Logo
news content

İranı kim parçalayır?
Etnik ayrı-seçkilik salanlar özləri bunun parçalanmaya səbəb olacağını deyirlər

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı türk dili və mədəniyyətinin xilaskarı kimi görənlər məyus olur. Belə insanlar elə zənn edirdi ki, onun prezident seçilməsi ilə İranda Azərbaycan türkcəsinə qoyulan qadağa, ayrı-seçkilik aradan qalxacaq. 

Ancaq prezidentliyinin yüz günlüyünə yaxınlaşsa da, Azərbaycan türklərinə dillə bağlı verdiyi vədlərin heç birinə əməl etməyib. Hətta bu istiqamətdə bir sərəncam imzaladığı belə quzeyli-güneyli Azərbaycan ictimaiyyətinə məlum deyil. Əksinə, Azərbaycan türkcəsinə hücum daha da sərtləşib. 

Bu günlərdə İran Aviasiya Şirkətinin sözçüsü Cəfər Yazərlu Şərqi Azərbaycana məxsus “Ata” aviaşirkətinin təyyarə bələdçisinin “xoş gəldiniz” anonsunun türk dilində səsləndirməsində heç bir xüsusi niyyət olmadığını deyib: “Bundan sonra istənilən anlaşılmazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmişsiniz" deyilməməlidir. Habelə qeyd olunan iki dildən başqa qonaqlar heç bir dildə qarşılanmamalıdır”.

Bu, diskriminasiyadır. Azərbaycan Milli Hərəkatının fəallarının indiki şəraitdə fars dili ilə yanaşı Azərbaycan türkcəsinə rəsmi dövlət dili statusu verilməsi tələblərində haqlı olduqları təsdiqlənir. İran konstitusiyasına əsasən, regionlarda yerli dillərdən istifadə etmək sərbəstdir. Bu baxımdan, Azərbaycan türkcəsinin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Astara, Mərkəzi, Qəzvin, Zəncan, Gilan, İsfahan əyalətlərində, türklərin üstünlük təşkil etdiyi Tehran və başqa şəhərlərdə türk dilinin işlədilməsi qanuni sayılmalıdır.

Digər tərəfdən, aviasiya şirkətinin belə sərt qadağası Güney Azərbaycan türklərinə qarşı yürüdülən assimilyasiya siyasətinin davam etdiyini göstərir. 

Başqa hadisəyə nəzər salaq. Azərbaycan Respublikası televiziyalarında havaların təxmini proqnozuna dair məlumat verilir. Yerli şəhər, bölgə və rayonlarla yanaşı, xarici ölkələrdəki meteoşərait haqqında xəbərlər səslənir. Ermənistanın, Rusiyanın, Gürcüstanın, habelə İranın, xüsusən Güney Azərbaycanın şəhərlərindəki hava haqqında məlumatlar oxunur. 

Anti-Azərbaycan və ermənipərəst çıxışları ilə tanınan ekspert isə “Üfüq” telekanalında “Fələstin vaxtı ilə” verilişində Azərbaycan jurnalistlərinin çıxışlarından birini paylaşaraq, bildirib: “Azərbaycanlı aparıcı bilsin ki, İran istəsə, tezliklə İslam Respublikasının televiziyasında Şimali Azərbaycanın hava xəbərlərini də yayımlayarıq!”. Daha sonra verilişdə Azərbaycan-İsrail əlaqələri barədə süjet verilib və aparıcı əlavə edib: “Azərbaycan keçmişdə əziz İranımızın bir parçası olub və inşallah, tezliklə bizə birləşər”.

“Üfüq” TV-nin aparıcısı başqa bir verilişdə özünü daha da ifşa edib: “Bəzilərinə cavab vermədikcə, xülyaya qapılırlar. Azərbaycanlı aparıcı “İran Azərbaycandır” deyib, bundan öncə də Azərbaycan və Ərdəbil kimi ifadələr səsləndirib. Azərbaycanlı aparıcı bilməlidir ki, İran istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!”

Həqiqətən gülməlidir. 

Proqramın həmin hissələri İranın bir sıra saytlarında da dərc olunub. 

Azərbaycan Respublikası şəhərlərinin hava xəbərlərinin İran TV-lərdə yayımlanması pis olmazdı. Çünki Güney azərbaycanlılar da quzeydəki havadan xəbər tutar. Bu baxımdan, İran telekanallarında Bakı, Gəncə, Lənkəran, Şuşa, Laçın, Xanəkəndi, Şamaxı, Quba, Şəki və başqa şəhərlərin adlarının çəkilməsi yaxşı olardı. Odur ki, Azərbaycan televiziyalarında Təbriz, Urmiya, Miyana, Ərdəbil, İsfahan, Həmədan, Qaradağ, Əhər, Muğan, Ərak, Tehran, Kərəc, Rəşt kimi Azərbaycan şəhərlərinin təxmini havasından izləyicilərin xəbər tutması faydalıdır. Bu, həm də havaya sərhəd çəkilməsinin mümkünsüzlüyünü göstərir.

Digər tərəfdən, Azərbaycan TV-ləri London, Paris, Moskva, Nyu-York, İstanbul və başqa şəhərlərin də havasından xəbər verir. Onda Böyük Britaniya, Fransa, Rusiya, ABŞ, Türkiyə bundan qıcıqlanmalıdır?! 

Bu, İran televiziyası, saytları və şərhçilərinin yersiz bir hərəkətidir. 

Onlar hələ də Rza və Məhəmmədrza ata-bala şahların dövründəki panfarsçı yuxuları  görür, o xəyallarla yaşayırlar. Dünya dəyişib. Bir dəyişməyən panfarsçılar, İran hakimiyyətidir. Dəyişməsə, islah olmazsa, onu da dəyişdirəcəklər. 

İran parlamentinin sədri, prezidentliyə dəfələrlə namizəd olmuş Məhəmməd Baqer Qalbaf bildirib ki, cəmiyyəti etnik və dini mənsubiyyətlərinə görə bölmürlər: “Hesab edirik ki, cəmiyyətdə heç vaxt etnik mənsubiyyətə və dinə görə xətt çəkməməliyik. Kimsə bunu edərsə, o, ölkəyə, İmam Xomeyni və onun rəhbərliyinin ideallarına zülm etmiş olur, çünki biz ölkəni gücləndirməyə çalışırıq. Bu məsələni qabardanlar ölkəmizi zəiflədər, onun parçalanmasına səbəb olar”.

İranda baş verən real hadisələr isə parlament sədrinin yalan danışdığını deməyə əsas verir. Çünki İran dini, təriqət, etnik mənsubiyyətə görə bölünür. Məsələn, türk və fars olmayan başqa müsəlman etnik qrupların təmsilçilərinin ana dilində təhsil verilmir. Bəluclar etnik və təriqət fərqinə görə daim təzyiqlərə məruz qalır. Bəhailərin isə vicdan azadlığı hüququ tapdanır. 

Qalibafın sədrlik etdiyi parlamentdə Azərbaycan türklərinin haqqı dəfələrlə pozulub. Bütün bunlar və sadalamadığımız çoxsaylı faktlar İranın etnik və dini mənsubiyyətə görə bölündüyünü təsdiqləyir. Qalibafın dediyinə inansaq, bu cür bölünmə parçalanmaya gətirib çıxaracaqsa, onda İran həqiqətən zəifləyib, parçalanacaq. Bunun qarşısını almaqda Məsud Pezeşkianın vədləri də gücsüzdür…