İransayağı “islahat”
Namizədlər seçicilərin deyil, Xaməneinin rəğbətini qazanmaq üçün yarışırlar
25 İyun 2024
İyunun 28-də İranda 14-cü dəfə prezident seçkisi keçiriləcək. Bu siyasi kampaniya nəticəsində 9-cu hökumət başçısı müəyyən ediləcək.
Belə tədbirlərdə adətən namizədlər dövlətin və vətəndaşların ən ağrılı problemlərindən danışır, onların aradan qaldırılması yollarını göstərirlər.
Hazırkı seçkiqabağı kampaniyada belə məsələlərə rast gəlinmir. Namizədlər seçicilərin deyil, İranın ali rəhbəri Seyid Əli Xaməneinin rəğbətini qazanmaq üçün yarışırlar.
İslam Respublikasının 1997-2005-ci illərdə prezidenti olmuş Məhəmməd Xatəmi prezident seçkiləri qabağı kampaniyada mədəni proqramla çıxış etmişdi. Həmin dövrdə Tehranda ölkədəki etniklərin vəziyyətini müzakirə etmək məqsədi ilə “Millət evi” (“Xaneyi Millət”) yaradılmışdı. Ancaq uzun müddət yaşamadı. Tehran onu “milli təhlükəsizlik üçün təhdid mənbəyi” elan edərək, bağladı.
O illərdə İranın fars olmayan ziyalılarının milli mədəni hüquqların təmini ilə bağlı Məhəmməd Xatəmiyə çoxsaylı müraciətləri kağız üzərində qalmışdı. Çox güman ki, onda Xatəmi həmin müraciətin heç “m” hərfinə də baxmamışdı. Prezidentliyin növbəti ilində isə o, mədəni hüquqların təmin edilməsi məsələsindən bəhs etmədi. O illər üçün dəbdə olan “mədəniyyətlərarası dialoq”dan danışmaqla işini bitmiş saydı. Hətta bu cür “islahatçı baxışlarına” görə onun Nobel Sülh mükafatına namizəd olmasını istəyənlər də var idi.
Həmin illərdə Seyid Əli Xamənei çıxışlarının birində demişdi ki, İranın milli birlik amili islam dini və mədəniyyətidir. Bu söhbətdən çox keçmədən Xatəmi elan etmişdi ki, ölkəsinin milli vəhdət amili fars dili və mədəniyyətidir.
Bu, həm də “islahatçı”, “mədəniyyətlərarası dialoq tərəfdarı” sayılan Xatəminin maskasını yırtılması, panfarsçı şovinist mahiyyətinin ifşası idi.
O, prezidentliyinin ikinci dövrü üçün iqtisadi proqramla çıxış etmişdi. Bununla da İranda yüksək səviyyədə fars olmayanların milli mədəni hüquqları ilə bağlı fikir dilə gətirilmədi.
Sonralar Həsən Ruhani də seçkiqabağı kampaniyada Azərbaycan türkcəsində məktəbin açılacağını desə də, prezident olanda sözünün üstündə durmadı.
Bütün bu illər ərzində Azərbaycan türkcəsində öz hesabına məktəb açan, Azərbaycan musiqisi və rəqslərini öyrədən ziyalılar Tehran rejimi tərəfindən təzyiq və təqiblərə məruz qalıb. Mərhum azərbaycanlı ziyalı, milli musiqinin təbliğatçısı Həsən Azərbaycanı (Dəmirçi) yada salmaq kifayət edər.
Türk adlarından və bu dildə olan bütün milli-mədəni hadisələrdən panfarsçı rejim hələ də ürkür. Bu dildə kitabların çapına mane olur. “Araz News”un məlumatına görə, İranda Mədəniyyət və İslami İrşad Təşkilatı Güney Azərbaycanın tanınmış sənət adamı Rza Hüseyni Bəqanamın “Sürgündə” adlı kitabının çapına mane olub.
Təşkilat, buna səbəb olaraq, kitabın “İran azəricəsi” (?! - başqa işarələr də qoymaq olardı S.S.) dilində yazılmadığını bəhanə göstərib. Yeri gəlmişkən, panfarsçılar İranda Azərbaycan türklərini “azəri”, bu dili isə “İran azərisi” adlandırır. Bununla Güney Azərbaycan türklərini assimilyasiya edirlər.
Məlumata görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi dövlət televiziyasında da “Qafqaz türkcəsi” və “İran azəricəsi” kimi yeni dillər “yaratmaqla”, əksər kitabların lisenziyasını rədd edir. Bundan başqa, Azərbaycan və Qarabağ kimi türklərə aid sözlər ciddi senzuraya məruz qalır. Onların yerinə “Aran” işlədilməsi məqsədəuyğun sayılır.
Bu, islam adı altında fəaliyyət göstərən bir qurumun şovinistliyinə dair daha bir nümunədir.
Azərbaycan türkcəsinin tətbiqinə qarşı qanunsuz qadağalar qoyan rejim mayın 14-də panfarsçılığın banisi, türkləri farsların düşməni elan və bu fikri təbliğ etmiş Əbülqasim Firdovsinin yad edilməsi və fars dili gününü qeyd edir.
İran hakimiyyəti hər il türklərin verdiyi vergilər hesabına fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması üçün milyonlar xərcləyir. Bu istiqamətdə akademiya belə fəaliyyət göstərir. Həmin qurum İranda fars dilinin hakim, hegemon olması üçün layihələr, proqramlar, planlar hazırlayıb, hökumətin icrasına verir. Başqa sözlə, İran prezidentinin başçılıq etdiyi Nazirlər Kabineti fars olmayan vətəndaşların, yaxud seçicilərin assimilyasiyasını da həyata keçirir. Fars dilinin qorunması üzrə şuranın katibi Yasir Əhmədivənd İRNA-ya müsahibəsində bildirib ki, fars dili İranın təhlükəsizliyinin dayağıdır: “Biz bunu pozanlara qarşı sərt davranacağıq”. Bu, İranda fars dilini qoruyan həm də inzibati qurumdur.
İran hərbi-polis rejimi, panfarsçı ideologiya ilə idarə olunur. Yuxarıda Xamənei və Xatəminin çıxışlarında göstərdiyimiz nümunələr də bunu təsdiqləyir.
45 ildir bu rejimin mübarizə apardığı əsas istiqamətlər bunlardır: fars olmayanların, xüsusən türklərin milli özünüdərkinə mane olmaq, onların dil, başqa mədəni haqlarını tapdamaq, danmaq, vətəndaşların hicaba əməl etməsini nəzarətdə saxlamaq, Türkiyə, Azərbaycan, ABŞ, İsrailə münasibətdə xoş ifadələr işlətməmək və s.
Yarım əsrə yaxındır, bu ölkədə heç bir sahədə islahat aparılmır. Bu o deməkdir ki, rejim mürtəce qaydaları və qanunları ilə vətəndaşların təhlükəsizliyini təmin etməkdən daha çox, özü təhlükə mənbəyinə çevrilib. Onun tabuları çağdaş dünya ilə ayaqlaşmır. O, bu yanaşma ilə həm də regional və qlobal təhlükə mənbəyinə çevrilir. İyunun 28-də keçiriləcək prezident seçkiləri qabağı çıxışlar, namizədlərin proqramları da bunu təsdiqləyir. Bu siyasi kampaniyanın başlıca oyunçuları hicabdan, qadınlardan danışır. Axı bu ölkənin problemi təkcə hicab və qadınlarla bağlı deyil. Ona görə də İranda “Qadın, azadlıq, ədalət!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarları gündəmdən düşmür.