhdudlaşdırılmışdı. Bu sistem 1955-ci ilə qədər davam etdi. Bu gün İsveçin alkoqol siyasətindəki sərtlik də cəmiyyətin “tərbiyəli doğulması”ndan deyil, tarixən yaşadığı sosial problemlərə verdiyi institusional cavabdan qaynaqlanır.

İrlandiya isə təxminən yüz il əvvəl kitabı, mətbuatı və fikri “mənəvi təhlükə” hesab edən sərt senzura mühiti yaratmışdı. 1929-cu il nəşrlərin senzurası haqqında qanun kitabların və dövri nəşrlərin qadağan olunması üçün xüsusi mexanizm qururdu. Bu gün Avropada ədəbiyyat və söz azadlığı haqqında danışan cəmiyyətlərin bir hissəsi yaxın tarixdə kitabı qadağan etməklə “mənəviyyatı qoruduğunu” düşünürdü.

Britaniya da bugünkü sosial rifah və şəhər mədəniyyəti görüntüsünə bir gündə çatmayıb. 1930-cu illərdə yerli hakimiyyətlər ağır gecəqondu və sıxlıq şəraitini aradan qaldırmaq üçün geniş mənzil proqramları həyata keçirirdilər; həmin dövrdə milyonlarla insanın yaşayış şəraiti bugünkü inkişaf etmiş ölkə təsəvvürü ilə uyğun gəlmirdi.

İspaniya nümunəsi isə daha aydın dərs verir. Ölkə 1939–1975-ci illərdə Franko diktaturası altında yaşadı. Bu gün demokratik qurumlara malik olsa da, korrupsiya, siyasi qütbləşmə və tarixi yaddaş məsələləri hələ də ciddi ictimai problem olaraq qalır. 2025-ci il korrupsiya qavrayışı indeksində İspaniyanın 55 bal alması göstərir ki, “Avropa ölkəsi olmaq” problemlərdən azad olmaq demək deyil.

Deməli, Avropa toplumları da bir zamanlar yoxsulluq, zorakılıq, senzura, ağır sosial bərabərsizlik, alkoqolizm, savadsızlıq, siyasi repressiya və köhnə münasibətlər içində yaşayırdı. Onları dəyişdirən “xarakter möcüzəsi” olmadı. Onları dəyişdirən uzun mübarizə, azad mətbuat, təhsil, sosial siyasət, məhkəmə müstəqilliyi, vətəndaş təşkilatları və ən əsası, öz qüsurlarını gizlətməmək mədəniyyəti oldu.

Avropanı ideallaşdırmaq da lazım deyil. Bu gün Avropa İttifaqı vətəndaşlarının 69 faizi korrupsiyanın öz ölkələrində geniş yayıldığını düşünür. Yəni korrupsiya, siyasi əlaqələr, biznes–hakimiyyət yaxınlığı və ictimai etimadsızlıq Avropada da bitmiş mövzu deyil. Fərq ondadır ki, orada bu problem daha çox açıq müzakirə edilir, araşdırılır, ictimai təzyiq yaradır və çox vaxt siyasi nəticə doğurur.

Bizim kimi cəmiyyətlərin ən böyük problemi yalnız rüşvət, kriminal və ya yaltaqlıq deyil. Ən böyük problem bunların bəzən adi həyat qaydası kimi qəbul edilməsidir. İnsanlar korrupsiyanı pisləyir, amma “bizim adamdır” deyə korrupsioneri müdafiə edir. Ədalət tələb edir, amma öz qohumu üçün imtiyaz istəyir. Savadsızlıqdan şikayətlənir, amma kitab oxuyanı “həyatdan xəbəri olmayan adam” kimi təqdim edir. Əxlaqdan danışır, amma güc qarşısında susmağı və yaltaqlanmağı “ağıllı davranış” hesab edir. Oğurluğu pisləyir, ancaq oğru ilə bir süfrədə oturmaqla öyünür (fikir Dostoyevskiyə aiddir - bizim haqımızda deyib).

Burada ziyalının işi xalqı aşağılamaq deyil. “Bu xalq düzəlməz” demək ziyalılıq deyil, ümidsizliyin intellektual maskasıdır. Amma xalqın hər yanlışını hakimiyyətin üzərinə atmaq da düşüncə tənbəlliyidir. Ziyalı həm idarəetməni sorğulamalıdır, həm də cəmiyyətin özünü aldatdığı nöqtələri göstərməlidir.

Hakimiyyət “xalq hazır deyil” deyəndə, çox vaxt öz məsuliyyətindən qaçır. Xalq “hər şey yuxarıdan gəlir” deyəndə isə, öz davranışını dəyişmək məsuliyyətindən qaçır.

Həqiqət budur: cəmiyyət yalnız idarəetmə dəyişəndə dəyişmir. Cəmiyyət həm də insan öz kiçik gündəlik saxtakarlığını, susqunluğunu, yaltaqlığını və “hamı belə edir” bəhanəsini tərk edəndə dəyişir. Qanun yuxarıda qurulur, amma onun mənəvi dayağı aşağıda yaranır.

Bir ölkəni yalnız güclü dövlət yox, qaydanı özünə qarşı da qəbul edən vətəndaş ayaqda saxlayır. Bir xalqı isə yalnız vətənpərvərlik şüarları yox, rüşvət verməmək, haqsızlığa susmamaq, elmə, biliyə hörmət etmək və yaltaqlığı normal saymamaq yüksəldir. Bir ölkəni kənar güc deyil (illərdən bəri Avropanın yaxasından asılmışıq), xalqın istəyi, təpəri, iradəsi, davamlı mücadiləsi dəyişir. Əks halda, hamı bir-birini günahlandıracaq, amma heç kim bu çürümənin içində öz payını görməyəcək.