Dünya güclərinin yeni strategiyası: etnik ittifaqlar
Rusiya-Ukrayna münaqişəsinə bir də bu tərəfdən baxmaq faydalıdır
16 İyun 2024
Rusiyanın Ukraynaya hərbi təcavüzünün səbəbləri araşdırılarkən çox vaxt münaqişənin nə vaxt bitəcəyi, kimin qalib gələcəyi barədə mülahizələr araşdırılır. Hətta çox vaxt, irəli gedilərək, münaqişənin başqa dövlətlərin ərazisinə də sıçraya biləcəyi deyilir. Bu cür proqnozları tam mənasız hesab etməsəm də, bir şeyi deyə bilərəm ki, münaqişədə, digər dövlətlərə baxanda, Rusiya daha çox itirən tərəf olacaq. Fikrimcə, Rusiya hələ 2014-cü ildə Ukraynanın qanuni ərazisi olan Krımı işğal edərkən bu münaqişədəki itkilərinin əsasını qoyub (həm canlı qüvvə, həm də ərazi baxımından). Krımın işğalı və 2022-ci ilin fevralında Ukraynaya “xüsusi hərbi əməliyyat” adı altında daxil olması ilə Rusiya daha çox itirən tərəf olacağını rəsmiləşdirmiş oldu. Bəlkə də belə bir nəticə çox adamda etiraz, hətta ironiya doğura bilər ki, torpaq işğal edən tərəf Rusiyadırsa, hansı məğlubiyyətdən söhbət gedə bilər?
Rusiya zərərli dərəcədə hövsələsizlik göstərməklə, vəziyyəti dəqiq qiymətləndirmədən və gələcək strateji maraqlarını dəqiq dəyərləndirmədən münaqişəyə girişdi və getdikcə arzuolunmaz nəticələrini gördü.
Hər şeydən qabaq gəlin həmin məqamın nələr olduğuna diqqət yetirək. Münaqişə tərəfləri din və dil, soykökü baxımdan kimlərdir?
Hamıya bəllidir ki, hər iki xalq soykökü və dil baxımından çox yaxındı, hər ikisi slavyan xalqları hesab olunurlar. Azərbaycanla qardaş Türkiyə bu meyarlar üzrə necə yaxındırlarsa, Ukrayna ilə Rusiya da bir-birinə o qədər yaxındır. Münaqişənin mahiyyətinə də həmin baxımdan fikir bildirmək daha düzgün olar və bu halda dəqiq siyasi nəticəyə gəlinər.
Yaxın keçmişdə olan bir siyasi və hərbi prosesə baxsaq, çox şeyi yaxşı görə bilərik. Yuqoslaviyada başlayan və uzun müddət davam edən münaqişələri yada salsaq, bir şey aydın olar ki, Qərb tərəfindən Ukrayna məsələsinin əsası hələ o vaxt qoyulub. Ukraynadakı proseslər Yuqoslaviyada gedən proseslərin sonrakı mərhələsidir. O vaxt özünü Yuqoslaviya imperiyasının əsl sahibi sayan slavyan serblər Bosniya-Hersoqovinanın, Xorvatiyanın, Kosovanın, Sloveniyanın və sair ərazilərin onlardan ayrılmamasından ötrü bir çox millətlərə qarşı soyqırım həyata keçirdilər və həmin müharibədə çox böyük insan itkilərinə səbəb oldular. Münaqişə Balkanların hər tərəfini bürüyəndən sonra Amerika və Qərb hərəkətə keçib, həmin münaqişəni istədiyi kimi, Serbiyanın və Rusiyanın istəmədiyi formada həll etdi, hətta o müharibədə iştirak edən prezidenti və generalları beynəlxalq məhkəmə qarşısına çıxardı. Yəni ABŞ və Qərb orada gələcək düzəni cızdı və Serbiyanı elə də böyük əhəmiyyətə malik olmayan bir dövlətə çevirdi. Üstəlik, bunu Rusiyanın o bölgəyə siyasi və hərbi müdaxilə etməsinə heç bir imkan yaratmadan etdi. Ən əsası, Qərb o müdaxiləni də demokratiya və xristian təəssübkeşliyi adı ilə, həm də Serbiyanı tam nəzarətində saxlamaqla təmin etdi. Rusiyanın slavyanpərəst ideyalarını həmin qarşıdurmadan kənar saxlayaraq, onun müdaxilə səbəblərini neytrallaşdırandan sonra prosesə başladı.
Rusiya ilə Ukrayna arasındakı münaqişədə həmin prosesin ikinci və həlledici mərhələsidir. Bu həlledici siyasi proses başa çatandan sonra dünya tamamilə yeni görkəmdə olacaq.
Rusiya Ukraynada Yanukoviçi hakimiyyətə gətirməklə elə zənn etdi ki, çox şeyi həll edib. Hələ Yanukoviçə qədər də belə idi, onun hakimiyyəti dövründə belə oldu: Moskva Ukraynada ümumi etnos – slavyan maraqları baxımından siyasət aparmaq əvəzinə, buranı ikinci rus dövləti kimi görməyə çalışdı. Mühüm dövlət strukturlarında öz adamlarını yerləşdirdi, bununla Ukraynanı tam nəzarətində saxlaya biləcəyini zənn etdi. Ukrayna daxilindəki millətçilər və xalqın böyük əksəriyyəti Rusiyanın mütləq hegemonluq və slavyanpərəstlik əvəzinə ruspərəstlik siyasətinə etiraz olaraq, ondan uzaqlaşmağa başladılar. Bu reallıqda istədikləri gələcəyi görmədilər, tam mənada Qərbə meyilləndilər. Qərb isə burada da Yuqoslaviyadakının eynisi etdi - Ukrayna xalqına demokratiya və xristian təəssübkeşliyi ilə yaxınlaşa bildi, xalqı onlara aşıladığı gələcəyə inandırdı. Toplum əbədi Rusiya-Qərb qarşıdurmasında Qərbin yanında olmağı daha yaxşı hesab etdi. Zənn etdilər ki, bu yolla Rusiya-Qərb qarşıdurmasından cüzi itkilərlə çıxacaqlar. Qərb isə bu fürsətdən istifadə edərək, əsas məqsədini həyata keçirməyə başladı. Rusiyanı Ukrayna ilə müharibəyə cəlb etdi, onu bölgənin daha bir böyük slavyan dövlətindən ayırdı. Qərb, əsasən də ABŞ bu münaqişə ilə Rusiyanın böyük gücə çevrilmək imkanını həmişəlik tam məhv etmək fazasına keçdi.
Qərb və Amerika çoxdan gizlətdiyi bir planı da işə salıb. Artıq münaqişə elə bir həddədir ki, hər iki slavyan toplumu bir-birinə dərin nifrətlə dolub. Bu səbəbdən, gələcəkdə Rusiya ilə Ukrayna arasında hansısa siyasi anlaşmanın olması, sülh müqaviləsinin imzalanması adam yuxu kimi gəlir. Qarşılıqlı inamın yenidən yaranması isə yaxın gələcəyin gerçəkliyi deyil. Uzaq perspektivdə slavyan xalqlarının hansısa siyasi və ya hərbi ittifaq yaratması inandırıcı görünmür. Geopolitik konfiqurasiya elədir ki, Ukrayna ehtimal olunan slavyan birliyinin mərkəzi ola bilərdi. Ukraynasız slavyan birliyinin yaranması mümkün deyil, əslində bu vəziyyət hamıdan çox Rusiyanı qane etməməlidi. Ukraynanın bölünməsi gələcəkdə slavyan birliyinin yaranması imkanlarını heçə endirir. Bölünmüş və daim Qərbin nəzarətində olacaq Ukraynasız slavyan birliyinin yaranması inandırıcı deyil. Heç ərazisi kiçilmiş və ideoloji baxımdan tam dəyişilmiş Ukraynanın özü üçün də bu ideya cəlbedici olmayacaq.
Dünya siyasətindəki indiki gerçəkliyini, milli kimliyi yaxın olan dövlətlərin siyasi və hərbi baxımdan yaxınlaşacaqlarını, hətta birləşə biləcəklərini nəzərə almaq lazımdır. Məsələn, 2022-ci ildə ABŞ və Böyük Britaniya başda olmaqla yaradılan anqlo-saks ittifaqını xatırlamaq kifayətdir.
Yeni dövrün siyasi strategiyasını düzgün qiymətləndirmək üçün bu xəttə diqqət yetirilməlidir. Milli və etnik baxımdan yaxın dövlətlər bu cür birləşmələr ilə dünya siyasətinin əsas tərəfləri olmağa çalışırlar. Nəticə göz önündədir...