İkinci tur: qazanan rejim olacaq – AKTUAL ŞƏRH
Pezeşkian və Cəlili ali rəhbərin tapşırıqlarını daha yaxşı icra etməyə çalışacaqlar
30 İyun 2024
Regional və qlobal səviyyədə əhəmiyyətsiz hadisə sayılsa da, iyunun 28-də İranda keçirilən seçkilər, hər halda, diqqətdən kənarda qalmayıb.
Ölkə prezidenti İbrahim Rəisinin faciəli ölümündən sonra yeni prezident seçkisinin keçirilməsi Konstitusiyanın tələbi idi. Hakimiyyət isə bu siyasi kampaniyadan həm də nüfuzunu nümayiş etdirmək üçün istifadə edir. Çünki cəmiyyətin artıq mövcud rejimə etibar etmədiyi, xalqın hökumətə etimadının azaldığı sirr deyil. Başqa sözlə, cəmiyyətlə hakimiyyət arasında bağlar sarsılıb. Tehran bunun əksini sübut etmək üçün bu seçkidə iştirakçılığı artırmağa çalışdı. Rejimdaxili monolitliyi nümayiş etdirmək üçün bu, vacib addım idi. Bununla rejim rəhbəri cəmiyyətin onun siyasi çağırışına maraq göstərdiyini beynəlxalq ictimaiyyətə göstərir. Hələ də güc və qüvvə olduğunu, sanksiya və təzyiqlərin onu sarsıtmadığını nümayiş etdirməyə çalışır. Bu siyasi kampaniya həm də Xamənei-SEPAH cütlüyünün “möhkəmliyini və qüdrətini” göstərmək üçün yaranmış fürsət idi.
İran Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə 24 milyon 735 min 185 nəfər, yaxud, ölkə daxilində qeydiyyata alınan seçicilərin 40 faizi iştirak edib. 58 min 600 seçki məntəqəsində namizədlərdən keçmiş səhiyyə naziri, islahatçıların təmsilçisi sayılan Məsud Pezeşkian 10 milyon 415 min 191 səs, yaxud, səslərin 43 faizini, İranın ali rəhbəri Seyid Əli Xaməneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili 9 milyon 437 min 298 səs, yaxud 38 faiz, parlamentin sədri Məsud Qalibaf 3 milyon 383 340 səs, yaxud seçicilərin 15 faizinin səsini toplayıb. Keçmiş daxili işlər naziri və ədliyyə naziri Mustafa Purməhəmmədiyə isə 206 min 397, yaxud 5 faiz səs verilib. Seçki bülletenlərinin 8 faizi isə etibarsız sayılıb.
Ötən illərin prezident seçkiləri ilə müqayisədə budəfəki siyasi kampaniyada seçicilər az iştirak edib. Məsələn, 2002-ci ildə 59, 76 faiz, sonrakı siyasi kampaniyada isə 83,84 faiz (bu illərdə Mahmud Əhmədinejad hökumət bacısı olub), 2014-cü ildə 72, 94, 2018-ci ildə 73,33 (hər ikisində islahatçı sayılan Həsən Ruhani seçilib), 2022-ci ildə seçicilərin 48,8 faizi iştirak edib (bu kampaniyanın qalibi isə 2024-cü il mayın 19-da helikopter qəzasında ölmüş, mühafizəkarların nümayəndəsi İbrahim Rəisi olmuşdu).
Builki kampaniyanın birinci turunda isə MSK-nın iddiasına əsasən seçicilərin 40 faizə qədəri iştirak edib. Bu, ölkə əhalisinin seçkilərə marağının azaldığının göstəricisidir. Başqa sözlə, namizədlərin islahatçı və ya mühafizəkar olmasına baxmayaraq, seçki fəallığı azalan xətt üzrə davam edib.
Müxalifət təmsilçisi, Məhəmmədrza Şah Pəhləvinin oğlu Rza Pəhləvi bildirib ki, bütün dəlillər, reportajlar və ölkənin müxtəlif yerlərində boş seçki məntəqələrindən alınan çoxlu fotoşəkillər İran xalqının rejimin səs-küylü seçki sirkinə “yox” cavabını göstərir: “Ölkə daxilində hiyləgər təbliğata və mütəşəkkil təzyiqlərə baxmayaraq, öz evində qalan və bu gülünc rejimlə iş birliyinin mahiyyəti ilə əl-qolunuzu bulandırmayan insanları eşq olsun!”
İranın 31 əyaləti var. Səsvermədə Sistan və Bəlucistan əyalətində 32,8 faiz, Gilanda 26,1, Semnanda isə 22,2 faiz seçici iştirak edib. Başqa bölgələr üzrə də fəalıq çox olmayıb. Bu baxımdan, Tehran rejimi çağırışına cavab alıb. İştirak edənlər isə rejimə bağlı qüvvələr sayılır. Başqa sözlə, xəbərlərə əsasən, belə nəticəyə gəlmək olar ki, sadə seçici hakimiyyətin siyasi kampaniyasını boykot edib. Səsvermədə isə SEPAH, onun yarım-hərbi qolu bəsic, ordu, dövlət məmurları, hakimiyyətin müxtəlif açıq və gizli nümayəndələri iştirak edib. Onlarında bütövlükdə sayı 20 milyondan bir az çoxdur. Mərkəzi Seçki Komissiyası da bu rəqəmi açıqlayıb. Bu, həm də rejimin dəyişməz elektoratı və ya sosial bazası sayılır.
İkinci tura qalan “islahatçı” namizəd, kardiocərrah Məsud Pezeşkian və “mühafizəkar” Səid Cəlili kimdir?
Məsud Pezeşkian 1954-cü ildə İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. İran Tibb Elmləri Universitetini Ürək Cərrahiyyəsi ixtisası üzrə bitirib. İran-İraq müharibə zamanı hərbi həkim kimi xidmət edib. 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib, 2001-2005-ci illərdə islahatçı Məhəmməd Xatəminin hökumətində səhiyyə naziri vəzifəsində çalışıb. 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini olub. Pezeşkian iki dəfə prezident seçkilərində iştirak etmək üçün sənədlər təqdim edib. 2013-cü ildə Əli Əkbər Haşimi-Rəfsəncanini dəstəkləyərək, namizədliyini geri götürüb, 2021-ci ildə isə Nəzarət Şurası onun seçkilərdə iştirakına icazə verməyib. O, ABŞ və digər Qərb ölkələri ilə danışıqlar yolu ilə Tehranın nüvə proqramına dair razılaşmanın bərpasını anti-İran sanksiyalarını aradan qaldırmağın əsas yollarından biri hesab edir. Pezeşkian hicab tərəfdarı olmasa da, əleyhdarı kimi də çıxış etmir. O, bu məsələdə məcburiyyət tərəfdarı deyil.
Səid Cəlili 1965-ci ildə Məşhəddə anadan olub. Tehranda İmam Sadiq Universitetini bitirib və siyasi elmlər doktorudur. İran-İraq müharibəsi zamanı SEPAH-da xidmət edib. 1989-1996-cı illərdə Xarici İşlər Nazirliyində işləyib. 2002-ci ildə İran Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 2005-ci ildə isə xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini təyin edilib. 2007-ci ildən 2013-cü ilə qədər Qərbə qarşı sərt siyasəti ilə yadda qalan prezident Mahmud Əhmədinejadın dövründə o, Milli Təhlükəsizlik Şurasının katibi və eyni zamanda Tehranın nüvə proqramı üzrə “altılıq”la danışıqlar aparan İranın nümayəndə heyətinə başçılıq edib. 2013-cü ildən Xaməneinin Milli Təhlükəsizlik Şurasında nümayəndəsidir.
O, bundan əvvəl iki dəfə prezidentliyə namizəd olub. 2013-cü ildə üçüncü yeri tutub, 2021-ci ildə İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. Hazırda İranın xarici siyasət strategiyasının hazırlanmasına cavabdeh olan Xarici Əlaqələr üzrə Strateji Şurasının işində iştirak edir.
İyulun 5-də keçiriləcək ikinci turda bu namizədlərdən hansı uğur qazansa, yenə udan mövcud rejim və onun qaydaları olacaq. Çünki hər iki namizəd özünü Xomeyni və Xamənei ideyalarına sadiq sayır.
Pezeşkian Güney Azərbaycan məktəblərində, heç olmasa, türk dilini tədris etmək gücünə, Səid Cəlili isə rejimi indikindən də sərt etməyə qadir olmayacaq. Heç buna onların gücü və cəsarəti də çatmaz. Azərbaycan türkü olan Pezeşkian və anası ərdəbilli olan Cəlili ali rəhbərin tapşırıqlarının daha yaxşı icraçısı olmağa çalışacaqlar. Hər iki namizəd 13-cü, İbrahim Rəisi hökumətinin davamçısı olacaqlarını bildirir. Odur ki, iyulun 5-də qalib gələcək namizədlərdən xilaskar, yaxud ona oxşar qəhrəmanlar düzəldənlər yanılır. Sadə insanları bu yanlış təsəvvürün ardınca aparmaq isə əsl “keşiş Qaponluq”dur.