Logo
news content

Bitməyən dava
Tehran assimilyasiya siyasətini gücləndirir, türklər isə müqaviməti

İran hakimiyyəti Güney Azərbaycan türklərinin assimilyasiyasını davam etdirir. 

Hər il bu ölkədə birinci sinfə minlərlə azərbaycanlı uşaqlar gedir. Onlar məktəbə gedəndə farsca danışmağa məhkumdurlar. Bunun üçün uşaqlar bağçalarda farslaşdırılır, bu dili bilməyənlərin ata-anası qınanır və s.

Deməli, İran İslam Respublikasında ölkə əhalisinin sayca çoxunu təşkil edən Azərbaycan türk uşaqlarını 6 yaşından farslaşdırmağa başlayırlar. 

Bu yaxınlara İlham Şeyxi adlı güney azərbaycanlı uşaq farsca bilmədiyinə görə məktəbə qəbul edilməyib. Bildirilib ki, məktəbə qeydiyyatın başlaması ilə bəzi farsdilli olmayan şagirdlər ilkin qiymətləndirmədə çətinliklərlə üzləşiblər. Bölgələrdə fars dili kafiliyi planının qeyri-rəsmi həyata keçirilməsinə dair hesabatlar dərc edilir. Bu, bir sıra hallarda uşaqların məktəblərə qəbuluna maneəyə çevrilir. 

Belə vəziyyət valideynlərin, təhsil və ictimai fəalların etirazına səbəb olub.

Sözügedən hallardan biri də fars dilini bilmədiyi üçün ilkin məktəb qiymətləndirməsində problem yaşayan 6 yaşlı İlhan Şeyx ilə bağlıdır. Onun ata-anası ilə münasibətdə təhsil orqanları uşağa loqopedik seanslarda iştirak etməyi təklif ediblər. Qeyd edək ki, loqoped ünsiyyət pozğunluqları, anlama, səs pozuntuları, nitq, tələffüz və udma problemlərini araşdırır və müalicə edir. Yəni dilində qüsur olanlara yardım edir. Fars olmayan uşaqlara belə xidmətin təklifi isə onlara problemli uşaq kimi yanaşıldığını göstərir. Həmçinin, türk əyalətlərində, hətta İrandakı əfqan, özbək ailələri arasında oxşar hadisələrə dair məlumatlar yayılır. 

Mütəxəssislər bildirib ki, 1996-cı ildən (İran təqvimi ilə 1375-ci ildən) həyata keçirilən “şagird sağlamlığının qiymətləndirilməsi planı” onların fiziki və əqli qabiliyyətlərini müəyyənləşdirmək məqsədi ilə hazırlanıb. Ancaq ölkənin əksər bölgələrində qeyri-rəsmi olaraq bu testə dil meyarları da əlavə olunub. Başqa sözlə, fars olmayan uşaqların fars dilini bilmə səviyyəsi, zəif bilmə, əlillik və zəif görmə, eşitmə itkisi, əqli qüsur və ya öyrənmə pozğunluğu kimi hallar kimi qiymətləndirilir. 

Hakimiyyətin həyata keçirdiyi bu plana əsasən, fars dili bilməyənləri sağlamlıq imkanları məhdud olanlarla eyniləşdirirlər. Tehran iddia edir ki, uşaqlar məktəbə gələndə fars dilini mükəmməl şəkildə bilməlidir. Halbuki İranın indiki konstitusiyasının 15-ci maddəsi məktəblərdə fars dili ilə yanaşı yerli etnik dildən də istifadəyə icazə verir. 

Yerli mütəxəssislərin fikrincə, hakimiyyətin yürütdüyü bu siyasət təhsildə bərabərsizliyə səbəb ola, nəticədə tələbələrin akademik motivasiyasını azalda bilər.

Tənqidçilər məktəbəqədər təhsilin ana dilində inkişaf etdirilməsini, uşaqların məktəbə daxil olmaq bacarıqlarına yiyələnməsini təklif edirlər. Bundan başqa, ailələr və təhsil fəalları ibtidai sinfə başlayan uşaqların təhsildən məhrum edilməməsi üçün hakimiyyətdən belə məsələlərə aydınlıq gətirmələrini istəyirlər. 

Mütəxəssislər təbii olaraq rejim başçılarına bir sualla müraciət ediblər: problemin həssaslığını nəzərə alsaq, bu planın qeyri-rəsmi həyata keçirilməsi ədalətli təhsil prinsiplərinə uyğundur? 

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian yenidən təhsil sistemi ilə bağlı məsələyə toxunub. O, seçkiqabağı bununla bağlı verdiyi vədi yerinə yetirəcəklərini bildirib. Bu vədin əsasında isə ana dilində təhsil durur.

Prezident bildirib: “Milli razılıq hökuməti (indiki kabinet qeyri-rəsmi belə adlanır - red.) təhsil sisteminin transformasiyası yolunda yeni kərpic atmağa çalışır. O, ən mühüm əməliyyat proqramlarından birini “Xalqın iştirakı ilə təhsildə ədalət hərəkatı” kimi elan edib”.

Məsud Pezeşkianın başladığı bu hərəkat İranın geri qalmış əyalətlərində məktəb binası tikməklə yekunlaşmır, yaxud bunun əsas hədəf sayılması sadəlövhlük olar. Çünki binanın varlığı hələ orada ədalətli təhsil sisteminin icra olunduğu demək deyil. Bunun üçün ilk növbədə “bir uşaq da təhsildən kənarda qalmamlıdır” prinsipinin reallaşması daha məntiqi sayılır. Bu baxımdan, fars olmayan bölgələrdə hakimiyyətin həyata keçirdiyi “şagird sağlamlığının qiymətləndirilməsi planı” adı altında aparılan assimilyasiya və ya farslaşdırma siyasətinin mütərəqqi təhsil sistemi ilə əvəzlənməsi daha ədalətli sayılar. 

Ancaq son aylar İranda dil mövzusunda baş verən hadisələr rejimin panfarsçı, irqçi siyasətdən əl çəkmədiyini təsdiqləyir. 

Bu ilin fevralında Beynəlxalq Ana dili günündən sonra İran parlamenti fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin məktəblərdə tədrisinə dair plana qarşı çıxış edib. Bildirilib ki, fevralın 26-da parlamentin açıq iclasında İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, məktəblərdə fars olmayan etnik qrupların ana dilində ədəbiyyat fənninin tədrisi planı müzakirə olunub. Deputatların 104-ü sənədin lehinə, 130-u isə əleyhinə səs verib. Beş deputat bitərəf qalıb.

Bununla da İran konstitusiyasının 15-ci maddəsi pozulub.

Məlumata görə, parlamentin Təhsil və Araşdırma Komissiyasının nümayəndəsi Ehsan Əmirad ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi layihəsi ilə bağlı deyib: “Konstitusiyanın 15-ci maddəsində ölkənin rəsmi dili fars dilidir. Bütün rəsmi mətnlərimiz, dərsliklərimiz farscaya əsaslanmalıdır. Konstitusiyanın 15-ci maddəsində deyilir ki, məktəblərdə fars dili ilə yanaşı, etnik və yerli dillərdə ədəbiyyatın tədrisi pulsuzdur. Bu o deməkdir ki, bu plan Konstitusiyanın 15-ci maddəsinə tam uyğundur və hətta onun tələblərindən biri də ola bilər”.

Layihəyə əsasən, məktəblərdə ana dilində ədəbiyyat fənninə iki saat həsr olunmalı idi.

Xatırladaq ki, İranı Prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq məktəblərdə yerli dillərin tədris olunacağına söz vermişdi. Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bu istiqamətdə təzyiqlər artıb. Bundan əvvəl prezident Tehranda Azərbaycan mədəniyyəti həftəsində çıxışı zamanı Azərbaycan türkcəsində “Heydərbabaya salam” poemasından iki bənd söyləmişdi. Bu zaman onun çıxışını kəsərək farsca danışması tələb olunmuşdu.

Martın əvvəlində Təbriz Universitetinin 142 doktor və mühəndisi ana dilinin tədrisi barədə Prezidentə müraciət edib. 

İranda Təbriz universitetinin müəllim-professor heyətinin Azərbaycan türkcəsinin tədrisi ilə bağlı ölkə Prezidenti Məsud Pezeşkiana ünvanlanmış müraciətini onlarla elmlər doktoru və mühəndis imzalayıb.

Müraciətdə İran konstitusiyasının 15 və 19-cu maddələrinin icra edilməsinin vacibliyi vurğulanıb. Məsud Pezeşkiandan əsas qanunun bu maddələrinin icrası və qorunması istənilib. Ona prezident seçkilərinin təşviqat kampaniyası zamanı ana dilinin tədrisinə söz verdiyi də xatırladılıb.

Məktəblərdə etnik və yerli dillərin tədrisi məsələsinə münasibət bildirən Ali Mədəni İnqilab Şurasının katibi Xosrovpənah deyib: “Ali Mədəni İnqilab Şurası hələ bu məsələ ilə bağlı sərəncam verməyib və məncə, onun bu məsələlərə qarışması ehtimalı azdır”.

Bununla da Pezeşkianın ana dili ilə bağlı verdiyi vədin reallaşmasının mümkünsüzlüyü ehtimal artıb. 

Təhsillə başlayıb, davam edən fars şovinizmi başqa sahələrdə də özünü göstərir. İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində Qaşqay türkləri valiliyin binası qarşısında bu il üçüncü dəfə olaraq etiraz aksiyası keçiriblər.

Onlar milli geyimlərinin fars dilli lor etnik qrupunun adına qeydiyyata alınmasına etiraz ediblər. Qaşqay azərbaycanlıları bununla milli, tarixi kimliklərini qorumaq üçün mübarizə apardıqlarını bildiriblər.

Fars şovinizmi Güney Azərbaycan türklərinin dilini qondarma, adını “azəri” adlandırmaqla onun kimliyini təhrif edir, milli geyimlərini isə başqalarının, daha doğrusu fars dillilərə yaxın qrupun adına qeydiyyata almaqla tarixinə, milli mədəniyyətinə əl uzadıb, onu mənimsəyilər. 

Bu azmış kimi, Güney Azərbaycan torpaqlarının da başına oxşar oyunlara açılmaqdadır. 

Bu günlərdə Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin “kürd şəhəri” elan edilməsi Təbriz, Ərdəbil, Urmiya və Azərbaycanın bir çox şəhərlərində etiraza qarşılanıb. Tehran hakimiyyəti Güney Azərbaycan torpaqları hesabına bir neçə əyalət yaratmaqla, onun sahəsinin kiçildib. Bu azmış kimi, uzun illərdir Azərbaycan türklərinin kompakt yaşadığı tarixi, dədə-baba yurdlarına İraq və Suriyada olan kürdlər və türk olmayanları yerləşdirməklə bölgənin potensial olaraq farslaşdırmağa hazırlayır. Bununla həm də Türkiyə ilə Güney Azərbaycan arasında türklərsiz bufer zona yaradır. 

Güney Azərbaycan türkləri yüz ildir bu siyasi ideologiya ilə assimilyasiya olunur. Dili, mədəniyyəti, torpaqları əlindən alınır. Faşizmin törəməsi olan bu hikkəli, kinli ideyanın hədəfi isə türklərsiz İrandır. Bir əsrdir onlar buna çalışır. Türklərin isə buna qarşı mübarizəsi davam edir.