Logo
news content

Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında
“Xəyali icma”nın gerçək təsviri

Qədim mədəniyyətlərin qovuşduğu Cənubi Qafqaz bu gün geosiyasi fırtınanın mərkəzində qalan gəmiyə bənzəyir. Bir çox cəhətdən bir-birindən fərqli üç ölkə – Ermənistan, Azərbaycan və Gürcüstan – köhnə qaydaların sürətlə öz qüvvəsini itirdiyi, yenilərinin isə hələ formalaşmaqda olduğu bir dünyada öz yolunu tapmağa çalışır.

 

2023-cü ilin sentyabr ayından sonra Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə yaranan "yumşalma" ehtiyatlı nikbinliyə əsas verir. Bəs region keçmişin incikliklərindən və qarşılıqlı etimadsızlıqdan qurtula biləcəkmi? Qarşısına çıxan fürsətlərdən yararlanacaq, yoxsa yenidən münaqişələrə və durğunluğa sürüklənəcək?

 

Üç tarix, üç tale: ortaq “başlanğıc nöqtə” axtarışında

 

Azərbaycan, Ermənistan və Gürcüstanın hər birinin özünəməxsus tarixi, öz ağrıları və öz xəyalları var.

 

Azərbaycan - qədim Qafqaz tayfalarının irsini, Zərdüşt məbədlərinin əzəmətini, İslamın incə mədəniyyətini, hərbi-siyasi elitanın və dövlətçilik ənənələrinin formalaşmasında əsas rol oynayan türk xalqlarının dərin təsirini özündə birləşdirən bir məkandır. Bu tarixi köklər təbəqələrdən ibarət milli kimliyin əsasını təşkil edərək, müasir siyasətə və ictimai şüura təsir göstərməyə davam edir.

 

XIX-XX əsrlərin sonunda Azərbaycan neft yataqlarının kəşfi ilə yanaşı müasirləşməyə can atması sayəsində iqtisadi və mədəni yüksəliş yaşadı. Bakı təkcə sənaye mərkəzinə deyil, həm də maarifləndirmə və müstəqillik ideyalarını fəal şəkildə təbliğ edən milli ziyalıların formalaşması üçün bir platformaya çevrildi. Məhz bu dövrdə 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən güclü milli hərəkat yarandı.

 

Sovet dövrü Azərbaycan üçün ziddiyyətlər dövrü oldu. Bir tərəfdən, sənayeləşmə və sosial infrastrukturun inkişafı iqtisadi artıma və mədəni çiçəklənməyə kömək etdi. Digər tərəfdən, repressiyalar, milli özünüdərk hissinin boğulması və siyasi mərkəzləşdirmə ağrılı miras qoydu. Buna baxmayaraq, sovet dövrü də Azərbaycan milli kimliyinin möhkəmlənməsində rol oynadı.

 

Bu gün Azərbaycan gələcəyə baxan bir ölkədir. Qarabağda qələbə təkcə ərazi bütövlüyünün bərpasını təmin etmədi, həm də milli özünüdərk hissinin yeni səviyyədə formalaşmasında mühüm mərhələ oldu. Ölkə regionda və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək üçün nəqliyyat və enerji dəhlizlərini fəal şəkildə inkişaf etdirir. Təbii sərvətləri, strateji mövqeyi və həyata keçirdiyi çoxvektorlu siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında əsas rol oynayır.

 

Ermənistan - tarixi əsrlərin dərinliyinə gedən, özünəməxsus dilin və əlifbanın vətəni olan, mədəni irsin milli kimliklə sıx şəkildə bir-birinə qarışdığı ölkədir. Erməni Apostol Kilsəsi əsrlər boyu xalqı birləşdirən və hətta xarici təhdidlər dövründə mədəni irsi qoruyan mənəvi dayaq rolunu oynayıb. 

 

1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəli hadisələr erməni xalqının kollektiv yaddaşında dərin iz buraxıb, onun dünyagörüşünü formalaşdırıb və ölkənin daxili və xarici siyasətinə təsir göstərib. 1918-ci ildə Ermənistanın Birinci Respublikasının yaradılması milli quruculuq tarixində mühüm mərhələ oldu. Amma sonrakı sınaqlar onun süqutuna və Sovet İttifaqının tərkibinə daxil olmasına gətirib çıxardı. Sovet dövrü bölgəyə sənayeləşmə ilə yanaşı, siyasi azadlıqların məhdudlaşdırılması və mərkəzləşdirilmiş idarəetmə də gətirdi ki, bu da müstəqil siyasi kimliyin inkişafını çətinləşdirdi.

 

Ölkənin həyatında mühüm rol oynayan erməni diasporu iqtisadiyyata, siyasətə və mədəni inkişafa əhəmiyyətli dərəcədə təsir göstərir. Beynəlxalq aləmdəki fəallığı sayəsində diaspor Ermənistanın qlobal siyasətin gündəmində qalmasına kömək edir, eyni zamanda gözləntilər üçün yüksək bir standart müəyyən edir ki, bu da bəzən Ermənistanın özündə və onun hüdudlarından kənarda gələcəyin qavranılması arasında uçuruma səbəb olur.

 

Bu gün Ermənistan mühüm transformasiya ərəfəsindədir. Tarixən ölkənin kimliyi mərkəzində dilin, dinin və mədəni irsin dayandığı ənənələrə, bunlara söykənən özünüdərkə əsaslanıb. Lakin qlobal iqtisadiyyata inteqrasiya, demokratik institutların inkişafı və milli təhlükəsizliyin gücləndirilməsi kimi müasir çağırışlar ölkəni həmin modeli yenidən nəzərdən keçirməyə sövq edir. Tədricən əsasında bərabərlik, siyasi həyatda iştirak və tarixi küskünlüklərə deyil, gələcəyə yönəlmə kimi ümumi prinsiplərin dayandığı yeni vətəndaş kimliyi formalaşır. Bu, mədəni irsin qorunması ilə yeni reallıqlara uyğunlaşma arasında tarazlıq tələb edən çətin bir prosesdir. Lakin məhz bu transformasiya Ermənistana dünyadakı yerini yenidən düşünmək və davamlı bir cəmiyyət qurmaq şansı verir.

 

Gürcüstan - Kolxida və İberiya kimi qədim krallıqların varisi olan özünəməxsus tarixə malik ölkədir. Onun mədəniyyəti, unikal dili və pravoslavlığın dərin ənənələri milli kimliyin əsasını təşkil edir. Qədim dövrlərdən bu günə qədər müstəqillik uğrunda mübarizə tarixi Gürcüstanın ictimai şüuruna və siyasi mədəniyyətinə təsir göstərib.

 

1917-ci il inqilabından sonra müstəqillik dövrü, qısa olmasına baxmayaraq, ölkə həyatında mühüm mərhələ oldu. Sovet dövrü ölkəyə müasirləşmə və iqtisadi inkişaf gətirdi, eyni zamanda repressiyalar və milli istəklərin boğulması ilə müşayiət olundu. SSRİ-nin dağılmasından sonra Gürcüstan daxili münaqişələr, iqtisadi böhranlar və sürətlə dəyişən dünyada öz yerini tapmaq cəhdləri ilə müşayiət olunan çətin dövlət quruculuğu mərhələsinə qədəm qoydu.

 

Bugünkü Gürcüstan müasir dünyanın çağırışlarına uyğunlaşmaqla yanaşı, özünəməxsusluğunu qorumağa çalışır. Ölkə nəqliyyat və enerji axınları üçün tranzit qovşağı olaraq qalır, bu isə onu Orta Dəhliz kimi regional təşəbbüslərin mühüm iştirakçısına çevirir. Eyni zamanda, Gürcüstan xarici siyasət strategiyasını yenidən nəzərdən keçirmək əlamətləri nümayiş etdirir. Əgər əvvəllər Avropaya inteqrasiya əsas istiqamət idisə, bu gün ölkə getdikcə daha artıq çoxvektorlu siyasətə can atır. Belə bir “yenidənbaxış” qismən Avropa İttifaqı  və NATO-ya üzvlüyün nə zaman baş tuta biləcəyi məsələsindəki qeyri-müəyyənliklə, qismən də qonşu ölkələrlə münasibətlər qurmaq zərurəti ilə bağlıdır.

 

Yeni istiqamətlər axtarışı Gürcüstanın müxtəlif təsir mərkəzləri arasında tarazlığı qorumaq, həmçinin müstəqilliyini və dayanıqlığını gücləndirmək istəyini əks etdirir. Ölkə öz yolunu yenidən düşünmək prosesindədir ki, bu da həm inkişaf üçün imkanlar, həm də daxili və xarici çağırışlarla bağlı risklər yaradır. Onun dəyişən dünyaya uyğunlaşma qabiliyyəti təkcə öz gələcəyini deyil, həm də regiondakı güc balansını müəyyən edəcəkdir.

 

Dəyişən dünya: tektonik dəyişikliklər və onların nəticələri

Dünya tektonik dəyişikliklər dövrünü yaşayır. SSRİ-nin dağılmasından sonra formalaşan təkqütblü model keçmişə çevrilir. Onun yerinə daha çox regional güclərin və idealogiyadan da artıq praqmatik maraqların birləşdirdiyi bloklarının rol oynadığı çoxqütblülük gəlir.

 

Bu yaxınlarda sarsılmaz görünən liberal-demokratik dəyərlər ciddi sınaqlara məruz qalır. Proteksionizm, millətçilik və bəzi ölkələrdə açıq populizm normaya çevrilir.

 

Bu qlobal proseslər Cənubi Qafqaza təsirsiz ötüşə bilməz. Regional oyunçuların təsiri artır. Başı öz problemlərinə qarışmış ABŞ və Avropa İttifaqı artıq regiondakı vəziyyətə əvvəlki kimi fəal təsir göstərə bilmir. EUROPEAN Bankın sabiq direktoru, İtaliyanın baş naziri olmuş, hazırda isə Avropa Komissiyası prezidentinin xüsusi müşaviri Mario Draqinin Aİ-nin rəqabət qabiliyyəti ilə bağlı yayımladığı hesabat buna sübutdur. Orada Avropanın öz mövqelərini itirdiyi, tarixin kandarında qalmamaq üçün təcili dəyişməli olduğu birbaşa bildirilir. Hesabat Avropaya həsr olunsa da, onun bir çox nəticələri Cənubi Qafqaz üçün də aktualdır. Region, Avropa kimi, yeni dayaq nöqtələri axtarmalı, iqtisadiyyatı şaxələndirməli, xarici oyunçulardan asılılığı azaltmalıdır.

 

Məsələn, ABŞ və Çin, eləcə də ABŞ və Avropa arasında artan ticarət ziddiyyətləri sonuncuları alternativ ticarət yolları və tərəfdaşları axtarmağa məcbur edir. Bu şəraitdə Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsi ilə Çinlə Avropanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti artır. Bu marşrut getdikcə daha cəlbedici olur, çünki həm Rusiyadan, həm də Yaxın Şərqin qeyri-sabit bölgələrindən yan keçməyə imkan verir.

 

Orta Dəhliz: adi yoldan da dəyərli

 

Faktiki, yeni İpək Yolu olan Orta Dəhliz, Cənubi Qafqaz üçün fırtınalı dənizdə xilasedici halqa rolu oynaya bilər. O, regiona təkcə tranzitdən qazanc əldə etmək üçün deyil, həm də iqtisadiyyatı modernləşdirmək, investisiyalar cəlb etmək və yeni iş yerləri yaratmaq üçün imkanlar açır. Artıq bu istiqamətdə atılan konkret addımlar gözə görünür.

 

Ancaq  Orta Dəhlizin potensialının tam şəkildə reallaşması üçün təkcə milyardlarla dollarlıq investisiyalar deyil, həm də siyasi iradə tələb olunur.

 

Və burada əsas suala gəlirik: Ermənistan, Azərbaycan və Gürcüstan, nəhayət, iqtisadi inteqrasiya ilə bağlı ciddi danışıqlara başlamağa hazırdırlarmı? Axı bu olmadan Orta Dəhlizi tam şəkildə işə salmaq mümkün deyil. Hazırda region ölkələri arasında iqtisadi əlaqələr olduqca zəifdir. Dünya Bankının məlumatına görə, ölkələrimiz arasında qarşılıqlı ticarətin payı xarici ticarətin ümumi həcminin 10%-dən azdır. Vahid iqtisadi məkan, ümumi gömrük tarifi isə hər üç ölkənin inkişafına güclü təkan verə bilər.

 

Cənubi Qafqazın "xəyali icması": mif, yoxsa reallıq?

 

Bəzi ekspertlərin tez-tez sitat gətirdikləri Benedikt Anderson özünün məşhur kitabında "xəyali icmalar" haqqında - bir-birini heç vaxt görməyən insanların bir millətin parçası olduqlarını necə hiss etməyə başladıqları barədə yazırdı.

 

Bütün Cənubi Qafqaz miqyasında belə bir "xəyali icma"nın yaranması mümkündürmü? Çətin sualdır. Burada çoxlu tarixi incikliklər, sağalması çətin olan yaralar, həll olunmamış münaqişələr var. Lakin gələcəyə dair ortaq bir baxış yaranmadan, əməkdaşlığın düşmənçilikdən daha sərfəli olduğu dərk edilmədən region bölünmüş və zəif olaraq qalacaq. 

 

Bəs bu "ortaq narrativin" əsasını hansı elementlər təşkil edə bilər?

 

İlk növbədə, şübhəsiz ki, məqalənin əvvəlində qısa təsviri verilən regionun zəngin tarixi və mədəniyyəti! Onlarda xalqların taleyi bir-birinə qovuşur. Lakin bu, həm də nəqliyyat infrastrukturunun, kommunikasiyaların, turizmin, kənd təsərrüfatının və s. inkişafı ilə bağlı ümumi iqtisadi maraqlardır. Region ölkələrinin yalnız birgə öhdəsindən gələ biləcəkləri çağırışlardır - iqlim dəyişikliyi, su ehtiyatlarının çatışmazlığı, transmilli cinayətkarlıq təhlükəsidir. Dünyanın digər bölgələrinin təcrübəsi göstərir ki, regional inteqrasiya tarixi fikir ayrılıqlarının aradan qaldırılması və daha sabit və firavan gələcək qurulması üçün effektiv vasitə ola bilər. İkinci Dünya Müharibəsindən sonra formalaşan Benilüks iqtisadi əməkdaşlığın barışığa və sabitliyə necə kömək edə biləcəyinə nümunə oldu. Polşa, Çexiya, Slovakiya və Macarıstanı birləşdirən Vişeqrad Qrupu ortaq maraqları olan ölkələrin beynəlxalq aləmdə öz hərəkətlərini necə effektiv şəkildə əlaqələndirə və ya ən azı birlikdə müzakirə edə biləcəyini nümayiş etdirir.

 

Region ölkələri keçmişin ətalətini dəf edə, qarşılıqlı iddiaları bir kənara qoya və ortaq bir gələcək qurmağa başlaya biləcəklərmi? Bu sualın cavabından Ermənistanın, Azərbaycanın və Gürcüstanın gələcəyi çox asılıdır.

 

Bu gün Cənubi Qafqazın daimi münaqişələr zonasından sabitlik və firavanlıq regionuna çevrilmək üçün unikal şansı var: Şərq və Qərb arasında sadəcə bir tranzit dəhlizi deyil, dünya arenasında nüfuzlu bir oyunçu olmaq şansı.

Bunun üçün hər şeydən əvvəl danışıqlar masası arxasında oturaraq, yığılıb qalmış problemləri həll etməyə başlamaq istiqamətində siyasi iradə lazımdır. Düşmənçilikdən, nifrət dilindən imtina edib dialoq dilinə keçmək üçün cəsarət lazımdır. Nəhayət, belə olduqda region ölkələrinin ayrı-ayrılıqda olduğundan daha artığına nail ola biləcəklərini dərk etmək lazımdır.

 

Sonda bir əlavə: Cənubi Qafqaz ölkələrinin liderlərinin və xalqlarının hansı seçimi edəcəyindən təkcə bölgənin gələcəyi deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizlik arxitekturası asılıdır.

 

Bu, sülh, əməkdaşlıq və ortaq gələcək lehinə bir seçim olacaqmı?