Logo
news content

Bizi niyə belə tərbiyə etdiniz?...

O gün marketdən iki qutu bahalı şokolad almışdım, qızım da yanımda. Kassada kartla ödəniş edib bayıra çıxdıq, qızım əlindəki qəbzə baxıb dedi ki, ana, deyəsən, bizdən bir qutunun qiymətini çıxıblar. Qayıtdıq geri, kassadakı cavan oğlana dedim ki, biz iki qutu şokolad almışıq, siz birinin pulunu çıxmışınız... və kartı verdim. Oğlan heç halını pozmadan ödənişi alıb, qəbzi yenidən verdi və keçdi növbəti müştəriyə. Bəlkə mən təşəkkür gözləməklə səhv düşüncədəydim, amma məsələ yalnız o olayda olsaydı, yalnız bir təşəkkürlə tamamlansaydı, nə vardı ki...

Bəzən valideynlərimi qınayıram. Qınayıram ki, tərbiyəmizdə yanlışlıqlara yol veriblər və həmin yanlışlıqlar ucbatından biz bəzən düzgün davranmırıq, yanılırıq, uduzuruq. 

Yalan danışmaq, kiminsə haqqını yemək, oğurluq etmək olmaz. Özün yeməyib ac qonşunu yedirtməlisən. Otağın ən bəzəklisini, yeməyin ən yaxşı yerini qonağa verməlisən. Dost üçün canından keçməlisən və sair və ilaxır. 

Elə bu son olayı da soruşsam, hər iki valideynim deyəcək ki, düzgün eləmisən, uşaq da yanında, sən ona nümunəsən, o gələcəkdə heç vaxt əyri yolla getməz. Amma ətrafıma baxıram, düşünürəm ki, bəlkə mən ona məhz əyri yolla getməyi öyrətməliydim? Axı bugünkü reallıqlar sübut edir ki, düz yolla getmək həyatında əyintilərə səbəb olur. Hərdən düz yoldan sapmağı əyri, dolanbac yollarla getməyi də bacarmaq lazımdır. Lazım gələndə yalan danışmağı, riyakarlıq etməyi, artistliyi, hansını hansı məqamda etməyi də bilməlisən. Məqamında öz xeyrinə hərəkət etməli və bundan zərrə qədər də əzab çəkməməyi öyrənməlisən. Müdirinə yaltaqlanmağın anını tutmalısan. Hamının üzünə gülüb, arxasınca ürəyini boşaltmağın ustası olmalısan. Kimə hansı münasibətdə olmağın zərrə qədər özünü büruzə verməməlidir. Nifrət etdiyini sevirmişsən kimi göstərməlisən. Yanında kiminsə haqqı tapdanırsa, cəhənnəmə ki... göz yummalısan. 

Lazım gələndə ağa qara, qaraya lap elə çəhrayı deməlisən. Həyat deyilən cəngəllikdə oğurluq belə caizdir, onu o qədər ustalıqla edirlər ki, adi görünür, hətta edə bilməyənə pis baxırlar. 

Gözünün içinə baxa-baxa haqqını yeyib sənə də “yeməyənin malını yeyərlər” baxışı atırlar. Əlindən tutub çamurdan çıxartdığın üstündəki çamuru birinci sənə bulaşdırır. 

Saflığından istifadə edib haqlıykən haqsız çıxarırlar səni. Çünki haqlı olduğunu da sübut etmək üçün əyri üsullara əl atmaq lazım gəlir, amma sən bacarmırsan. Uzaqbaşı, qışqırıb bağırırsan, o da əleyhinə işləyir. Haqsız altdan-altdan səni özündən çıxarıb zor tətbiq etməyə məcbur qoyur, sonra da kameradakı görüntülər onun dediklərini sübut edir. Həyat budur. Bəlkə hələ o dünyada da haqsız çıxacaqsan, çünki ora da “xod” tapırlar, bütün iyrənc əməllərini müqəddəs yerləri ziyarətə getməklə “sildirirlər”. 

Əyyaşı namaz qılan, vətəni altından qazıyanı “Vətənə xidmətlərinə görə” ordeni alan görmüşük.  

Bütün bunları öyrətmirsinizsə, dözməyi öyrədin övladlarınıza. “Yaşamağı bacarmadığı” həyata dözüb yaşamağı...

Nə bilim, bəlkə düz demirəm, bəlkə valideynlərimiz dünyanın düz vaxtında tərbiyə ediblər bizi, onun bir gün  bu günlərə qalacağını düşünməyiblər...

Biz dünyanın hər halı üçün tərbiyə edək, bir gün bizi qınamasınlar ki, bizi niyə belə tərbiyə etdiniz, niyə tərbiyə etdiniz..?!

İmza yerinə “Cəbiş müəllimin qızı” yazmaq istədim…